Sağ olun! – Oktavio Pasın NOBEL NİTQİ

19 Baxış

214b608765540fe7576dd3baeb5bb149

Senet.az Cavanşir Yusiflinin tərcüməsində böyük Meksika yazıçısı Oktavio Pasın Nobel nitqini təqdim edir.

1990-cı ilin Nobel ödülünün sahibi Oktavio Pas 31 mart 1914-cü ildə Meksikada dünyaya gəlmiş, 1998-ci ilin 19 aprelində dünyasını dəyişmişdir. O, əsrimizin böyük şairi, həm də esseist və tənqidçisi olsa da, daha çox özünə «jurnalist» sözünü yaraşdırırdı. Totalitarizmin qatı düşməni olan Oktavio Pas həmişə ortodoks ideologiyaların yayılması, eləcə də bütün dünyanın bu xəstəliyə yoluxmasına qarşı mübarizə aparırdı. Məlum məsələdir ki, ortodoks ideologiyaların hamısı universal həll variantının məhz onlara məxsus olduğunu iddia edir, bu isə öz növbəsində Dövlət Terrorunun bərqərar olmasıyla bitir. O yazırdı: «Modern ədəbiyyat tənqidi ədəbiyyatdan başqa bir şey olmamalıdır. İçində yaşadığımız dünyanın tənqidi, ədəbiyyatın tənqidi, tənqidin tənqidi. Dilin tənqidi hansısa yeni nitq formasının, yeni dilin yaradılmasına gətirib çıxarır».

İndiki zaman axtarışında fraqment

Nobel mühazirəsi

8 dekabr, 1990-cı il.

Mən çıxışıma ilk bəşər əhlinin yaranmasından üzübəri hamının dilinin ucunda bitən ikicə sözlə başlamaq istəyirəm: sağ olun. Minnətdarlıq bildirən sözün hər bir dildə ekvivalenti var, hər bir dildə bu söz çoxlu mənalara malikdir. Belə bir məna genişliyi Roman dillərində mənəvi və fiziki olanı insanlara onları səhvdən, ölümdən qorumaq üçün göndərilən dualardan ayırır, fərqləndirir. Belə bir gözəllik, belə bir cazibə həm də üzr, bağışlamaq, təzim-minnətdarlıq… ilham deməkdir; belə bir müraciət forması, gözəl danışıq ədası, şübhəsiz ki, nəzakət bildirmək, kəsəsi, daxili zənginliyi ifadə etmək üçündür. Minnətdarlıq ürəkdən gələn hədiyyədir, əvəz tələb etmir. Belə bir hədiyyəni kimə versən, xoşbəxt olacaq, əvəzində sənə alqış yağdıracaq, hətta ürəyi his-pasdan xali olmayan adam olsa belə. Elə buna görə mən də bu anlar dediyim o iki sözlə çıxışıma başlayıram. Dillər elə geniş bir gerçəklikdir ki, bizim millət adlandırdığımız siyasi və tarixi vahidlərin sərhədlərini vurub keçir.

Bizim Amerika ölkələrində danışdığımız Avropa dilləri bunu əks etdirir. İngilis, ispan, portuqal və fransız ədəbiyyatları ilə müqayisədə bizim ədəbiyyatların xüsusi vəziyyəti belə bir fundamental faktdan bilavasitə asılıdır ki, onlar «gətirilmə» (gətirilmiş əkilmiş – translanted) dillərdə yaranmış ədəbiyyatlardır. Dillər tarixin qanı və təriylə suvarılan ana torpaqdan doğulub inkişaf edir. Avropa dilləri öz doğma torpaqlarından, öz milli ənənələrindən cücərib sonra… naməlum və yad bir dünyanın torpağına basdırılıblar: onlar yeni ölkələrdə kök atıb, Amerika cəmiyyətlərində inkişaf edərək özlərini tutmuşlar. Onlar eyni zamanda həm tanış, həm də yad bitkilərdir. Bizim ədəbiyyatlar alınma dillərin dəyişən xəzinəsini passiv şəkildə qəbul etmədi; onlar bu prosesdə fəal iştirak etdilər. Çox tezliklə onlar sadə, passiv əks olmaqdan qaldılar; zaman keçdikcə onlar Avropa ədəbiyyatlarının inkarına çevrildilər; bəzən də buna bir cavab kimi səsləndilər. Bütün bu «vurnuxmalara» baxmayaraq, əlaqə heç zaman kəsilmədi.

