Salam, Gülsarı! İsveç bukinistində görüş

37 Baxış

Vahiq qaziVahid Qazı

Salam, Gülsarı!

İsveç Bukinistində görüş

İsveçin meşə çığırlarında gəzməkdən, göllərin kənarında oturub əksi suya düşən ağacların ləpələrdə  titrəyişinə tamaşa eləməkdən xoşum gəlir.

Meşəylə gölün ünsiyyəti sevgililərin, sirdaşların söhbəti kimi tutur. Meşənin dövrələdiyi balaca göl, elə bilirsən, layla deyən ananın qoynundakı körpədi. Qəlbiylə dinləməyi bacaran hər kəs diqqət kəsilsə o layla-söhbətləri eşidər.

Bir balaca meh bəsdi! Deyərsən bəs, bu meh milyon-milyon yarpaq orkestrin dirijorudu, yüngül əl havasıyla onları hərəkətə gətirir. Qəribədi, milyonluq orkestrdə bir yarpaq da çaşmır –  hamı əsərini düz çalır.

Meşənin pıçıltılı hənirtisini qulağınla eşitdiyin kimi xəfif küləyin göl sularını titrətməsini də gözünlə görürsən. Gölün üzü təzəcə sevgi dadan gənc qızın sinəsi kimi çırpınır. Bu ləpə-çırpıntı yarpaqların pıçıltı-simfoniyasının suda rəqs edən notlarıdı. Səhnədə balet tamaşasına baxırsan elə bil…

***

İsveçdə xoşum gələn başqa bir məşğuliyyətim də var – “Second hand” mağazaların köhnə kitab, video-audio kaset, val, rəsm əsərləri satılan hücrəsində eşələnirəm. Burada kitablar adətən isveçcə olur. Tək-tük başqa dillərdə, xüsusən, ingilis dilində kitaba rastlayarsan. İsveçcəm, ingiliscəm bədii əsərləri zövq alacaq səviyyədə oxumağa yetərli deyil, amma bu, kitablar arasında saatlarla dolaşmağa mənə qətiyyən mane olmur.

Kitab musiqi kimidi, sözlərini anlamasan da ruhunu tutacaqsan. Yaxşı mahnını ürəkdən oxusan dilini bilməyən də səni anlayar. Bir dəfə Kubada kefimin çağ vaxtında “Ay Laçın” mahnısını nətəhər oxumuşdumsa, otaqdakı kubalılar üzdə xoş təbəssümlə başlarını yelləyirdilər – duyub anlamışdılar.

Ötən il dil kursunda bir yeni zelandiyalı xanım dərsarası fasilədə bir mahnı oxudu, hamımız valeh olduq, çünki başa düşmüşdük. Bitirəndə bir ağızdan dedik ki, bu, sevgi nəğməsidi. “Elədi” – demişdi dostumuz, “Maori xalq mahnısıdı, “Pokarekare Ana”dı adı”.

Sekondhənd-bukinistlərdə “yaddilli” kitablarla söhbət edirəm tez-tez. Adı nədi? Müəllifi kimdi? Nə vaxt nəşr olunub? Nədən bəhs edir? Neçə nəfər oxuyub görən? Görən kimin evində qalıb bu illər uzunu, yiyəsi nəçiymiş? Bura niyə veriblər, bəs? Keçmiş sahibi ölübmü, ya köçüb gedirmiş deyə aparmayıb, verib bura?

Bax, bu, 50 ilin kitabıdı, amma qatı açılmayıb! Kaş, dili yaxşı biləydim, oxuyaydım! Bilirsən, ruhu necə şad olardı müəllifinin?! 50 il qatı açılmayan kitabını oxumaq ölmüş müəllifin ruhuna dua eləmək kimidi! Əsərdə donmuş həyatı, dayanmış zamanı hərəkətə gətirib can vermək kimi!

Çingiz Aytmatov- proşay qulsari

Nə vaxtsa oxuduğun kitabı başqa dildə görmək elə qəribə duyğu yaradır ki… necə təsvir edim? edə bilmirəm, axı! Kafkanın “Slottet”, yəni “Qəsr”i, Floberin “Madam Bavari”si təki.

“Qəsr” 1971-ci ildə nəşr olunub. Bir, ya iki dəfə oxunub, zənnim məni aldatmazsa. Özü də lap çoxdan, bəlkə də təzə alınanda oxunandı. Səliqəli qalıb.

