Saat (çıqqıltı) – Pərviz Seyidli

39 Baxış

mqdefault (1)

HEKAYƏ

Gözləri qəfildən divardan asılan qəhvəyi, üzərində qəribə ornamentlər olan saata sataşdı. Qədimi saatın üstündəki naxışlar ona qəribə, sehrli görkəm verirdi, ucuz olmasa da  köhnəydi.

Nədənsə bir anlıq ona elə gəldi ki, üzbəsurət oturduğu saat çox yorğundur. Hə… Nə qədimdir, nə köhnə, divardan asılan bu saat illərin yorğunudur. Bu hissin hardan yarandığını, necə əmələ gəldiyini heç cür anlamadı. Ətrafındakı başqa saatlara baxdı; heç biri yorğun deyildi; Ya köhnəydi, ya xarab idi, amma heç biri divardan asılan saat kimi üzərində insani yorğunluq daşımırdı. Saatı ona gətirən müştərini yadına salmaq istəsə də, xatırlamadı.  Onu  bir az olardı ki, təmir edib divardan asmışdı, müştəri gələndə özünə verəcəkdi.

Diqqətlə saatın əqrəblərinə baxırdı. Əqrəblər detektiv əsərlərdən qopub gəlmiş xəfiyyələr kimi sanki daim kimisə izləyir, qovur, axtarırdılar.

Oğlan, saata baxa-baxa fikirləşdi ki, hər insan öz ömründə kiminsə xəfiyyəsi olur; kimisə axtarır, kimisə tapır, bəzən də tapmır… bəs itirmək?! İtirmək necə olsun?! Əgər insana bu dünyada bir dəfə ömür verilibsə, o da ömürboyu kimisə axtarırsa və tapmırsa, ya da tapandan sonra itirirsə onda bu ömrün nə mənası olur axı?!

O, bu qarışıq fikirlərdən bir anlıq ayılıb sanki bayaq şehli şüşə arxasından baxdığı saata soyuq başla yenidən nəzər saldı:

-Sənə nə var e işin ancaq qabağa getməkdir. Fikirləşmirsən ki, kimsə arxada qalar. Heç vecinə də deyil…

Oğlan baxışlarını saatdan ayırıb başqa bir xarab saatı götürdü, lakin hərəkətləri şüurlu şəkildə etmirdi, fikri tamam uzaqlardaydı. Bu vaxt qəribə bir şey baş verdi.

-Siz öyrəşmisiz bütün problemləri başqalarının üstünə atmağa…

O, əlindəki saatı yerə qoyub, diqqətlə otağa baxdı, canından xəfif gizilti keçdi. Otaqda tək idi. Bəs kim idi danışan? O, qeyri-iradi şəkildə divardan asılan saata baxdı. Divardakı saat  gözlərini  yorğun-yorğun ona zilləmişdi.

Bir anlıq fikirləşdi ki, doğrudanmı ona cavab verən saat idi?! Bayaqdan ona yaşlı  adam təəssüratı bağışlayan  saat yəqin danışa da bilir. Yoxlamaq istədi:

-Düz deyirəm də… Sənin işin ancaq irəliyə getməkdir. Öz başınasan, heç kimlə hesablaşmırsan.

Oğlan susub saatın ona cavab verib-verməyəciyini gözlədi… Gözlərini saatdan ayırmırdı ki, birdən nəyisə qaçırar. Saat olmayan ağzını açmırdı, amma ona cavab verdi:

-Mən sizin hər birinizlə hesablaşsam gərək birdəfəlik dayanam… nəyə görə dayanmalıyam?

O, artıq danışanın saat olduğundan şübhə etmirdi.  Qəribə də olsa bədənindəki gizilti, ruhundakı həyəcan getmişdi. Sanki neçə illərdir saatla danışır, elə bil başına ilk dəfədir belə hadisə gəlmirdi:

-Çoxqəddarolduğunubilirsən?

-Niyə?

-Çünkisənqabağagetdikcə  bütünyaxşı şeyləri özünlə aparırsan.

Saatbirmüddətdüşündü:

-Nəyiməsələn?

Oğlanbirqədərsusub  nələrisə xatırlamağa çalışdı:

-Keçmişi… Keçmişdə olanbütünyaxşı şeyləri…

Saatıncavabı yubanmadı:

-Həmdə pis şeyləri.

