Sevgi nəyə deyirsən? – Səbuhi Şahmursoyun şeiri

85 Baxış
rt54379141.jpg

Senet.az şair-tərcüməçi Səbuhi Şahmursoyun “Sevgi” şeirini təqdim edir:

Sevgi nəyə deyirsən?

Ən rahat çarpayıda atılıb-düşməyəmi?

Ən gözəl qarlı dağdan birgə sürüşməyəmi?
Ən çox sevdiyin ətri hədiyyə almağamı?
Tərif deyib yağışa çətirsiz qalmağamı?
Qayğısız yaşamağa sən sevgimi deyirsən?
Qəm yükün daşımağa sən sevgimi deyirsən?
Sənin üçün ağlamaq sevgidənmi yaranır?
Kimsəyə kin saxlamaq sevgidənmi yaranır?
Sevgi nəyə deyirəm?
Mənim üçün sevgilər böyük səbəb istəməz,
Sevilməyən qaydalar, dəyişən dəb istəməz.
Bir an sevinc bəxş edib, min an qəzəb istəməz.
Nə qısqanar kimsəni, nə bir tələb istəməz.
Mənim üçün sevgilər təmənnasız doğular,
Maya ummaz atadan, həm anasız doğular.
Nə dərin anlam istər, nə mənasız doğular.
Sonunu bəlli etməz, astanasız doğular.
Dünyanın min qayası, min daşı sevgilimdir.
Məndən xəbərsiz uçan hər quşu sevgilimdir.
İlk doğulan körpənin göz yaşı sevgilimdir.
Gecələr ulduzların axışı sevgilimdir.
Qışından ilham alıb baharını sevirəm,
Həyatın hər hökmunu, qərarını sevirəm.
Onun bütün dərdini, azarını sevirəm.
Mənimçün ayırdığı məzarını sevirəm.
Saxta gülüşlərilə heç kim sevməsin məni!
Hisləri ovsunlayan tilsim sevməsin məni!
Qorxudan diz çökmələr, təzim sevməsin məni!
Qınayarkən sevgimi səbrim sevməsin məni!
Təlaşını danmıram sevgisiz yaşamağa,
Onsuz da inanmıram sevgisiz yaşamağa.
Hər anında, hər səhər, hər gecə hiss et bunu!
Sevgi sənin özünsən, sadəcə, hiss et bunu!