Şair Cəlil Cavanşir təhdid edilir: “Əgər başıma xoşagəlməz bir hadisə gələrsə…”

40 Baxış

4f0689c48a1f26b48ebfa887f1c47a24

Gənc şair və A24.Az-ın baş redaktoru Cəlil Cavanşir təhdid edilir. Bu barədə şair özünün sosial şəbəkədəki hesabında məlumat yayıb. Baş redaktor “facebook” hesabında bunları qeyd edib:

“Əslində bu barədə yazmaq istəmirdim, sadəcə məsələ kifayət qədər ciddi olduğu üçün narahatlığımı sizlərlə də bölüşmək istəyirəm. Xüsusilə bu ərəfədə həyatımla bağlı nələrinsə ictimailəşməsi ürəyimcə deyil.

Təxminən 15 gündür ki, sosial şəbəkələrdən, konkret instagram və facebook-dan təhqir, təhdid və şantaj mesajları alıram. Əsasən gecə saatlarında gizli nömrədən zənglər gəlir. Zəng edənlər bəzən kişi, bəzən qadın olur. Asta səslə danışırlar. Adətən ya birbaşa söyürlər, ya da, tanıdığım şəxslərlə, doğmalarımla bağlı iyrənc ifadələr işlədirlər.

Sosial şəbəkələrdə adətən profilimi ələ keçirmək cəhdləri hiss edirəm. Göndərilən spamlar gah səs yazısı, gah da hansısa link olur.

Ötən həftə eks həyat yoldaşıma da gizli nömrədən zəng edib övladlarımla bağlı təhdid ediblər. Bu artıq çox ciddi məsələdir.

Bu adam və ya adamlar kimdirsə, harda, hansı məkanda kimlərlə olduğumu bilirlər. Çünki yazılan mesajlarda, edilən zənglərdə bunu hiss etdirirlər.
Bu gün isə konkret olaraq izlənildiyimi hiss etdim. Daha doğrusu eyni vaxtda həm izlənilirdim, həm də facebook-dan şantaj və təhqir dolu mesaj alırdım.

Xülasə!

Bununla bağlı polisə şikayət edə bilərəm. Amma, hələ tələsmirəm. Mənim heç kəslə problemim yoxdur, “heç kəsin toyuğuna kiş deməmişəm”. Amma müqəddəs adam da deyiləm. Bəlkə bilmədən, fərqində olmadan kiminsə, kimlərinsə qəlbini qırmışam. Kiminsə mənimlə problemi varsa, açıq nömrədən zəng etsin, harda istəsəniz görüşməyə, narahatlığınıza aydınlıq gətirməyə, səhvim varsa cavab verməyə hazıram. Əgər varsa düşmənim də mərd olsun istəyirəm.

Yox, əgər bu sadəcə qısqanclıq zəminində, məni sevməməkdən irəli gələn bir şeydirsə, yenə anlayaram. Bunu edən adamı da başa düşərəm. Daha sivil yolla hər şeyi həll etmək mümkündür.

Problemi polislə həll etmək istəmirəm.

Amma əgər başıma xoşagəlməz bir hadisə gələrsə və yaxud övladlarımla bağlı azacıq da olsa təhlükə hiss edərəmsə polisə şikayət etməyə məcbur olacağam”.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10