Mənim klassiklərim mənim dilimdə yazan şəxslər olub, mən özümü Lone və Kuvedonun xələfi sayıram, bu fikri hər bir ispan təsdiqlərdi, ancaq mən ispan deyiləm… Mənə belə gəlir ki, İspan Amerikasının, eləcə də Birləşmiş Ştatlar, Braziliya və Kanadanın bir çox yazıçıları eyni fikri ingilis, portuqal və fransız ənənələrinə münasibətdə söylərdi. Amerika ölkələrində yazıçıların xüsusi mövqelərini daha aydın şəkildə anlamaq üçün biz yapon, çin və ərəb yazıçılarının müxtəlif Avropa ədəbiyyatlarıyla qurduqları dialoq barədə düşünməliyik. Bu bir çox dil və sivilizasiyaların kəsişdiyi bir nöqtə – dialoqdur. Digər tərəfdən, bizim dialoqumuz yenə də eyni bir dil çərçivəsində baş verir. Biz həm avropalıyıq, həm də avropalı deyilik. Bəs onda kimik biz?

Bunu təyin eləmək çox çətindi, ancaq yaşadığımız illər bizim yerimizə söz alıb danışır. Əsrimizin ən böyük yeniliyi Amerika ədəbiyyatları oldu. İlk dəfə o, qitənin ingilisdilli hissəsində, sonra isə əsrin II yarısında iki budaq üzrə Latın Amerikasında meydana gəldi: İspan Amerikası və Braziliya. Nə qədər müxtəlif olsalar da, bu üç ədəbiyyatın eyni ümumi xüsusiyyəti vardır – bu isə ədəbi olmaqdan daha çox ideoloji olan konfliktdir: kosmopolitik və yerli ənənələr arasında, avropaçılıq və amerikapərəstlik arasında. Belə bir mübahisə bəs hansı nəticələri doğurdu; didişmə və çəkişmələr silinib getdi, ortada görülən işlər qaldı. Bu əsas eyniyyətə baxmayaraq üç ədəbiyyat arasında fərq artıb dərinləşdi. Onlardan biri ədəbiyyatdan çox tarixə məxsusdur: ingilis-amerika ədəbiyyatının inkişafı Amerika Birləşmiş Ştatlarının dünyanın super dövləti kimi inkişafıyla üst-üstə düşür, halbuki bizim ədəbiyyatların gəlişməsi bizim millətlərin siyasi və ictimai uğursuzluqları, bir də çevrilişlərlə uyğun gəlir. Bu isə bir daha sosial və tarixi determinizmin məhdudluğunu sübut edir: imperiyaların iflasıyla sosial xaos dönəmləri bəzən qeyri-adi ədəbi-bədii gəlişməylə müşayiət edilir. Li-Po və Tu Fu Tanq sülaləsinin iflasının şahidləriydilər; Velaks IV Filippin yanında rəsm çəkirdi. Senekaynan Lukan Neronun müasiri və qurbanı oldular. Digər fərqlər ədəbi təbiətlərin fərqləri olmaqla, hər bir ədəbiyyatın xarakterindən çox, ayrı-ayrı əsrlərə aid idi. Gəlin düşünək, belə deyə bilərikmi: ədəbiyyatların xarakteri olur. Onlar özlərini digər ədəbiyyatlardan ayıran formal əlamətə malik olurlarmı? Buna şübhəm var. Ədəbiyyat hansısa xəyali, ələgəlməz xarakterlə təyin edilmir, bu – inkar və təsdiqin vəhdətini ifadə edən ümumi bir işdir.

Latın Amerikası və ingilis Amerikası ədəbiyyatları arasındakı ilk əsas fərq onların köklərinə aiddir. Onların hər ikisi Avropanın layihə əksi kimi başlayır. Şimali Amerika misalında adanın layihəsi bizim misalda isə yarımadanın layihəsi kimi. Bu iki region coğrafi, tarixi və mədəni xüsusiyyətlər baxımından qeyri-adidir. Şimali Amerikanın köklərini İngilislərdə və Reformasiyada axtarmaq gərəkdir; bizim köklərimiz isə İspaniya, Portuqaliya və anti-Reformasiyadadır.