“Madam Bavari” ondan xeyli “cavan” olsa da yüz ilin kitabına oxşayır. Nə qədər oxunub, təxmin edə bilmirsən. Çox adam səhifələrin kənarına öz qeydini yazıb. Karandaşla yazan da var, qələmlə yazan da. Xətləri oxuya bilmirəm, anlaşılmazdı, pozuqdu. Amma üz qabığının iç səhifəsinə yazılan “Till min kärlek Ann-Kristin” sözləri aydın oxunur. Björn adlı bir kişi Ann-Kristin adlı sevgilisinə bağışlayıb. Tarix də qoyub, “1993.08.29”.

Sevgilisinin bağışladığı kitabı rəfiqələrinəmi veribmiş oxumağa Ann-Kristin? Yoxsa sevgilinin bağışladığı hədiyyə kitabın bu qədər oxucusu hardan olsun? Bununla nə deyirmiş, görən? Nə biləsən! İsveç qadınlarından baş açmaq olurmu ki?!

Ötənlərin Bakı bukinistlərini xatırladan “sekondhənd” hücrələrindəki kitablara köhnə dostlar, uzun illər görmədiyin tanışlar kimi baxırsan – görüşürsən: biriylə qucaqlaşır, o birinə əl verirsən, bir başqasıyla isə eləcə, uzaqdan salamlaşırsan.

Kitablar həm də insan kimidi, hərəsi bir tale yaşayır. Çox oxunmuşu üzü üzlər görmüşə, qədimi müdrik qocaya, qatı açılmayanı “bəxtsiz cavan”a, içində karandaşla çoxlu qeydlər yazılanı havalı oğlanlardan gündə bir məktub alan nazsatan gözələ bənzəyir…

***

O gün Kungsmarken kilsəsinin yanındakı “sekondhənd”də yüzünün içində bir kitabı gözüm alıcı quş kimi aldı. Bura nə yazım ki, keçirdiyim hissi duyasınız?! Kaş, Allahın altında duyğuların yüzdə birini yazıya almaq qabiliyyətim olaydı.

“Əsgər atası” filminin qəhrəmanı Georgi Maxaraşvilinin uzaq Berlində doğma üzüm tinglərinə rastlama səhnəsini yada salın! Bax, elə o qoca təki sevinirdim. Min-min “yad” kitab içində doğma əsərimi görmüşdüm.

Çingiz Aytmatovun “Прощай, Гульсары!” kitabını – dostluğumuzun uzun tarixi olan kitabı deyirəm.

…1988-ci ilin yayında əsgərlikdən qayıdanda ilk işim Çingiz Aytmatovun “Əlvida, Gülsarı” povestini oxumaq oldu. Bu haqda köhnə yazıların birində də yazmışam. Demək, əsgərliyin “uçebka” deyilən dövründə saysız-hesabsız orta asiyalı əsgərin arasında iki qırğız hamıdan seçilirdi və mənimki onlarla tutduğundan çox vaxt bir yerdə olurduq. Onlar da xidmətə instituta ara verib gəlmişdilər. “Manas”dan, Çingiz Aytmatovdan xəbərdar olmağım, İssık-Kulu tanımağım, “Ağ gəmi” filmindən danışmağım onların yanında hörmətimi xeyli artırmışdı. Aytmatovun “Əlvida, Gülsarı” əsərini dünya ədəbiyyatının şedevrlərindən biri kimi təriflədiyim günün axşamı yerimə girəndə oxumadığım əsər haqqında ağızdolusu danışmağın yaxşı iş olmadığının fərqində idim. Özümə (ayıb işimə) onunla təskinlik vermişdim ki, evə qayıdanda ilk oxuyacağım elə bu əsər olacaq.

Elə də oldu. Əsgərlikdən qayıtdığım yay “Əlvida, Gülsarı”nı oxudum. Oxudum və pərt oldum. Qabağıma qoyub uşaq kimi danladığım, Aytmatov kimi dahinin yerlisi olub, onun dünyalara dəyən “Əlvida, Gülsarı” kimi sevgi dastanını oxumayan qırğızların yanında xəcalət çəkdim, neçə min kilometr aralı olsam da. Sən demə, Aytmatovun bu povestinin qəhrəmanı Gülsarı qız yox, at imiş. Onlar da mənim kimi qayıdıb bu əsəri oxuyacaqdılar və görəcəkdilər ki, Gülsarı qız yox, at adıdı. Və mən onlara nə boyda yalan danışıbmışam…

Kitab 1976-cı ildə Moskvada, özü də ingilis dilində şərhlərlə çap edilib. Arxasında qiyməti yazılıb: “1p. 03k.” Qalın, parlaq üz qabığı, qırmızımtıl rəngli şriftlərlə bahalı kağızda nəşr olunan kitab suvenirə oxşayır. Elə qırx ildi suvenir kimi də qalıb, əl vurulmayıb, qatı açılmayıb. Onu qırx il sonra ilk kəs mən oxudum.