Odasaatacavabatəşiaçdı:

-Bu bəraət qazandırmır. Boynuna al ki, qəddar adamsan! Yəni şey… Qəddar saatsan!

Saat bir az düşündü:

-Siz adamlar çox yaxşısız?

-Yox. Hə. Həm hə. Həm yox.

-Mənim nə pisliyimi görmüsən axı? Keçmişi istədiyin kimi yaşayan sənsən, gələcəyi də özün istədiyin kimi qurursan… Sonra da deyirsən ki, mən qəddaram!

Oğlan kinayəylə saata  baxdı:

-Sən ancaq özünü düşünürsən… Heç kimi yox.  Ancaq özünü… Necə edimkiqabağagedim. On ikinin üzərindən keçib yenə on ikinin üstünə necə qayıdım? Amma bununla nə qədər yaxşı şeyləri əlimizdən almısan heç vecinə də deyil.

-Axı nəyi?-saatın səsi bir az əsəbi çıxdı.

Oğlan gözlərini saatın hərəkət edən əqrəblərindən ayırmadan nələrisə xatırlayırdı:

-Dedim axı, bütün yaxşı şeyləri… Elə biri mən… Məndən az şey almısan?! Uşaqlığımı almısan məndən, gizlənpaç oyunlarını, futbol mübahisələrini, ata sığalını almısan.

-Böyüməliydin…

-Hə…  Yaxşı bəhanədir. Böyüməliydin… Bir dəfə soruşardın da məndən… Elə bax, futbol oynadığım yerdə, ya da yox, məhləmizdə xoşum gələn qızın arxasınca düşdüyüm ilk günü gəlib deyərdin. Deyərdin ki, böyüməlisən. Bu haqda nə fikirləşirsən? İstəyirsən öz vaxtımı sənin xeyrinə saxlayım?! Amma demədin. Elə öz bildiyini elədin…

-Pis şeylərin də üstündən yel kimi keçdiyimi unutma.

O, saatın bu sözündən bir az da əsəbiləşdi, amma təmkinini pozmadı:

-Elə bilirsən bu yaxşıdır? Yel kimi keçdim! Sözə baxe…  utanmasan deyərsən ki, hər şeyə dərmanam mən! Heç nəyin üstündən keçmək lazım deyildi. Dayanmaq, ayaq saxlamaq lazım idi. Uşaqlıqda ilk dəfə arxasınca düşdüyüm həmin qız on iki il sonra intihar edəndə dayanmalıydın. Qoymamalıydın öldürsün özünü. Amma yel kimi keçdin… Keçməsəydin, dayansaydın olmazdı?!

Saatın səsində qəribə qətiyyət əmələ gəldi:

-Yox! Sən ağrımalıydın!  Ağrı böyütməliydi səni! Güclü olmalıydın!

Bayaqdan dolmuş oğlan qəfil hönkürdü:

-Axı, mən böyümək istəmirdim, mən güclü olmaq da istəmirdim. Sadəcə xoşbəxt olmaq istəyirdim, vəssalam…

Saatın sanki bu hönkürtüdən ürəyi yumşaldı, bu onun səsinə də təsir elədi:

-Bilirəm…  Mən də istəmirəm belə olsun… Amma bu mənim işimdir. Mən daim fırlanmalıyam… Ancaq qurban olum, günahların hamısını mənim üstümə yıxma. Bax, götürək o qızı… Bilirsən, əri onu nə qədər döyürdü, it yerinə də qoymurdu, gününü göy əskiyə bükmüşdü. Yazıq dözmədi… Amma incimə burda sənin də balaca, lap kiçik də olsa günahın var.  Sən o qıza gərək “səni sevirəm” deyərdin. Heç olmasa cəhd edərdin. Uşaqlıqda oynadığın gizlənpaç oyunları kimi sadədir hər şey… Mənim fırlanmağım ancaq insanın üzündə, əllərində qırışlar yarada bilər. Mənim sizin saf oyunlarınızla, sevginizlə, ruhunuzla işim yoxdur… Hər şeyi siz özünüz korlayırsız. Özünüz… Arada mən özüm də çaşıb qalıram…

Oğlan masanın üstündəki qutudan sonuncu  siqareti çıxarıb kibritlə yandırdı, dərin qullab vurub qoluyla göz yaşlarını sildi:

