Şairin yaradıcılıq psixologiyası

166 Baxış

necefzadeSenet.az f.ü.f.d.,dos. Əzizağa Nəcəfzadənin “Füzuli- şairin yardıcılıq psixologiyası” kitabından bir hissəni təqdim edir. Kitabın tam versiyasına “Elektron kitabxana”dan baxan bilərsiniz.

 

 

“Şeirsiz insan heç nə idi,

şeirlə isə, demək olar ki, Allah oldu”.

Nitşe

İncəsənət ictimai şüurun elə bir formasıdır ki, həqiqəti bədii obrazlar vasitəsi ilə əks etdirib, insanların hiss, düşüncə və iradəsinə təsir göstərir. O, hisslərlə yoluxdurmaq üçün ötürücü və gücləndirici vasitə olub, reallıqdan alınan təəssüratı emal edir.

Yaradıcı şəxs, tarıma çəkilmiş simləri hərəkətə gətirən musiqiçi kimi, insanların hazır, köklənmiş emosional vəziyyətinə təsir göstərir, onlarda müəyyən duyğular oyadır. Mövcud həyatı əks etdirən sənətkar onda olmayan daha kamil bir formanı ortaya çıxarır, əlçatmazı isə xəyallarda realizə edir.

Ümumilikdə, bədii yaradıcılıq aktının özü disharmoniyadan nəşət edib, orqanizm və düşüncə tərzi ilə ətraf mühit və ideologiya arasındakı kritik bərabərsizlikdən meydana çıxır ki, bu da incəsənət nümunəsinin “narazılıqdan yaranıb onu aradan qaldırmağa yönəldiyi” fikrini söyləməyə imkan verir.

Sənətşünas Stefan Vasilyev “İnikas və bədii yaradıcılıq nəzəriyyəsi” adlı əsərində yazır: “ Hər cür yaradıcılıq vasitəsi ilə insan bilavasitə özünü – öz düşüncə, hiss, arzu və ideallarını, bilvasitə isə cəmiyyəti – onun tələb, bacarıq və maraqlarını əks etdirir”. Yəni yaradıcılıq onu yaradanın şəxsiyyətini əks etdirirsə, yaradanın şəxsiyyəti də öz təkrarolunmazlığı və özünəməxsusluğu ilə cəmiyyətin tələblərini və təbiətini açıqlayır.

Məlum oldu ki, bədii ədəbiyyatda emosiyaların rolu danılmaz bir həqiqətdir. Onun lirika qolu isə bilavasitə emosional halətlə bağlı olduğundan əksərən iri həcmli əsərlərin yaranması ilə müşayiət olunmur. Çünki sözügedən emosional halət sürəkli yox, ani olur. Əgər lirik əsərlərdə iri həcmə təsadüf olunursa da, o emosiyaların bədii cildi müəyyən bir süjetə tabe edilir, yaxud onda hansısa hadisə və ya əşyanın geniş təsviri verilir. Hisslərin bu bədii təcəssümü isə məqsəd və ünvanından asılı olaraq müxtəlif cür təzahür edir. Məsələn, küskünlük, inciklik və təhqir hissi fərdi hal olduqda həcv, ictimai xarakter daşıdıqda satira ilə, fərəh, sevinc və razılıq hissi isə birinci şəraitdə mədh, daha geniş anlamda təzahüründə himnlər şəklində maddiləşir.

Beləliklə, bədii yaradıcılıqda insan həm əks etdirən, həm də əks olunan rolunu ifa edir: fikri plan hazırlayır, axtarışlar apararaq lazımi materialı tapır, müxtəlif konstruktiv, məntiqi, texniki və praktik vəsaitlərdən istifadə edərək aşkar şeyləri müvafiq şəkildə maddiləşdirir, müxtəlif şərti sxemlərlə başqa insanlara ötürür.

Müəyyən duyğusal vəziyyətdə yaradılan əsər yaradanın affect halındakı emosiya və fantaziyalarını əyaniləşdirir, bu yaradıcılıq aktının nəticəsini qəbul edən şəxs isə artıq yaşanılmış hisslərə söykənərək ona ünvanlananın ərsəyə gəlməsi prosesindəki halları təkrarlamış olur ki, bu da şüurdakı hazır qəliblərə və təfəkkürdə oxşar situasiyalar üçün nəzərdə tutulan adresantla eyni, yaxud bənzər halətin yaşanılmasına əsaslanır. Bunu isə psixoloqlar soaffekt, yaxud duyğunun ötürülməsi adlandırırlar. Klassik şərq sənətşünaslarından Nizami Əruzi Səmərqəndi də özünün “Çəhar məqalə” əsərində sənətin onu qəbul edən şəxsə təsirini düzgün müəyyənləşdirərək yazır: “Poeziya elə bir məharətdir ki, şair onun köməyi ilə həyəcanlı təsəvvür və real mühakimələrini birləşdirərək ifadə edir, azı çoxa, çoxu isə aza çevirir. Gözələ eybəcər paltar geyindirir, eybəcəri isə gözəl biçimdə cilvələnməyə məcbur edir. Qəzəbli hisslərin və ya iltifatın təsiri ilə insanın duyğularını gah vəcdə gətirir, gah da onda ruh düşkünlüyü yaradır ki, bu da həyatın nizama salınmasında mühüm işlərə səbəb olur”.

