Sana bu qönçə ləb xəndandır, ey dust – Sultan Səlim və Şah İsmayılın şeirləri

40 Baxış

photo_213

 

Yavuz Sultan SƏLIM

 

GÖZLƏRÜN FİTNƏDƏ ƏBRUN İLƏ ƏNBAZMI Kİ

Gözlərün fitnədə əbrun ilə ənbazmı ki,

Dil asılmağa ivər zülfünə canbazmı ki,

Bizi qəhr eylədüğin lütfünə agazmı ki,

Nəyi ki şivəmi ki, cövrmü ki, nazmı ki?

 

Dili şad etmədə aləm bilür üstadlığun,

Key, saqın, aləmə yayılmaya bidadlığun,

Bilməzəm sirri nədür bilmiş ikən yadlığun,

Nəyi ki şivəmi ki, cövrmü ki, nazmı ki?

 

Dil nədür, nəsnəmi var eşq oduna yaxmaduğun,

Eşq zəncirinə gərdənmi qoydun taxmaduğun,

Məni gördükdə üzün döndürübən baxmaduğun,

Nəyi ki şivəmi ki, cövrmü ki, nazmı ki?

 

Bu Səlimi-quluna cövrü rəvan eylədügin,

Bunca sıdkın rəhi-eşqində yalan eylədügin,

Üzünü göstərübən sonra nihan eylədügin,

Nəyi ki şivəmi ki, cövrmü ki, nazmı ki?

 

AYRI DÜŞDÜM

Bülbül gibi gülistani-bustandan ayrı düşdüm,

İstəməm altın qəfəs, vətəndən ayrı düşdüm.

 

Ey qəm, öldürmə məni bu hicran gecəsində,

Zira, bir günəş üzlü xəndandan ayrı düşdüm.

 

Könül fəryad edir qaranlıq gecələrdə,

Qəmliyəm bir mah camal sultandan ayrı düşdüm.

 

Hicran ilə nə halə gəldiyimi soranlar,

Sormayın əhvalımı, mən candan ayrı düşdüm.

 

Səlimi qınayanlar bilməz iztirabımı

Şu canıma can qatan canandan ayrı düşdüm.

 

QƏZƏL

Gözlərimdən axdı dəryalar kimi, yaşım mənim,

Dostlar, çox nəsnə gördü onmadıq, başım mənim.

 

Keçmək için seyli-eşqimdən xəyalim əsgəri,

Bir dirəkli, iki gözlü körpüdür qaşım mənim.

 

Hər gecə altun bənəkli asmanilər geyib,

İşbu çarxı pirə-zən olmuştur gülşənim mənim.

 

Mən ol qürbət diyarında qalırdım yalnız,

Möhnətü dərdü-bəla olmasa yoldaşım mənim.

 

Ey fələk, doqquz dolu cam içməyincə Xan Səlim,

Dəhr içində olmadı hərgiz ayaqdaşım mənim.

 

DƏRDÜ-BƏLA

Gözlərimdən axdı dəryalar kimi yaşım mənim,

Dostlar, ummadıq şeylər gördü bu başım mənim.

Mən ol qürbət diyarlarda qalır idim yanlız,

Olmasa möhnətü dərdü-bəla yoldaşım mənim.

 

SƏLİMİ

Bütün dünya mənim olsa, qəmim bitməz, nədəndir bu?

Çün əzəldən qəm ilə bina olunmuş bədəndir bu.

 

ŞİRLƏR BİLƏ

Mərdümi-didəmə bilməm nə füsun etdi fələk,

Giryəmi-füzun eşqimi hun etti fələk.

Şirlər pəncəyi-qəhrimdə olurkən lərzan,

Məni bir gözləri ahuya zəbun etdi fələk.

 

ƏL MƏDƏD

Kimsə sənsiz bulamaz Haqqa vüsul,

Feyzi-lütfünlə olur mərdi-qəbul.

Rəhmətən-lil aləmisən, ya Rəsul,

Əl mədəd, madeni-nuri-xuda.

