Sayrışan sətirlər – “Arvadsız kişi” hekayələr kitabı

123 Baxış

mushfiqxan

Müşfiq XAN

 

Senet.az  “Sayrışan sətirlər” adlı yeni rubrikaya start verir.  Layihə çərçivəsində əsərlərdə müəllifə aid seçmə sitatlar oxuculara təqdim ediləcək. 

Müəllif Şəmil Sadiq. 37 yaşı var. “Qana qan qarışdı” dram və hekayələr, “Bu türk daha o türk deyil” şeirlər, “Hüseyn Cavid yaradıcılığı” monoqrafiyası, “Ümidlərin izi ilə” (həmmüəllif), “Ədəbiyyatla bütövləşmiş şəxsiyyətlər” və “OdƏrlər” romanının müəllifidir. “Arvadsız kişi” Şəmil Sadiqin 2015-ci ildə çap olunmuş və 13 hekayəsini birləşdirən kitabdır.

 

 

“Mən ölmüşdüm” hekayəsindən

 

O, mənim yoxluğuma, mən də onun varlığına ağlamağa başladım.

*

Mənim ölümümmü faciə idi, yoxsa onun yalqızlığımı? Bunu bilmirdim.

*

Nə cəhənnəm, nə də cənnət mələklərindən bir xəbər var idi. Yaman darıxdım. Sən demə, ölmək belə şey imiş.

*

Adam öləndən sonra ağıllanır.

 

 

“İki balon qızıl” hekayəsindən

 

Öz başını yeyəsən, bir gün elə bu asqırmaqdan öləcəksən.

*

İndiyə qədər haram yolla qazandığı haqqını kiməsə yedirməmişdi.

*

Pulları əmin əldə olduğu üçün gecələr elə rahat, elə mışıl-mışıl yatırdı ki, heç yediyi haramların səsini belə eşitmirdi.

*

Bayramqulu qocaldı, amma pullara olan inamı, məhəbbəti qocalmadı – o qiymətli kağızlar qiymətsiz kağıza çevrildi və heç bir işə yaramadı.

 

“Arvadsız kişi” hekayəsindən

Qadın bir şeytan vəsvəsəsidir – bir anlıq həzz almaq üçün yaradılıb.

*

Həyat, hər gün bir günəş doğur. Arvadsız kişi cənnətsiz bir dünya imiş.

*

Yatağı soyuq olan kişinin qəlbi də, başı da soyuq olur.

*

Gülümsədi – həyatın təzadına gülümsəyirdi əslində.

*

Darıxmaq pis şeydir. Nə üçün darıxdığını bilməmək isə böyük faciədir.

*

Elə həmin gün evə qayıda bilməmişdi. Onu gətirmişdilər, sonra da götürmüşdülər – bütün dini qaydalara əməl edərək yerdən götürmüşdülər…

 

 

“Qazinin ayağı” hekayəsindən

 

–İndi də istəyirəm sözü hamımızın əzizi, dostu, vətənin layiqli, dəyərli oğlu…

–  Qısa elə, çox uzatma!

*

Sən kimsən əəə, mənə yazığın gəlsin?!

*

Ağdamda qoyub gəldiyi ayağı bəlkə də hansısa ac itin yemi olmuşdu.

*

Kənan hər ayağı üşüyəndə vətəni, vətəni düşünəndə ayağını xatırlayırdı.

*

Uşaq əzizləməyi bacarmasa da, xəyallarında ayağını qundağa büküb əzizləyirdi – ayağı da nə vaxtsa dünyaya göz açacaq uşağı kimi canından bir parça idi.

*

Hərdən fikirləşirdi ki, kaş itirdiyi ayağını özü ilə gətirə biləydi, onu haradasa  yaxınlarda bir yerdə basdırardı – istəyəndə gedib ayağının üstündə ağlayıb ürəyini boşaldardı.

 

“İngilisin iti” hekayəsindən

 

Amma Qəmbər bir ömür boyu anlamadı ki, xərcləmədikcə gəlir yeri də artmayacaq. Bu, ilahi qanun idi – səndən gələn keçmədisə, ölüsən deməkdir.

*

Qənbər üç aya ingilis dilini öyrənməli idi ki, öz vətənində işə düzələ bilsin.

*

Qəmbər artıq itin dilini bilirdi – ingilis dilini zillətlə öyrənmişdi. İtlərə baxıb, it zülmü ilə pul qazanırdı.

