Şairlər Allahın dilindən yazır

79 Baxış

gulnarGülnar Səma

 

Faiq Hüseynbəyli şeirinin fəlsəfi çalarları

 

“Bugünkü ədəbiyyat qatar relsinə bənzəyir. Bu relsə düşənlər nə yazır yazsın, imzası üstündədirsə, ingilis demiş, “no problem”. Bu sözlər ədəbiyyatşünasın elmi əsərindən  deyil, şairin şeirindən misralardır. Söhbət hələ də gənc yazarlar sırasını tərk eyməyən Faiq Hüseynbəylidən gedir. İlk prezident təqaüdçülərindən olan şairin yaradıcılıq konsepsiyasını bu il çap olunan “Yer üzü bir beşikdi” kitabındakı “Heç nə özlərindən icad eləmir, Şairlər Allahın dilindən yazır!”- misralarıyla müəyyən etmək olar. “Söz üstünə söz demədim, Dediyim söz sözü çəkməz”- fikrilərinin müəllifi, bu kitabında şeirlərini yazılma illərinə görə fəsillərə bölmüşdür. Açıq-aydın görünür ki, ildən-ilə şairin qələmində püxtələşmə gedir. “Sətir üstə yer qalmadı, Keçdim sətir altına. Sözlərimi xərcləsən, Gərək qalmaz altuna”- misralarından da gənc yazarın nizamisayağı sözə məsuliyyətlə yanaşmasının şahidi oluruq. Elə əminliklə hökm verir ki, bunu yalnız sözü söz olanlar dilə gətirə bilərlər: “Yandır sözü, işıqlandır zülməti”. Bu əminliyin içində sözün əzab-əziyyətlə yandırılıb-yaxılmasının da atəşini görə bilərik.

 

Söz kimi götürdü, söz götürən kim?

Sözünü tapan kim, söz itirən kim?

Kimdi söz aparan, söz gətirən kim?

Biz sözdən qaçmadıq, söz gəlir bizə.

 

Şairin sözə tapınması həyati bir məsuliyyət formasında təzahür edir; “Sözü yaman günə qoyur, anlamır, Samitin haqqını saitə verir”. Söz haqqını qorumağa iddialı olan Faiqin şeirlərinin əsasında da folklordan qədərincə yararlanmağın nəticəsini görə bilirik. “Bu arzular, ümidlər, Hansı yola can atır? Bir tərəfdə it hürür, Bir tərəfdə div yatır”- sətirləri Cırtdanı yol ayrıcında qoyan nağıl söyləyənə bir gileyin təzahürüdür. Elə qulağımız söz eşidib, nağıl dinləyəndə tanış olduğumuz ilk qəhrəman getməli olduğu yolla getmir. Uşaq yaddaşında “yolunu azmağın” bu cür ifadəsi şüuraltına həkk olunur. Bəlkə də, səhvlərə olan meylimiz də buradan qaynaqlanır ki, sonucda, onsuz da, Divə qalib gələcəyik. Amma bir nüansı unuduruq ki, “Məlikməmməd ömrümün divi getmir yuxuya, Hansı donu geyindirim gözümdəki qorxuya?” Beləcə nağıllar aləmindən real dünyaya çatanda görürük ki, “Kədər ilə qonşuyuq- Qoşadı eyvanımız”. Bu elə bir qonşuluqdur ki, köç qurtar, təsəllisi köməyə yetmir. “Yetənlər yetdi mənə, Yetməyənlər daş atdı…” – misralarından nəyin yetərincə olduğunu görürük.

Hətta, Faiqin şeirlərində yetərincə fəlsəfi yanaşmaların da yer aldığı bəllənir. “Bir udumluq xoş ömür dağların özü qədər dəniz səviyyəsindən uzaqdı”- fikrində, şairin yaşam fəlsəfəsinə öz mövqeyindən yanaşmasının nə qədər orijinal işlədilməsi ortadadır. Bu səbəbdən də, “Alın yazımın səhvini Pozub yenidən yazıram”- misralarında asilik axtarmaq məntiqə sığmır. Aydınca görünür ki, şair elədiyi səhvdən nəticə çıxarmağa o qədər aludədir ki, bunu alın yazısına çevirməyi bacarır. “Hər kəsin Allahı var, Kim deyir Allah təkdi?”- sualı verilməmiş cavablandırılır. Əgər insanlar Allahlarını belə tanıyırlarsa, o zaman  “Şeytan da bir mələkdi, Adamlar olmasaydı…” düşüncəsinə səbəb nədir?! Belə çıxır ki, şeytan insanları yox, insan şeytanı yoldan çıxarır: “Ruhum qalxır yuxarı, Canım aşağı düşür. Bu qansızlar içində Qanım aşağı düşür”. Təzadlar üzərində qurulmuş həmin bənddə poetik tamlıqla yanaşı, bəşəri təəssübkeşlik də göz önündədir. İnsanlığın qanında qanmazlığın irsiyyətini daşıdığı bir dünyada “Ağlamaq-bətnində kədər daşıyan feildi”- fikri düşüncəmizi hərəkətə gətirir.

