“Semiotika” elmi

52 Baxış

 Semiotika

Semiotika müasir nəzəri fikirdə ən çox işlənən termin­lərdən biridir. Məsələnin mahiyyətini bilən də, bilməyən də semiotik təhlildən söhbət açır, bəzən apaydın bir poetik parça semiotika prizmasından elə araşdırılmaya cəlb olunur ki, gün kimi aydın bir mətn semiotika buludunun, dumanının arxasında itib-batır, görünməz olur. “Postmoder­niz­min yolu semiotikadan keçir” fikri bu və ya digər şəkildə təkrarlanır və buradan belə qənaət hasil olur ki, semiotik düşüncə posmodern təfəkkürə yaxınlaşmaq vasitəsidir.

Bəs nədir semiotika, onun özəllikləri və nəzəri-estetik prinsipləri nədən ibarətdir? Semiotika yunan mənşəli söz olub, mənası işarə, əlamət anlamına gəlir. Semiotika məhz təbiət və cəmiyytdəki işarələr, işarələr sistemi, simvollar haqqında elm olsa da, bu simvollar əslində insani münasibətləri öyrənməyə yönəl­mişdir. Elə buna görə də çox zaman bu elmə metodoloji prinsip kimi yanaşılmış, hətta semiotikanı “nəzəriyyənin beynəlxalq dili”, “metodlar metodu” adlandıranlar da olmuşdur.

Yalnız “interpretasiya edilə bilən, mənası olan strukturlarla maraqlanan” semiotika strukturalizmlə eyniyyət təşkil etmir: “Semiotik strukturlar formal strukturlardan onunla fərqlənirlər ki, onlar ikilidir, sanki iki strukturun supervəziyyətidir: bir tərəfdən, ifadə strukturları (səslər, xətlər, rənglər), digər tərəfdən məzmun strukturları (məna). Ifadə və məzmun strukturu arasındakı əlaqə semiotik əlaqə adlanır. Bu səbəbdən semiotika təkcə təbii deyil, həm də digər dilləri tədqiq edən elmdir”.

Elmi mənbələrdə semiotikanın bir elm kimi XIX əsrin sonlarında təşəkkülü, XX əsrin əvvəllərində formalaşması haqqında məlumat verilir. O da diqqətə çatdırılır ki, hələ XVII əsrdə Con Lok semiotikanın mənasını anlamış, məhiyyəti işarələr vasitəsi ilə digərlərinə ötürmə mexanizmini hazırla­mağa cəhd göstərmişdir. Semiotika elminin banisi isə amerikan filosofu Çarlz Senders Pirs (Charles Sanders Peirce, 1839-1914) və isveç linqvisti Ferdinand de Sösür (Ferdinand de Saussure, 1857-1913) hesab olunur. Pirs bu məsələ ilə bağlı ayr-ayrı məqalələr yazsa da, nəzərdə tutduğu fundamental bir tədqiqat əsərini tamamlayıb başa çatdıra bilməmiş, yalnız 1930-cu ildə alimin arxivi çap olunandan sonra onun işarələr sistemi haqqında fikir və mülahizələri geniş rezonans doğurmuşdur. Sösür isə bu məsələ ilə bağlı heç nə yazmamış, yalnız tələbələrinə mühazirələr oxumuş, onun mühazirə mətnləri çap olunandan sonra bu görkəmli alimin semiotika haqqında fikir və mülahizələri ictimaiyyətə bəlli olmuşdur.
Ç.S.Pirsin fikrincə, intuisiya mühüm əhəmiyyət kəsb etsə belə, hər şeyə qadir deyil, o, yalnız özündən əvvəlki biliklərə istinadən hər hansı bir mülahizəyə, qənaətə gəlməyə imkan verir. Əşyaların zahiri görkəmində onun mahiyyətinin müəyyən işartıları, cizgiləri, əlamətləri görünməkdədir. Biz bu cizgilərin, işarələrin köməyi olmadan düşünə və fikirlərimizi şərh edə, əsaslandıra bilmərik.

1923-cü ildə alman filosofu E.Kassirerin fəlsəfənin simvolik formaları haqqında üçcildlik əsəri çap olunmuşdur. XX əsrdə semiotika çox fərqli istiqamətlərdə inkişaf etmişdir. Sovetlər birliyi vaxtında ölkədə iki böyük semiotik mərkəz fəaliyyət göstərmişdir. Moskvada V.V.Ivanov, V.N.Toparov, V.A.Uspenski, Tartuda isə Y.M.Lotman, B.M.Qasparov və başqaları bu elm sahəsi ilə müntəzəm məşğul olmuş, semio­tikanın mahiyyəti, onun nəzəri-estetik prinsipləri haqqında mühazirələr oxumuşlar.

