Sandıqdan tapılan fotoaparat – VİDEO

116 Baxış

kameraSəma Fuadqızı:

Yadınıza salın, sonuncu dəfə nə zaman qəlbinizin dərinliklərinə təsir edən, sizi ali hisslər haqqında düşündürməyə vadar edən filmə baxmısız? Müasir filmlərin əksəriyyətində seksual münasibətlər qabardılır, tamaşaçının ruhu incidilmədən brendlər 25-ci kadrda  reklam olunur, vulqar sözlərlə dolu dialoqlar, çirkli zarafatlar təqdim olunur. Amma hisslər unudulur. Düzdür, bunu bütün filmlərə aid etmək olmaz. Lakin kütləyə hesablanan filmlərin əksəriyyəti bu cür “naxış”larla zəngindir. Baxdığım “Fotoaparat” (The Camera) qısametrajlı filmində unudulan hisslər rejissorun qeyri-adi təxəyyülünün sayəsində tamaşaçıya fərqli formada təqdim olunur.

Qısametrajlı film çəkmək bəlkə də kimlərəsə asan görünə bilər. Adındakı “qısa” sözü heç də o demək deyil ki o asandır. Tammetrajlı filmdə sənin öz ideyanı 1 və ya 2 saat , hətta daha çox vaxt ərzində tamaşaçıya çatdırmaq imkanın varsa, qısametrajlı filmdə vaxt imkanın daralır və sən az vaxtda çəkdiyin filmlə çox söz deməyi bacarmalısan. Düşünürəm, filmin rejissoru və ssenaristi Piter Lyuvis bunun öhdəsindən gələ bilib.

Filmin ilk saniyələrindən qumlu sahildən uzaqlaşan qısasaçlı qız görünür. O gəzə-gəzə köhnə və tərk edilmiş komaya gəlib çıxır. Evin qapısı açıq olur və qız evə daxil olaraq maraqla ətrafı seyr edir, bir-bir otaqları gəzir. Yuxarı mərtəbədəki otaqların birində köhnə sandığa rast gəlir və ehtiyatla onu açmağa çalışır. Sandıqda polaroid fotoaparatını (Polaroid fotoaparatı zamanının ilk portativ fotoaparatı idi. Onunla çəkilən şəkillər həmin dəqiqə hazır olurdu) görür və onu əlinə alır. Qəribədi ki, fotoaparat köhnə olduğuna baxmayaraq hələ də  işləyir. Bunu görən qız şəkil çəkməyi qərara alır. Otağın qapısına doğru gələrək otaqdakı çarpayının şəklini çəkir. Çəkdiyi şəkilə baxdıqda görür ki, çarpayıda onunla həmyaşıd olan oğlan oturub.Əslində isə otaqda qızdan başqa heç kim yox idi. Bundan təəccüblənən qız evin bir neçə hissəsində şəkillər çəkir. Çəkilən şəkillərdə yenə oğlan peyda olur. Qız hər dəfə şəkil çəkdikcə həyəcanlanır, otaqdan-otağa keçərək şəkillər çəkir və bununla da onu görmək istəyir. Lakin növbəti şəkillərdə daha o görünmür və qız narahat olur və oğlanı axtarmaq üçün evdən kənarlaşır və sahilə doğru yol alır… Qeyri-adi süjet xətti olan  bu film tamaşaçıda dərin hisslər yaradır. Elə filmlər var orda baş verən hadisələr reallıq üçün absurd olsa belə onun real olmasını istəyirsən. Bu filmi həmin filmlərin siyahısına aid etmək olar.

P.S. Filmə baxdıqdan sonra telefonun fotoaparatı ilə boş otağı çəkdim. Şəkil də elə boş idi..

 

 

 

 

 

 

 

 

 

Bölmə : Kino, Sənət
KÖŞƏ YAZARLARI
TOP 10