Aprelin 17-si Sabir Əhmədlinin xatirəsi yad ediləcək. Bu barədə Senet.az-a açıqlamasında yazıçı Azad Qaradərəli məlumat verib.
O, yazıçının Mehdiabad qəbirstanlığındakı məzarını ziyarət etməyi planlaşdırdıqlarını deyib: “Böyük tarixi hadisələr adətən zamanında qiymətləndirilə bilmir. Məsələn, müharibələr haqda ən yaxşı əsərlər həmin müharibələrdən 20-25 il sonra yazılır. Böyük şəxsiyyətlər də belədir. Ustad yazıçı Sabir Əhmədli nəsri ən böyük qiymətini zaman keçdikcə alacaq. “XAN” nəşriyyatı onun “Yazılmayan yazı” memuar romanını müəyyən ixtisarlarla (layihənin tələbinə görə) artıq çap etməyə başlayıb. Bizim “Yazı” dərgisində isə həmin əsərin bütöv şəkildə çapına başlanılıb. Yaxın gələcəkdə maliyyə tapa bilsək, yazıçının bütün külliyyatının çapı barədə də düşünürük. Bir sözlə, Sabir Əhmədli Azərbaycan oxucusu üçün öz önəmini bu gün də saxlayır və əminəm ki, 100 il sonra da belə olacaq.
Bütün bunlarla bərabər, aprelin 17-də ustad yazıçının vəfat etdiyi gün olduğundan ailəsi, dostları və oxucuları ilə birgə Sabir Əhmədlinin Mehdiabad qəbirstanlığındakı məzarını ziyarət etməyi planlaşdırırıq. Bizə qoşulmaq istəyənlər mənimlə əlaqə saxlaya bilər”.