Sahibsiz sürü – Sona Teymurbəyli-Rəhimli

202 Baxış

 22551491_750064088513748_1282609650_n

Payız təzəcə girmişdi. Gecəni narahat yatan Hacı Məsum adəti üzrə, sübh tezdən yatağından qalxıb həyətə enmiş, tut ağacının altında qoyulmuş taxtın üstündə əyləşmişdi. Bu taxt üzün illərdi ki, hazırlanmışdı. Ailə yaz-yay aylarında burada yeyib-içər, istirahət edərdi. İndi də o, bu taxtın üstündə əyləşib sübh əzanının verilməsini gözləyirdi. Nədənsə çox narahat idi. Sanki gözlənilməz hadisə baş verəcəyini hiss edirmiş kimi ürəyi şiddətlə döyünürdü.

Birdən küçə qapısı çox şiddətlə döyüldü. Dərin xəyala dalmış Hacı Məsum diksinib xəyaldan ayrıldı. O, çox təəccübləndi, ucadan salavat çevirərək öz-özünə pıçıldadı:pp

-Bismillahir-rəhmanir-rəhim. Aizi-billahir-minəş-şeytanir-rəcim. Görəsən, tezdən-tezdən qapını döyən kimdir? Nə qəzavi-qədər baş verib? Xudaya, özün biz bəndələrinə rəhm elə, onları şeytanın şərindən qoru. Qada-bəlanı üstümüzdən uzaqlaşdır.

Hacı Məsum istədi, uşaqları çağırıb desin ki, “Gedin qapını açın, görün kimdir gələn?” Birdən yadına düşdü ki, oğul-uşaq hələ şirin yuxunun içindədir, indi top atsan da oyanmazlar.

Hacı Məsum naəlac qalıb yerindən qalxıb qapını açmağa getdi. O, əvvəlcə qulağını qapıya söykəyib küçədən gələn səsləri dinləmək istədi, amma bir şey başa düşmədi. Qapının cəftəsini qaldırdı. Qapı taybatay açıldı. Zorbaca bir çoban iti onun sinəsindən itələyib divarın dibinə çəkərək həyətə girdi, ardınca isə qoyun-keçi sürüsü həyətə doluşdu.

Divarın dibinə sıxışmış Hacı Məsum təəccübdən quruyub yerində qalmışdı, ürəyi şiddətlə döyünürdü. O, gah taybatay açıq qalmış küçə qapısına, gah həyətin ortasında bir-birinə qısılıb yatışan sürüyə, gah sürünü əhatə edərək qabaq ayaqları üstündə şöngüyüb ləhləyən itlərə, gah da bir kəşfiyyatçı kimi ətrafı diqqətlə nəzərdən keçirən zorbaca itə baxırdı.

Hacı Məsum yumruğu ilə gözlərini ovxaladı və bir neçə dəfə yumub açdı. Ona elə gəldi ki, yuxu görür. Yuxudan ayılmaq istədi, amma yuxu deyildi. Hər şey göz qabağında idi. Nə baş verdiyini isə hələ də anlamırdı. O, asta-asta gedib qapını bağladı və daha nə edəcəyini bilməyərək öz-özünə pıçıldadı:

-Görəsən, hansı bədbəxtin sürüsüdü? Yəqin, qurd-quşdan hürküb yolunu azıb? Yaxşı ki, dağılışmayıb. Neyləyək? Səhər açılsın uşaqlara tapşıraram, ətrafdan soraqlaşar, kimin olsa, gəlib aparar…

Hacı Məsum yenidən qayıdıb taxtın üstündə əyləşdi, sürüyə baxa-baxa xəyala daldı. O, sübh əzanının səsinə xəyaldan ayrıldı, ayağa qalxıb dəstəmaz aldı, otağa keçib sübh namazını qıldı, duasını edəndən sonra yenə də həyətə endi. Qoyun-quzular, oğlaq-keçilər bir-birinə söykənib yatışmışdı. İtlər isə divarın dibində şöngümüşdü.

