“Sevdim səni” – Həsənoğludan Pasternakadək – Cahangir MƏMMƏDLİ

28 Baxış

86554_dyyjz74zxj

Yazıçı, ədəbiyyatşünas, müəllim Pərvini ilk hekayələrindən və ilk kitabından tanımışam.

Haçansa bədii sözə bağlı dediyim fikri bu yerdə təkrar etmək istərdim: Mən (nə qədər qəribə görünsə də) bədii əsərin sənətkarlıq ölçüsünü onun elə ilk abzasından müəyyənləşdirirəm özüm üçün. Pərvini ilk hekayəsindən və ilk kitabından beləcə kəşf etmişəm və elə o çağdan da bu yazıçı – publisistin daimi oxucusuna çevrilmişəm. Amma bir iş də var: Pərvin əsərdən-əsərə, kitabdan-kitaba sürətlə püxtələşən bir yazıçıdır. İndi onun əvvəlki və mənim çox bəyəndiyim, haqqında ayrıca məqalə yazdığım “Qadın olmaq” kitabı ilə əlimdə olan sonuncu kitabını qəsdən və bir az da ədəbiyyata bələd adam kimi müqayisə edirəm və məni qəribə bir rahatlıq bürüyür: ilk kitabından gələcək uğurlarına çox böyük ümid bəslədiyim Pərvinin təzə çap olunmuş kitabı mənim haqlı olduğumu sübut edir. Bu kitab sevgi dolu bir mücrüdür. Kitabın adı da sevgiyə bağlıdır: “Sevdim səni”, Pərvini az-çox tanıyan hər kəs onun emosional bir esseist olduğunu yaxşı bilir. Və həm də bədii söz sənətinin nəzəri aspektlərini də çox yaxşı bilən müəllim Pərvin hər hansı bir mövzunun ifadəsində çox uğurlu janr seçimi etməyi bacaran sənətkardır. O, özünün bir  çox əsərində esseni bir janr kimi seçməklə, hətta mən cəsarətlə deyərdim ki, müasir ədəbi mühitdə ustad esseist kimi tanınmaqdadır.

Sənətkar duyğularının kövrək ifadəsi olan sənətkar esseni Pərvin öz yaradıcılığı üçün aparıcı format kimi qəbul etmişdir. Məsələn, yazıçının bundan əvvəlki “Qadın olmaq” adlı kitabı büsbütün esselər toplusu idi. Həmin yazıların hamısı Pərvinin çox etibar etdiyi “525-ci qəzet”də dərc edilmişdi və həmin esselərin hamısını mən bu qəzetin çox sevdiyim şənbə buraxılışlarında oxumuşdum. O yazıların hər biri, mübaliğəsiz deyərdim ki, janrın çox orijinal nümunələri idi. Təsadüfi deyil ki, sənət nümunələrinə çevrilən bir sıra esse müəllifi Anar Pərvinin “Qadın olmaq” kitabı haqqında belə bir səmimi fikirdədir: “Həmin kitabda Pərvin dünyanın bir neçə qeyri-adi taleləri olan qadından bəhs edir, hamıdan, hər kəsdən çox cəhətləri ilə ayrılan, inanılmaz dərəcədə fərqli ömürlər sürmüş qadınlardan söz açır. Bu qadınların müstəsna olmaları bir də ona görədir ki, onlar dahilərin ömürlərində misilsiz rol oynayıblar…”

Anarın da məntiqindən göründüyü kimi, Pərvin yaradıcılıq strategiyasında mövzudan tutmuş janra qədər maraqlı seçimi ilə fərqlənir. Bu seçim bütün hallarda ona uğur gətirir. Təkcə sevgiyə meyli mövzularda deyil, hətta, məsələn, Anar yaradıcılığı ətrafında yazdığı “Anar dünyası” adlı fundamental elmi-publisistik əsərindəki bölmələri də esse janrında qələmə almışdır. Qəribədir, hiss edirsən ki,  Pərvində sərlövhə hər şeydən əvvəl doğulur. Yəqin ki, yaradıcılığında hər bir obrazın duyğu məqamlarına çox önəm verən böyük ustad Anar haqqında qeyd etdiyim fundamental elmi-publisistik əsərin mütləq əvvəlcə sərlövhəsi doğulub: “Anar dünyası”. Yəqin həm də ona görə ki, Pərvin bir tədqiqatçı kimi Anar yaradıcılığını bir dünya hesab edir. Və onun gəldiyi doğru nəticə mütləq bu kitabı “Anar dünyası” kimi ortaya qoymalı idi. Və bir də sənətin, xüsusilə bədii sözün əbədi predmeti olan dünya o qədər duyğulu və o qədər bədii xislətli bir sözdür ki, bu sözün olduğu yerdə mütləq esse janrı seçilməli idi…