 

Ey kərəm-kanı Rəsuli-Kibriya,

Kəmtərindir bu Səlimi-pür xəta,

Dərgahından iltica eylər ata,

Əl mədəd, ey madeni-nuri-xüda.

 

Şeir, şahmat, Çaldıran döyüşü  və 1000 ədəd qızıl pul 

Rəvayət

Rəvayətə görə şahzadə Səlim hələ Trabzon valisi olduğu zaman Səfəvi hökmdarı Şah İsmayıl Xətainin Osmanlı dövlətinə qarşı böyük təhlükə olduğunu duyur və vaxtaşırı onun haqqında məlumat toplamağa başlayır. Amma xəfiyyələrin gətirdikləri xəbərlər onu, nədənsə, tam qane etmir – bilavasitə özü Şah İsmayıl Xətai ilə görüşmək, söhbət etmək, zəif və güclü tərəflərini öyrənmək istəyir. Amma necə?

Şahzadə Səlim bilir ki, Şah İsmayıl Xətainin iki böyük tutqusu var: şeir və şahmat! Fikirləşir ki, şeir səfəvi hökmdarının dərgahının qapılarını açmağa, şahmat isə söhbətə yaraya bilər. Və çox keçmir ki, düşünüb, düşünüb, qeyri-adi, o vaxta qədər ədəbiyyatda bənzəri olmayan bir şeir yazır:

Sanma şahım / hər kəsi sən / sadiqanə / yar olur,
Hər kəsi sən / dostmu sandın / bəlkə ol / əğyar olur.
Sadiqanə / bəlkə ol / aləmdə / sərdar olur,
Yar olur / əğyar olur , / sərdar olur, / dildar olur.

Şeirin əsas məziyyəti bundan ibarətdir ki, hər misranın birinci sözlərindən birinci, ikinci sözlərindən ikinci, üçüncü sözlərindən üçüncü, dördüncü sözlərindən dördüncü misra alınır.

Şahzadə Səlim yazdığı şeirin Şah İsmayıl Xətainin diqqətini çəkəcəyinə əmin olduqdan sonra dərviş qiyafəti geyinib, Təbrizə üz tutur. İki ötüb, üç deyən günü, günorta namazından bir az keçmiş yetişir Şah sarayının önünə. Sağına-soluna baxmağa macal tapmamış qulluqçular başının üstünü alırlar:

- Baba dərviş, bura nəyə gəlmisən?

Şahzadə Səlim:

- Şaha hədiyyə gətirmişəm, – deyir.

Qulluqçu soruşur:

- Hanı?

Şahzadə əlindəki kağızı qulluqçuya uzadır.

Qulluqçu deyir:

- Şeir?.. Birinci dəfədir belə hədiyyə görürəm. İndi mən bunu nə edim?

Şahzadə Səlim deyir:

- Heç nə… çatdır şaha…

Sonra şahzadə Səlim şeirin sirrini qulluqçuya başa salır.

Qulluqçu şeiri götürüb gedir, aradan heç üç-beş dəqiqə keçməmiş geri qayıdır və deyir:

- Baba dərviş, şah səni görmək istəyir.

Şahzadə Səlim saraya daxil olur.

Şah İsmayıl Xətai onu ehtiramla qarşılayır və türk dilində tərtəmiz Təbriz şivəsi ilə soruşur:

- Brə dərviş, hardan gəlüb, hara gedirsün?

Şahzadə Səlim də, hörmət əlaməti olaraq, Təbriz şivəsində cavab verir:

- Qəzvindən gəlüb, Qarsa gedürəm.

Şah İsmayıl Xətai yenə soruşur:

- Yolda-izdə nə var, nə yox?

Şahzadə Səlim deyir ki, əmin-amanlıqdır, himmətinin sayəsində qulların fərhundəhaldur.

Bu sözdən şah İsmayıl Xətainin xoşu gəlir, kefi durulur və deyir:

- Yazdığun şeiri çox bəyəndim. Dilə məndən nə dilərsən!