Faiqin şeirlərində diqqəti çəkən əsas məqamlardan biri də sözün çoxmənalılıq xüsusiyyətindən ustalıqla istifadə etməsidir. “Yola saldığım yollar Qayıdarmı üzümə? Yolların qolları var, Yollar düşür izimə”-  İkinci və dördüncü misralardakı frazemlərin müxtəlif yozumluluğu hiss olunur. “Qayıdarmı üzümə” ifadəsi geriyə dönmək anlamıyla yanaşı, üzünə qayıtmaq, üzünə ağ olmaq mənasını da verir. Eləcə də, “yollar düşür izimə” misralarında “düşmək” feili həm “uyğun gəlir”, həm də “uğur gətirir- ayağı düşərlidir” anlamında da başa düşülür. “Mən özüm bu dünyaya Gətirmişəm yolumu”- misralarında da oxşar əlamətləri sezə bilərik. Burada həm yolumu bu dünyadan salmışam, həm də doğuş anlamı verən dünyaya gətirmək ifadəsi var. Başqa bir nümunədə “Apara bilmədin özünü, Əcəlin apardı səni”- cümləsinin müxtəlifliyə yozulma əlamətlərini görürük. Özünü apara bilmək frazemi əslində xarakter xüsusiyyətilə bağlı bir ifadə olsa da, həmin misrada “aparmaq” feili “ölmək” feilinin harayına çatır. “Gözümdən gətirmişəm, Qan-yaş tökdüyüm fikri”- sətirlərində də fikirlər haçalanır. Yəni qan-yaş ağlamaq göz orqanı vasitəsilə olan bir hərəkətdir. Şeirdə bu mənayla yanaşı, “gözündən gətirmək” frazeologiyası ilə də qarşılaşırıq. “Sonuncu mənzilə yola salıram, Gətirə bilmirəm yola dünyanı”- cümləsində də yola salmaq və yola gətirmək ifadələri bir-birini tənzimləməklə qarşılaşdırılıb.

Faiqin şeirlərində maraqlı özünəməxsusluq kimi onu göstərə bilərik ki, bəzən sətirlər bir-birini tamamlamaq üçün bir-birinə zidd olur. Düzünü etiraf etsək, xoşagəlimli bir ifadə forması meydana gəlir; “Gözümün odun aldılar, Gözüm odunu axtarır”, “Əldən ələ gəzmişəm, başa geyilməmişəm”, “Rəngi çıxır yanağına, Tanımaq olmur insanı”, “Ürəklər də döndü daşa, Dünya daş ilə dolmadı”, “Yol özü addımlayır, Qaytar izimi, Allah!”- kimi nümunələrdə poetik bir bitkinlik var. Misralardakı fikirlər nə qədər bir-birini itələsələr də, sanki bir-birilərinə pərçimlənib. Buna bənzər digər nümunələrdə isə təzaddan törəyən ziddiyyətsizlik özünü göstərir. “Sual var ki, can verir, Sual var ki, can alır”, “Bir az yaxın ol, nolar, Yerdən Tanrıya kimi…”, “Xəyalımı uçurma, Xəyalımı qur, gedək!”, “Deyirlər, ölənlər haqqa qovuşur, Onda, günahlarım diri günahdı”, “Sinəmə dağ çəkir rəssam, Dağı çəkən düzü çəkməz?”- tipli misallarda da özünüifadənin təkrarsızlığına cəhdi görürük.

Bununla yanaşı, bəzi misallarda ana dilinin ifadə imkanlarının genişliyinin şeirə uğurlu tətbiqini müşahidə edirik. Məsələn: “Sabaha meydan oxuyan Bu gün kimdi, dünən kimdi?”- cümləsində “bu gün və dünən” sözlərini sintaktik baxımdan həm mübtəda, həm də zaman zərfliyi kimi başa düşmək olar. Bir ayrı yerdə isə omonimliyin hesabına dilin poetik qüdrəti nümayiş etdirilir: “Əqrəblər saatı sancır, Saatda vaxt ölür ancaq”. İlk baxışdan nəzərə çarpmasa da, əqrəb isminin həm saatın bir detalı olduğu, həm də həşarat adı olduğu məlum olur. Belə bir məntiqi (bəlkə də, heç məntiqə dəxli olmayan) nəticə çıxır ki, vaxtın ölümünə səbəb əqrəbin saatı sancmasıdır. Bir maraqlı detal da “ağrı”maq  sözü üzərində aparılan eskperimentdə üzə çıxır. “Ağrı gah ağrıyır, gah ağrımayır- Hərdən bu ağrı da naşı ağrıyır…” və ya “Ağrı dağda dumanam, Dumanın ağrımasın…” Verilmiş münumələrdə həm “ağrı” ismini, həm “ağrı”maq feilini, həm də Ağrı dağı birləşməsində xüsusi ismi görmək olur.