Essenin bir ədəbi janr kimi şəxsən məni özünə çəkməsinin bir neçə səbəbi sırasında bu formatın həm bədii ədəbiyyatda, həm də publisistikada eyni işləklik səviyyəsidir.Və Pərvinin əlimdəki “Sevdim səni” kitabı bədii sözün və publisistikanın sinxron təzahürü kimi məni özünə daha çox cəlb etdi. Pərvin qeyri-adiliyi sevən sənətkardır. Mən bu anda yenə də Anarın bir fikrinə qayıtmaq istərdim. Pərvinin əlimizdəki kitabına ön sözündə Anar bir daha Pərvinin “qeyri-adi qadınları”nı xatırladaraq belə bir həqiqət üzərində dayanır: “Qeyri-adi qadınlardan yazan Pərvinin bu kitabında isə müəllifin özünün də sevgi şeirlərinə, ümumən sevgiyə aid qeyri-adi (kursiv mənimdir – C.M.) düşüncələri, duyğuları əks olunub”. Kitabdakı esselərin qeyri adiliyi mövzu – format tapıntısı ilə bağlıdır: tələbələrinin bir müəllim kimi çox sevdikləri  (mən bunun şahidi olmuşam) Pərvin klassikadan tutmuş ən müasir şairlərimizədək (şairlərədək) hər kəsin poeziyasında özünü göstərən sevgi şeirlərinə yüzədək esse yazıb. Əlbəttə, ayıq oxucu, mütaliəli oxucu bu şairlərin və bu şeirlərin çoxuna bələddir. Və həm də bu şairlər və bu şeirlər bir sıra azman ədəbiyyatşünasların dərsliklərində, dərs vəsaitlərində, monoqrafiyalarında, ədəbi-tənqidin müxtəlif məqamlarında təhlillərə cəlb edilmişdir. Amma Pərvin qeyri-adi bir ideya düşünmüş və bu ideyanı gerçəkləşdirmişdir: bu sevgi şeirlərini esse interpretasiyasında sınağa çəkmək! Və bu sınaqda həmin şeirlər yeni təhlil bucağında oxucuya tamamilə yeni bir duyğu, yeni bir assosiasiya gətirmişdir.

Pərvinin kitabda toplanan 132 essesinin hər birinin çox orijinal sərlövhəsi var.