Hacı Məsum diqqətlə ətrafa nəzər saldı. Hələ də oğul-uşaq yuxudan oyanmamışdı. O istədi ki, otağa qayıdıb yatanları oyatsın. Arvadının asta-asta otaqdan çıxdığını görüb ayaq saxladı. Arvadı Zəhra ona yaxınlaşıb gülümsəyərək dedi:

-Salaməleyküm, Hacı, nə olub? Yenə sübh tezdən yatağından qalxmışsan?

-Əleykəssalam, Zəhra. Nə bilim. Elə sübh əzanından xeyli əvvəl oyandım, gəlib burada əyləşdim. Namazdan sonra da yuxum gəlmədi.

-Fikirdən-xəyaldan nə zaman əl çəkəcəksən? Daha olan-olub, az bu qırılmışların dərdini çək. Elə bil, heç əvvəldən yox idi. Allahın məsləhətidir. Bəlkə də, bu bəla ailəmizə gələcəkdi, mala-davara getdi. Elə ziyanın yarası tez sağalar, təki insan təlafatı olmasın. Uşaqlar da böyüyüb, hərəsi bir işin qulpundan yapışar, bir də gözünü açıb görərsən ki, əvvəlkindən də çox mal-davarın var.

Hacı Məsum hiss etdi ki, arvadı hələ də həyətə doluşan sürüdən xəbərsizdi. O, astadan dedi:

-Zəhra, get uşaqları oyat. Gün günorta oldu. Daha yatdıqları bəsdir.

-Ay Hacı, tezdən-tezdən nə tələsiklikdir? Əkin yox, biçin yox.  Mal-davara qulluq edəcək, yoxsa, dövlət qulluğuna gedəcəklər? Cavandırlar. Qoy səhərin şirin yuxusundan məhrum olmasınlar. Özləri nə vaxt istəsələr, onda da yataqdan qalxarlar.

- Zəhra, bir dön həyətə bax. Bu sürünü yemləmək lazımdır axı?

Zəhraya elə gəldi ki, keçən il tələf olan sürüsünün fikrini elədiyi üçün ərinin başına hava gəlib. O, ərinin xətrinə dəyməmək üçün çevrilib həyətə nəzər saldı, amma gözlərinə inanmadı. Ona elə gəldi ki, ya yuxu görür, ya da əri kimi onun da başına hava gəlir. Sanki gözlərinin önündə bir il öncə olan qoyun sürüləri canlandı. O zaman ən bəxtiyar günləri idi. Sürülərinin ucu-bucağı görünməzdi. Haradansa peyda olan qara qızdırma xəstəliyi bir ayın içində sürünün axırına çıxdı. Sürüdən bir qotur keçi, bir axsaq qoyun belə qurtarmadı…

Hacı Məsum taxtın üstündəki yastığa dirsəklənərək maddım-maddım arvadına baxırdı. Onun dərin fikrə getdiyini görüb astadan pıçıldadı:

- Zəhra, çox fikirləşmə. Elə mən də əvvəlcə elə bildim ki, yuxu görürəm. Ancaq gördüklərin yuxu deyil, həqiqətdir. Get uşaqları oyat, gəlsinlər. Əvvəlcə bu qoyun-quzunu rahatlayaq. Bəlkə də, nə vaxtdır, yemlənməyiblər, ac-susuzdurlar. Yaxşı ki, yaz-yay boyu yığdığımız ot-ələfi hələ satmamışıq. Çox şükür ki, arpalara çıxan müştəri də bir neçə gün gecikdi. Yoxsa, indi qalacaqdıq məəttəl. Gəlsə də, daha satası olmadıq…

