Sevdiyimə…

56 Baxış

Rizvan YardımlıRizvan Yardımlı

Əzizimə

Dostumun əziz xatirəsinə…   

Salam əzizim. Necəsən? Vəziyyətin necədir? Yaxşısanmı? Oralarda havalar necədir?

Əvvəlcədən xahiş edirəm məndən “necə olmağımı soruşma. İnan ki, heç də yaxşı deyiləm. Nə də buralarda havalar yaxşı deyil.

Bilirsənmi nələri düşünürəm? Səninlə keçirdiyim günləri? Necə də gözəl və mənalı keçirdi həmin günlər. Həsrətindəyəm, həmin günlərin həsrətindəyəm. Keçən o xoş günlərimiz bir daha geri qayıtmayacaq. Nə də qarşıda elə günlər ikimizi gözləmir.

Sənin üçün çox darıxmışam Əzizim. Yadındadırmı, bir il səndən uzaqda idim, görüşməmişdik. Xarici ölkələrin birində idim. Azərbaycana qayıdanda hava limanında məni qarşılayan ilk sən oldumuşdun. Necə də bir-birimizə sarılmışdıq Əzizim. Gözlərimiz işıldayırdı. Qovuşmağımıza çox sevinirdik. Xüsusən də sən. Necə də sevinirdin. Əzizim, əllərini mənə elə dolamışdın ki, elə bil illərin həsrətini qovurduq. Mənalı baxışın, isti nəfəsin və daha nələr, nələr, nələr. Çətindi, çox çətindi. Sənsiz yaşamaq olmur. Yaşaya bilmirəm.

Niyə belə oldu? Axı niyə? Ömrümün çətin günlərində məni tək qoydun, sənsiz qoydun. Axı mən sənə alışmışdım, öyrəşmişdim.

Unutmuşdum, bir gün sənsiz qalacağımı unutmuşdum. Kim nə bilərdi ki, belə olacaq. Ömrümün gözəl çağlarında, hər şeyin yaxşı getdiyi bir anda məni sənsiz qoyub gedəcəksən. Heç kim bilmirdi. Mən bilmədiyim kimi, sən də bilmirdin.

Elə insanlar var ki, öləcəklərini bildikləri halda heç nə olmamış kimi davranır, xöşbəxt yaşayırlar. Gerçəkdən də elə insanlara təəccüb edirəm. Görəsən, doğrudanmı elə insanlar öləcəklərini bildikləri halda heç nə olmamış kimi davranır, xöşbəxt yaşayırlar? Bəlkə özlərini göstərmək üçün, güclü olduqlarını sübut etmək üçün elə hərəkət edirlər. Doğrudanmı o tip insanlar xoşbəxtdir? Yəni, onların ürəklərində qorxu həyəcan… yoxdur? İnsan öləcəyi anı bildiyi halda necə də həyəcanlanmaya, qorxmaya … ?

Ümumiyyətlə, xoşbəxtlik nədir? O necə olur? Onun rəngi varmı? Dadı necədir? Görünüşü, forması, hündürlüyü, eni … necə olur?

Baxmayaraq ki, ayrıldığımız gündən çox keçib, böyümüşəm. Elmim artıb, dünyagörüşüm xeyli formalaşıb, hələ də xoşbəxtliyin nə olduğunu tam da aydınlaşdıra bilməmişəm. Aydınlaşdıra bildiyim odur ki, mən səninlə çox xoşbəxt idim. İndiki halımla bunu daha yaxşı görürəm.

Sanki dünyaya mənim üçün gəlmişdin. Məni xoşbəxt etmək üçün. Mən sənə baxanda, əlindən tutanda, səninlə oynayanda çox xoşbəxt idim. Tam olaraq, nə olduğunu bilməsəm də xoşbəxt idim.

