Salam, müəllim!

63 Baxış
14718600_1131987790211434_1097322847381874645_n
Mən onu tanıyanda hələ özümü tanımırdım. On yaşımın astanasında, uşaqlıq puçurlarımın yaşıl budaqlarında gəzişən vaxtlarım idi. Hələ onda vaxtı sözlə, yaşamı ədəbiyyatla ölçmürdüm. Bir çox oğlan uşaqları kimi futbol oynamağı sevirdim, dərsdən qaçmasam da, dəcəllik etməyi də unutmurdum.
Rus bölməsindən çıxıb, Azərbaycan bölməsinə keçməyim mənim üçün ağır olmuşdu. Hərfləri səhv salır, bəzən də fikrimi ifadə etməkdə çətinlik çəkirdim. Dörd il rus bölməsində oxuyandan sonra, beşinci sinfə Azərbaycan bölməsində başladım. Ana dilim doğma dilim olsa da, uşaqlar və müəllimlər hələ mənə yad və uzaq idi. Sinfimiz “A” sinfi idi, yəni qabaqcıl və fərqli.
Həyəcanlı idim. Yeni fənlər, yeni müəllimlər həyəcanımı bir az da artırırdı. Düzü hələ heç bir yönə marağım yox idi. Hələ qərarsız idim, sanki bu saat sinifdən çıxıb, evə qaçmaq arzusundaydım.
Tədris ilinin əvvəlində bizə gənc bir müəllimin dərs deyəcəni söylədilər. Təəccüblü idi, ona görə ki, biz yaşlı müəllimlərə öyrəşmişdik və düşünürdük ki, müəllim ancaq “yaşlı” olmalıdır. Ancaq bu gənc müəllim bizə həm də ona görə maraqlı idi ki, o bizə yeni fəndən: “Azərbaycan dili və ədəbiyyatı” fənnindən dərs deyəcəkdi. Mənim axsadığım və heç cürə öyrəşə bilmədiyim fəndən…
İlk dərsi idi. Tənəffüzdə uşaqların çoxu çölə çıxmamışdı. Yeni müəllimi səbirsizliklə gözləyirdik. Hamının üzündə bir təlaş, bir həyəcan var idi. Budur, o gəlir. İlk baxışdan çox ciddi və vahiməli görünürdü. Diqqətimizi çəkən məqamlardan biri də müəllimin geyimi idi. O bizim öyrəşdiyimiz qiyafədə deyildi. Bir qədər sərt, rəsmi, tipik müəllim geyimindən fərqli olaraq, daha sadə və təvazökar geyinmişdi. Ağ qısaqol köynək, köynəyin döş cibindən görünən milli valyutamız manat və əlində (yəqin ki evin açarı idi) bir dəst açar. Tanışlığımız adi salamlaşma və bir-birimiz təqdim etməklə oldu. Hə, bir də onu deyim ki, müəllimimizin adı da fərqli idi: Şəmil müəllim… Nə qədər uyğun idi bilmirəm, amma sanki ad müəllimin yaşına bir az böyük gəlirdi.
sadiq
Şəmil müəllim onda mənim indiki yaşımda olardı. 25-26 yaşlarında. Gəncliyində bir müdriklik, bir dərinlik vardı. Bir o qədər də, həlimlik, yumşaqlıq. Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edən Şəmil müəllim ilk gündən bizdə sözə, şeirə, ədəbiyyata maraq oyatdı. Özü də şeir yazırdı. Bəlkə də ilk oxucuları biz idik. Başqa müəllimlərin dərsini tənəffüz həsrəti ilə keçirdiyimiz halda, Şəmil müəllimin dərsi bir göz qırpımında keçirdi.
Mənim də ilk dəfə şeirə marağım bu müəllimin sayəsində olub. Şair olmaq yox, şeir yazmaq istəyirdim. Çünki bilirdim ki, müəllimim şairə şeirinə görə, sözünün çəkisinə görə qiymət verirdi, onun mövqeyinə, vəzifəsinə görə yox…
Maraqlı dərs keçmək metodu vardı: Əcnəbi, dilimizə yad olan sözləri işlədənlər cərimə olunurdu. Elə xoş idi ki… Hərdən qəsdən əcnəbi söz işlədib qanunu pozurduq ki, müəllim bizi cərimə etsin. O günü özümü xoşbəxt və seçilmiş bilirdik. Qəribədir cərimələri belə xoş idi… Eh, o günlər…
Yeni tədbirlər, ədəbi məclislər təşkil edirdi. Yadımdadı hələ “Qazan xan” da olmuşdum. Kiçik bir tamaşa hazırlamışdıq. Həmin tamaşada oynadığımız rollara görə Təhsil Nazirliyi tərəfindən “Fəxri Fərman”la da təltif olunmuşduq. Bu bizim ilk uğurumuz idi… Şəmil müəllimin sayəsində… Hələ də o diplom uğurlarımın başında durur….
Ara-sıra zarafatlar edər, küsəyən uşaqların qəlbini alar, onları ruhlandırardı. Mən də küsəyən olmuşam. Şəmil müəllimdən küsdüyüm vaxtlarım da olub. Bilmirəm bu uşaqlıq xasiyyətimi tərgidə bilmişəmmi?
