Senet.az ədəbiyyat və sənət dərgisində şənbə günləri “Memuar notlar” layihəsi:
Xətai elm, sənət adamlarını yüksək qiymətləndirirdi. Belə nəql edirlər ki, 1514-cü ildə məşhur Çaldıran müharibəsində Şah İsmayıl döyüş meydanına getməmişdən əvvəl sarayın ən məşhur xəttatı Mövlanə Şah Mahmud Nişapurini və misilsiz ustad rəssam Behzadı bir mağarada gizlətmiş və demişdir:
– Kim bilir, bəlkə müharibədə öldüm və ya məmləkətimdə qarət və qarışıqlıq baş verdi. Onlar niyə Sultan Səlimin əlinəəsir düşsünlər?!
Şah İsmayıl müharibədə məğlub olub geri qayıdarkən, ilk əvvəl məşhur xəttatı və misilsiz rəssamı gizlətdiyi yerə gedir. Onları gizli saxladığı yerdə taparkən sevinir və “Allaha çox şükür!” deyir.
***
Şah İsmayılın ən çox sevdiyi şairlərdən biri Nəsimi olmuşdur. O, Nəsiminin qəhrəmanlığına, məsləkcə möhkəmliyinə heyran qalmışdır. Onun faciəli ölümünü şair dönə-dönə yad etmiş, ölümün gözləri içinə dik baxan Həllac Mənsurun və Nəsiminin tutduğu yolu təqdir və təbliğ etmişdir:
Şah Xətai, didarə bax,
Mənsur ipin boynuma tax.
Nəsimi oldu haqla haqq,
O üzülən dərisidir.
***
Şah İsmayıl Xətaini əsrlər boyu türk-qızılbaş xalq şairləri və Anadolu el aşıqları bir mürşid, mənəvi ata kimi qəbul etmişlər. Məclislərdə Xətai təxəllüslü şeir oxunarkən ayağa qalxar və kişilər çökərlər.
Şah İsmayıl Xətai Azərbaycan xalqı içərisində şöhrətli bir dövlət xadimi, yenilməz pəhləvan, gözəl şair kimi ad qazanmışdır. Seyid Əzim Şirvani yazır ki, şairin:
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-ilahi, əfv qıl kim, tövbəkarəm doğrusu –
məqtəli qəzəli xanəndələr tərəfindən musiqiyə uyğunlaşdırılıb tez-tez oxunardı. Mir Möhsün Nəvvab da “Şah Xətai” adlı musiqi havasının xalq arasında çox məşhur olduğunu göstərir.
***
Çar jandarm idarəsi Zərdabi üzərində nəzarət təyin edir. Bir gün klubda, jandarm rəisi Həsən bəylə görüşür və bütün gecəni onunla bilyard oynayır. Ertəsi gün Həsən bəyi jandarm idarəsinə çağırırlar. Jandarm rəisi ondan sual edir:
–Dünən siz klubda kimlərlə görüşmüş, nə barədə danışıq aparmısınız? Bizə xəbər veriblər, heç nəyi gizlətməyin.
Həsən bəy təəccüblə:
–Cənab rəis,- deyir, – dünən kluba gələndən çıxıb gedənədək mən ancaq sizinlə bilyard oynamışam. Siz ki, bunu yaxşı bilirsiniz.
Rəis yuxudan ayılmış kimi Həsən bəyə diqqətlə baxır:
–Bəli, bəli, yadıma düşdü, siz mənim oyun yoldaşımsınız, cənab Məlikov. Amma gərək bağışlayasınız, vəzifəmdir, qanun belə tələb edir. Azadsınız, gedə bilərsiniz.
***
H.M.Zərdabi hər dəfə Bakı dumasına üzv seçilirmiş. Bakı dövlətlilərindən biri – Hacı Aslan növbəti seçkilərin birində küllü miqdarda pul xərcləyib çoxlu səs alır. Zərdabinin yerinə duma üzvlüyünə seçilir. Kəblə Mirzə adlı birisi də Hacı Aslanın toruna düşür. Onun Həsən bəylə də tanışlığı var imiş. Bir gün Həsən bəy Kəblə Mirzəni küçədə görüb onu dayandırır:
–Kəblə Mirzə, Hacı Aslan çox bilir, yoxsa mən?
–Əlbəttə, sən.
–Xalqımıza o çox xeyir verir, yoxsa mən?
–Sən.
–Bunlar bir yana, o təmiz insandır, yoxsa mən?
–Sən.
–O halda məni qaralayıb onu nə üçün seçdiniz?
Kəblə Mirzə səsini çıxartmadıqda, Həsən bəy gülə-gülə əlavə edir:
–Siz məni seçsəniz də birdir, seçməsəniz də. Mən bundan bir şey itirmirəm, amma xalq itirir. Mənim ürəyimi ağrıdan ancaq budur.
***
Jandarm idarəsinə Zərdabi haqqında yazılan böhtançı kağızlar gündən-günə artırdı. Jandarm idarəsi onun evinə xüsusi xəfiyyə təyin etmişdi. Güdükçü gənc və təcrübəsiz idi. Hənifə xanım eyni adamın bir neçə gündən bəri onların pəncərəsinə göz zillədiyini ərinə xəbər verdikdə, Həsən bəy xanmını sakit etmək üçün zarafata keçir:
–Mətləb aydındır, nədən qorxursan, xəyalpərəst cavanlardandır. Bir neçə gün pəncərənin qabağında gəzib, səni görməyəndən sonra rədd olub gedəcəkdir.
Hənifə xanım gülümsəmiş və:
–Xeyir əzizim, – demiş, -mənə elə gəlir ki, o, mənim yox, sənin intizarını çəkir.
***
Həsən bəy dumada daima yoxsulları müdafiə edirdi. O, fəhlə və kəndlilərin ağır vergilərdən xilasına çalışırdı. Zərdabi dumadakı çıxışlarının birində mədən sahiblərinə vergi qoymağın vacib olduğunu dəllillərlə sübut edir. Onun cəsarəti neft sahiblərinin bərk narazılığına səbəb olur. Onlardan biri təhqirə əl atır:
–Lütün biri lüt, öz cibində bir qəpiyi yoxdur, bizim cibimizə girmək istəyir. Yaxşılıq edib bunu qlasnı seçmişik, indi bizim əleyhimizə danışır!
Sərmayədar Səfərəliyev isə üzünü Həsən bəyə tutub qəzəblə bağırır:
–Sənin dilini kəsib, başını saxlamaq lazımdır!
***
Deyilənlərə görə, Həsən bəy mənasız, mətləbsiz mahnıları oxuyanları ələ salmaq üçün özü də aşağıdakı sözləri avazla oxuyarmış:
Ağacda oturub sərçə,
Niyə uzunsan, ey küçə.
Sən hardasan ey beçə,
Ey yar, ey yar, ey qara göz.
***
Zərdabini Peterburqa, “Zemledelçeskaya qazeta”da işləməyə dəvət etdikdə, o, vətənindən ayrılmaq istəməyib demişdir:
–Məqalələrim yaxşıdır, çünki bunları azad adam yazır. Dövlət qulluğuna getsəm, dilim bağlanar.
***
Zərdabi kənddə yaşadığı vaxt “Tərcüman” qəzetini müntəzəm alırdı. O, bu qəzeti sevir, “Əkinçi”nin yetişdirməsi hesab edirdi. Həsən bəy bir dəfə “Tərcüman” qəzetini mollaya vermiş və söyləmişdi:
–Al, bu qəzeti, minbbərdə oxu, burada yazılanlar sənin nağıllarından daha faydalıdır.