Şahzadə Səlim işlərin qaydasında getdiyini görüb, mətləb üstünə gəlir:

- Şahım, mən eşitmişəm ki, siz çox gözəl şahmat oynayırsınız. Əgər vaxtınız və həvəsiniz olsaydı…

Şah İsmayıl Xətai deyir:

- Brə dərviş, əgər şahmat oynamağun da şairliyün kimidüsə, nə xoş!.. – Əlini əlinə vurur: – Şahmat gətirin!

Şahzadə Səlim oyunu uzadır ki, gen-bol söhbət eləyə bilsin…

Nəhayət, şahzadə Səlim oyunu udur. Şah İsmayıl Xətai deyir:

- Yoldan gəlmüsən. Yəqin yorulmusan. İndi sarayda sənə bir otaq ayıracaqlar. Dincələrsən. Sabah yenə oynayarıq. – Sonra yanındakı əyanlara sarı çönür: – Dərvişə min ədəd də qızıl pul verin…

Şahzadə Səlim deyir:

- Şahım, mən bir dərviş babayam. Qızıl nəyimə lazımdır?

Şah İsmayıl Xətai təkid edir:

- Bu cür işlər ənamsız olmur. Götür. Şeirün və şahmatun bəxşişidür…

Səhərisi gün qulluqçular baba dərvişi Şah İsmayıl Xətayinin yanına gətirməyə gedəndə görürlər ki, otağında yoxdur. Təbrizin küçə-bazarlarını axtarırlar, Qarsa, Qəzvin yoluna çapar göndərirlər – gördüm deyən olmur. Naəlac qalan Şah İsmayıl Xətayi:

- Brə dərviş, şahı da udarlarmı? – deməklə hirsini birtəhər soyudur.

Bu onun aldığı ilk zərbə – ilk məğlubiyyət idi…

* * *

Şahzadə Səlim 1512-ci il aprel ayının 24-də taxta çıxır, təxminən iki illik hazırlıqdan sonra Səfəvi hökmdarı ilə Çaldıranda üz-üzə gəlir və zəfər çalır. O, Şah İsmayıl Xətaini də götürüb Təbrizə gedir. Səkbanbaşı Balyeməz Osman ağaya şəhərin girəcəyindəki nəhəng çinar ağacının yaxınlığındakı bir yeri qazmasını əmr edir. Həmin yerdən – çaladan bir kisə qızıl pul çıxır.

Yavuz Sultan Səlim qızıl kisəsini Şah İsmayıl Xətaiyə verir:

- Bu sənindir.

Şah İsmayıl Xətai dinmir və Yavuz Sultan Səlimin neçə il əvvəl şahmatda uduzduğu həmin baba dərviş olduğunu başa düşür…

* * *

Bu, Yavuz Sultan Səlimlə Şah İsmayıl Xətai haqqında yaranmış onlarla rəvayətdən biridir. Nə dərəcədə həqiqət, nə dərəcədə qeyri-həqiqətdir – bilinmir. Bilinən təkcə budur ki, tarix həmişə qaliblər haqqında xoş, məğlublar haqqında isə qeyri-xoş rəvayətlər “istehsal” edir, məhz istehsal edir…

* * *

Qeyd. Biz qəzetimizin bugünkü sayında türk dünyasının iki nəhəng dövlət adamının – Yavuz Sultan Səlimlə Şah İsmayıl Xətainin şəkillərini və şeirlərini yan-yana verdik, o dünyada ruhları da yan-yana dayanacaqmı – Allah bilir…

 

Şah İsmayıl XƏTAİ

 

***

Can olmaz isə, sən təki canan yetər mana,

Vəslin bu xəstə könlümə dərman, yetər mana.

 

Hicrin cəfası eylə yıxıbdır bu könlümü,

Hər şəb qapunda naləvü-əfğan yetər mana.

 

Zülmat içində abi-həyat istəməz könül,

Lə’lin zülali çeşmeyi-insan yetər mana.

 

Zahid, qoparma sən məni meyxanədən bu gün,

Ruzi-əzəldə yar ilə peyman yetər mana.

 

Gərçi, Xətai, getdi əlindən vüsali-dust,

Hər dəm xəyali-didəyə mehman yetər mana.

