Sakvoyaj – Ülviyyə Tahirin hekayəsi

20 Baxış

cum-1005

Senet.az oxucularına ““Ustad” dərgisinin təşkil etdiyi “Cümhuriyyət – 100” hekayə müsabiqəsində yüksək xalla qiymətləndirilmiş Ülviyyə Tahirin “Sakvoyaj ” hekayəsini təqdim edir.

Aprelə xas dəyişkən hava hökm sürürdü. Bütün Bakı bolşeviklər tərəfindən tutulmuş, yollar kəsilmişdi. Lakin gözdən qaçan yenə nələrsə var idi. Kabinetin qapısı döyüldü.

– Gəl! – deyə, içəridən amiranə səs eşidildi.

Kabinetə daxil olan adam ayaqlarını cütləyib hərbi salam verdikdən dərhal sonra:

– Əmriniz üzrə şəhərin bütün giriş-çıxışları bağlanmışdır. Həbs etdiklərimiz var. Onların hamısını təyinatı üzrə təhvil vermişik. Lakin…

– Lakin, nə? – amiranə səs ildırım kimi guruldayanda hərbçi öləzimiş notlarla dilləndi:

– Baş nazir…

– Nəsibə nə olub? Qaçırtdınızmı əlinizdən yoxsa? – Yerindən dik qalxaraq əlini masaya çırpdı. Hərbçi yumağa dönüb girməyə siçan deşiyi axtarırdı.

– Xeyr, yoldaş…

– Nə baş verib, tez…

– Nəsib Yusifbəyli ailəsi ilə vidalaşaraq sürücüsü ilə şəhəri tərk edib. Siz narahat olmayın, hansı istiqamətə yollandığından xəbərimiz var. Amma…

– Nə amma, nə amma, ammasız qurulan cümlə istəyirəm!

– Yoldaş…

– Cəld ol! Sizin kimi fərsizlər ucbatından iflas edəcək bu boyda inqilab. Hamınızı hərbi tribunala verəcəm! – bağırtısı divarları silkələdi.

– Sakvoyaj…

– Apardımı özü ilə bütün varidatı, eləmi?

– Biz onu ələ keçirəcəyik…

– Gələcək zamanda qurulan cümlə istəmirəm! Sizə 24 saat vaxt. Əks halda, ilk sizi güllələnməyə göndərəcəm!

Kabinetdən çıxanda sanki beli qırılmışdı. Birtəhər özünü ələ alıb binanı tərk etdi. Məlumatı gətirən həyətdə gözləyirdi. Ona başı ilə işarə etdi, eyni anda atlara sıçradılar. Yarım saat sonra dəstəsi ilə Gəncə istiqamətində irəliləyirdilər. Arada yollarda dayanıb məlumat toplayır, sonra yenə fasilə vermədən məlumatın mənbəyinə doğru qanadlanırdılar. Son məlumat Yevlaxdan gəldi. Orada dayanacaq ediblər. Qəfil atlardan biri irəli atılaraq toza qərq oldu. Saniyələr sonra artıq bağrının çatladığı məlum oldu. Atın boynuna sıxılmış Malxazyan yüngül sıyrıqlarla canını qurtarmışdı. Heyvana hiddətlə baxaraq toza qərq olmuş yola tüpürdü:

– Bu Nəsib özü heç zad aparmayıb. Mən ölü, siz diri.

– Aparıb. Sakvoyajı görüblər. Parlaq, təzə və ağır olub, – hərbçi geyimindən daha yüksək çinli olduğu bəlli olan gənc dilləndi.

– O, hələ Tiflisdə olarkən atasına məktub yazıb pul istəyərdi. Bunu dəqiq xatırlayıram.

– Mənim bu nağıllara qarnım toxdu. İrəli! Malxazyan, sən də atıl Kərəmin atının belinə, Kərəm, sən burada qal. Sənsiz də keçinərik.

– Axı, deyirlər, Qarxunlu Əşrəfin evindədir. Onu asanlıqla verəcəyini zənn etmirəm.

– Kim deyir ki, Qarxunlunun evinə hücum edəcəyik, – Malxazyan kinayə ilə gülümsədi.

Kərəm toza qərq olmuş yolda atların gözdən itməsini izlədikdən sonra cibindən çıxardığı kağıza maxorka bükməyə başladı.

Dan yeri söküləndə Qarxuna çatdılar. Kəndin ətrafına səpələnib avtomobil izi axtardılar. İki iz vardı. Köhnə iz dünənin idi. Yeni iz isə maşının kənddən çıxdığını göstərirdi, uzaqbaşı iki saat əvvəl. Malxazyan məmnun halda:

– Kim öldürdü?

– Qarxunlu Əşrəf, – hərbçi onun üz ifadəsinin istədiyi cavabı verdi.

– Şahid lazım deyil! Sürücünü də öldürün! – Malxazyan hökmlə dilləndi.

– Qarxunlunun belə iş tutmağına inandırmaq bir az vaxt alacaq, – hərbçi artıq növbəti dayanacaqda atlarını dəyişəndə Malxazyan əmin halda cavab verdi:

– Ölülər danışmır. Bu məsələdə məni baş nazir, səni sakvoyaj maraqlandırır. Gedək.

Avtomobilə Yevlaxla Gəncə arasındakı düzənlikdə yetişdilər. Yanacaq qurtarmışdı. Sürücü tələsik halda yanacaq dolu qabı yük yerindən çıxarırdı. Atlıları uzaqdan sezən kimi əlindəkiləri atıb qaçmağa başladı. Qarşıdakı təpəni aşan kimi xilas olacağını düşünərək sürətini daha da artırırdı. Avtomobilə çatmamış gülləbaran başladı. Cəld avtomobili əhatəyə alıb atlardan ehtiyatla endilər. Silahlarını və süngülərini hazır tutmuşdular. Malxazyan işarə verdikdən sonra əsgərlərdən biri avtomobilin qapısına əl atdı. Qapı açılan kimi baş nazirin başıaşağı sallandı. Güllənin biri sinəsinə, biri də boğazına saplanmışdı. Qan şoralanıb tökülürdü. Gözləri isə hələ dünya işığı ilə parlayırdı. Malxazyanı görən kimi çətinliklə gülümsədi. Daha sonra acgözlüklə sakvoyaja cuman əsgərlərə sarı gözlərini çevirdi. Onlardan da nəzərlərini çəkərək günorta yerinə qalxmış günəşə baxdı. Elə gözləri günəşdə son nəfəsini verdi.

Əsgərin təqdim etdiyi yüpyüngül sakvoyaja toxunanda hərbçi heyrətə düşdü. “Bəlkə, puldur”­ – deyə özünə təsəlli verdi. Qaytarıb əsgərə uzadaraq açmasını əmr etdi. Sakvoyajın içindən bir dəst kostyum, diş fırçası və daraq çıxdı.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10