“Sarı gəlin” tamaşası təqdim ediləcək

4 Baxış

SARI

Gənclər və İdman Nazirliyi tərəfindən gənclər arasında mədəni irsin təbliğ edilməsi, xalqımızın dünya musiqi xəzinəsinə bəxş etdiyi “Sarı gəlin” mahnısının yaranma tarixini faktlar əsasında dəqiqliyi ilə tamaşaçılara daha yaradıcı şəkildə təqdim etmək məqsədi ilə 27 oktyabr saaat 19.00-da da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında layihənin təqdimatı keçiriləcək.

Senet.az saytı Gənclər və İdman nazirliyinə istinadən xəbər verir ki, layihənin keçirilməsində əsas məqsəd  gənclərin Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında məlumatlandırılması, adət və ənənələrin onlar tərəfindən  qorunub saxlanması və təbliğ edilməsidir.

3 hissədən ibarət olacaq layihənin ilk bölümündə yerli və xarici qonaqlar əvvəlcə foyedə qurulmuş “Azərbaycan musiqisi tarixinə səyahət” adlı sərgi ilə tanış olacaqlar.

Daha sonra teatrın zalında “Sarı gəlin” mahnısının tarixçəsi haqqında hazırlanmış videomaterialın təqdimatı keçiriləcəkdir. Video materialda “Sarı gəlin” layihəsinin elmi rəhbəri,  AMEA-nın Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü,əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudov və Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülzar Abdullazadənin mahnının yaranma tarixi haqda təqdim etdikləri faktlar müsahibələr şəklində  nümayiş olunacaq.

Sonda 150 nəfərə yaxın tələbə və aktyorun iştirakı ilə hazırlanmış “Sarı gəlin” tamaşası təqdim etdiriləcəkdir.

Tarixi faktlar əsasında hazırlanmış tamaşanın rejissoru respublikanın əməkdar artisti Nicat Kazımovdur.

Bölmə : Teatr