-Axı niyə?! Nə baş verir ki, bizim ruhumuz kirlənir?! Mənə elə gəlir ki, hər şey keçmişdə daha yaxşı idi. Keçmiş mənə o qədər uzaq görünür ki…  Arada elə bilirəm başqasının həyatını xatırlayıram. Öz keçmişim deyil bu… Niyə belə olur? Əgər hər şey bu qədər sadədirsə, biz niyə yaş artdıqca xoşbəxtliyimizi zərrə-zərrə itiririk?! Deyirsən ağrı insanı böyüdür. Axı niyə də, niyə adamlar bir-birini ağrıtmalıdır… Əgər böyümək bu qədər ağrılı bir şeydirsə niyə böyüyək ki?  Böyüməzdik də…  Məsəlçün, mən bir bazar günü cizgi filminə baxdığım balaca, isti otaqda qalardım. Orda-o uşaqlıqda uşaq kimi yaşayardım, ağrısız…

Siqaretin külünü boş qutuya tökəndən sonra qızarmış gözlərini saata zillədi. Ona elə gəldi ki, saat ağlayır.Bunu dəqiqləşdirmək istəyəndə saatın səsi eşidildi:

-Əslində mənim əlimdə olsa hamı üçün xoşbəxt olduğu vaxtları bir yerə yığıb saxlayaram, hər kəs də öz vaxtının içində yaşayar. Amma bunu bacarmıram… Başqa yol var. Bunu isə ancaq siz edə bilərsiz.

-Nədir o elə?-oğlan ümidsiz halda soruşdu.

-Məni unutmaq… saata baxmamaq. Amma istəyərək yox, istəmədən… Saata baxmağı tərgidəsən. Başın öz həyatına elə qarışa ki, mən sənin vecinə də olmayam. Bunun üçün isə xoşbəxt olmaq lazımdır. Əslində sizin unutduğunuz çox sadə bir şey var. Xoşbəxt olmaq nəsə qeyri-adi bir şey deyil. Hər şey gülüşdən başlayır. Uşaqlıqda necə ki, daha çox gülürdün. Indi də gülmək lazımdır. Ola bilər… kimlərsə uşaqlıqda daha yaxşı idilər, daha xoşbəxt idilər,amma indi daşlaşıb, bərkiyib, kömür parçasına çevriliblər. Onlara gülümsəmək lazımdır. Həm də elə-belə yox. Uşaqlıqda güldüyün kimi. Bəlkə, yüzdə bir ehtimal da olsa başqaları da uşaqlıqda necə xoşbəxt olduğunu və xoşbəxt olmaq üçün çox şey lazım olmadığını başa düşərlər…

-Yəni gülmək bəs edəcək?

-Sənə bəs edər…

-Bəs başqaları?

-Özü uşaq qalmağı bacaran, uşaq təbəssümünü itirməyən biri başqalarını da xilas edə bilər…

-Yəni deyirsən ki,dünyanın ən xoşbəxt adamları uşaqlardı?

-Buna əminəm. Xoşbəxt olmaq üçün uşaq kimi gülmək lazımdır. Çünki uşaqlar həyata, baş verənlərə heç bir məna yükləmədən gülürlər… Onu bacarmaq lazımdır…

Oğlan gözünün yaşını silib, sanki gülməyə məşq edirmiş kimi dodağını balaca qaçırtdı. İkinci dəfə yenə cəhd elədi.  Yavaş-yavaş təbəssüm bütün üzünə yayılırdı.  Oğlan uşaq kimi gülməyə başlaydı:

-Alındı? Hə alındı?

Oğlan saatdan cavab gözləmədən elə hey gülür, sanki öz gülüşündən həzz alırdı.

Saatsazın dəli kimi güldüyü vaxtda qapı açıldı, içəri daxil olan dostu onun təkbaşına uşaq kimi gülüb,divara “alındı” deməyini təəccüblə izlədi.  Əvvəlcə çaşsa da, sonra təəssüflə başını yelləyib  üzünü turşutdu:

-Yenə şey çəkmisən? Axırda xarab edəcək səni. Dedim ki, at da bu zəhrimarı!

Oğlan dostunu eşitmir, divardan asılan saata baxa-baxa gülürdü. Divardakı saatın əqrəbləri qoca xəfiyyə kimi şəhərin küçələrində öldürülən ümidlərin qatilinin dalınca düşüb, axtara-axtara çıkkıldayırdı…

Mənbə: “Ustad” jurnalının 11-ci sayı.

Bölmə : Bölməsiz
KÖŞƏ YAZARLARI
TOP 10