Sadəlik və ülvilik mücəssəməsi – Əli Kərim

92 Baxış

 elikerimXatırlanasılar…                        

Rövşən Yerfi

 

Bir çox tanınmışlardan fərqli olaraq şair Əli Kərimin tərcüməyi-halı elə də böyük deyil. Əksinə, ömrü sayaq qısadır.

O, 1931-ci il martın 22-də Göyçay şəhərində doğulmuşdur.  Orta təhsilini bitirdikdən sonra Azərbaycan  Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsində təhsil almış, sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutuna oxumağa göndərilmişdir. Buranı 1955-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.

Əmək fəaliyyətinə “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi kimi başlamış, ömrünün son aylarınadək poeziya şöbəsinə rəhbərlik etmişdir.

Bədii yaradıcılığa 1948-ci ildə “Azərbaycan pioneri” qəzetində çap etdirdiyi “Təzə müəllim” şeiri ilə başlamışdır və bunlan sonra dövrü mətbuatda müntəzəm çıxış etmişdir. 1957-ci ildə Moskvada keçirilən gənclərin və tələbələrin VI Ümumdünya festivalında “İlk simfoniya”  poeması mükafata layiq görülmüşdür. İlk kitabı Moskvada, 1958-ci ildə çap olunub. Həmin kitab iki ildən sonra “İki sevgi” adı ilə Bakıda nəşr olunmuşdur.

Sevimli şair otuz səkkiz yaşında, 1969-cu ilin iyunun 30-da vəfat etmiş, Göyçayda dəfn olunmuşdur.

Sağlığında Bakıda üç kitabı işıq üzü görmüşdü. Ümumilikdə iyirmiyə yaxın kitabı çap olunmuşdur. Əl Kərimin poeziyası haqqında onlarla monoqrafiyalar, kitablar, yüzlərlə məqalələr yazılmışdır və bu gün də yazılır. Hələ sağlığında ikən el məhəbbəti qazanmış, böyük ədəbi simalar tərəfindən qeyri-adi istedada malik olması etiraf edilmişdir. Təkcə “Qaytar ana borcunu” adlı şeiri Əli Kərimə ədəbiyyatımızda əbədilik hüququ vermişdir. Bu yazımda mən onun poeziyasını yox, əsasən nəsr əsərlərini xatırlamaq istəyirəm. Belə ki, o, gözəl şair olmaqla yanaşı, həm də bacarıqlı bir nasir olmuşdur.

Onun həcm etibari ilə heç də kiçik olmayan, qalın cildli “Pillələr” romanını mən özüm tələbə olarkən sevə-sevə oxumuşam. Tələbə gənclərin həyatından, onların sevgisindən bəhs edən bu romanın başqa romanlardan  fərqi onun dilində, yazılışındadır. Sadə, qəlbi sərinlədən, oynaq ifadə və söz birləşmələri ilə zəngin olan bu əsəri oxuduqca yorulmaq bilmirsən. Bu romandan şeriyyət ruhu duyulur, şairin poeziyasının ətri gəlir. O, sanki, poeziya qarışıq bir nəsr nümunəsi yaratmışdır.

Əli Kərim “Pillələr” romanından başqa, “Mavi nəğmənin sahilində” adlı povest və doqquz hekayə də yazmışdır. “Bərbər”, “Kayutda iki adam”, “Şillə” adlı hekayələri mövzu və ideya baxımından daha çox yadda qalanlarıdır.

Böyük şair qələmini dramaturgiya sahəsində də sınamışdır. “Ürək güzgüsü” adlı pyesi yazdığı üç pyes arasında ən uğurlusudur.

Yeri gəlmişkən bildirim ki, iyun ayının sonunadək şairin yaxın dostu olmuş Altay Məmmədovun “Tanıdığım Əli Kərim” adlı kitabı “XAN” nəşriyyatı tərəfindən oxucularımıza təqdim edilməsi nəzərdə tutulur.

Haqqında yazılan xatirələrdən aydın olur ki, bu insanın şəxsiyyəti də yaradıcılığı qədər sadəlik və ülvilik mücəssəməsi imiş. Onun istedadının həsədini çəkənlərdən,  bədxahlarından fəxri adlar alanlar, qatar-qatar kitabları çıxanlar çox oldu. Amma nə olsun, onlar dünyadan köçən kimi özləri ilə bərabər  əsərləri də unuduldu.  Lakin Əli Kərim hələ neçə əsrlər Göyçayda, adını  daşıyan parkda vüqarlı, daşlaşmış surətilə onu ziyarətə gələnləri qarşılayacaqdır.

Əli Kərim nə yaşadı ki… O, hələ bundan sonra  yaşayacaq.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10