Salam Ağa Laçınlı… Salam Laçınım

317 Baxış

Arif Alim

Yaza bilmirdim neçə vaxtdı. Heç yazmaq da istəmirdim. Səbəblər çox idi. Amma indi dayana bilmirəm. Xəyanət edə bilmirəm ürəyimə. Axırıncı dəfə Ağa müəllim haqqında yazmaq istəmişdim, rəhmətlik Ağa Laçınlı haqqında. O zaman hələ sağ idi Ağa Laçınlı…

 

Sözçülük etmək istəmirəm…

 

Çiskinli 26 Fevralda yazıram bu yazını… Adətimə zidd olaraq papaq qoymamışam bu gün başıma…Papaqlı insanlara sözüm yox…

Hərənin öz qəbri olur…hamını öz qəbrində basdırırlar… Qarabağ müharibəsi əlili olan atam Alim deyir ki, qışda soyuq oluq Qarabağ… çox soyuq olur qışda oralar …illah da qar yağanda…Yazıq Azad… Fevralda itkin düşmüşdü. Deyirlər ayağından yaralanıbmış… yazıq ayaq…yazıq dağlar…

Bir də Ağa Laçınlı vardı çiskinli yağışın öpdüyü bu Bakıda…bizlərə Vətən olmayan Bakıda…Əlli il bu şəhərdə yaşayanların əksəriyyəti öləndə burada dəfn olunmurlar…Öz kəndlərinə aparılırlar…Fəxri xiyabanla işim yoxdu…

Mənə elə gəlir ki, bəzi adamlar nə vaxtsa şair, ya da yazıçı, dramaturq olurlar. Amma Ağa müəllim şair olmamışdı, şair doğulmuşdu. Yerişi, danışığı, gülüşü şeir idi Ağa müəllimin.

Yeriyən, danışan, gülən,  bəzən əsəbiləşən  şeir idi Ağa Laçınlı. Ürəyində dünya boyda sevgi olsa da, çiyinlərində elə o dünya böyüklüyündə dərd vardı Ağa Laçınlının.

Hərdən Tanrıya da yazığım gəlir,

Axı nə olsun ki Tanrı böyükdü.

Onu qınayandan acığım gəlir,

Niyə hər dərdimiz birinə yükdü?

- misralarının ağırlığı elə Ağa Laçınlının öz çiyinlərinə düşmüşdü.

Ağa müəllimi anlamaq üçün ürəyində sevgi olmalıydı… Quşlara, dağlara, ağaclara, güllərə, çiçəklərə, insanlara…təbiətə və yaradılışa sevgi…Yoxsa başa düşməzdin Ağa müəllimi. …bir çoxları kimi…

Dərs dediyi antik dünya ədəbiyyatının xarakterlərinin cizgiləri, nəfəsləri hopmuşdu Ağa müəllimin nəfəsinə…

Ay Ağa, mən ki səndən dayanmışam aşağı- misralarını mən illər uzunu düşündüm… Sevdim bu sözləri… Milli keçmişimizin yadigarı və milli mənəviyyatımızın daşıyıcısı olan bir sözü öz adında daşıdığı üçün Ağa müəllimin nə qədər fəxr etdiyini və nə qədər məsuliyyət hiss etdiyini mən o zaman  gördüm…duydum… Tariximizin ağalıq əyyamı…Xalqımızın ağalıq tarixi… Və 26 Fevral sindromu… Və bir də  Ağa Laçınlı…

… Ağa müəllim… hamını, hər kəsi  düşünürdü…

Qayğılı, amma daima gülüş dolu simasında uşaq təmizliyi, uşaq sadəliyi vardı…

Hələ orta məktəbdə oxuyarkən Ağa müəllimin doqquz kitabı vardı məndə. Tez-tez oxuyardım Ağa Laçınlının şeirlərini. Meşə, ot qoxusu, külək vıyıltısı gəlirdi bu şeirlərdən…

Tələbələri ilə hərdən zarafat da edər, deyib-gülərdi… Bilmirəm kim mənə demişdi ki, Ağa müəllimin başında şiş var… Amma bir dəfə özü mənə demişdi ki,  dünyanın dahi insanları  ya altmış üç, altmış səkkiz, ya da səksən yaşından sonra ölürlər…

Bu şəhərdə bir Ağa Laçınlı vardı…Bu şəhərdə bir Laçınsız da vardı…

26 fevral  2010-cu il  

Bölmə : Arif Alim
KÖŞƏ YAZARLARI
TOP 10