Sentyabr ayının ən çox satılan kitabları

137 Baxış

^43042E8B198A8A01485781A455E5CF5AF3F82D3BEE31C8B2E4^pimgpsh_fullsize_distr

2017-ci ilin sentyabr ayında “Hədəf” və “Xan” nəşrlərinin ən çox satılan kitablarının 10-luğu. Siyahını Kitabevim.az mağazalar şəbəkəsi təqdim edir.

1. Co Novaro, Marvin Karlins – “Bədən dili”

25 il FTB-nin əks-kəşfiyyat şöbəsində detektiv, ABŞ Xarici İşlər Nazirliyində məsləhətçi işləmiş Navarronun “Bədən dili” kitabı insanları müşahidə etmək və anlamaq marağınızı artıracaq. Çünki indiyə qədər fikir vermədiyiniz, diqqətinizi çəkməyən hərəkətlərin əslində insanın düşüncəsində, ürəyində nə olduğuna işarə verdiyini öyrənəcəksiniz. Bu isə təbii ki, həyatınızı, insanlarla münasibətlərinizi tənzimləməkdə köməyinizə yetəcək.

2. Məmməd Səid Ordubadi – “Qılınc və qələm”

Fəxrəddinin timsalında azadlıq fədaisinin, Nizami Gəncəvinin timsalında xalqına bağlı olan Azərbaycan ziyalısının, Qızıl Arslan simasında mübariz sərkərdə və ədalətli hökmdarın obrazı yaradılır. Eyni zamanda, Məhsəti Gəncəvi obrazı ilə də o dövrün ədəbi mühitində qadınların rolu və ümumiyyətlə, Azərbaycan ədəbiyyatında və mədəniyyətində qadına şəxsiyyət kimi verilən dəyər tərənnüm olunur.

3. Orhan Aras  – “Son cənnət”.

“Son cənnət” romanının axıcı dili, maraqlı təhkiyəsi, təsvirlərinin zənginliyi, danışılan əhvalatın sehri oxucunu ovsunlayır. Hicabdan xilas olmuş Aliyənin mübarizə əzmi oxucunu heyrətləndirir. Romandakı Can, Memo, Dilo kimi obrazlar əsəri zəngin ədəbi hadisəyə çevirir. Orhan Arasın Türkiyə, İran və Almaniya cəmiyyətlərinə açdığı pəncərədən boylandıqda, romanın cazibəsindən çıxmaq çətinləşir.

Müsəlman dünyasından çıxmış iki gənc Can və Aliyə cənnət  hesab etdikləri Almaniya cəmiyyətinin  əsil simasıyla rastlaşır. İranlı və türkiyəli iki ümidli gəncin arzuları gerçəkliklə toqquşur. Orxan Arasın usta qələmi bizi tanımadığımız aləmə aparır…

“Son cənnət” gənclərin son ümididir…

4. Teodor Drayzer – “Amerika faciəsi” (I cild)

Vaizlərin oğlu valideynlərinin yolu ilə deyil, nəfs yolu ilə gedir. Əxlaqı pozulur, namuslu həyat sürən məsum Robertanı yoldan çıxarır. Cəmiyyətdəki “yüksək təbəqənin” üzvlüyünü qazanmaq istəyi səbəbindən Robertanı öldürməklə nəticədə özünü də məhv edir. Yazıçı bu əsəri ilə Amerikanın sosial həyatının, kapitalizmin eybəcər və dəhşətli üzünü göstərmişdir.

5. Asəf Zamanov, Hökumə Əliyeva – “Özünü tanı”.

Vəsaitdə təqdim edilən test və tapşırıqlara cavab verərək özünü tanıya bilər, kim olduğunu bir daha görə, ailədə, cəmiyyətdə, şəxsi münasibətlərdə öz xarakterini aydınlaşdıra bilərsən.

6. Artur Konan Doyl (Şerlok Holms seriyasından) “Biskomb vadisinin sirri”.

Kitab məşhur ingilis yazıçısı, Şerlok Holms obrazının yaradıcısı Artur Konan Doylun altı hekayəsindən ibarətdir. Hekayələri oxucuya sevdirən obrazdakı məntiq zəkası, təhlil etmək bacarığı və dərin müşahidəçilik qabiliyyətidir.

