Şanslı gün (hekayə) – Müşfiq XAN

98 Baxış

xan1

Senet.az oxucularına “Ustad” jurnalının 17-ci sayından, tanınmış dedektiv yazar Müşfiq XANın “Şanslı gün” hekayəsini təqdim edir.

Tənəffüsə çıxmadım. Otaq boşalan kimi yerimi xəlvəti dəyişib sakitcə sonuncu partaya keçdim. Buradakı boş yerlər uğrunda dərs oxumayan sinif oğlanları əməlli-başlı dava-dalaş salırdı.

Növbəti dəfə zəngin səsi eşidildi. Oğlanlı-qızlı hamı tələm-tələsik sinif otağına doluşdu. Çünki zəhmindən bütün şagirdlərin tük saldığı Miri müəllimin dərsiydi – ədəbiyyat.

Xoşbəxtlikdən qarşı sırada boydan uca sinif yoldaşlarım – Tural ilə Gülbahar oturmuşdu. Yumaq kimi büzüşüb ümidsizlikləkitabınsonuncu ev tapşırığı olan səhifəsini açdım:

 

Ah eylədiyim nəşeyi-qəlyanın üçündür,

Qan ağladığım qəhveyi-fincanın üçündür;


Vəsf eylədiyim zövqlə ənhari-behişti,

Kövsər məzəli şərbəti-reyhanın üçündür;


Münimlərə can ver, könül, uyma füqərayə,

Sinəmdə səni bəslədiyim anın üçündür…

– Müəllim səni çağırır, eşitmirsən?

Solumda oturan Günel məni dümsükləyəndə özümə gəldim.

Miri müəllim sinfə girən kimi adəti üzrə uşaqların dərsə davamiyyətini yoxlayanda mənim adıma çatmışdı.

– Adımın qarşısında sinif jurnalındakı aya-günə uyğun xanada “Г” yazmağa hazırlaşırdı ki, sarımı udub hövlnak yerimdə dikəldim:

– Burda.

Əlini saxladı, eynəyini burnunun ucuna qədər çəkib zəhm yağan baxışları ilə məni süzdü. Sonra ürəyi toxdamadı, eynəyi gözündən çıxarıb masasının üstünə tulladı:

– Sən niyə gedib ora çıxmısan?

Yerimdə ölüb-dirildim. Qıpqırmızı oldum. Nə deyəydim? Deyəydim ki, Sabirin şeirləri çətindir, əzbərləyə bilmirəm?! Bir xeyli duruxdum. Uyğun cavab variantlarını sürətlə beynimdə ələdim. Təəssüf ki, ağlabatan bir şey tapa bilmədim. Başımı aşağı salmışdım. Bircə bunu hiss edirdim ki, yerdə mənim düşdüyüm vəziyyətə qımışanların, gülənlərin hamısının səsi qorxunc bir uğultuya çevrilib qulaqlarımın pərdəsini deşir. İçimdən qəfil bir hiss keçdi – sanki qırx beş dəqiqə ayaq üstə dayanmışdım. Amma bu çox çəkmədi. Miri müəllimin qolumdan yapışıb məni lövhənin qarşısına çıxaranda daldalanmaq üçün qurduğum bütün planlar, elədiyim bütün dualar boş çıxdı.

Yanaqlarımın bayaqkı qızartısından əsər-əlamət qalmamışdı. Rəngim ağappaq olmuşdu. Soyuq tər damcılarının kürəyimdən belimə doğru necə süzüldüyünü hiss edirdim.

– Danış!

Amiranə səslə başlamağıma işarə edib eynəyini təzədən taxdı. Sağ əlini yumruqlayıb çənəsinə dayaq verib stulunu mənə tərəf çevirdi. Bütün diqqəti ilə mənə hakim kəsilmişdi. İlahi, bu vəziyyətdə necə də əzazil görünürdü. Udqundum. Şanssızlığıma lənət yağdırıb şeiri deməyə cəhd etdim. Alınmadı. Bilmirdim. Öyrənməmişdim. Həmişə belə olurdu – sinfə kimsə daş atsaydı otuz nəfərin arasından gəlib mənim başımı tapırdı. Topa ilə harasa gedəndə quşlar da o qədər adamın arasında mənim üstümü – hərdən elə başımı da – batırardı.