Zəhranın gözləri dolmuşdu. Qoyunlu-quzulu günlərinin xoş təəssüratı qəlbini kövrəltmişdi. Onun nitqi tutulmuşdu. Qəhər boğazında düyünlənmişdi. Dillənsəydi, hönkürüb ağlayacaqdı. Ərinin sual dolu baxışlarına başını tərpətməklə cavab verdi və kədərləndiyi duyulmasın deyə, cəld otağa keçdi…

Bir azdan yatağından tələm-tələsik qalxan oğul-uşaq həyətə tökülüşdü. Eləsi var idi, eşitdiyi hadisəni gözləri ilə görmək üçün heç əməlli-başlı geyinməmişdi; başıaçıq, ayaqyalın idi.

Uşaqların bir-birinin böyrünə qısılıb həyətin ortasında yatışan sürüyə maraqla tamaşa etdiyini görən Hacı Məsum mehribanlıqla dilləndi:

- Övladlarım, səhər-səhər bu sürünün haradan gəldiyini bilmirəm. Kimin sürüsü olduğundan da xəbərim yoxdur. Mən küçə qapısını açan kimi o zorba it pəncəsi ilə məni divarın dibinə itələyib həyətə girdi, arxasınca da sürü. Sizin yuxudan oyanmanızı gözləyirdim.Əl-üzünüzü yuyandan sonra qızlar analarına kömək edərək ev-eşiyi yığışdırsınlar, yemək-içmək hazırlasınlar, oğlanlar isə mənə kömək etsinlər ki, heyvanları yemləyək, rahatlayaq…

Uşaqlar atalarının məsləhəti ilə əl-üzlərini yumağa getdi və bir azdan iki qız analarına kömək etməyə getdi, dörd oğlan Hacı Məsumun yanına qayıtdı.

Hacı Məsum oğlanlarla tövlələrə baş çəkdi. Tövlələr tərtəmiz idi, təmizləməyə ehtiyac olmadı. Yalnız yemlər daşınıb axurlara doldurulmalı, su daşınmalı, heyvanlar rahatlanmalı idi…

Hacı Məsumgilin işi – sürüyə qulluq etmələri heç yarım saat çəkmədi. Oğlanlar axurlara yem doldurdu. Hacı Məsum qoyun-keçiləri ayrı, oğlaq-quzuları isə ayrı tövləyə qatdı. Nə vaxtdan bəri ac-susuz qalan heyvanlar həvəslə yeməyə başladılar. Oğlanlar heyvanların su qablarını təzə su ilə doldurdular.

Zorba it yenə də divarın dibində şöngüyərək oturmuş, sanki bütün olub keçənləri maraqla seyr edirdi. İtlər isə onun önündə başlarını qabaq ayaqlarının üstünə qoyub dərin yuxuya getmişdilər.

Hacı Məsumun böyük oğlu Həsən atasının tapşırığı ilə evə keçib iki-üç çörək və axşamdan qalmış bir boşqab xörək gətirdi. Tövlənin yaxınlığındakı tut ağacının altında köhnə bir ləyəndə itlərə yemək hazırladı və itləri tumarlaya-tumarlaya oraya apardı. İtlərin iştaha ilə yediyini görüb sevindi, tez gedib dərin bir qabda su da gətirib onların qabağına qoydu.

Hacı Məsumgil işlərini bitirib əl-üzlərini sabunla yuyub təmizlədilər və evə keçib səhər yeməyi yedilər. O, səhər yeməyindən sonra üzünü oğlanlarına tutub dedi:

- Oğlanlarım, məhəllələrdən xəbərləşin. Öyrənin görün kimin sürüsü azıb. Amma sürünün tərkibi barədə bir kəlmə belə danışmayın. Kimin sürüsü olsa, sahibi özümlə görüşər.