*

Qızlar sirli məxluqlardı – boylu-buxunlu Elmanın üzünə dünyanın düz vədəsində baxmasalar da, gəzdiridiyi eybəcər ingilis itlərinə görə onunla həmsöhbət olurdular.

 

 

“Ərzincan” hekayəsindən

 

Film bizə sevgimizin dəyərini xatırlatmışdı.

 

 

“Donmuş ilham pərisi” hekayəsindən

 

Üstümə hücum çəkən ideyaları iti qovan kimi beynimdən qovub, adam kimi rahat yaşamaq istəyirdim.

*

Qapıdan boylananda gördüm ki, vicdanımla ilham pərim sarmaşdolaş olub həyətin ortasında oturublar.

*

Vicdanımı məzəmmət edirdim – ay alçaq, ay insafsız, ay daşürək, sən bunları axşam niyə çöldə qoyurdun ki, onlar da ölsünlər?

 

 

“Sürpriz qız” hekayəsindən

 

Sükunət sadəcə yox idi – sükunətdə olan heç nəyə həyatında yer ola bilməzdi.

*

Yerə-göyə sığmayan Tanrını sərçə ürəyi kimi döyünən qəlbinə sığdırmışdı.

*

− Necəsiniz?

− Kəmşirin…

*

Həsən müəllim uşaqlıq yaşamamış, gəncliyində uşaqlığını, uşaqlığında oturuşmuş bir kişinin həyatını yaşamışdı.

*

Nə “Koroğlu” dastanının, nə “Tom Soyyerin macəraları”nın ləzzətini ala bilməmişdi – feodalizmi yaşamadan kapitalizmə keçən xalqlar kimi birdən-birə gəncliyə keçmişdi.

 

 

“Gözü ilə görən” hekayəsindən

 

Düşüncələrin heç bir sürəti yox idi. Düşüncələr hərəkətsiz, cismi susqun, hərəkət edən isə sadəcə əmrə itaət edən ayaqları idi.

*

Arvadı ilə oynaşını öz yatağında görmüşdü. Arvadı: Sən necə kişisən, görürsən ki, onun maşını həyətdədir, deməli evə gəlmək olmaz!

 

 

“Səriştəli fırıldaqçı” hekayəsindən

 

Kisə yuyucu toz əvəzinə qumla doldurulmuşdu. Aydın oldu ki, dava yorğan davasıymış. Amma pul cəhənnəm, o istidə kisəni çiynimdə daşıtdırdığına görə əlimə düşsə, indi onu öldürərdim.

 

 

“Səni pazı əkməyə göndərmişəm?” hekayəsindən

 

Camaatın valideyni yanına gələndən sonra komandir ona yaxşı baxır, məni isə atam gələndən sonra  qaupvaxta göndərdilər.

 

 

“Bayrağınızı gətirin!” hekayəsindən

 

“Polis gəlib atanı tutacaq” ifadəsi sovetdənqalma tərbiyənin nəticəsidi.

 

 

“Sonuncu qatar” hekayəsindən

 

Allah tərəfi, Aşuralarda Pıllı əmi başını pis yarmırdı.

*

Molla guruldamamış yağan, yağmamış kəsən yağışlara bənzəyirdi – ürəkdən ağladığı yerdə birdən-birə səsini kəsib, yenidən heç nə olmamış kimi söhbətinə davam  edirdi. O ağlamırdı – rolunu oynayırdı.

*

Tanrı Pıllının içməsini hansısa  bədniyyət hacının Həcc ziyarətindən daha əfzəl hesab edirdi.

*

Sonuncu qatarla Pıllı əminin sonuncu ümidi də öldü – o hadisədən sonra naxçıvanlılar hər yerə göylə getməyə başladılar.