Beləliklə, ictimai təfəkkürün başqa sahələrindən fərqlənən incəsənət həyatı, şüurda və ondan kənar mövcud olan hər şeyi sadəcə obrazlı şəkildə əks etdirir. M.Qorkinin təbirincə desək: “Bizim mövcudat haqqında düşüncələrimiz, təəssürat və həyəcanımız emal olunaraq fəlsəfədə ideyalara, elmdə fərziyyə və nəzəriyyələrə, bədii yaradıcılıqda isə obrazlara çevrilir, transformasiya edir”.

Və bu obrazlar öz əksini sözlərdə tapır, onların yeni, adət etdiyimiz dildən fərqlənən konstruksiyasında maddiləşir.

Elm və əksər hallarda fəlsəfənin də sözlərlə təcəssümü onları incəsənətin xüsusi sahəsi olan bədii ədəbiyyata yaxınlaşdırır. Hər üçündə fikrin əsas ifadə vasitəsi sözün sosial-psixoloji vəzifəsi isə bədii ədəbiyyatı yuxarıdakı ictimai şüur formalarından fərqləndirdiyi kimi, ona ən yaxın sənət növü, funksional xüsusiyyətlərinə görə “söz sənəti” adlandırılan natiqlikdən də ayırır. Natiqlikdə informativ funksiya daşıyan, gündəlik danışıqdan yalnız gözəl ifadə tərzi, xüsusi konstruktiv mövqeyi ilə seçilən bu əsas dil vahidi bəzən obrazlı səciyyə daşısa da, həqiqəti çatdırmaq vasitəsi kimi meydana çıxır, bədii ədəbiyyatda isə o, mövcud həyatın, ətraf aləm, hiss və həyəcanın obrazlı təcəssümünə, məcazlaşmış əksinə xidmət edir. Beləliklə, natiqlikdən fərqli olaraq, lirikada təsvirin məqsədi həyəcan, epik ədəbiyyatda isə obrazın canlı, dinamik və həqiqətə uyğun təcəssümü olduğu aydınlaşır.

Aydın oldu ki, əgər natiqliklə bədii ədəbiyyat arasında estetik-emosional təsir sahəsində müəyyən oxşarlıq mövcuddursa, eyni vasitədən istifadə edən bu sənət növlərinin fərqləri də olmamış deyil.

İncəsənətin xüsusi sahəsi olan bədii ədəbiyyatdakı sözlə yaradılan emosional halətin içərisində xüsusi yer alan estetik təsir daha çox dekorativ rol oynayır və hiss orqanları vasitəsi ilə ideyanın daha kamil şəkildə dərkinə xidmət edir. Yəni bədii ədəbiyyatdan, xüsusilə də şeirdən alınan zövq nə gözdə, nə də qulaqdadır, daha dərində, bizim hiss orqanlarımız xaricində formalaşır. Sözlərin bədii mətndə zərgər dəqiqliyi ilə gündəlik ifadə tərzindən fərqli düzümü şeirdə ahəng, ölçü, bölgü, qafiyə kimi gözəllik göstəricilərini formalaşdırır, onların bir mürəkkəb bütöv daxilində bu mövqeyi isə daha çox ideyanın anlaşılmasına xidmət edir. Bu cür düzüm, məcazlaşmış, simvolik məzmun, adət etdiyimiz səs tərkibindən seçilən polifonik yanaşma poetik dil çalarını fərqləndirməyə imkan verir ki, bu da Aristotelin “poetik dil xarici dil kimi səslənməlidir” – hökmünə uyğun gəlir.

Uzun əsrlər boyu Aristoteldən üzü bəri bütün sənətşünas və ədəbiyyat bilicilərini düşündürən ən ümdə suallardan biri də şeirin bədii düşüncə, yaxud ilham hadisəsi olması və ya necə yaradılmasıdır.

Ümumiyyətlə, insanın yaradıcılıq prosesi özlüyündə lay-lay açılmasını tələb edən mürəkkəb bir psixoloji prosesdir. Həmin bu psixoloji prosesi araşdırarkən isə ilk öncə dünyanın əşrəfi adlandırılan insanın ikili təbiəti, yəni onun ruhi və cismani – mənəvi və maddi tərəfləri nəzərə alınmalıdır.

