Sazın sirri; Roma papasına hədiyyəmiz saz olmuş…

78 Baxış

2998431-sazHələ sazbənd Rizvanın üzünü görməmişdim, amma adını saz-söz ustalarından çoxdan eşitmişdim. “Qopuz” dərgisini hazırlayıb nəşr etdiyim vaxtlar idi, hər zaman görürdüm ki, bizim sadəcə bir musiqi aləti deyə dinlədiyimiz, bizə böyük zövq verən saz- sənətkarlar üçünsə həm də “çörəkağacı” olan bu sinəsinə aldığı  sazı işgüzar bir şəkildə öz aralarında təhlil edir, qayğılarını bölüşür və inamla: usta Rizvana düzəltdirdim, -deyə tərifləyirdilər.

Usta Rizvan şəhərin Vağzalyanı hissəsində yaşayır. Öz evinin altı onun emalatxanasıdır, hələlik onun sənətinə, sazına yaraşmasa da daim sinə üstündə qərar tutan, köksdə çırpınan, ürəyin döyüntülərinə qoşulan, dost qədər munis, mehriban saz belə ağır iş şəraitində, zirzəmidə varanırmış. Nə bilim…Amma bildiklərim də vardı. Qəmbər Hüseynli heç günəş işığının da düşə bilmədiyi zirzəmi mənzilində yazmışdı “Mən səni gördüm ay işığında ” mahnısını. Dar, xəfə otaqlarda ərsəyə gələn romanlar, kitablar,monoqrafiyalar görmüşəm…

Saz məftunu aşıq Əli Quliyev də buradadır. Özünəməxsus hərarətlə: Sazbənd Xudu öləndə dedim, daha sazım sınsa nə edəcəyəm? Neynək, nə var bərəkət…Daha saznan bitirdik işi . Bu saz  sınanda, xarab olanda nə edəcəyik?!

Axı Rizvan “cənnət qapısının rizvanı, yəni keşikçisi” deməkdir. Bu mənə özümü xoş, nikbin ovqata kökləməyimə sabəb olur: vaxt olar, bu emalatxana da, qapıları da düzəlib qaydaya düşər, yarımqaranlıq dəhlizə işıq dolar. Usta özü deməsə də, əvvəlcədən bilirdim ki, sazın vurğunudur, əsl Göyçə balasıdır. Gəncə Kənd Təsərrüfatı İnstitutunu bitirib, doğma rayonlarında qarajda baş mühəndis işləyirmiş. Qaçaqaçdan sonra bu işə keçdim, – deyir. Bu belə oldu: bizim elli Pənah Quliyev (kimyaçı alim, şair, ancaq saz vurğunu) mənə məsləhət gördü ki, sazbənd olum, bu qədim sənətdi, gərəkli peşədir. Söhbəti sakitcə dinləyən ara-sıra danışığımıza qarışan Rizvan ustanın xanımı Ulduzun dili açılır, birdən uşaq vaxtı anam məni əzizlərdi: qızım, qızım, qız ana, qızımı verrəm ozana…Heç xoşum gəlməzdi. Amma elə anam dediyi çıxdı., ozana getdim. Sən demə, anam bəxtimi oxuyurmuş. Rizvan usta gülə-gülə: o vaxt ozan ha deyildim, ali təhsilli baş mühəndis idim. Bu da sənətdi də, sonra başladım, – deyə zarafta zarafatla cavab verir.

Mən bilirdim ki, Rizvan Azərbaycanın sazını yaşadanlardan biri olan, bu sazı dünyanın qarışıq vaxtı əldə möhkəm saxlayan Misgər Əlinin öz təşəbbüsünə və həvəsinə görə Qara şəhərdə açdığı saz emalatxanasında işləyib. “Rəhmətlik Hüseyn Arif tez-tez gələrdi yanımıza” – deyə o günləri xatırlayır Rizvan müəllim. Məndən əvvəl Xudu var, Qəzənfər var… Bayaqdan bəri dostların-tanışların onun işinə, sənətinə layiq təriflərini dinlədikcə ustanın sıxıldığı, utandığı üzündən sezilir, bu xoş sözlərin ağırlığının əslində onu narahat etdiyi aydın görünürdü. Odur ki, həmin an da təvazökarlıqla ustadlarını yad edərək: Mərhum Xududan çox şeylər götürmüşəm. Həmişə onu hörmətlə anıram. Ustanın düzəltdiyi sazları diqqətlə yoxlayır, öyrənirəm. Amma nə gizlədim, elə belə də qalmırdı, özüm də çox əlavələr, yenilrklər edirəm. Sanki bir mühəndis kimi daha ciddi yanaşırdım, sazı daha da təkmilləşdirməyə çalışırdım.  Məndən soruşurlar: Xudu necə ustadı? Deyirəm, Xudu usta deyil, usta onun uşaqlarıdır. Xudu özü ustaddır.