Maraqlı burasıdır ki, onun sözlə bu cür müxtəlif üsullarla oynaması sevgi məzmunlu şeirlərində də özünü göstərir. “Eşqim ilə oynama, Uduzacaqsan mənə…” əminliyinin arzu olunan tərəfləri də varmış: “Yenidən vurulub hasil olasan, Arzunu, xəyalı atıb sevəsən”. Yenə də təzad vasitəsilə əslinəuyğunu tapmağın məharətini görürük: “Sənə açdım ürəyi, Bağla, soyuq dəyməsin”, “Dəyişmişəm qibləni, Sənə tutdum üzümü”, “Sən yandırdın özünü, Kül başına, ay Faiq”, “Məni sevdiklərim atmasın deyə, Mən özüm özümü atıb gəzirəm…” Bu misraların hər birinə açıqlama gətirsək, iş çox uzanar, lakin bəzi misralara xüsusi yanaşa bilərik. “Səndən sonra quşlar da Saçıma dənə gəlir”- sətirlərində “dən” sözünün həm quşlarla, həm saçlarla necə ustalıqla əlaqələndirilməsi alqışa layiqdir. Bəzən isə səmimi sevgi pıçıltılarının ürəkoxşayan ifadə formasını təqdim edir. “Mən niyə hələ də mənim Olmayan səni sevirəm?”- sualının cavabsızlığı kimi. “Mən sənin adını çəkmirəm daha, Adın dodağımdan qopub dincəlir…” İlk sətirdə sanki üsyankarcasına imtina qərarını duyuruq, amma sonrakı sətir dərhal fikrimizi dəyişir. Sən demə, adını çəkmirəm dediyinin adı heç dilindən düşmürmüş. “Nə gözəl dağ çəkirdin, Çöllərə düşdünmü, qız?” misralarında bir folklor şirinliyi ilə yanaşı, dağ və çöl sözlərinin yaratdığı ziddiyyətin qanunauyğunluğu da var.

Vətənpərvərlik mövzusunda yazılmış şeirlərinin əsasında “Vətən, sənin taleyini, Ürəyimə xal elədim” mahiyyəti dayandığı bəlli olur. Bəzən isə adi bir detalın qeyri-adi ifadəsini görürük: “Cavab atəşiylə susdurulan düşmən məğlubiyyətdən doğan zəfərdi”.

Faiq Hüseynbəylinin bir sıra əsərləri bütövlükdə özünəməxsus kamilliyə malikdir. Buna “Zamanın koordinatorları”, “Gürcü qızı Teyyubə”, “Nyuton, Arximed və Tanrı”, “Söz akkordları”, “Səbəb”, “Əlahəzrət zaman” və sair şeirləri nümunə çəkə bilərik. Forma eksperimenti aparılan şeirlərinə isə “Yeddi məhəbbət məktubu”, “Gizlənqaç” şeirlərini göstərə bilərik. “Gətirmişəm” şeiri “Şəngülüm, Şüngülüm, Məngülüm” əsərini xatırladır. Əruz qoxusu gələn şeirlərinə isə “Allah sözü”, “Küsmüş mələyim məndən” və “Yıxılır” əsərlərini misal çəkə bilərik. Hətta onun qəzəllərində də uğurlu misralara rast gəlirik: “Məni bir dərdə sala ağlamaram, Fələyin hökmüdü bu, gülməlidi”- beytində “ağlamaram” və “gülməlidi” sözlərinin antitezası poetik çalar yarada bilib. “Faiq, aldanma səni məşhur edə şah əsərin, Şah da qurban olur aaa… verdiyi fərmana görə”- beytini həmin qəzəlin şah beyti hesab etsək yanılmarıq. Ümumilikdə, Faiq Hüseynbəylinin həmin kitabdakı bu fikirlərinə şərik çıxmaqda haqlıyıq: “Duyan könüllərə gömürəm sözü, Dodağa yazıram, dilə yazıram”.
 

 

 

 faiq

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Ədəbiyyat