Sayman Aruz – Müasir qəzəlləri

40 Baxış

SA-256x300

Güney Azərbaycanın müasir ədəbiyyatında özünə xüsusi yer qazanmış qəzəl janrı getdikcə ədəbiyyatçılar arasında müzakirə və maraq obyektinə çevrilməkdədir. Buna səbəb isə yeni fikir və düşüncələrin klassik ülgüdə verilməsidir. Beləliklə, klassik ədəbiyyatdan zövq ala bilməyən “ədəbiyyatçılar” şahid olurlar ki, qəzəl heç də köhnə bir janr deyil və sadəcə fikirlərin yenilənməsi yolu ilə bu janrı da yeni bir məzmunda təqdim etmək olar.

Senet.az-ın AYB-nin mətbuat xidmətindən aldığı məlumata görər, yaxın vaxtlarda Güney Azərbaycan müasir qəzəl antologiyası AYB-nin Güney Azərbaycan ədəbiyyatı şöbəsi tərəfindən çap olunacaqdır.

Sözügedən şöbənin müdiri Sayman Aruz güneyli yazarların müasir qəzəllərinin bir qismini oxuculara təqdim edir.

 

Ay bütün hüsnüdə Leylayə çəkən ilhamım,

Məni Məcnun kimi səhrayə çəkən ilhamım.

Ay mənim gözlərimin zatına məna yaradan,

Ruhumu şuri-təmaşayə çəkən ilhamım.

Ay qızardan öpüşündən, gülüşündən dodağın,

Baxışından gözünə sayə çəkən ilhamım.

Ay sənin döşlərin üstündə çəlipa zülfün,

Məni təslibi-Məsihayə çəkən ilhamım.

Ay üzün gül kimi bağlar yaxasından çıxaran,

Məni bülbül kimi qövqayə çəkən ilhamım.

Kirpiyində qələm almış ələ batil xəttini,

Gözlərin nərgisi-şəhlayə çəkən ilhamım.

Ay sütül almaları Adəmı yoldan çıxadan,

Vəsvəsə vermədə Həvvayə çəkən ilhamım.

Hüsnü-ismətdə daşan, Yusifi-Misrə yaraşan,

Eşqü-cürətdə Züleyxayə çəkən ilhamım.

Ay mənim könlümü bu vərtədə, sınmış gəmini,

Bir də başdan dəli dəryayə çəkən ilhamım.

Nazilən qövlü-qəzəl sahiri, öz şairini,

Yenə də şeri-təmənnayə çəkən ilhamım.

Ay pozulmuş kələmati bu qəzəldə təzədən,

İnci tək rişteyi-mənayə çəkən ilhamım.

***

Aç gözün qoy yuxudan güllər oyansın, qəzəlim,

Aç gözün qoy baxışından gün utansın, qəzəlim.

Görə bilməz gözəlim ay da özündən gözəlin,

Bax aya qoy həsədindən paralansın, qəzəlim.

Sən olan yerdə gülüm! Gül nədi? Dur gülşəni gəz,

Qoy sənin başıva pərvanə dolansın, qəzəlim.

Çıx çəmən seyrinə, mədhuş elə sərvi, səməni,

Qoy adın ətr kimi bağda calansın, qəzəlim.

Gün nədi? Ay nədi? Ulduz nədi? Göyçəklər adı,

Sən olan yerdə gərəkdir qaralansın, qəzəlim.

Qalmışam qaşıvı, kirpiklərivi, gözlərivi

Qələmim hansını vəsf eyləyə? Hansın, qəzəlim!

Səni ağuşə çəkəndə ürəyimdən deyirəm,

Ola kaş dövri-zaman burda dayansın, qəzəlim.

Ya dayansın ya da hər ləhzəni hər saniyəni,

Bir il olsun, ili bir ömr uzansın, qəzəlim.

Səni hər kim dilə çalsa, görüm ağzı qurusun,

Görüm ağzında ömürkən dili yansın, qəzəlim.