-Hər ağacdan saz olur? – deyə söhbəti onun öz əllərilə yaratdığı sazların üstünə
gətirirəm.

- Yoox, yaxşı saz tutdan, qolu da qoz ağacından olur. Saza bu gün tələbkarlıq çoxalıb, maraq artıb. Görürsən, gitar çalan da onu qoyub bir yana, saz istəyir.

Eşitmişdim ki, Roma Papası Bakıda olarkən ona sazbənd Rizvanın hazırladığı saz bağışlayıblar. Bu necə oldu? – deyə ondan soruşduqda usta: Ona Azərbaycanın öz sənətinin yadigarlarından vermək istəyirlər, gəlin ona saz bağışlayaq, deyirlər. Gəldilər,  vaxt yox, imkan yox.  Elə beləcə məndə sadə, siyah bir saz vardı, aldılar, götürüb onu hədiyyə etdilər.

Ustanın əlində hələ dilsiz olan taxta parçalarına baxıram, onların bağlandıqdan sonra lal həsrətləri, fəryadları tüğyana gətirəcəyini göz önünə gətirmək o qədər də çətin deyil mənimçün. Dilimdən bir sual qopur (yəqin daha bəsitini fikirləşmək olmaz, amma daha ağzımdan çıxıb, neyləyim): Sazı çox sevirsiniz? – Xəfifcə gülümsəyir: necə sevməyək, dədəmizin (yəni atamızın) toyu saznan olub. Doğrudan da sazı necə sevməyim, axı dədələrimizin toyu saznan olub.

Göyçədə evimiz gəlli-getdi olub. Aşıq İmran, Əkbər, Göyçəli Hacı Bayramov, Fətullah aşıq, Mahmud (həm də aşıq İmranın qaynı) bizdə qalıblar dönə-dönə. Əmim Zərbalı Qurbanov Amasiya rayonunda 1- ci katib işlədiyi vaxt imiş. Həmin rayonun özfəaliyyət kollektivləri rayonları gəzə-gəzə bizə gəlib çıxıb. Bizim kəndə, yəni öz katiblərinin kəndinə. Kolxozun da sədri Qannı Qasımov (mənim təəccübümü anlayıb: hə, hə, adı Qannı idi, elə özü də qannı, əzazil adam idi-deyir) konsertə icazə verməyib ki, məhsul yığımı gedir, konsert vaxtı deyil. Dədəm bu kor-peşiman qalan artistləri öz evimizə qonaq çağırdı. Öz 25 metrlik eyvanımız döndü oldu konsert zalı.

Dədəm aşıq sevən olub. Qırx il kolxoz sədri işləyib kənd Qaraqoyunluda. Çox da əhvallı kişi olub. O vaxt bu aşıqlar qalifeyi şalvarda, yaxası düyməli, beli kəmərli yığcam, səliqəli geyimdə, papaqlı olardılar. Uşaqlıqda Aşıq İmran bizə gələndə görmüşəm, oxuyanda ayağını yerə bərk vurardı. Danışmağa əhvalat çoxdur, qurtaran deyil:

Aşıq Hacının qoca vaxtı imiş, aprelin 1-də aldadıb göndəriblər konsert adına Basarkeçərə. Atam üstünü vurmayıb, ona geri dönməyə at verib. Aşıq da minnətdarlıqla: gedim evə çatım, qaytararam atı, – deyir. Atam da ona: min get, qaytarma, bu atı verdim sənə. Aşıq sonra danışarmış ki, elə sevindim ki, az qaldı öləm. Mindim atı, papağımın dalını qaldırıb şəstlə oturmuşam, sürürəm o başa, bu başa.

Atam da ona: Hacı, səni aldadıb bura göndərmişdilər, pərt olasan. İndi dön kəndə at üstə get, özünü sındırma.

…Evin kiçiyi Nicat sazını gətirir. Ata, imtahanda bu havaları çalacağam “Divani”,
“Dilqəmi”… Sən bizə indi “Divani” çal,- deyə Rizvan müəllim stulunu ona yaxınlaşdırır.
Nicat divanda yerini rahatlayır, əsl aşıq ədasıyla mizrabı yönlədir, çalmağa başlayır. Sazın sədaları
axşamın sakitliyində xəfif mart ruzigarına qarışır. Şəhərə çökməkdə olan bayram
axşamının dadını, ləzzətini könüllərə köçürə-köçürə…

Prof.dr. Minaxanım Təkləli

 

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10