Oğlanlar atalarının dediyi kimi etdilər. Hər yerdən soraqlaşdılar, amma heç kimdən xəbər çıxmadı…

Günlər keçirdi. Oğlanlar hər gün yaxınlıqdakı kəndlərə gedir, sürü sahibinin kim olduğunu öyrənməyə çalışırdılar. Sürü sahibindən bir xəbər almayan oğlanlar hər dəfə də kor-peşman geri qayıdırdılar…

Heyvanların balalayan vaxtı çatmışdı. Sanki bir möcüzə baş verirdi. Qoyunlar da, keçilər də əkiz balalayırdı. Sürüdəki heyvanların sayı gözlənilməz səviyyədə artırdı. Hacı Məsum çox narahat idi. Ot-ələfin qurtarmasından qorxurdu. Ot-ələf isə azalmaq bilmirdi ki, bilmirdi. Elə bil ki, heyvanların yeminin üstünə sehrli bir əl qoyulmuşdu, istifadə olunduqca bərəkəti artırdı.

Artıq yaz qurtarhaqurtarda, yay girməkdə idi. Çobanlar hər gün sürünü otlağa aparır, axşamlar isə yatağında rahatlayırdılar. Qoyun-keçilərin südü aşıb-daşır, oğlaq və quzular sürətlə böyüyürdü.

Hacı Məsumun ailəsi sürünün öhdəsindən təkbaşına gələ bilməzdi. Sürünü otarmaq, sağıb yerbəyer etmək, oğlaq-quzuları əmizdirmək üçün kömək lazım idi.

Hacı Məsum qonşuluqlarında yaşayan imkansız ailələrə üz tutdu, onlardan kömək istədi. Qonşuların oğlanları da oğlaq və quzuların əmizdirilməsinə yardım edirdilər.

Hacı Məsum da süddən, qatıqdan, pendirdən, ətdən  – bir sözlə, əlinə keçəndən bu ailələrə yardım edir, yaxşı dolanışıqları üçün hər ay ailələrə xərclik də göndərirdi. O fikirləşirdi ki, işlər belə gedə bilməz. Axı, sürüyə qulluq etmək beş günlük, on günlük deyil ki? Daimidi. Daimi işin də öz sahibi olmalıdır…

Bir gün Hacı Məsum günorta namazından sonra arvadı ilə tut ağacının altında əyləşib çay içirdi. O, əlindəki təsbehi asta-asta çevirir, nə isə fikirləşirdi. Onun fikirli olduğunu hiss edən Zəhra gözaltı ərini süzür, amma heç nə soruşmurdu, özünün dillənəcəyini gözləyirdi.

Hacı Məsum başını qaldırıb arvadına ötəri nəzər saldı və astadan dedi:

- Zəhra, fikirləşirəm ki, köməkçilərimizlə danışaq, onlara aylıq əməkhaqqı təyin edək, daimi işçimiz olsunlar. Belə olsa, onlar da daimi işlərinin olduğunu görüb sürüyə candanyana qulluq edərlər.

Zəhra öz əli ilə saldığı samovar çayından içə-içə şəritdən yığıb gətirdiyi paltarların yırtıq-sökürünü tikirdi. O, əlindəki corabın yırtığını tikib yanında büküb qalaqladığı paltarların üstünə qoyaraq cavab verdi:

- Hacı, çox yaxşı fikirləşmişsən. Elə köməkçilərimizin də pula çox ehtiyacı var, dolanışıqları ağırdı, əməkhaqqı alsalar, şəraitləri yaxşılaşar. Məncə, gecikdirmək olmaz. İsti-isti çağırıb özləri ilə danışmaq lazımdır. Bu gün artıq gecdir, köməkçilərin bəzisi işini qurtarıb evinə gedib, sabah hamısını çağırıb danışarsan.

