Senet.az-da yeni layihə – “Şəxs əvəzliyi”

290 Baxış

 

alimqasimovSenet.az yeni – “Şəxs əvəzliyi” layihəsinə start verir. Bu layihədə məşhur insanlar şəxs əvəzliklərinə uyğun olaraq sualları cavablandırır. İlk qonağımız məşhur muğam ustası Alim Qasımovdur.

 

I hissə

– Alim müəllim üçün vətən nə deməkdir?

– Mən demək olar ki, dünyanın 70%-ində olmuşam. Bir həftə, on gün sonra artıq mən, yenə öz torpağıma, öz evimə, öz yaşadığım yerə qayıtmaq istəmişəm. Yəni insan bir göyərçin tutub, onun ayaqlarını bağlasa, beş gün saxlayıb, sonra uçursa, o, öz yuvasına qayıdar. Demək Allah da bizi belə yaradıb. Yəni orda bir bağlılıq, insanın görmədiyi bir harmoniya var ki, sən özünü orda rahat hiss edirsən. İnsan yaşadığı yerə həmişə qiymət qoymalı, doğulduğu yerə hörmət etməlidir. Allah məni burada xəlq eləyib və mənə bu torpağı qıyıb, mənim borcum onu sevməkdir. Ondan sonra da yavaş-yavaş o torpaq insanın babalarının, dədələrinin, analarının dünyasını dəyişdiyi yer olur. Babaların torpağı, nəvələrin torpağı, yəni get-gedə bu torpaq əzizləşir, müqəddəsləşir və  Vətənə çevrilir.

Elə adam ola bilər ki,  onun üçün günü harada xoş keçirsə, oranı  Vətən saysın. Bunlar hamısı  xasiyyətlə bağlı şeylərdir. Onlar üçün vətən anlayışı xüsusiyyətlərinə bağlıdır. Yəni xasiyyətindən irəli gələrək, ola bilsin ki, harada ona xoşdur, harada ömrü xoş keçir, hara rahatdır orada da o məkan salıb, yaşaya bilər. O xasiyyətdə adamlar var. Mən demirəm ki, belələri çoxdur. Müəyyən qədər elə adamlar var. Elə adamlar da var ki, vətənindən ayrılıb gedib, başqa yerdə yaşayır. Amma o artıq onlar üçün vətən sayılmaz, yaşadıqları yer sayılar. Vətən ayrı şeydir! Vətən müqəddəsdir!

 

– Alim müəllimə görə muğam, sənət nə ifadə edir?

– Necə camaat işə girir, bir tikə çörək qazanır, məndə elə o cür başlamışdım. Amma artıq bu sənət mənim bütün ailəmi, vətənimi, özümü, xalqımı bürüyəndən, onu tərənnüm edəndən sonra  həyatımın demək olar ki, aparıcı qüvvələrindən biri olub. Artıq o mənim üçün həm mənəvi qida, həm ilham pərim, həm də hava, su kimidir. Muğam özü bir sənətdir. Bu musiqinin daşıyıcısıdır. Eləsi var bu sənəti dolanışıq qapısı kimi görür. Eləsi də var ki, özünü onsuz görə bilmir. Onu həyatının bir hissəsi kimi qəbul edir. Yəni sənətsiz dura bilməz. Bu cürbəcürdür. Buna konkret iki vur iki demək olmaz, əsasən, içdən gələn istəklə, xasiyyətlə bağlıdır.

 

–  Sizcə, bizdə muğama maraq əvvəlki illərdə mi, müasir dövrdə mi çoxdur?

 

– Bu folklor musiqisidi, bizim klassik musiqimizdi. Qulağımız eşitdiyi ana laylasından tutmuş, Quran ayələrindən tutmuş, həyatımızın demək olar ki, qulaqla eşitdiklərimizin, mənəvi musiqilərin, aparıcı bir qüvvəsi olduğuna görə bu məsələ enişli-yoxuşludu. Bir gün, gün çıxır, bir gün, yağış olur, bir gün, qar olur, amma bu həmişə olub, olacaq da. Ona görə də televizorda, radioda konsert zalında muğam haqqında çox təqdimatlar gedir. Şou kimi qabarıq şəkildə görünmür, amma, necəki əsil sevgiyə az-az rast gəlinir, maraqlı tamaşaların tamaşaçısı az olur, muğamda da belədir. Muğamın tamaşaçısı bəzi pop, estrda musiqisi kimi külliyətlə ola bilməz. Necə deyərlər, zər qədrin zərgər bilər. Bu həmişə belə olub və belə də olacaq. Gənc nəsil bayağı musiqilərə önəm verir, amma zaman keçdikcə onlar da muğama üstünlük verəcəklər.

