“Sabir poeziya günləri” keçiriləcək

5 Baxış

sabir

Mayın 30-da Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində “Sabir poeziya günləri”nin açılış mərasimi keçiriləcək. 
1962-ci ildən ənənəvi olaraq təşkil edilən tədbirdə tanınmış ədəbiyyat xadimlərinin çıxışları dinləniləcək, “Sabir” sənədli filmi nümayiş etdiriləcək, xalq artistləri Alim Qasımov, Mələkxanım Əyyubova, Əməkdar artist Fərqanə Qasımova, xanəndə Elnarə Abdullayevanın ifasında muğam və mahnılar səslənəcək.
Azərbaycanın ədəbiyyat və mədəniyyət xadimlərini, xarici qonaqları bir araya gətirəcək tədbir mayın 31-də şairin doğulduğu Şamaxıda davam edəcək. Qonaqlar ulu öndər Heydər Əliyevin abidəsini, şairin ev-muzeyini və məqbərəsini ziyarət edəcəklər. Mədəniyyət mərkəzində təşkil olunacaq tədbirdə Xalq artisti Zabit Nəbizadə, Əməkdar artist Firuz Səxavət, xanəndə Abgül Mirzəliyev və Şirvan aşıqlarının iştirakı ilə musiqi çələngi də təqdim ediləcək. Poeziya günlərinin bədii rəhbəri və aparıcısı şair Əjdər Oldur.
Mirzə Ələkbər Sabir (1862-1911) Azərbaycan satirik poeziyasının parlaq simalarından biridir. Onun yaradıcılığı Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutur. Onu da qeyd edək ki, Sabirin yurdu – şairlər diyarı Şamaxı Mədəniyyət və Turizm Nazirliyinin “Xalq yaradıcılığı paytaxtları” layihəsinə əsasən 2015-ci il üçün “Azərbaycanın ədəbiyyat paytaxtı” elan olunub.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10