Səhər Hacı Məsum kiçik oğlu Əhmədi göndərib köməkçiləri evinə çağırdı. Köməkçilər işlərini təzəcə bitirmiş, evlərinə getməyə hazırlaşırdılar. Hacı Məsumun onları evinə çağırdığını eşidib çox təəccübləndilər, ürəklərində fikirləşdilər:

- “Görəsən, Hacı Məsum bizi evinə niyə çağırır? Yoxsa, xidmətimizdən narazıdır? İlahi, sən özün bizə rəhm elə. Təzə-təzə ağzımız dada gəlir, balalarımız ağartıdan, ətdən, yağdan korluq çəkmirdi. Ailəmizə bəxş elədiyin bu ruzunu əlimizdən alma…”

Köməkçilər ürəklərində müxtəlif cür şübhə ilə ayaqları əsə-əsə Hacı Məsumun geniş eyvanına daxil olub, nə edəcəklərini, hansı otağa keçəcəklərini bilmədilər. Zəhra eyvanda səs-küy eşidib otaqdan çıxdı, onları görüb içəriyə dəvət etdi:

- Bayırda dayanmayın, Hacı sizi gözləyir, buyurun içəriyə!

Köməkçilər otağa daxil olub salam verdilər. Hacı Məsum evin yuxarı başında yun döşəkçənin üstündə bardaş qurub oturmuş, arxasına qoyulmuş yastıqlara dirsəklənərək asta-asta təsbeh çevirir, dodaqaltı nə isə mızıldanırdı. Amma xəyala daldığı üçün içəri girənlərin salam verməsi onu fikirdən ayırdı, başını qaldırıb sevinclə dilləndi:

- Ay əleykəssalam, xoş gəlmişsiniz. Qapı ağzında dayanmayın, irəli gəlin. Heç nədən çəkinməyin, keçin döşəkçələrin üstündə əyləşin.

Hacı Məsum divar boyu döşənmiş döşəkçələri onlara göstərib üzünü arvadına tutaraq dedi:

- Əmiqızı, ( bu kənddə adət idi, kənar adam yanında ər-arvad bir-birilərinə “əmioğlu-əmiqızı”-deyə müraciət edərdi) qızlara de, çay-şörək hazırlasınlar. Səhər tezdən işə başlayıblar, yəqin, indi acıblar.

Zəhra bir göz qırpımında eyvana çıxıb qızlarına tapşırığını verib yenidən içəriyə qayıtdı və ərinin sağ tərəfindəki döşəkçə üzərində əyləşdi.

Köməkçilər iki dəstəyə ayrıldılar; kişilər Hacı Məsumun, qadınlar isə Zəhranın tərəfində – divar boyu döşənmiş döşəkçələr üzərində əyləşdilər. Onların qəlbi şiddətlə döyünür, bu görüşün səbəbini öyrənməyi intizarla gözləyirdilər…

Hacı Məsumun böyük qızı Zeynəb içəri girib köməkçilərin önünə süfrə açdı və süfrəyə çörək, pendir, qaymaq, şor-kərə, bişmiş yumurta qoydu. Ortalığa gətirilən samovarın zümzüməsi və təzədəm çayın iyi süfrə başında əyləşənləri iştaha gətirirdi. Amma heç kəs əlini süfrəyə uzatmağa cürət etmirdi. Zəhra bunu başa düşüb gözü ilə ərinə işarə etdi: “Özün əvvəlcə “bismillah” et ki, qonaqlar utanmasınlar, yeməyə başlasınlar”.

Hacı Məsum qəhvəaltı etmişdi, hələ acmamışdı, amma bunu biruzə vermədi.  O,arvadının baxışlarından fikirlərini oxuyub, süfrəyə tərəf əyildi, qənddandan qənd götürüb stəkanına salaraq qarışdırdı. “Bismillah”- deyib çörəkdən bir tikə kəsdi, üstünə qaymaq sürtüb yeməyə başladı və üzünü köməkçilərinə tutub dedi:

- Di siz də yeməyə başlayın, utanmaq lazım deyil. Qarşıya qoyulan qismət yeyilməlidir.

