Şeirsiz günlərim – adidən adidir

66 Baxış

chingiz

Çingiz Əlioğlu

 

Əsir payız küləyi,

Uçur qızıl yarpaqlar.

Hər xəzəldə qazılı

Bir xətt misra, qəzəl var.

 

Mən o gizli yazını

Zərrəbinsiz oxudum.

Payızın nəğməsini

Qızıl sapla toxudum.

 

Sinəm – sözün zəngini,

Kuzəm zərlə doludur.

Qoy çalsın son zəngini

Ömrüm ziya yoludur.

 

Ziyam – ziyansız ziya,

Zülmətdə saplanan nur!

Zülm etmişəm özümə,

Zillətdən qazanc budur.

 

 

Özüməm söz kankanı,

Ərinib–əzinmirəm.

Üzünüzə açıqdır

Dürr dolu söz xəzinəm.

 

 

Boz ay

Kirpiyim ağarıb, bəbəyim qonur,

Yaşaran gözlərim şaxtada donur.

Ələnə-ələnə qar da yağanda

Bozarmış, pırtaşıq qaşıma qonur.

 

 

Ömrün dörd fəslini yaşamış insan

İçdən az-çox təzə zahirən qartdır.

Aylar da mənimçün dəyişmir, inan,

Ruhumda, canımda daima martdır.

 

 

Gah yağış, gah da qar, çox vaxt duman-sis,

İtir qalan rənglər hər şey bozarır.

Bozdara bu ara fikir versəniz,

Qapının iti də üzə bozarır.

 

 

Martın düzgün adı boz ay, Novruzdur,

Başqa bir ad mənim eynimə gəlmir.

Yanvarın, fevralın donu ki bozdur

Buz libas, zor deyil, əynimə gəlmir…

 

…Xatirə sozalır, yaddaş külünün

Hərdən bir işartı saçmağı vardır.

Yaxşı ki, boz ayda novruzgülünün

Dəyişməz qaydada açmağı vardır.

 

 **

 

Ruhum –

Şeir vahəsidir.

Tənim –

Ruhun bir ömürlük icarə sahəsidir.

Şeirsiz günlərim –

Adidən adidir.

Poeziya –

Ruhumun ölçü vahididir.

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10