– Öyrənməmişəm, – uzun tərəddüddən sonra hıqqana-hıqqana fikrimi qətiləşdirdim.

– Necə yəni, öyrənməmişəm? Sən? Sabiri? Öyrənməmisən?

Pauzalarla verdiyi qısa sualların vahiməli ahəngi başıma ağır çəkic kimi dəydi. Artıq taleyimlə barışmışdım. Fürsət tapıb gözucu nəzər saldım. Ayağa qalxıb mənə doğru gəlirdi. Bir-iki dəfə oğlanlarımızdan qorxub, daha doğrusu, fərasətli çıxıb döyülməməkçün sinifdən qaçanlar olmuşdu. Amma mən səbəbini bilmədən durduğum yerdə tikilib qaldım. Rəhmətliyin əli də çox ağırdı. Bir addımlığımdaydı…

Barmaqlarını ovuclayıb kürəyimin ortasına bircə yumruq ilişdirdi. İki addım ləngər vurub birtəhər müvazinətimi saxladım.

– Ev telefonunu de, görüm! Zəng vurub atanla danışacağam!

Ha çalışsam da, səsim çıxmadı. Yumruqdan sonra səsim batmışdı. Yerdən hansısa diliqurdlamış canıyananlıqla yada saldı:

– Müəllim, jurnalın son səhifəsində telefon nömrələri var.

Miri müəllim yerinə keçdi. Sabir yaradıcılığının vurğunu olan adam dərsə hazırlıqsız gəldiyimə görə çox əsəbiləşmişdi. Masasının üstünü axtarmağa başladı:

– Hanı mənim eynəyim?

Sıra ilə pencəyinin yan ciblərini, döşcibini, portfelinin gözlərini, masanın üstündəki kitabların arasını tək-tək axtardı. İki-üç dəqiqə keçdi. Sinifdəki uşaqların hırıltısı keçmək bilmirdi.

– Hara qoydum bu zəhrimara qalmışı axı?!

Əslində eynəyi elə gözündəydi. Amma necə əsəbiləşmişdisə, gözü eynəyi görmürdü. Mən də hamıdan qabağa düşüb bunu ona demək istəmirdim. Qorxurdum ki, bu dəfə də hirsini mənim üstümə tökər.

Nəhayət, Miri müəllim eynəyini tapdı. Başını yelləyib tənbehedici baxışlarla məni yerimə göndərdi. Sinif jurnalındakı adımın qarşısına yekə bir “2” yazdı. Hirsi yenə soyumadı. Ev telefonumuzu da jurnaldan köçürüb sinifdən çıxdı.

O gün evə necə getdiyim yadımda deyil. Bircə axşama qədər yeməyib-içməyib telefonun yanında keşik çəkdiyimi xatırlayıram. Gün ərzində gələn bütün zənglərə cavab verdim. Miri müəllim zəng vursaydı səsini eşidən kimi atamın xəbər tutmaması üçün dəstəyi asıb telefonu naqildən ayıracaqdım. Amma zəng vurmadı…

…Əvəzində o gün nənəmin kitab rəfindən “Hop-Hopnamə”ni götürüb səhərə kimi oxudum. Xoşuma gəldi. İndiyə qədər necə olmuşdu ki, fərqinə varmamışdım?! Səhərə qədər o şeirlərin necə, hansı şəraitdə yazılması ilə bağlı xeyli fikirləşdim. Bir anlıq könlümdən şair olmaq keçdi…

Texniki, ən çox da təbiət fənlərinə olan hədsiz marağım üzündən o günə qədər bədii kitab oxumamışdım. Ertəsi gün məktəbə gedəndə başa düşdüm ki, bədii kitablara həvəs göstərmədiyim illərdə nə qədər çox şey itirmişəm.

O hadisədən sonra Sabir ədəbiyyatı bütünlüklə mənə sevdirən şairə çevrildi…