Əvvəlcə Tartu universitetində tələbə olan, sonra uzun müddət həmin universitetdə semiotikadan mühazirələr oxuyan E.Qornının “Semiotika nədir?” sulına cavabı maraq­lıdır. Alim etiraf edir ki, uzun illər bu sualın cavabını axtaran­da gördüm ki, ona cavab vermək o qədər də asan iş deyilmiş. Anladım ki, heç kəs dəqiqliklə semiotikanın nə olduğunu, nə ilə məşğul olduğunu deyə bilməz. Semiotika nəsə filologiya ilə fəlsəfə arasında qərar tutan bir elm sahəsidir. Semiotika işarələr və ya işarələr sistemi haqqında elmdir. Onun özünün konkret, spesifik tədqiqat obyekti olmasa belə, semiotikanın işarələr və işarələr sistemi vasitəsi ilə bütün əşyalara, predmetlərə, hadisələrə nəzər salıb onları dəyərləndirmək mümkündür. Ancaq əşyalar və onları simvollaşdıran işarələrinin, rəmzlərinin hüdudlarını müəyyənləşdirmək o qədər də asan məsələ deyildir.

A.A.Vetrovun “Semiotika və onun əsas problemləri”, Y.S.Stepanovun redaktəsi altında çap olunan “Semiotika: antologiya”sında (2001), S.B.Qrinevin “Semiotikanın əsas­ları” (2000), Q.Ferqenin “Məntiq və məntiqi semantika” (1968), Y.M.Lotmanın “Semiosfera” (2000), “İnsanlar və işarələr” (2010) əsərində məsələnin geniş elmi şərhi verilmişdir. Bu problemlə daha dərindən maraqlananlar həmin əsərləri oxusalar çox şey öyrənə bilərlər.

Semiotika nəzəriyyəsi ilə daha ardıcıl, sistemli məşğul olan filosoflardan biri də U.Eko olmuşdur. Onun “Olmayan struktur” (1968), “Məmnunluq formaları” (1971), “Semiotika nəzəriyyəsi” (1975) əsərlərində semioteka nəzəriyyəsi dərindən əsaslandırılmış, bir sistem halına gətirilmişdir. Alimin Boloniya universitetində semiotika kafedrası açdır­ması, Semiotik Tədqiqatlar Beynəlxalq Assosiasiyasının ilk prezidenti olması, bu görkəmli mütəfəkkirin təşəbbüsü ilə Milanda dünyanın ilk semiotika konfransının keçirilməsi, ilk semiologiya jurnalının (“Versus”, 1971) əsasının qoyması göstərir ki, U.Eko bu məsələyə olduqca böyük önəm ver­mişdir. “Eko üçün semiotikanın obyekti kommunikasiya prosesi kimi anlaşılan bütün insan mədəniyyətidir. Mədəniy­yətin bütün təzahürlərinə yeganə giriş açarı hər cür ünsiyyətin kod xarakterli olmasıdır”.

Alimin fikrincə, məna yükü olmayan işarə, rəmz yoxdur. Elə buna görə də bütün işarələrin, rəmzlərin, kodların alt qatında ideologiya gizlənir. “İşarə qanunları mədəniyyət qanunlarıdır” deyən U.Eko öz fikirlərini əsaslandırmağı bacarır. Kütləvi mədəniyyəti semiotika vasitəsilə şərh etmə­yə çalışan U.Ekonun hazırladığı oxucu-mətn-müəllif konsep­si­yası müəllifi postmodernizmin astanasına gətirib çıxarır.