Esseyə çəkilən şeirlərin hamısı sevgi mövzusundadır. Lakin Pərvinin esse mövzusu kimi üzərində dayandığı bu şeirlər sübut edir ki, sevgi bənzərsiz bir duyğudur: bu dünyada hər sevginin öz duyğusu, hər sevginin öz kontenti var. Və Pərvin bu çoxçeşidliliyi çoxçeşidli esse dünyasına gətirmişdir. Esselərin hər birinin sərlövhəsi təhlil olunan şeirin mahiyyətindən doğur və o qədər qeyri-adi alınır ki, onu oxumamaq olmur. Mən bu yerdə ayrıca qeyd etmək istərdim ki,  Pərvinin çox gözəl sərlövhə düşüncəsi var. Əgər qəbul etsək ki, sərlövhə, lid, headline kimi elementlər oxucunu daha çox cəlb edir və oxuyub-oxumamaq bu elementlərdən çox asılıdır, onda Pərvinin istedadı ona çox böyük bir yaradıcılıq anı bəxş etmişdir. Bir də ki, Pərvinin şair və şeir seçimi! Əlbəttə, qədim klassikadan tutmuş müasirlərimizədək bütün şairlərdə ədəbiyyatın əbədi predmetlərindən olan sevgi mövzusu mövcuddur. Amma Pərvin bu şairləri və şeirləri çox sonalayaraq seçmişdir. Belə bir fakta çox inanıram ki, Pərvinin müraciət etdiyi şair və şeirlərin hamısı ədəbiyyat sevgisi ilə yaşayan hər kəsin ürəyincədir. Seçiminə sevgidəndir ki, Pərvin o şeirlərin hər birinə yazdığı esselərinin “preambulasında” bizi bu seçimə inandırır. Esselərin hər birində şairin və şeirin paralel təhlili var. Məsələn, kitabda birinci sırada yer alan (bu sıra əsasən tarix-xronologiya üzərədir) İzzəddin Həsənoğlunun şeirlərinə həsr olunan “Qışladım qapında itlərin ilə…” essesinin sərlövhəsi təhlil olunan şeirdən bir sətirdir. Bu anda Pərvin essenin lap ilk sətirlərində tale, qismət, bəxt kimi poetik məzmun daşıyan ifadələr və Həsənoğlu dünyası haqqında yazır: “… görünür, bəxt məsələsi hər yerdə öz işini görür. Həyatda da, sənətdə də… istənilən uğurun bir tərəfi istedada, peşəkarlığa, zəhmətkeşliyə bağlıdırsa, digər tərəfində bəxt durur… Elə şairin, yazıçının da xalq tərəfindən qəbul olunub sevilməsi, tarixdə qalmasının müəyyən hissəsi tale işidir”. Bu fikirlər ilk baxışda mistik ovqatda ola bilər, amma esseni axıradək oxuyandan sonra təkcə Həsənoğlunun taleyində bu mistikanın reallığa çox uyğun olması fikrinə gəlirsən. Yaxud, mistika demişkən, Pərvinin Füzuli şeirinə həsr etdiyi “Gözüm, canım, əfəndim”… essesində gəldiyi bir nəticə də elə mistikaya bağlanır: “Eşq filosofunun “Pərişan halin oldum, sormadın hali-pərişanım” misrası ilə başlanan mürəbbesinin qəribə bir mistikası var”. Və Pərvin bu mistikanı özünəməxsus şəkildə izah edir. Beləcə, Hüseyn Cavid, Molla Pənah Vaqif, Əliağa Vahid, Bəxtiyar Vahabzadə, Mikayıl Müşviq və digər onlarca şairin sevgi şeirləri esselərin duyğulu səsində yenidən xatırlanır, yenidən canlandırılır. Yenə təkrar edirəm ki, yenidən esselərdə xatırlanan bu şeirlərin interpretasiyalarında Pərvinin özünün sevgi dünyasına orijinal, bəlkə də çoxdan klassikləşmiş o şeirlərə layiq bədii münasibəti adamı heyran qoyur. … Aşıq Ələsgərin hamımıza məlum “Düşdü” şeirinə həsr etdiyi “Həm gözəldi, həm əhli-dildi…” essesinin ilk cümlələri sevginin əsrarəngiz həqiqətini dilə gətirməklə aforizm səviyyəsinə çıxan fikirlər söyləyir: “Maneələr sevgini gücləndirir, münasibətləri möhkəmləndirir deyirlər… Amma ən ağırı, ən dəhşətlisi taleyin yasaqları ilə qarşılaşmaqdı… Heç zaman sənin olmayacaq birinə vurulmaqdan üzücü nə isə varmı?” Sonra Aşıq Ələsgərin  “Düşdü” qoşmasındakı hadisəni  təhlilə çəkir. Yazıçı bu qoşmanı novella kimi də qiymətləndirir və bir də tamamilə yeni bir yanaşmanın şahidi oluruq: “Əslində, bəlkə də bu, qoşma deyil, novelladır. Üç bəndlik şeirdə hadisə var. Və şairin ustalığı bu qısa mətndə həmin hadisənin incəliklərini göstərə bilməsidir. Çərşənbə günündə, çeşmə başında, gözüm bir alagöz xanıma düşdü…”  Misranın gözəlliyi yalnız səs oyununda deyil… həm də konkretliyindədir. Konkret zaman var: çərşənbə günü, konkret məkan var: çeşmə başı. Bu mənada şeirin ilk misrasını uğurlu nəsr əsərinin birinci cümləsi kimi qəbul etmək olar”. Beləcə bu təhlil son dərəcə orijinal olub, qeyri-adi yanaşmalarla bizi öz sehrinə salır. Və mən bu yerdə Pərvinin filoloq tələbələrin müəllimi olduğunu bir də xatırlatmaq istərdim. Ona görə ki, adam bu esselərdə özünü bədii sözə özünəməxsus rəng qatan gənc ədəbiyyat müəlliminin dərsində hiss edir…