 


–  Son zamanlar Heydər Əliyev Fondunun muğama verdiyi dəstəyi görürük. Müxtəlif müsabiqələr təşkil olunur, sırf muğam istiqamətində işlər görülür. Sizin də müəyyən lahiyələrdə iştirakınızı görmüşük. Bütün bunları necə qiymətləndirirsiniz?

 

– Həmişə mən çox fikirləşirdim ki, bizim muğamdan başqa hər sahədə bir mərkəzimiz var. Tutaq ki, rəssamlara, bəstəkarlara, yazıçılara, nə bilim, digər sənət sahələrinə aid ittifaqlar var. Amma bir muğamın özəyi, beşiyi yoxdu. İndi şükürlər olsun ki,  muğam daşıyıcılarına, ağsaqqallarına, cavanlarına Heydər Əliyev Fondu mənəvi və maddi dəstək olur.  Mənə elə gəlir ki, muğam ifaçıları, musiqi ifaçıları özlərinə bir arxa-dayaq kimi Heydər Əliyev Fondunu götürüb və hamıda istəyir ki, birinci olsun. Çünki birinciyə, aparıcı qüvvəyə həm maddi, həm mənəvi xidmət edilir. O baxımdan bizim də elə bil ki, yiyəmiz, dayaq duranımız oldu. Ona görə xalq tərəfindən çox sevildi, qiymətləndirildi. Qocaman ifaçılarımızdan tutmuş, cavanlara qədər hər kəsdə bir dirçəliş oldu. Hamı öz sənətinə qiymət verməyə başladı. Bəzi adamlar artıq peşman olmağa başlamışdı ki, niyə mən belə ifaçı oldum, bu sənəti seçdim. Amma Heydər Əliyev Fondunun dəstəyindən sonra hamıda bir arxayınçılıq əmələ gəldi. Həm hökumətimizin, Prezidentimizin göstərdiyi yüksək qayğı, həm də Heydər Əliyev Fondunun bu işə gözəl təkanı muğamımıza dayaq oldu.  Məncə, artıq yetərincə muğam ifaçılarımız var. Hər kəs özünü göstərməyə çalışır.

 

Womadelaide 2013–  Bildiyimiz kimi bu il keçiriləcək Bakı-2015 Avropa Oyunlarında sizin də müəyyən istiqamətdə bir rolunuz var. Bu oyunların məhz Bakıda keçirilməyi sizə görə mühüm əhəmiyyət kəsb edirmi?

 

– Mənim nə siyasi baxışım, nə siyasi bir elmim var, nə də ki, bu boyda addımı mənim zövqümlə ölçmək  düzgün deyil. Amma mən onu bilirəm ki, nə qədər millət bura qonaq gələcək. O qonaqlar da bizim İnşallah insanlarımızdakı qonaqpərvərliyi, heç bir insandan fərqlənmədiyimizi görəcəklər. Onlar xoş hal ilə evlərinə qayıdandan sonra, Azərbaycan haqqında gözəl, xoş sözlər söylənəcəklər. Bu da bizim üçün həm böyük arealda tanınmaqdı, həm reklamdı, həm də bizə qarşı pis sözləri, pis fikirləri olanların ağzını yummaqdır. Azərbaycan xalqı pisdi, adam öldürəndi, haqqı pozandı deyənlərə qarşı bu oyunlar tərs sillə olacaq. Böyük bir şərəfdir ki, balaca bir ölkə bu boyda Avropa Oyunları keçirir. Burada çoxlu qonaqlar olacaq. Bu qonaqlar xoş qarşılanıb, xoş da yola salınacaq. Mənə elə gəlir ki, bu xalqın tarixinə yazılacaq hadisədir. Biz həmişə başqa ölkələrdə incəsənət, elm, idman sahəsində savadlı nümayəndələr görmüşük, amma indi İnşallah onların gəlib ölkəmizi görmələri bizim üçün böyük bir fəxarətdir.

 

– Məncə də elədir, haqlısınız. Bunu siz, biz belə düşünürük. Ancaq bilirsiniz ki, biraz başqa istiqamətə yönləndirənlər də olur. Bizimlə düşmən olan, hazırda Qarabağı işğal altında saxlayan ermənilər, onların maliyələşdirdiyi və yaxud da digər xarici qara qüvvələrin qurumları tərəfindən maliyələşənlər ölkəmiz haqqında pis, mənfi fikirlər formalaşdırmaqla məşğuldurlar. Məhz bunu necə qiymətləndirirsiniz?