Məlumdur ki, insanı başqa canlı orqanizmlərdən fərqləndirən ən əsas amil onda şüurun, müstəqil düşüncənin, dini nəzəriyyəyə görə isə ruhun, yaxud nəfsin mövcudluğudur. Quranda “fazili-muxtar” adlandırılan insanın Allah tərəfindən özünə oxşar şəkildə yaradıldığı fikri xüsusilə sufizmdə vurğulanır ki, bunun üçün əsas insanı xaliqə yaxınlaşdıran başlıca əlamət onun da tanrı təkin yaratmaq qabiliyyətinə malik olmasıdır.

Həmin bu yaradıcı ruhun isə canlı aləmdən təkcə insana aid olmadığı, yaxud müxtəlif çeşidliliyi izahını ən gözəl şəkildə şeirin özünü bir elm adlandıran dahi Azərbaycan şairi Məhəmməd Füzulinin “Mətlə ül-etiqad” adlı fəlsəfi traktatında tapır. Şair bu əsərində belə bir nəticəyə gəlir ki, şüurun (Füzulidə nəfsin) ən adi forması olan instinkt heyvanlarda, nisbətən ali şəkli sayılan ruh, yəni düşüncə insanda, ilham adlandırılan xüsusi hal yaradıcı insanda – şair və bu tip şəxslərdə (bəstəkar, rəssam və s.), bunların heç birinə oxşamayan vəhy isə yalnız peyğəmbərlərdə vardır.

Bəli, həmin bu insanda müşahidə olunan xüsusi bioenerji saydığımız ruhu isə tədqiq etməyin qeyri-mümkünlüyü dinimizin müqəddəs kitabı Quranda da vurğulanır: “[Ya Məhəmməd!] Səndən ruh haqqında soruşarlar. De ki, ruh rəbbimin əmrindədir. Sizə [bu barədə] yalnız cüzi bir bilik verilmişdir”. (“Əl-İsra” surəsi, 85-ci ayə)

Bizi bu sahədə maraqlandıran Füzulidə tezis şəklində verilən insan və fövqəlinsan tipi, onlar arasındakı fərqdir. Göründüyü kimi, Füzuli üç tip insan, yaxud insana məxsus düşüncə tərzi fərqləndirir. Bunlardan ikisi gündəlik həyatımızda müşahidə etdiyimiz sənətçi və heç bir yaradıcı istedadı ilə fərqlənməyən insan tipidir. Görəsən bu adi adlandırdığımız şüurlu varlığın fövqəlinsana çevrilməsi mümkündürmü? Bu sualı cavablandırarkən birinci növbədə insanın potensial qabiliyyətini artıran keyfiyyətlər aşkarlanmalıdır ki, bu da onda qeyri-adi təbiəti müşahidəyə səbəb olan istedad və məşqdir.

İnsan beyninin iki yarımkürəsi ayrılıqda impulsiv və intellectual ixtisaslaşaraq onun hərəkət və düşüncələrinə istiqamət verir. Beynin bu iki qütbünün qarşılıqlı münasibət baxımından inkişaf dərəcəsindən asılı olaraq intellektual və emosional insan tipi formalaşır ki, onlar arasında tam sərhədi müəyyən etmək mümkün olmasa da, fəaliyyət və bacarıqlarına görə qruplaşdırmaq olar.

Deməli, istedad, ilk növbədə, şüurun müəyyən istiqamətdə ixtisaslaşması ilə bağlıdır. Məlumdur ki, istedadın özü də müəyyən təmrinlərlə tərbiyə olunmağı tələb edir. Əks təqdirdə, onun sönməsi, yaxud passiv – primitiv şəkildə qalması mümkündür. Heç bir xüsusi istedada malik olmayan şəxsin məşq nəticəsində əldə etdiyi isə bacarıq, yaxud vərdişdir. Məşqsiz, təbii şəkildə istedad mümkün olduğu halda, istedadsız, məşq əsasında əldə edilən uğur qeyri-təbiidir. İstedadı məşq ilə tərbiyə etdikdə isə fövqəltəbiət meydana çıxır. Yəni ədəbiyyatşünas müəyyən şeir şəklinin tələblərinə uyğun qafiyə cütlükləri əsasında şeir yaza, yaxud kompyuter ən kamil formada virtual şeir yarada bilər, lakin ona can verə bilməz. Məhz bu keyfiyyət də fövqəlinsanı tanrıya yaxınlaşdırır.

 

 

 

Bölmə : Manşet, Tənqid
KÖŞƏ YAZARLARI
TOP 10