“Müəlim” adının böyüklüyünü, aliliyini və ucalığını dərk etdiyim üçün özümü şanslı bilirəm. Həm də şadam ki, mənim Şəmil müəllim kimi bir müəllimim olub. Onda olan həyata inam, zəhmətkeşlik mənə həmişə stimul verib, bunu onun özünə deməsəm də, amma gizlədə bilmərəm bunu.
Mütaliə etməyə həvəsi də, bədii-ədəbi dünyaya səyahəti də biz bu müəllimin vasitəsilə etmişik. Yadımdadı mənə kitab da hədiyyə etmişdi. Balzakın “Qorio ata” romanı. Ola bilsin bu roman mənim üçün bir az ağır idi, amma bu mənə özünəinam hissi yaratmışdı və sonralar mən daha irihəcmli əsərlər oxumağa başlamışdım…
Məktəb illəri haqqında çox şeylər yazmaq olar. Bəlkə də bir neçə cilddə kitabda qələmə almaq olar. Amma mənim gücüm hələ ki buna çatır. İnanıram ki, nə vaxtsa bir hekayə, bəlkə də bir roman yazası olsam mütləq məktəb illərimdən, Şəmil müəllimdən yazacam. Ola bilsin Şəmil müəllimi daha dolğun və geniş təsvir edə bilərəm onda…
Məktəbi başa vurduqdan sonra ali məktəbə qəbul olduq. Müəllimizin üzünü ağa edə bildik. Nə yaxşı ki, müəllimizin önündə üzüqara olmadıq. Yeni mühit, daha qaynar həyat axını bizi maqnit kimi özünə çəkdi. Şəmil müəllimdən uzaq düşdük, amma necə deyərlər məsafələr bizim aramızda olan telləri qopara bilmədi. Bir müəllim kimi, bir dost kimi onu xatırlayıb, xətrini istədik. O isə yeni şagirdləri ilə öz müəllimlik fəaliyyətini davam etdirirdi.
Biz böyüdük, iş sahibi olduq, ailə qurduq, valideyn olduq. Beləliklə həyatı daha yaxşı başa düşməyə başladıq. Bir neçə gün bundan öncə facebook vasitəsilə müəlimimlə əlaqə saxladım. Texnologiyanın inkaşıfından hərdən belə də istifadə etmək lazımdı. Çox sevindim və naməlum bir həyəcan hissi ilə yazdım:
-Salam müəllim!
İki sözdə neçə illərin darıxmağı, həsrəti gizlənmişdi. Sabah cavab gəldi (o günü yəqin müəllim facebooka girməmişdi). Cavab belə idi:
-Salam.
Bir anlıq müəllimimin uzun zaman keçdiyindən məni tanımadığını, unutduğunu düşündüm və yazdım:
“Hər şey üçün sağ olun müəllim. Canınız sağ, işiniz avand olsun. Mən bunu sizə 1 ildən, 3 ildən, 5 ildən bir desəm də hər zaman özlüyümdə deyirəm bunu. Var olun! Hörmətlə ilk şagirdlərinizdən olan Tural Cəfərli”. Sanki neçə vaxtdı içimdə civə kimi qaynayan mənəvi borcumun az bir qismini ödəmiş oldum. Elə bu vaxt cavab yazdı Şəmil müəllim:
“İşlərin necədir? Görürəm maşallah ədəbiyyat aləminə qədəm basmısan.
Müəllim şagirdin hər bir uğuruna sevinir. Şəmil müəllimdə o müəllimlərdəndi. Hər şagirdinin uğuruna sevinər, kədərinə üzüləndir. Bizim yazışmamız isə davam edirdi:
“Sağ olun müəllim. Yaxşıdı hər şey. Ədəbiyyata sevgimiz sizin sayənizdə olub, bunun üçün sizə borcluyam, təbiət etibarilə soyuq olsam da, qəlbimin dərinliyində hər zaman isti münasibətim var sizə. Özünüzə yaxşı baxın, Allah amanında… Bu bizim hələ ki son yazışmamızdı.
Həmin gün çox təsirləndim. Gözümün önündən müəllimin əziyyəti, haqqı keçdi. Çox narahat oldum. Otaqda var-gəl etdim. Dərhal qələmə uzandı əlim. İndi oxuduğunuz bu yazını yazdım. Yazdım və bir qədər rahat oldum. Sanki üzərimdə ağır bir yük götürüldü. Tezliklə müəllimimlə görüşmək barədə düşünürəm. Düzü bir az məşğuldu. Vaxtı olmaya bilər. Amma yenə də beş dəqiqəlik də olsa görüşərik yəqin ki…
İnanıram ki, bu yazını oxuyandan sonra müəllimim mənə qürurlu, qamətli bir 4 yazacaq. Mən 4 almağı daha çox xoşlayırdım. Çünki 4 mənə daha səmimi gəlirdi. Odur ki, səmimi müəllimimin səmimi qiymət yazacağına da inanıram. Bu dəfə gündəliyimə yox, mənim həyat yoluma, halal yaşamağıma yazacaq bu qiyməti. Yaza bilmədiklərimi zamana, bildiklərimi isə sizlərə ünvanladım.
İndi təmir gedən doğma məktəbim, unudulmaz sinif yoldaşlarım Şəmil müəllimdə cəm olub sanki. Məni o gözəl günlərə qaytaran müəllimi bir daha salamlayıb, xatirələri ürəyimə, yazdıqlamızı sizlərə, qələmi isə hələlik kənara qoyuram…