 

 

Şəmil Sadiqin “Arvadsız kişi”si

 

 

On üç hekayədən ibarət kitab illərin sınağından keçmiş sevginin ön plana çəkildiyi “Mən ölmüşdüm” hekayəsi ilə açılır. Sonluq gözlənilməzdi – Əliqulu həyat yoldaşı Səkinənin ölümünə bircə gün dözə bilmir. Zeynəbin misalında ikiüzlü insanlar, Moll Vəlinin timsalında cəmiyyətin üzqarasını görmək mümkündü. Səkinənin ruhunun real həyatdakı insanların söhbətlərini eşitməsi, davranışlarına şahid olması əslində insançün uyarıdır – verilən həyatı dürüst yaşa. Təxminən keçən həftə “YUĞ” teatrında tamaşaya qoyulan Rövşən Ağayevin “13” dramındakı “Qocalıq insanın bu həyatdakı cəzasıdır” mesajı kimi. Kitabdakı uğurlu hekayələr sırasına “İngilisin iti”ni də əlavə edirəm. Müəllifin gəlmələrlə yerlilər arasında maraqlı paralellər aparıb. Bu müqayisələrin ironik üslubda olması hekayənin oxunaqlığını artırıb, mətnə bir şirinlik qatıb. “İki balon qızıl”da Bayramqulunun qisas almaqçün quraşdırdığı oğurluq səhnəsi fikrimcə natamam detektiv səhnədi. Təəssüf ki, müəllif sona qədər aparıb-çıxartmayıb. “Arvadsız kişi” hekayəsi bu kitabın adını daşıyacaq qədər məna yükü daşımasa da, epiqraflarlar çox uğurludu. Hətta epiqrafın hekayəsinin sonu ilə birə-bir səsləşməsini ayrılıqda kiçik bir hekayə kimi maraqla oxumaq olardı. “Ərzincan” hekayəsini müəllif tələsik işləyib. Başına gəldiyi, yaxud şahidlik etdiyi hadisə olduğu daha aydın hiss olunur – mətndə yorucu sinxronluq cizgiləri bir hekayə üçün çoxdu. Məncə, müəllifin könülsüzcə hekayənin sonunda uydurduğu hadisəni ön plana çəkib, işləmək daha yerinə düşərdi. “Donmuş ilham pərisi” İlhami Algörün “Fakat Müzeyen bu derin bir tutku” romanındakı qəhrəmanı xatırlatdı – yaşam tərzi doğmadı. Şairin özüylə, vicdanıyla, ilham pəriləriylə dialoqları düşündürücüdü – əslində o tənhadı, amma ailəsi bunu hiss etmir. “Pıllı əminin sərgüzəştləri” sərlövhəsi ilə verilən üç hekayə “Sürpriz qız” və “Səriştəli fırıldaqçı” hekayələri ilə müqayisədə daha maraqlıdı. “Gözü ilə görən”də gənc həyat yoldaşını başqa kişi ilə yataqda tutan Ustad obrazının arvadından eşitdiyi ittiham-tənbeh dəhşətlidi. Müəllif  “Sürpriz qız” hekayəsində Həsən müəllimin yaş fərqinin münasibətlərə, xüsusilə sevgililərin sonrakı aqibətinə baxış bucağını üstüörtülü izah etsə də, “Gözü ilə görən”də cəmiyyətdə – çox fərqlənən yaş mənsubları qadın və kişinin izdivacının fəsadlarına işıq tutur, sevgiyə qarşı yönəldiyi zənn edilən bu tabunu müdafiə edir. Və ən nəhayət “Qazinin ayağı” hekayəsi – bu kitab vahid süjet xəttinə malik olsaydı, heç şübhəsiz “Qazinin ayağı” kulminasiya nöqtəsi olardı. Ayrıca bir əsər olaraq da çox uğurlu hekayədi. Kənanın düşüncələri şəklində verilən təhkiyə düşündürücüdü, ibrətamizdi və bunların hamısının başında acı gülüşlə-əzabın ustalıqla verilmiş sintezidi. Fikrimi “Qazinin ayağı” hekayəsinin bir kitablıq məna yükünə bərabər abzasla tamamlayıram.

“Səhər Kənan yenə qara baxıb ayağını xatırlayacaqdı. Xatırlamaq ona yaman əyləncəli gəlirdi. Bu düşüncələr içində evə qayıtmağı fikirləşirdi ki, qapı açıldı. Bir nəfər salam verib maşına oturdu. “Ağdama sür”, – dedi, – bir az yaxşı sür. Qardaşımın ayağı maşın altında qalıb, əzilib. Kəsməyə hazırlaşırlar. Xahiş edirəm, təcili məni Ağdama çatdır”.

Kənan bunu eşidəndə gülümsəsə də, müştərisi hiss etmədi.

Və o, indi Ağdama ayağının dalınca gedirdi…

 

 

 

 

Bölmə : Ədəbiyyat