 

– Düşmən mövqeyində olan insanlar, ölkələr, fərqi yoxdur, görüləcək hər bir  gözəl işdə paxıllıq, gözgötürməməzlik edər, hər bir şeydə nöqsan tapmaqda israrlı olarlar. Əsas məsələ odur ki, bizim bu gördüyümüz iş ürəyimizcə olsun. Ürəyimizcə qarşılayıb, ürəyimizcə yola sala bilək. Deyinənlər onsuz da olacaq. Onların ağzını yalnız mənəviyyatımızla, mədəniyyətimizlə susdura bilərik. Biz öz haqqımızı yalnız bu cür təsdiq edəcəyik. Yoxsa indi biz gedək kimsəylə dalaşaq, onun ağzını yumaq, bu cür biz heç yerə gedib çıxa bilmərik. Ancaq öz qanacağımız, öz məərifətimizlə onları susdura bilərik.

 

(Demək olar ki, burada da fikirlərimiz üst üstə düşür. Onsuzda kimin qəlbində paxıllıq varsa, mütləq bir nöqsan tapacaq).

 

Ürəyi istəyən hər kəs bir iş görsə, mənə elə gəlir ki, o vətənin alqışını almış olar. Prezidentin, Heydər Əliyev Fondunun gördüyü işlərlə yanaşı hər bir vətəndaş da nələrsə etməlidir.  Ən azından “bu pisdi, bu nədi?”  kimi sözlər onsuz da deyiləcək. Bu hər vaxt olub və indi də var. Adi bir qonşuda olan söz-söhbətlər, qonşunun qeybəti bu bizə məxsus olan bir şeylərdir. Yəni ona fikir vermədən sən öz işini haqq ədalətlə görməlisən. Xalq olaraq, biz sevinməliyik. Əgər kimsə buna sevinmirsə, deməli o vətəndaş deyil. Ölkənin uğuruna sevinmək lazımdır.

 

–  Alim müəllim, siz bir çox ölkələrdə olmusunuz. Hətta bəzi ölkələri daha yaxından tanıyırsınız. Olubmu ki, hansısa ölkədə konsert zamanı orada işğalçı ölkə olan Ermənistanın vətəndaşlarından kimlərsə iştirak etsin?

 

– Bəli. Elə bil, belə konsertlərə gedəndə öz kəndimizə gedirəm (gülür). Ermənilərə gəlincə isə bəli, onlar da iştirak ediblər. Gəlib qulaq asanları da, mərdimzarlıq edənləri də olub. Bizə, hətta hara gedirsiniz? Gəlin, aparım maşınla və bu kimi təkliflər edənlər də olub.

Yəni bu bir siyasətdir. Siyasət elə bir şeydir ki, o, qonşu ilə qonşunun, evdə ata ilə balanın arasına qan sala bilər. Siyasətin belə bir sifəti var. Ermənilərin də qəddarı, yaxşısı var. Onların da “müharibə olmasın, birgə yaşayaq, sülh içində yaşayaq” – deyənləri də var. Bunu qocaları da, cavanları da deyir. Hamısı elə deyək ki, əlinə silah alıb ömrü boyu vuruşmaq istəyir? Təbii ki yox. Nəinki azərbaycanlı, nəinki başqa xalq. Bütün siyasi dünyada bu dəqiqə hamı bir-birilə vuruşur. Bunu kim edir, niyə edir? Bunu siyasət və siyasətlə oynayanlar edir. Kimisi tapança satır, kimisi bomba satır, kimisi öz əsgərini satır. Bu siyasət çirkli bir alverdir. O alverə də biz bütün xalqı qarışdıra bilmərik. Xalq bu cürdür. Amma bir şey aydındır ki, bunlar bizimlə qədimdən düz gəlmirlər, düşməndirlər. Çox maraqlıdır ki, bir var qulaqla eşitsinlər, bir də var bunların qanlarına yeridiblər bizim düşmənçiliyimizi. Bununla biz nə edə bilərik? Ancaq gözəl tərbiyəmizlə, gözəl siyasətimizlə bu düşmənlərdən qorunmalıyıq. Təbii ki, onlar da siz dediyiniz kimi, konsertlərimizdə iştirak ediblər və Azərbaycanda dünya şöhrətli belə insanları gördükcə içlərində paxıllıq ediblər. Hətta bizi konsertlərə çağıranda deyiblər ki, siz bunlarda nə görmüsünüz? Bizlərdə də belələri var, onları dəvət edin.  Hətta bəzi yeməklərimiz var ki, onları öz adlarına çıxırlar, mahnılarımızı erməni bəstəkarların adlarına deyirlər. Onlarada bu cür paxıllıq var. Amma onlar anlamır ki, həmişə biz bir yerdə yaşamışıq. Bizim çörəyimizi yeyib, suyumuzu içiblər. Bundan əlavə bizim musiqimiz, bizim mədəniyyətimiz, demək olar ki, onların canına hopub. Bilirsiniz bu özgənin qayığına minib, qayıqçı ilə qayıq mənimdir deyə dava etməyə bənzəyir. (gülür).

 

 Söhbətləşdi: Elçin Əfəndi

Ardı var…

 

Bölmə : Manşet, Müsahibə
KÖŞƏ YAZARLARI
TOP 10