Samuelin sonuncu təbəssümü

58 Baxış

tural sahabBu şəhərdə hər daş, hər torpaq parçası onun sirdaşıdı. Samuel, sonuncu dəfə kim səslənmişdi bu adla ona, xatırlamır, sonucu dəfə haçan güzgüyə baxmışdı yadına gəlmirdi. Saçı- saqqalı uzanıb, əynindəki paltarları zəlzələ sonrası bir şəhəri xatırladırdı. Şüşəsi kirlənmiş gözlüklərinin arxasından baxırdı bu dünyaya. Alnındakı qırışlar, əllərindəki yara izləri, yalın olan ayaqları ilə bir roman kimiydi Samuel.

Ən çox dəniz kənarında sakitcə gəzməyi, daşların üzərinə əyləşib, qağayıları və dənizi dinləməyi sevirdi. Kənardan o, necə görsənirdi, umrunda deyildi. Ən əsası onun gözlərində dünya çox çirkindi. Hər şeydən vaz keçmiş, soyuqdan əlləri donan bir insan görəndə nələr düşünürsüz?!- yəqin ki, ona yazığınız gəlir. Siz isti evinizə gedərkən, onun bu soyuq küçələrdə qalması  canınızı acıdır, eləmi? Elə onun da sizə yazığı gəlir, onun vaz keçdiyi şeylərə bu qədər bağlanmanıza gülür, dünya dəlisi olmanızı anlaya bilmir. Hər birimiz öləcəyimizi bilə- bilə bu dünyaya elə bağlanırıq ki, Tanrının belə heyrətinə səbəb olur bu hal.

Dilənirdi sabahdan axşamacan, sabahlara qədər də içgi şüşəsi əlində şəhərin soyuq betonlarını isidirdi öz ayaq izləri ilə. Əslində sevirdi bu şəhəri, binaları ən əsasıda insanları. Onlar yatandan sonra  bir ana mehribanlığı ilə keşiklərini çəkirdi onların. Sonuncu işıq sönür, sonuncu insan yuxuya gedir və o, oyanır sanki yuxudan. Dolaşır bu küçələri, əslində dolaşmır- oxuyur. Bəli, indi o, insanları, daşları hər şeyi oxuya bilir. Küçələri aydınladan ay işığı, bir də küçə lampalarıdı. Yavaş- yavaş sahilə, dənizinə gəlir. Daşlardan birinin dibində əyləşib, içgi şüşəsini ayazın çatladığı dodaqlarına yaxınlaşdırır. Bir udum….. iki udum və sakitcə düşür baxışları göy üzündən və yoxluğa qarışır gecənin bu gənclik çağında. Nə qədər kitab oxumuşdu, necə gözəl qadınları sevmişdi- indi bütün bunlar duman içində görsənirdi. Axtardığı həqiqəti bu dəniz, bu küçələr vermişdi ona, ancaq….

Sonuncu kitabı eşq haqqında idi, deyəsən. Onu oxuduqdan sonra evli bir qadını yoldan çıxarıb,  bunun sevgi olduğuna özünü inandırmışdı. Günlərcə uğraşdı qadının ürəyini oğurlamaq üçün. Sözlərin ən gözəlini dedi, güllərin ən gözəlini aldı və aldatdı qadını. Halbuki, söz həqiqət deyildi sadəcə bir yalandan ibarətdi. Gecə əri yatandan sonra sakitcə qapını açıb, çölə çıxdı qadın. Xoşbəxtliyə getdiyini zənn edirdi, ancaq xəyanətə bir ömür sürəcək utanc və peşmanlığa getdiyindən xəbəri yoxdu. Həyətdə onu gözləyirdi. Əlindən tutub elə bu dənizin sahilinə gətirdi, sabahacan dəli kimi sevişdiklər. Qollarında necə titrəyirdi, necə ehtirasla inləyirdi. Bəs buydumu həqiqət?!  Dəlicəsinə bir sevişmədən sonra qadın başını sinəsinə qoyub, ona eşq sözləri deyirdi. O, isə qadından irgənir, bir an öncə evinə yola salmaq istəyirdi. Eşq bu idimi, görəsən? Həftələrcə bunun üçünmü uğraşmışdı. Fuuu… deyə tüpürüb oradan uzaqlaşdı. Qadının evinə necə dönəcəyini düşünmədi belə….

Oxuduğu sonuncu kitab da, sevişdiyi axırıncı qadında bu gecənin içində qaldı, sabaha qədər küçələrdə qaçdı. Hər şeyə nifrət edir, hər şeydən irgənirdi. Və bu gecədən sonrakı gecələrdə də küçələrdə  gecələdi. Hər şeydən üz çevirdi, gecələrin qucağında bu dənizin sahilində qağayılara yoldaş, sirdaş oldu.

