Salam Sarvan: “Nədi azadlıq? Nədi həyat? Nədi insan?”

301 Baxış


salamsarvanSenet.az Salam Sarvanın yeni şeirini təqdim edir:

 

Sənin xatirən önündə başını dik tutmaq çətin olduğundan
başını əyir adamlar, böyük adam…
Nədi azadlıq? Nədi həyat? Nədi insan?
Bu gün bütün suallara indiyədək verilmiş cavabları sildim.
Və insanın özünü aldatmasına xeyli güldüm.
Əslində, bu cavablar bizi rahatlamaqçünmüş…
Məsələn, “sevgi nədi” kimi yaralı sualın
belə asan, belə ağrıkəsici cavabı ola bilməzdi
ki, guya sevgi iki nəfərin bir səmtə baxmasıdı.
Əslində, həqiqət acı olmalıydı axı –
“sevgi nədi” kimi yaralı sualın cavabı
daha ağrıdıcı olmalıydı axı.
Əslində, yerlə göy qədərdi
yaşadığın yerlərlə köçdüyün yerlərin fərqi…
Əslində, itki ağrısının şiddətindən bəlli olar dəyərlərin fərqi.
Məsələn, hansı daha əziz idi – at mı, ata mı?
Yəni mümkün ki, bir manatın itkisi
ata itkisindən çox yandırsın adamı…
Görürsən, dostlar bir-bir çıxıb gedir səndən:
donub gedir, buxarlanıb gedir, əriyib gedir.
Udduğun havada, içdiyin suda, basdırıldığın torpaqda
uçub gedir, üzüb gedir, yeriyib gedir.
Gözünü gələcəyə dikmə,
daha heç nə dəyişməyəcək dünyada.
Təkcə təqvimin ili dəyişəcək.
Dərdlər yenə həminki olacaq, dərmanlar yenə həminki,
uzaqbaşı reseptlərin dili dəyişəcək.
Bir də, tutalım, evindəki soyuducunun modeli dəyişəcək.
Yəni özünü bu saxta ümidlərlə niyə üzürsən?
Yəni sevin, əzizim
ki noolsun, hələ gələcəyin telefonunu gəzdirmirsən,
gələcəyin günəşi altında ki gəzirsən.
Salamlar, böyük adam.
Sənin xatirən önündə başını dik tutmaq çətin olduğundan
başını əyir adamlar, böyük adam…

 

 

 

 

 

Bölmə : Poeziya, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10