Pərvin bu esselərdə daha çox narahat sevgilərdən yazır. Canlı klassiklərimizdən olan Nəriman Həsənzadənin “Nərdivan” şeirinə həsr edilmiş “Görüşdük pillələrdə” essesindəki kimi. Bu şeir Pərvinə “narahat” sevginin genezisini açmağa kod verir: “…sevginin də rahatı, narahatı olurmu? Əlbəttə… Eşqi maneələrsiz, çətinliklərsiz, rəqiblərsiz yaşamaq da mümkün deyil. Kənar təsirləri dəf eləmək, əzmək çətin olmaz. Dərd onda olur ki, o təzadlar, tərəddüdlər, qorxular sənin öz daxilində, qəlbində, ruhunda məskən salır. Bax budur narahat sevgi!” Narahat sevginin dəqiq cizgilərini verən bu sətirlər min illərdən gələn poetik sevgi dünyasının mahiyyətini yenidən yada salır. Bu anda oxucu hiss edir ki, Nəriman Həsənzadənin “Nərdivan” şeiri Pərvinin essesi üçün maraqlı bir fondur, öz sözünü demək üçün sığındığı bucaqdır… Beləcə, Pərvin “özgə” şeirlərinin hər birində elə o şeirin özü qədər oxucuya doğmalaşır, məhrəmləşir.

Pərvinin esse obyektləri çox zəngindir. Dünya ədəbiyyatının çox müxtəlif müəllif faktlarıdır. Bu esselərdə Füzulidən tutmuş Məmməd Araza, Vaqif Bayatlıdan Rəşad Məcidə, Nüsrət  Kəsəmənlidən Ramiz Rövşənə, Yunus İmrədən Anna Axmatovaya, Marina Svetayevadan Boris Pasternaka…dək bütöv bir poeziya dünyası var. Ən maraqlısı da odur ki, bir də təkrar edirəm, bu müəlliflərin sevgi şeirlərinə müəllifin sevgi yanaşması çox yenidir və çox qeyri-adidir. Bu mənada müasir Azərbaycan poeziyasının fenomenal faktı olan Ramiz Rövşənin “Qara paltarlı qadın” şeirinə həsr olunmuş “İllər boyu ağlatdığım bu qadın…” essesini ayrıca qeyd etmək olar.

Mən inanmıram ədəbiyyata az-çox meyli olan bir kimsə Ramiz Rövşənin “Qara paltarlı qadın” şeirindən xəbərsiz olsun. Pərvin bəlkə bunu da nəzərə alıb bu şeiri çox qəribə bir assosiasiya ilə esseyə mövzu seçib. Onun bu şeirə esse yanaşmasındakı yeni, qeyri-adi baxışı nə qədər şərt olsa da, danılmaz bir həqiqəti ortaya qoyur: Ramiz Rövşənin “Qara paltarlı qadın” şeiri çoxlarının “avtobioqrafiya”sını əks etdirir. Şeirdəki mahiyyət, orijinallıq poetiklik, söz oyunları, təzadlar misradan-misraya heyrətləndirir insanı… Lakin bu əsərin uzun illərdi ki aktual, populyar olmasının (hətta bəzən toylarda səslənməsinin) səbəbi təkcə sadaladığım üstünlüklər, yaxud sadəcə Ramiz Rövşən qələmindən çıxması deyil. Məncə, Ramiz Rövşən əksəriyyətin müşahidə elədiyini, hər kəsin valideynlərinin, qonşusunun, qohumunun, bacısının, qardaşının… özünün (!) həyatında gördüyü “hadisə”ni yazıb, sadəcə özünəməxsus yazıb… Ona görə bu şeir illərdi ki, qadınların ürəyindən tikan çıxardır, nənələri ağladır, kişiləri peşman edir, cavanları düşündürür…

Ona görə! Nə qədər kədərli olsa da, belədi! Şeirdə Şərq ailəsinin kiçik bir modeli, ordakı münasibətlər verilib. Kişi illər boyu dərd verir, ağladır,  diqqət, qayğı, nəvaziş göstərmir, saçını oxşamır, gözünü silmir… Çünki min ildi formalaşan məntiqsiz, dayaz bir “qanun” var: kişi öz hisslərini büruzə verməz, emosionallıqdan uzaq olar, əzizləməz qadınını… Nə qədər kötəkləsə, bir o qədər yaxşıdı. Təki dostları məclisdə tərifləsin, desin əsl kişisən! Ən qəribəsi isə budu ki, Ramiz Rövşən demiş, öləndə gözlərini bağlayan nə o dost olur, nə qardaş… Ən çox ağlayan isə ən çox ağlatdığı qadın olur!