Şüşənin dibi görsənirdi yenə, sonuncu qurtumu boğazından içəri yola saldıqdan sonra köhnə paltosuna sarılıb, gecənin qucağında yoxa çıxdı. Yatmadan öncə göy üzünü, buludları doyunca seyr elədi. Sabah onu daha yorucu gün gözləyirdi bəlkə, bəlkə də ölüm. Bu düşüncələrlə yuxuya daldı.

***

Samuelin indiki hala düşməsində deyəsən mən də günahkaram. O gecə sevişdikdən sonra adam ağlını itirdi, bir daha o əvvəlki Samuel olmadı. O gecə kaş evdən çıxmasaydım, kaş ərimə xəyanət etməyəydim. Ehtiras elə rəngli, elə gözəl görsənirdi ki,  məni də öz rənginə boyadı o gecə. Ərimi yataqda qoyub, Samuellə dəniz kənarına gəldim və dəlilər kimi sevişdim. Boşaldıqdan sonra onu qucaqlayıb bütün sözlərimi qulaqlarına pıçıldamaq istədim, ancaq bu olmadı. İçimdən tələsik çıxarıb, oradan uzqlaşdı. O gecə ikimiz də bir xəyanətin qucağında həqiqəti dərk edib, anladıq. O, filosof olub həyatdan, bütün acı və kədərlərdən üz çevirdi mənsə cəhənnəm atəşinə dünyada  atıldım.

Ərimə xəyanət eləmək istəməzdim heç vaxt, ancaq hər qadın sevgi və şəfqət istər. Hər qadın dəlicəsinə sevilmək, ehtiraslı sevişmələr istər. Bütün bunları ya evində tapacaq, yada başqa qucaqlarda axtaracaq. Kişilərin bir çoxu arvadına xəyanət edir, müxtəlif qadınlara sərf edirlər öz qadınlarına ayıracaqları zamanı. Ancaq evdəki qadına da sevgi və nəvaziş lazımdır. Bunu unudurlar və çox vaxt özləri də xəyanətlə üzləşirlər. Məni də xəyanətə sövq edən bax bu səbəblərdi. Hər gün evə gec gəlir, mən yataqda tək başına inlərkən o, gənc gəlinlərlə sevişirdi. Artıq canım boğazıma yığılmış, yeni bir nəfəs, yeni bir eşq- həyacan istəyirdim. Belə bir zamanda tanıdım Samueli. Öncə utanqac, gizli eşq məktubları ilə başladı bizim hekayəmiz, daha sonra  gecəyarıları pəncərə önündə atəşli söhbətlər əvəz elədi, saf məktubları. İşdən, eşqbazlıqdan yorğun gələn ərim yatır, məncə Samuellə eşqin xəritəsini çəkirdim. Bu hekayə günahdı indi, ancaq günah olmaya bilərdi. Tanrı bizi daha öncə, başqa bir zamanda yaratsaydı, biz də günahı deyil, eşqi yaşayardıq. İndi yaşadığımız günahdı, hiss etdiyimiz eşq olsa da. Çünki mən evli bir qadınam. Sevmədiyim bir kişi ilə özü də. Daha sonra gizli- gizli aşağı düşür, öpüşür şeytanı sevindirirdik. Bəli, deyilənə görə bizim bu elədiyimiz günahdı- şeytan əməlidi, ancaq mənim sevmədiyim bir kişinin yatağında arzularımda boğulmam isə olması, olandı və Tanrının istədiyi də bu idi. Bütün bu düşüncələr Samuelin dodaqlarından, qulaqlarıma oradan da varlığıma hopmuşdu. Tanrı və eşq, günah və savab anlayışımın getdikcə dəyişdiyini hiss etsəm də, buna əngəl ola bilmirdim. Mənim qollarımda, öpüşlərimdə onun da həyata, insanlara düşüncəsi dəyişirdi. O gecə olanların finalı olmuşdu. Ona kimi heç sevişməmişdik, sevişmənin ikimizin də həyatını dəyişdirəcəyini bilmədən, özümüzü günahın və eşqin qollarına atdıq, o gecə. Sevişmələr üsyanımızdı, üsyan elədik bu həyata, sonra birlikdə boşaldıq, sakinləşdik. Durulmuşdu o, dərin nəhirlər kimi. İçindəki bütün çılqınlıqları, üsyanları mənə boşaltdı. O sakinləşdi, mənsə dəlirdim. İçimdə yandırdığı atəşi bəsləyib, böyütmək üçün evimə kilidlədim özümü. İndi ərimi, halalımı belə yaxın qoymuram özümə. Mən onun o, isə küçələrin sonsuzluğun oldu.