Zəhra da ərinin hərəkətlərini təkrar etdi. Köməkçilər utana-utana süfrəyə əl uzatdılar. Çaylarına qənd salıb qarışdırdılar. Süfrəyə qoyulanlardan iştaha ilə yedilər. Özləri etiraf etməsələr də, yaman acmışdılar.Bir də atalar nahaq deməyib ki, iştaha diş altındadır.

İçilən çaylar təzələndi.Yeməyin bitdiyini görən Zəhra qızlarına süfrəni yığışdırmağı məsləhət gördü.

Süfrə yığışdırıldı. Hacı Məsum hələ də susur, köməkçilərə heç nə demir, asta-asta təsbehin daşlarını çevirir, dodaqaltı salavat verirdi. Köməkçilər isə doyunca yeyib-içsələr də, iynə üstündə oturmuş kimi narahat idilər; içləri-içlərini yeyirdi.

Hacı Məsum təsbehin axırıncı daşını da çevirib başını qaldırdı, üzünü köməkçilərinə tututub dedi:

- Mən sizi buraya bir məsləhətə çağırmışam.

Köməkçilər təəccübləndilər və qaş-gözlə bir-birilərindən soruşdular:

- Necə, yəni, məsləhətləşməyə?

Köməkçilərin bəzisi, içini, bəzisi də çiynini çəkdi. Hacı Məsum onların narahat olduğunu duyub asta-asta sözə başladı:

- Məsləhətləşmək deyəndə… İş belədir. Siz də bilirsiniz ki, bu mal-davara qulluq etmək işi beşgünlük, ongünlük iş deyil. Mənim ailəm də sürüyə təkbaşına qulluq edə bilməz. Sizlər sağ olun ki, indiyədək bizə çox kömək etdiniz. Allah sizdən razı olsun. Elə qonşuların oğlanları da çox sağ olsunlar ki, sürünün əmizdirilməsində bizə yardım etdilər. Deyirəm ki, sizlər də məsləhət bilsəniz, elə sizlərə aylıq əməkhaqqı təyin edərdim. Siz də sürüyə daima xidmət edərdiniz. Hərənin də nə iş görəcəyini dəqiqləşdirərdik. Sözsüz ki, əməkhaqqından başqa hər ay ailənizə ağartıdan-zaddan da pay ayıracağam…

Köməkçilər rahatlıqla köks ötürüb yüngülləşdilər. Həyəcanla Hacının son qərarını gözlədilər.

Hacı Məsum onları çox intizarda saxlamadı:

- Qulaq asın, mən belə qərara gəlmişəm. Hər birinizə ayda 30 manat əməkhaqqı ayıracağam. Düzdü, pendir, süd, qatıq, ət də indiyədək necə vermişik elə verəcəyik. Amma siz də gərək sürüyə candanyana qulluq edəsiniz, mal-davarı qayğı ilə bəsləyəsiniz.

Köməkçilərin sevincdən dilləri tutulmuşdu, dinib-danışmırdılar. Elə maddım-maddım Hacı Məsuma baxırdılar. Bir qədər sükutdan sonra çobanların ən yaşlısı – Qasım titrək səslə dilləndi:

- Hacı, Allah ömrünüzü uzun, canınızı salamat eləsin, ailənizi qəzavü-qədərdən qorusun. Siz ki bizlərə bu cür qayğı göstərirsiniz, biz də çalışıb sizin sürünüzə can-başla qulluq edərik.

- Sözüm bununla bitmədi. İşinizdən razı qalsam, ilbaşında hər ailəyə quzudan, ovlaqdan bağışlayacağam. Qatarsınız bizim sürüyə damazlıq olar, artıb-çoxalar. Nə deyirsiniz, razısınızmı?