Əşyalar və onların mənasını ifadə edən işarələr, sözlər arasında mütləq eyniyyət tapmaq çətindir. Sözlər, işarələr əşyanın mahiyyətini tam şəkildə ifadə etmək gücündə deyildir. Sözlər əşyanın mahiyyətinin yalnız müəy­yən cəhət­lərini, cizgilərini əks etdirə bilir. Bu mənada mahiyyətin mütləq təzahüründən, dünyanın mütləq dərkin­dən söhbət belə gedə bilməz. Insan zəkasının hüdudları Allahın ərazi­sinə daxil olmaq, sirlərin, ecazların mahiyyətinə nüfuz etmək gücündə deyil. Semiotika məhz bu tipli məsələlərin, adi gözlə görünməyənlərin, adi qulaqla eşidilməyənlərin dərkinə və şərhinə can atır. Semiotika işarələrdən və ya işarələr sistemindən kənarda baş verən­lərin mahiyyətini bütünlükdə şərh etmək gücündə deyildir.
Semiotik düşüncənin kəsəri insanın həyat təcrübəsi, biliyi, istedadı, psixoloji durumu, hadisələrdən nəticə çıxar­maq qabiliyyəti, yaradıcı insanın analitik təfəkkürü ilə sıx surətdə əlaqəlidir. Əslində “sözlərlə onların bildirdiyi maddi şeylər arasında bağlılıq yoxdur. Sözlər maddi şeylərin işarə­sidir”. Yazıçı dünyanı özü dərk etdiyi kimi, özü gör­düyü kimi təsvir etməyə çalışır, elə buna görə də onun təs­virləri çox vaxt obyektiv səciyyəli olmur, subyektiv düşün­cənin məhsulu kimi meydana gəlir. Ona görə ki, bədii söz dünyanın, hadisələrin mahiyyətini tam açmaq gücündə deyildir. Məna təkcə mətndə yox, həm də onu oxuyan şəxsin yaddaşında gizlənir. Ancaq bütün bunlara baxmayaraq yazıçı dünyanın dərki üçün oxucuyu kömək edir, onu təsvir etdiyi məkana aparır, ancaq gidlik-ekskursavodluq missiyasını axaradək yerinə yetirə bilmir. Çünki məlumatlı oxucu öz yaddaşındakı informasiyaya istinadən hazır təqdimatdan imtina edir, məsələnini mahiyyətini bir az fərqli şəkildə təsəvvüründə canlandırır, yazıçının hər hansı bir obyekt, hadisə haqqında cizgilərini öz təxəyyülü ilə tamamlayır.

Semiotikanın əsas prinsiplərindən biri də linqvistik terminlərin əhəmiyyətinin daha da genişləndirilməsi ilə əla­qə­lidir və hər hansı bir predmetin, hadisənin mahiyyətini açmaq onlara metoforik yanaşma tələb edir. Ona görə ki, “hər bir yaddaş bənzətmə, epitet prinsipi ilə işləyir. Xatırlama və tanıma prosesi indiki zamanda görülən (seyr edilən) şeyin əvvəl görülmüş şeyə oxşadılmasıdır”.

Əsas məsələlərdən biri də ondan ibarətdir ki, semio­tikanın işarələr və ya işarələr sistemi haqqında elm olması qənaəti təkcə dinləyiciləri deyil, bu tərifi verənlərin özünü də tam təmin etmir. Semiotiklər elmi təhlillər zamanı özlərindən əvvəl yaradılmış işarələrdən, kodlardan, bu mövzu ilə bağlı digər alimlərin fikir və mülahizələrindən və s. istifadə edirlər. “Semiotika odur ki, özlərini semiotik adlandıran insanların özlərini də semiotika adlandırırlar”. Semiotika mətnə daha geniş mənada, bir neçə pirizmadan baxıb onu dəyərlən­dirməyi tələb edir. Hər hansı bir işarə, rəmz intellektul bazası zəngin olan insanı düşüncə­lər məcrasına sala bilir. Beynin­dəki informasiyanı sistemləş­dir­məyi bacarmayanlar üçün isə işarələr, rəmzlər o qədər də əhəmiyyət kəsb etmir. Bu mənada işarələr, rəmzlər sehrli bir açar rolunu oynayır. Ağıllı adam onunla xəzinənin qapısını açmağı bacarır, düşüncəsiz adam üçün isə həmin açar adi bir əşyadan başqa heç nə deyildir. Semiotika müəyyən mənada ağılın, düşüncənin dərəcəsini, onun hüdudların göstə­rən elm sahəsidir və insan psixologiyası, insan təxəy­yülü ilə sıx surətdə əlaqəlidir. Düşüncə olduqca vacibdir, lakin o, insanın həyatına, məişə­tinə təsir göstərmək gücündə deyilsə, o qədər də əhəmiyyət kəsb etmir.

Semiotikada vahid mətn ideyası ön plandadır və belə hesab olunur ki, bütün dünyadakı hadisələr bir-biri ilə əlaqəli olduğu kimi bədii mətnlər də bir-birindən törəmədir. Ona görə də semiotik təhlil zamanı təkcə mətnin yox, onun doğurduğu təəssüratı da nəzərə almaq vacibdir. Çətinlik burasındadır ki, eyni mətn onu oxuyan bütün adamlarda eyni təəssürat doğurmur.

KÖŞƏ YAZARLARI
TOP 10