İlk baxışdan məhz bu qanunlarla yaşayan kişinin gecikmiş, ya son üzrxahlığı kimi səslənir “Qara paltarlı qadın” şeiri… Amma burda kişinin üzrxahlığından daha çox qadının duyğuları düşündürür adamı. Şeiri tərsinə çevirəndə kişinin etiraflarından xanımın hisslərini oxumaq olur… Qadın niyə gəlir bu qəbrin üstünə? Axı ölüb gedəndən sonra nə kəbin kağızı məsuliyyəti, nə ailə öhdəçiliyi, nə də xanım kimi borcu qalıb…

Gəlirsə, deməli, bütün zülümlərə baxmayaraq, sevirmiş və bu sevgi bütün incikliklərdən, umu-küsüdən, gözyaşlarından üstün imiş… Ölüm də mənasızlaşdırıb bütün keçmiş əzabları! Ona görə nə söyür, nə də yumruğuyla döyür o qəbri…

Bir anlıq adama elə gəlir ki, kişi başını qaldırıb “niyə çəkirsən dərdimi?” soruşsa, qadın heç düşünmədən Sevirdim səni! – deyəcək, sonra da əlavə edəcək: “İNDİ DƏ SEVİRƏM!”

Yüzdən çox şairin yüzdən çox şeirinə yüzdən çox esse yazmış Pərvinin “Sevdim səni” kitabında son müraciəti böyük rus şairi Boris Posternaka bağlıdır. Şairin “Qış gecəsi” şeirinə yazılmış bu esse “Zülmətdə şam” kimi orijinal bir sərlövhə ilə təqdim olunur. Bütün esselərdə olduğu kimi, bu yazıda da Pərvin narahat məhəbbətin ovqatını qələmə alır. Boris Posternakın şeiri Pərvinin duyğulu essesində belə təhlil edilir: “Dövrlər dəyişir, ölkələr, iqlimlər dəyişir, amma insanın qaranlıq içində tənhalığı, işığa qovuşmaq həsrəti – dəyişmir. Böyük mütəfəkkirimiz Əli bəy Hüseynzadə “Nicat məhəbbətdədir” deyirdi. Doğrudan da hər şey bərbad olanda ümid yalnız sevgiyə qalır. Axı sevgi özü işıqdır, ən qatı zülmət içində də, heç olmasa, bir şam işığı qədər həyatı işıqlandırmağa qadirdir.

…Qar, çovğun aləmi bürüyüb. Axşamın erkən düşən qaranlığında, gecənin qatı zülmətində tək bir pəncərədən zəif, titrək işıq gəlir – Şam işığı. Məhəbbət şamının işığı. Böyük rus şairi Boris Pasternakın “Qış gecəsi” şeirində “bütün yer üzündə, hər bir tərəfdə külək qarı sovurur”. Bu, tək təbiət hadisəsi deyil. Bu, çovğunun, boranın, zülmətin ictimai anlamı da var. Şeirin bütün ruhu, ahəngi məhz belə yozuma imkan verir və bu soyuq, insan qəlbini donduran, gözlərinə qaranlıq dolduran zəmanədə son ümid işığı kimi masanın üstünda bir şam yanır. Bu şam da adi şam deyil, məhəbbət işığının daşıyıcısıdır…”

Duyğu dolu esselər kitabına yazdığı ön sözdə Anarın bir fikrini xatırlatmaq istərdim: Anar bu kitabı “şeirlə və nəsrlə yazılmış dastan” adlandırır və öz fikirlərini elə kitaba bağlı güclü bir esse janrında sübuta yetirir. Beləliklə, bu kitaba ön sözün özü də sənətkarlıqla yazılmış duyğulu bir essedir. Ensiklopedik lüğətlərdən tutmuş ünlü nəzəriyyəçilərədək hər kəs esseni fəlsəfi yük daşıyan ədəbi-publisistik yaradıcılıq növü kimi qiymətləndirir və bu janrın əsas mahiyyətini müəllifin obyektə fərdi münasibətində görür. Ünlü nəzəriyyəçilərin bu fikirləri həqiqətdirsə, Pərvinin “Sevdim səni” kitabı nəzəri və praktik cəhətdən bu həqiqətin həqiqətidir.

Mənbə: 525.az

KÖŞƏ YAZARLARI
TOP 10