Samuel- bir peyğənbər adı idi. Tanrının yəhüdilərə göndərdiyi bir rəsuldu. Bilmirəm o, öz qövmini aydınlata bilmişdimi, ancaq mənim Samuelim mənim ürəyimdəki qaranlığı aydınlığa çevirə bildi. Ürəyimdə elə bir eşq atəşi yandırdı ki,  bütün buzlarım əridi.

İndi bu ayazda bilirəm ki, o gecə sevişdiyimiz yerdə yatır. Nə düşünür-  mənimi düşünür?! Bilmirəm, ancaq ümid edirəm ki, məndən və dünyadan vaz keçsə də, məni hələ də sevir. Sevməsə ilk və son sevişdiyimiz yerdə yatmazdı.

Bu sabah onun ölüm xəbərini eşitdim. Elə bizim yerimizdə, dodaqlarında təbəssümü ilə yummuşdu gözlərini. Samuelim gecənin sonsuzluğunda, dənizə son yolçuluğuna çıxmışdı.

***

Bu hekayəni sizə mən danışıram. Mən kiməmmi?!- mən sözəm. Samuelin ilk oxuduğu kitab da, məndim axırıncı oxuduğu da…. İndi bu hekayəni sizə danışan da yenə mənəm. İlk yaradılan mənəm deyərdim, ancaq bu yalan olar. Tanrı ilk öncə kainatın əfəndisi olan Məhəmmədin ruhunu yaratdı, daha sonra isə məni. Mən yaradıldıqdan sonra maddə yaradıldı, çünki mən- məna olmadan maddə də anlamını itirərdi.

Samuel en son məni oxudu. Bu gün onun ölüm xəbərini eşidəndə çox pis oldum. Dedim, birdən düşünərlər ki, onun ölümündə günahkarlardan biri də mənəm. Onun üçün bir- iki sözlə özümü müdafiə etmək istədim. Bəli, mən onun oxuduğu sonuncu kitab oldum, ancaq məni minlərlə insan oxumuşdu, oxumuşdu da bir tək Samuel məndəki həqiqəti görə bildi və bu həqiqət onun ağlını aldı. Hər sirrin bir bədəli var. Həqiqətin bədəli isə eşq, dəlilik və ölümdü. Onun üçün ilk öncə eşqi yaşadı, yaşamalıydı. Onun qulaqlarına mən pıçıldadım o qadını sevə biləcəyini, onun sevgiyə möhtac olduğunu. Sonra mənimlə yazdı ilk sevgi sözlərini, mən onun dodaqlarından qopub, qadının qəlbinə qondum. Sevdilər bir- birilərini, sonra sevişdilər. Ən böyük səhvi də sevişərək etdilər, çünki eşq sevişməklə məhv olan bir şeydi. Sevişmək qovuşmaqdı. Qovuşdular o gecə vər hər şey bitdi. Biri dənizlər kimi durğunlaşdı, digəri küləklər kimi çılqınlaşdı. Eşqdən sonra dəlilik gəlirdi. Samuel eşq qədəhini içib bitirdi. İndi daha böyük qədəh sinmalıydım ona. Həqiqət o qədər böyükdü ki, onu ağılla idrak edə bilməzdi. Əlində içgi qədəhləri küçələri dolaşarkən, içdiyi hər qurtumda həqiqəti anlayırdı, ancaq ətrafdakılar onu dəli hesab edir, acıyırdı. Həqiqəti anlayandan sonra beynində cavabsız sual qalmamışdı. Bu dünya suallara cavab tapmaq üçündü. Bütün sualların cavabını tapanda o, da anladı növbəti dayanacağın ölüm olduğunu. Bir gecə sevişdikləri yerə gəlib, daşlardan birinə söykəndi. Sonuncu dəfə dənizi, qağayıları dinlədi. Ölərkən nə eşqi, nə o qadını düşünürdü. Çünki eşq həqiqətə yetişmək üçün bir vasitədir. Həqiqətsə ölümə aparan bir elçi. Bütün suallar cavabını tapmış, bütün düşüncələri silinmişdi beynindən. Qağayıların səsi, dəniz , tərtəmiz olan göy üzü- bütün bunlar bir rəsmdən fərqsizdi . Sonra yavaş- yavaş gözlərini yumdu. İki qağayı yaxınlaşdı ona, qanadları dümağ olan sonsuzluq rəngində iki qağayı. Əllərindən tutub göy üzünə doğru qaldırdılar onu. Göy üzünə qalxarkən dənizin içindən keçdi. Samuelin sonuncu təbəssümü göylərdən dənizə düşən ay işığı idi.
Tural Sahab

Bölmə : Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10