Bura necə gəlib düşüb? Hansısa sovet diplomatımı gətiribmiş İsveçə? Yoxsa sovet təbliğat yelləri atıbmış bura? Bir də, nəyi təbliğ edəcəkmiş bu kitab? Kolxoz həyatınımı? Qurduğu yeni həyatın qəhrəmana yaşatdığı acılarımı? Bəlkə Nobel mükafatı qalibini müəyyənləşdirən İsveş Kral Akademiyası üzvlərinin diqqətini cəlb eləmək üçün göndərilibmiş? Nə biləsən!

Qatı açılmayıbsa, demək onlar da oxumayıblar.

Namizədlər siyahısına dəfələr adı düşsə də mükafatı Aytmatova vermədilər. Alfred Nobelin vəsiyyətinə görə mükafat “siyasi-ideoloji motiv nəzərə alınaraq uğur qazanmış ədəbiyyata” verilir. Yəni əsərin dahiyanə olması azdır, akademiya üzvlərinin siyasi-ideoloji zövq və tələblərinə də cavab verməlidi. Aytmatovun bu tələbə cavab verməsi üçün bir yolu vardı – “Əlvida, Gülsarı”dakı Tanabay kimi ədalətsizliyə, haqsızlığa, yalana dözməyib partiya biletini tolazlayıb sovet hökumətinin üzünə çırpmalıydı. Yoxsa, Nobel mükafatı alan heç bir sovet yazıçısından əskik deyil Aytmatov, hələ desən, bir baş yuxarıdı!

…Bu dəfə kitabı bir başqa ovqatda oxudum. Daha əsgərlikdən dünən dönən iyirmi yaşlı gənc deyiləm, az qala əsərin qəhrəmanı Tanabayı haxlamış yaşdayam.

Salam Gulsari

 

Kitabı oxuyub bitirdiyim gün sevimli Bastasjönün kənarında daldalanacaq komada oturub gölə baxırdım. Bu dəfə sularda tamaşanı külək “oynamırdı”, bu səfər “səhnə” yağışın ixtiyarındaydı. Göyün damla oxları gölün sinəsinə sancılırdı – səhnəylə aramıza tül-pərdə çəkirdi.

“Tül”ün o üzündə uzun bir yol görürdüm. Yolun kənarında Tanabay dostuyla nəfəs-nəfəsəydi. Gülsarı bu dəfə nəfəs dərməyə yox, can verməyə əyləmişdi. Tanabay atın başını tumarlayır, onunla danışır, ömür dəftərini vərəqləyirdi. Göy də, göl də, meşə də Tanabaya hayan olmağa gəlmişdilər. Yarpaqlardan süzülən damcılar Tanabayın üzündən axan göz yaşına qarışıb gölə tökülürdü.

Sonra hər şey kitabın sonundakı kimi oldu.

“Tanabay yüyəni çiyninə atıb gedirdi. Gözlərindən yaş axırdı, saqqalını isladırdı. Tanabay Gülsarı üçün ağlayırdı. O gedirdi, açılan səhərə tamaşa eləyirdi. Tanabay yaşlı gözləri ilə çöllərə baxırdı, dağlara baxırdı. Təpənin üstündən bir vəhşi qaz uçdu. Qaz tələsirdi, özününkülərə çatmaq istəyirdi. Tanabay ayaq saxladı: – Uç, uç! – dedi. – Hələ ki, qanadın yorulmayıb, uç, get özününkülərə yetiş”.

… Mənsə “nobellik” yazıçının İsveç “sekondhənd”ində tapdığım kitabını yağış vurmasın deyə sinəmə sıxıb gölə tamaşa edirdim. Komadan çıxıb gölün ləpədöyənində durmuşdum.

Tanabay Gülsarını minib getmişdi.