Köməkçilər çox sevinərək cəld ayağa qalxıb Hacının əlini öpmək istədilər, amma Hacı razı olmadı. O, kişiləri qucaqlayıb bağrına basdı, qadınlarla isə əl verib görüşdü…

Hacı Məsum köməkçilərlə söhbətindən sonra arxayınlaşmışdı. O bilirdi ki, köməkçiləri sürüyə can-başla qulluq edir. Amma unutmuşdu ki, “İnsan çiy süd əmib, şeytana uyub yolunu azanlar da ola bilər”.

Hacı Məsumun təyin etdiyi əməkhaqqını alan köməkçilərin ailəsi şən-firavan yaşayır, ağartıdan, ətdən-yağdan daha korluq çəkmirdi. Hər il Hacının bağışladığı oğlaq və quzuları da elə Hacının sürüsünə qatıb otarır, ildən-ilə sayını artırırdılar.

Hər səhər çobanlar sürünü yatağından çıxarıb otlağa aparanda zorba it yenə də öndə gedir, o biri itlər isə hərəsi sürünün bir tərəfində gedir, diqqətlə sürüyə nəzarət edir, sanki qarşıya çıxacaq təhlükədən sürünü qorumağa çalışırdı…

Sürünün sərbəst otlaması, dağılıb azmaması, itlərin sürüyə ciddi nəzarət etməsi çobanları çox arxayın salmışdı. Onlar olmayanda da itlər sürünü səhərlər otlağa, axşamlar isə yatağa rahatca aparıb-gətirirdilər…

Hacı Məsum çobanlarına və köməkçilərinə çox arxayın olub daha sürüyə gec-gec baş çəkir, vaxtının çoxunu ibadətlə keçirirdi.

Hacı Məsumun qızları köçüb ər evinə getmiş, oğlanları da ailə qurmuş, başları oğul-uşağa qarışmışdı. Hərə öz işinin-gücünün sahibi olmuşdu. İndi oğlanlar da əvvəlki kimi sürü ilə maraqlanmır, çobanlara az-az baş çəkirdilər…

Yaşayış şəraitlərinin gündən-günə yaxşılaşmasından harınlayan çobanlar da, köməkçilər də daha əvvəllər olduğu kimi sürüyə can yandırmır, yatağını natəmiz saxlayır, yemini başdansovdu verir, çox zaman su qablarının suyunu belə dəyişdirmirdilər. İtlərin yalını verməyə ərinirdilər. Günlərlə ac-yalavac qalan itlər özləri ordan-burdan tapdığını yeyib günlərini başa vururdular…

Bir gün çobanlar sürünü yatağından çıxarıb otlağa aparırdılar. Sürü qabaqda gedir, çobanlar isə həmişəki kimi sürünün arxasında öz-aralarında söhbət edə-edə gəlirdilər. Onlar yamaclı bir dərəyə yenicə çatmışdılar ki, qəribə bir hadisə baş verdi. Zorba it üzünü sürüyə tərəf tutaraq at kimi şahə qalxdı, ucadan üç dəfə hürüyüb dərəyə tərəf götürüldü və bir göz qırpımında dağların arxasına keçdi. Sürü də, o biri itlər də sel kimi onun arxasınca axışdı…

Çobanlar çaşıb qalmışdılar. Nə baş verdiyini anlamırdılar. Əvvəlcə onlara elə gəldi ki, qarşılarına canavar çıxıb sürünü hürküdüb. Çobanlar vaxt itirməyib cəld sürünün arxasınca qaçdılar. Dağların arxasını, dərəliyi ələk-vələk arayıb-axtardılar. Amma sürü tapılmadı ki, tapılmadı…

Hacı Məsum hadisədən xəbər tutan kimi ətraf kəndlərə adam göndərdi. Günlərlə, həftələrlə, aylarla sürünü arayıb-axtardılar. Amma nə sürüdən, nə də itlərdən bir xəbər verən oldu…

Sürü, elə bil, sehrli bir əppək olub göyə çəkilmiş, ya da iynə olub samanlıqda gizlənmişdi…

Aprel 2012-ci il

KÖŞƏ YAZARLARI
TOP 10