“Şekspir” tamaşası – Akademik Milli Dram Teatrında nümayiş olunacaq

2 Baxış

123Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı Elçinin “Şekspir” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunacaq.

Mədəniyyət və Turizm nazirliyinə istinadən Senet.az saytı xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Kişineudakı Ejen İonesko adına teatrın yaradıcısı və rəhbəri, Avropanın bir çox teatrlarında tamaşalar hazırlamış rejissor Petru Vutkereu, tərtibat rəhbəri xalq rəssamı, dövlət mükafatı laureatı Nazim Bəykişiyev, quruluşçu rəssamı Ramin Bəykişiyev, musiqi tərtibatçısı Həmid Kazımzadə, rejissor assistenti Dilbər İsmayılovadır.

Səhnə əsərində əməkdar artistlər Ayşad Məmmədov, Mətanət Atakişiyeva, Elşən Cəbrayılov, Aslan Şirinov, Şəlalə Şahvələdqızı, Elşən Rüstəmov, aktyorlar Pərviz Bağırov, Nigar Güləhmədova, Anar Heybətov çıxış edəcəklər.

Tamaşanın süjeti belədir: ruhi-əsəb klinikasındakı pasiyentlərin hər biri öz xəyali qurduğu dünyada yaşayırlar. Ər-arvad daim öz ikili təbiətinin problemləri ilə baş-başadır. Stalin bütün günü törətdiyi əməllərin peşmançılığını çəkir. Sara Bernar hər dəqiqə özünü səhnədə təsəvvür edir.

Tamaşa Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Akademik Milli Dram Teatrının təşəbbüsü ilə həyata keçirilən, GUAM ölkələrinin teatr əməkdaşlığını nəzərdə tutan “GUAM-ın teatr məkanı” layihəsinin tərkib hissəsidir.

 

Bölmə : Teatr