***

Neylərəm ol cənnəti içində dildar olmasa,

Qoy anı viranə qalsun, bağçada bar olmasa.

 

Qəflət əhli qaldı həqdən şöylə bil kim, binəsib,

Qanda didarı görür, ol bunda bidar olmasa.

 

Dünyada aşiq olan geydi məlamət donunu,

Hər yetən aşiq olurmi, dərd ona kar olmasa?

 

Aşiqin meydanda başi top yerinə çalınur,

Başını meydana qoymaz, kim ki, sərdar olmasa.

 

Doğruluq dost qapısıdır, doğru gəl gir bu yola,

Əgri meydanda utanur, onda iqrar olmasa.

 

Ey Xətai, gövhəri xərc eyləmə nadanə sən,

Gövhərin qədrini bilməz, gər xiridar olmasa.

 

***

 

Minbəd əgər mənimlə həbib olsa aşina,

Mən canımı yolunda onun eylərəm fəda.

 

Gülgün yüzün xəyalına düşdü könül yenə,

Bənzim saraldı dərd ilə manəndi-kəhrəba.

 

Darüş-şəfayə getmədigim canandan ötrüdür,

Ey cismimin həyatı, ləbindir mənə şəfa.

 

Çeşmin cəhanda fitnəvü aşub göstərir,

Hər dəm qiyaməti qoparır qamətin mana.

 

Yastan, Xətai, yar eşiginə etiqad ilə,

Şamü səhər də dövlətinə eyləgil dua.

 

***

Bu aləm hüsninə heyrandır, ey dust,

Sana bu qönçə ləb xəndandır, ey dust.

 

Mən ol Yəqub nisbət zar boldum,

Cəmalın Yusifi-Kənandır, ey dust.

 

Hilali qaşını ta gördü çeşmim,

Bu canım eydinə qurbandır, ey dust.

 

Sana bu künfəkan valeh bolubdur,

Ki, hüsnin surəti-rəhmandır, ey dust.

 

Cəmalın səfhəsində xəttü xalın,

Yüzündə ayəti-Qurandır, ey dust.

 

Sənin eşqin vücudim şəhdi içrə

Bu könlüm təxtinə sultandır, ey dust.

 

Xətaiyə, demişsən, cövr edim çox,

Yenə lütfü yenə ehsandır, ey dust.

 

***

Ərzə yazdım mən sana, ey şahi-xubanım, mədəd.

Ərzi-halim sən bilürsən, dinü-imanım, mədəd.

 

Şərmsarəm, pürgünahım sən bağışla, ya kərim,

Cümlələrni yarlığayan kamil insanım, mədəd.

 

Məstü Məcnun olmuşam mən firqətindən, ya həbib,

Ey həqiqət aləmində incə ərkanım, mədəd.

 

Bu əlimdür daməniniz, ya Əliyül-Murtəza,

Buyi-vəslindən sənin hər dərdə dərmanım, mədəd…

 

Hər yana əzm eylər olsan, sureyi fəth oldu fəth,

Açılar bağlu qapu dövlətlü dərbanım, mədəd.

 

Bu Xətainin günahin sən götürmə yüzinə,

Şahi-mərdan, şiri-yəzdan, sirri-sübhanım, mədəd.

 

***

Həsrətin dərdindən, ey can, bağrım oldu parələr,

Suzi-eşqin yürəgimdə hər dəm eylər yarələr.

 

Yandırub hicran odu könlümü verdi badə gör,

Dutdu əflaki-cəhani geydi gög də qarələr.

 

Düşdü hüsnin mənzərinə canü dil bu gözlərim,

Çarə yox, naçar olubdur, neyləsin biçarələr.

 

Tərk edüb qoydum, gedərəm, xanü mani, mülki uş,

Hicrin etdi mən qəribi üştə gör avarələr.

 

Öldü dərdindən Xətai, bir qədəm rəncidə qıl,

Qəbrinə basgil, eşitgil səd hezaran nalələr.

 

Hazırladı: Dilsuz

Mənbə:edebiyyatqazeti.az

KÖŞƏ YAZARLARI
TOP 10