İspan Amerikası məsələsinə gəldikdə, mən İspaniyanı başqa Avropa ölkələrindən ayıran cəhətlər barədə qısaca danışmaq istərdim. İspaniya İngiltərəyə baxanda heç də az ekssentrik deyildir, ancaq bu qeyri-adilik tamam başqa söhbətin mövzusudur. İngiltərənin ekssentrikliyi dar ada mənası daşıyır və izolyasiya ilə səciyyələnir. İspan ekssentrikliyi yarımada səciyyəsində olmaqla, özündə çeşidli sivilizasiyaların yanaşı mövcudluğunu birləşdirir. İspan ekssentrikliyi Amerikada, xüsusən də qədim və yüksək mədəniyyətlərin mövcud olduğu Meksika və Peru kimi ölkələrdə yaranıb inkişaf etmişdir. Meksikada ispanlar tarixi elə coğrafiya kimi qarşıladılar. Bu tarix indi də canlıdır, bu – keçmiş olmaqdan daha çox indiki zamandır: Kolumbiya Meksikasına qədərki məbəd və allahlar – bir dünya xarabalıq… ancaq bu dünyaya can verən ruh ki var, itib-batmayıb; o, bizim üçün hermetik bir dildə əfsanələr danışır, bizə əski mövcudluq formalarından, incəsənət və ənənələrdən söz açır. Meksika yazıçısı olmaq bu indiki zamanın, bu yanaşı mövcudluq səsini dinləmək deməkdir.

Belə bir kiçik geri çəkilmədən sonra bizim boynumuza məsuliyyət yükü qoyan, bizi Avropa ənənələrindən ayıran özünəməxsus bir münasibəti görməyə bilmərik. Belə bir təfəkkür tərzi elə müstəqil olmaq deməkdir – bizim mənəvi tariximizin bəlirtisidir. Bəzən müstəqillik (özəllik) daxili parçalanmanı ayırıb nişan verən yara kimi şərh edilir; belə bir ağrılı düşüncə tərzi tam özünənəzarətə şərait yaradır; digər zaman çərəklərində bu, polemika, hərəkətə sövq edən oyanış, gələcəyə doğru irəliləyib başqa dünyalarla toqquşmaq deməkdir. Düzdür, özəllik (müstəqillik) duyğusu universal səciyyə daşıyır, ancaq bu heç də ispan Amerikasına xas deyildir. O, bizim doğuluş anımızda dünyaya gəlib; biz hər şeydən qopub ayrılandan sonra yad bir dünyaya düşdük. Bu təcrübənin adı heç zaman bitişməyən bir yaradır. Bu – hər bir insanın ölçü-biçisiz ənginliyidir; bizim bütün igidlik və ərənliyimiz, bütün hərəkət və arzularımız tikilən körpüdür ki, yuxarıda sözü gedən o fərqi aradan götürüb bizi uşaqlığımızın dünyasıyla birləşdirir.Hər bir insan həyatına, eləcə də bəşəriyyətin kollektiv tarixinə orijinal situasiyaların rekonstruksiyası cəhdi kimi baxıla bilər. Bu situasiyalar adı keçən ayrılma şəraiti üçün tükənməz və sonsuz müalicə misalındadır. Mən bu duyğuya başqa bir ad vermək istəməzdim. Ancaq məni təəccübləndirən odur ki, bizim üçün belə bir canlı şərait (şərt) tarixi terminlərlə ifadə olunur. Bu, təfəkkürə də sirayət eləyir. Belə bir ikimənalı sualın cavabı nəzəriyyə formasında, yaxud şəxsi şəhadətlərlə verilə bilər. Mən sonuncuya üstünlük verirəm: çox sayda nəzəriyyələr olsa da, mən heç birinə inanmıram.

Ayrılıq duyğusu mənim köhnə və dumanlı xatirələrimlə məhdudlaşdırılır: həm də ilk qışqırıq və qorxu hissiylə. Bütün uşaqlar kimi mən də xəyalda emosional körpülər düzəldirdim; o məqsədlə ki, bu körpülər məni dünyayla, eləcə də digər adamlarla birləşdirsin. Mən Meksiko – Siti əyalətində köhnə, yarıuçuq bir daxmada böyümüşəm, evin qabağındakı bağ eynən cəngəlliyə bənzəyirdi, bir böyük otaq ağzınacan kitabla doluydu. İlk oyunlar, ilk dərslər. Bu bağ tezliklə mənim dünyamın başkəndinə çevrildi; kitabxana isə füsunkar mağaraya döndü. Mən kuzinlərim və sinif yoldaşlarımla oynayırdım. Orada əncir ağacı, bolluca göy-göyərti, nar ağacları, yabanı otlar var idi. Zaman elastik, kosmos necə də dərin idi. Hər bir zaman anı – istər keçmiş, istər gələcək, real, yaxud xəyali olsun, – xalis indiki zaman idi. Kosmos sonsuz şəkildə fırlanıb dövr edirdi. Gələcək burada idi, hər şey burada idi…

KÖŞƏ YAZARLARI
TOP 10