7. Dmitri Qluxovski – “Metro-2033”

İl 2033. Nüvə müharibələrindən sonra xarabalığa çevrilmiş dünyada insan soyu az qala tükənib, radiasiya səbəbindən şəhərlər yaşanması mümkün olmayan hala gəlib. Xarabalıqlar arasında isə dəhşətli mutant varlıqlar dolaşır.

Fəlakətdən xilas olan bir neçə min insan isə yerin altına, dünyanın  ən böyük nüvə sığınacağı olan Moskva metrosuna pənah aparır. Bura bəşər övladının son qalasına çevrilir.

Yer altındakı insanlar üçün ən böyük təhlükə qaralardır. Onlar radiasiya şüalanmasından sonra Yer üzündə yeni bir canlı növü olaraq ortaya çıxıblar və vaxtaşırı yer altına hücum çəkərək, metroya sığınan insanları məhv edirlər.

Metroda stansiyalar kiçik dövlətlərə bölünüb. İdeologiyalar, dinlər, müxtəlif yaşama səbəblərinə görə bir araya gələn xalqlar formalaşıb. Duyğular öz yerini şübhələrə verib. Burada ancaq bir məqsəd var: nəyin bahasına olursa olsun, həyatda qalmaq.

Gənc Artyom tapşırıq alır ki, yaxınlaşan təhlükə barədə Moskva Metropoliteninin ürəyi sayılan “Polis” şəhərciyinə məlumat aparsın. Artıq metronun taleyi, bəlkə də bütün bəşəriyyətin taleyi Artyomun əlindədir…

Moskva metrosundakı sirri kəşf etməyə hazırsınızmı?

8. Qriqori Petrov – “Ağ zambaqlar ölkəsi”

Qriqoriy Petrov bu əsərində, bir neçə intellektualın bir araya gələrək necə Finlandiyanı “bataqlıqlar ölkəsindən” “Ağ zanbaqlar ölkəsinə” çevirməyi bacardıqlarını izah edib. Xüsusən də günümüzdə xalqımızdan və onun dəyərlərindən şikayətçi olub fəliyyət göstərməyən, “mən nə edə bilərəm ki?”, “heç nə mümkün deyil” deyən intellektuallarımızın, yazarlarımızın, düşünən insanlarımızın bu kitabı oxumasını istərdim. Çünki bu əsər, iradə və fəaliyyət olan yerdə hər şeyin mümkün olduğunu, bir neçə nəfərin kollektiv fəaliyyət göstərərək bir xalqı və dövləti necə inkişaf etdirə bildiyini faktlarla sübuta yetirir.

9. Hacı Zeynalabdin Tağıyev haqqında xatirələr.

Kitabda görkəmli xeyriyyəçi, mesenat, sahibkar Hacı Zeynalabdin Tağıyev haqqında onun müasirləri olmuş insanların xatirələri və oçerkləri toplanmışdır. Sağlığında “millət atası”, “müsəlmanlığın fəxri” adlarını qazanmış Hacı Zeynalabdin Tağıyevin həyat salnaməsini, onun sahibkarlıq və ictimai fəaliyyətini əks etdirən həmin xatirə və oçerklər bu böyük şəxsiyyətlə maraqlananlar üçün faydalı olacaqdır.

10. Hüseyn Nihal Atsız – “Bozqurdlar ölür, dirilir”

Bozqurdlar romanı daşıdığı məna yükü ilə türk dünyasının ortaq dəyəri olmağa layiq bir əsərdir. Bozqurdlardan bugünə qədər yalnız  Türkiyə türkləri istifadə etmişdi. Gələcəkdə isə Altaylardan Tunaya qədər bütün türk gənclərində Türklük, qəhrəmanlıq, böyüklük və millət atəşi xüsusilə bu əsərin qığılcımlarına tutuşacaqdır. Türklüyün gələcəyini quracaq olan Türk dünyasının gəncləri “Bozqurdlar”da çox şey tapacaqlar.

KÖŞƏ YAZARLARI
TOP 10