Bir gün sənin olmayacağınmı düşünməmişdim. Heç vaxt düşünməmişəm. Ağlımdan belə keçirməmişdim. Yadındadır, mənə bir dəfə sual etmişdin ki, “mən olmasam sən nə edərsən?”. O sualdan sonra çox pis olmuşdum. Bunu sən çox yaxşı hiss etmişdin. Hətta gözlərimdən süzülən yaş yanaqlarımdan diyirlənərək sənin dizlərinə axmışdı. Mənim bu vəziyyətimi görüb, sən də pis olmuşdun. Əllərini boynuma dolayaraq başını sinəmə sıxmışdın. Və bir də bu tipdə suallar verməyəcəyinə söz vermişdin.

Amma mən sənə o sualın cavabını başımı sinənə sıxdığın anlar alçaq tonla, sən eşidə biləcəyin tərzdə demişdim. Cavabımdan sonra sən də pis olmuşdun. Məndən də çox pis olmuşdun. Üzündə olan təbəssümdən əsər-əlamət qalmamışdı. Lakin, nədənsə ağlamadın. Hiss etmişdim, hiss etmişdim ki, mənə görə ağlamadın. Mən pis olmayım deyə ağlamadın.

Bilirəm, verdiyin suala çox peşman oldun. Bəlkə də başqa bir cavab gözləyirdin. Bəlkə də bir gün məni tək qoyacağını məhz ona görə elə sual verməklə məni sənsizliyə öyrədirdin. Kim bilir…

Amma alınmadı. Verdiyin sual birinci olmaqla yanaşı axırıncı oldu. Yox, bəlkə də elə suallar verməməklə məni sənsizliyə öyrədirdin. Kim bilir…

Maraqlısı bilirsənmi nədir? Sənin sualına verdiyim cavab yəqin ki, yadındadır. Xatırladım istəyirsən : “Sən olmasan, mən də olmaram, sən harda olsan, mən də orada olaram”. Maraqlısı odur ki, mən sənə yalan demişdim. Fikrimcə, eləydi. Yalan demişdim. “Sən olmasan, mən də olmaram” – demişdim. Sən yoxsan, amma mən varam. “Sən harda olsan, mən də orada olaram” – demişdim. Ancaq heç də elə deyil Əzizim. Sən başqa yerdə, mən başqa yerdəyəm. Axı mən yalaan deməmişdim! O sözləri ürəkdən cümlə halına salıb demişdim. O sözləri ürəkdən gəlmişdi. Cavabımda ciddi idim, yalan yox idi. Görəsən verdiyim sözü niyə tuta bilmədim? Sənsiz yaşayıram. Sənsiz. Heç düşünmüsənmi, gerçəkdən yaşayırammı? Yox, Sevdiyim, heç də yaşamıram. Bu yaşayış deyil. Sadəcə, səndən fərqli olaraq nəfəs alıb-verirəm. İnan ki, mən də yaşamıram. Nə olsun ki, cismim yaşayır? Heç o da yaşamır…

Sənə anamın da salamı var. Evdən çıxarkən səninlə görüşəcəyimi təkcə anama dedim. Təkcə o bildi. Və sənə “salam” söyləməyimi xahiş etdi.

Bilmirəm, orada necədir, son günlər buralarda havalar yaman soyuyub. Burada payızın ortalarıdır. Bilmirəm, orada da payız ayıdır, yoxsa yox. Əslində anam da mənimlə səni yoxlamağa gəlmək istəyirdi. Mən qoymadım. Gəlsəydi xəstələnərdi. Bilirəm, mənim yerimə sən də olsaydın qoymazdın! Heç mənim də gəlməyimi istəməzdin. Yox, mən gəlməyə bilməzdim. Gəldim də.

Keçmiş xatirələrdən çox danışa bilərəm. Danışdıqca, səni yada saldıqca kövrəlirəm. Səni də kövrəltmək istəmirəm. İstəmirəm ki, sən üzüləsən Əzizim.

Gedim, söz verirəm yenə gələcəm. Səhər də gələcəm, o biri gün də gələcəm … – hər gün gələcəm. Payızda da gələcəm, qışda da gələcəm, yazda da gələcəm, yayda da gələcəm – bütün fəsillərdə gələcəm. Hər gələndə keçmişdən danışacam. Söhbətləşərik. Sən də mənə nəsə deyərsən.

 

HƏLƏLİK   BACIM!   MƏZARINDA   RAHAT   UYU!