Elimin qəmləri bəsdir mənə, sən qəm yemə day,

Qoyma qəm, qəmlərin üstündə qalansın, qəzəlim.

Ağlama, qəm yemə qoy güllər açılsın bala can,

Elə gül ki, qoy atan qəmləri dansın, qəzəlim.

Buludam… Amma ağlağan deyiləm,

Ürəyim dolmasa, yağan deyiləm.

Bir halal nütfəm olmasa sözdən,

Bir qəzəl körpəsin doğan deyiləm!

Şeir! Alagöz maral! Sən arxayın ol,

Döşlərin dolmasa, sağan deyiləm.

Bir bulaq nəğmə, bir bulaq şeirəm,

Yəni ki, boş cığan-vığan deyiləm!

Qəlbimi xərclədim yada, tanışa,

Neyləyim… Çox da mal yığan deyiləm.

Mən «Nəsimi» babam deyən mərdəm!

Bu səfil dünyaya sığan deyiləm.

El yavanlıq gəzir… Aman «Nadir»,

Mən barı bir acı soğan deyiləm…

***

Eşq bir təbirə sığmaz yuxu, mən lal, dadlım!

Aşiq olsan düşünərsən nədi bu hal, dadlım!

Mən bu kərvanda, bu dağ-daşda yoruldum, bəsdir,

Sənə çatmırsa bu yol, saxla məni sal, dadlım!

Acı ölməkdi bu sənsiz yaşamaqlar, duzlum!

Və həyat sənlə bilirsən nədi? Bal… Bal, dadlım!

Bu evin pəncərəsi, pərdəsi sənsiz darıxır,

Sil bu göz yaşlarımı, burda özün qal, dadlım!

Qınama, qəlbinə gül, qəlbimə pərvanə desə,

Oddan, od tək yetişəndən nə bilir kal, dadlım!

***

Ürəkdə dağ, başımın üstə çən dolandırıram,

Və bilmirəm kimə xatir, nədən dolandırıram.

Gedib hərəmdə göyərçinlərin qanın görəli,

Səhərli sərçələr ardınca dən dolandırıram.

Hələ beş-altı qəzəl yol qalır sevinc evinə,

Odur ki, bir şələ beytül-həzən dolandırıram.

Sinəmdə sevgilimin eşqi var, qərib deyiləm,

Və qoy deyim ki, özümlə vətən dolandırıram.

Bu qış həyatda kədərlərdə kövrəlir «İlqar»,

Ürəkdə dağ, başımın üstə çən dolandırıram.

***

Gedibdi – günlərimiz güzgülü, qəzəlli deyil,

Gedibdi – gəlməsi də şeirə taydı, bəlli deyil.

Gedibdi – qış bürüyüb dağ-daşı; ağaclarda,

Daha bahardakı tək arxalıqlı – yəlli deyil.

Onu yaratdığı gündən gözü qalıb yerdə,

Göyün beheşti də artıq belə gözəlli deyil.

Deyirdim öldürəcək ayrılıq, mən ölmədim ah!

Ürəkdə olmaya sevgim də düz əməlli deyil!

Düş eşqə düşsən ölüm yoxdu, hey həyatdı daha,

Daha ömür dediyin əlli, yüz, yüz əllı deyil.

***

Qurtar Allah bizi bu fırtınalı günlərdən,

Elimin boy-buxunu qan xınalı günlərdən.

Gecədir, qorxu qanad gərdi yerin gövdəsinə,

Göy üzündəsə xəbər yox hanalı günlərdən.

Qurbağa qurhaquru qaynayır ah… Sevgi gölü!

Bir soraq ver köçürülmüş sonalı günlərdən.

Hardasan, harda, vətən! Səslə, yetim qoynuna al,

Əlimiz gör necə çıxmış analı günlərdən.

Sevgidən də payımız təkcə xumarlıq qaldı,

Yaman ayrıldıq üzümlü, qanalı günlərdən.

Bölmə : Poeziya, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10