Şeirlər – Hüseyn Cavid

42 Baxış

photo_6585

MƏNİM TANRIM

Hər qulun cihanda bir pənahı var,
Hər əhli-halın bir qibləgahı var,
Hər kəsin bir еşqi, bir ilahı var,
Mənim tanrım gözəllikdir, sеvgidir

Həzz еtmədim firqədən, cəmiyyətdən,
Zеvq alamam hərbdən, siyasətdən,
Bir şеy duymam fəlsəfədən, hikmətdən,
Mənim ruhum gözəllikdir, sеvgidir.

Gözəl sеvimlidir, cəllad olsa da;
Sеvgi xoşdur, sonu fəryad olsa da;
Uğrunda bənliyim bərbad olsa da,
Son dildarım gözəllikdir, sеvgidir.

Gözəlsiz bir gülşən zindana bənzər,
Sеvgisiz bir başda əqrəblər gəzər,
Nə görsəm, hanki bəzmə еtsəm güzər,
Həp duyduğum gözəllikdir, sеvgidir.

QADIN

Qadın, qadın?! Onu duymaq, duyurmaq istərkən
Yaxar düşüncəmi bir şölə, bir zəhərli dikən.
Bütün həyatı çiçəkləndirən fəqət o… niçin,
Niçin əzilsin o, bilməm niçin sürüklənsin?!
Qadın-günəş, çocuq-ay…nuru ay günəşdən alır,
Qadınsız ölkə çapuq məhv olur, zavallı qalır.
Qadın əlilə fəqət bəxtiyar olur şu cihan.
O bir mələk… onu təqdis edər böyük yaradan.
O pək sevimli, gözəl, incə, nazlı bir xilqət,
Onun ayaqları altındadır fəqət cənnət:
Qadın gülərsə şu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək.

GET

Bəni anlatma ki eşq, aləmi-sevda nə imiş?
Bilirəm bən səni, get! Hər sözün əfsanə imiş.

Get, gülüm, get, gözəlim! Başqa bir aşiq ara, bul!
Duydum artıq sənin eşqindəki məna nə imiş!.

Bivəfasən, mələk olsan belə uymam daha, get!
Kim ki uymuş sana, könlüm kibi divanə imiş.

Yetişir, get! Bəni qəhr eyləmə, tərsa qızı, get!
Anladıq şəfqəti-ayini-məsiha nə imiş!

Səni bir sadədil, azadə mələk sanmış idim,
Neyləyim! Ah, könül ruhuna biganə imiş.

Səni təqsir edərək bir daha sevməm əsla,
Nə imiş sanki bu eşq?!Aşiqi-şeyda nə imiş.

Aləmi-zevqi-səfadan bana bəhs etmə,saqın
Bildik artıq bu cahan mülkü nə viranə imiş

***
Olubdu qəlbimə hakim mənim məlali-vətən,
Başımda şur ilə məskən salıb xəyali-vətən.

Vətən, vətən deyərək hər diyarə səs salıram,
Düşərmi bircə dilimdəm mənim məqali-vətən?

Vətən məhəbbətini əmr edibdi peyğəmbər,
Xoş ol kəsə ona həmdəm olub vüsali-vətən…

Neçün şərafətini, fəxrini verib əldən,
Bu qədər yurduna biganədir ricali-vətən?

Ürək dolubdu nədən, sanki qan piyaləsidir,
Tapıbdır əksini qəlbimdə bəlkə hali-vətən?

Zəmanə ötsə də möhnətli, qanlı qəlbimdən,
Əminəm, heç də silinməz bu ibtizali-vətən.

Tərəhhüm eylə mənə hühudi-səba, çatdır,
Səlamımı eşidə bəlkə növnəhali-vətən.

Gərəkdi əzm ilə, hümmətlə ittihad etmək!
Sizinlə bağlıdır iqbalü həm zəvali-vətən.

Əgər sual edələr – Cavidin xəyalı nədir?
Deyin həqiqəti, ancaq olub maali-vətən.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10