Sevgi Vətənə təndir…

27 Baxış

Muradova Təranə 

 

Onun odu,istisi mənə həyat versə də,
Atəşindən varlığım, ruhum qida görsə də,
hələ vətən deyildir.
Saf suyundan, selindən qəlbim təmizlənsə də,
Nəğməsindən könlümün ruhu əzizlənsə də,
hələ vətən deyildir.
Ayaqlarım altında mənə dayaq olsa da,
Gecə uyuduğumda torpaq oyaq olsa da,
hələ vətən deyildir.
Havası ömrüm boyu içimi var etsə də,
Məndən gərəksizləri olub, qaçıb getsə də
hələ vətən deyildir.
Nə qılınc, nə də xəncər ,göydə od parlasa da,
Düşmənlərin gözündə dünyalar daralsa da,
nifrət vətən deyildir.
Bayrağının rəngini, mənasını bilsən də,
Xalqının şad günündə qəlbən deyib-gülsən də,
şadlıq vətən deyildir.
Xəritədən öyrənsən şəhərlərin adını,
Yaşayaraq, duyaraq, nemətini, dadını
yenə vətən deyildir.
Hər yerinə „mənimdir” sözünü söyləsən də,
Bədxahların dalınca deyinsən, söylənsən də,
hər şey vətən deyildir.
Vətən o vaxt vətəndir, çiçəyini qoxlayıb,
Ürəyinə, könlünə yeni ümid verəsən.
Buludunun istisin, soyuğunu yoxlayıb
Tək qalan gül koluna hərarəti sərəsən.

Vətən o vaxt vətəndir, lazım gəldiyi anda,
O gülə zəhər qatıb düşmənə göndərəsən.
Sonra o qatı düşmən canını tapşıranda
Qalib olan xalqını ürəkdən güldürərsən.

Vətən o vaxt vətəndir, onu qəlbən sevəsən,
Sevgin ən kiçik daşdan uca dağa uzansın.
Gərəkli olan zaman ölümə söyləsin,
Mən ölüm, qoy bu torpaq yeni həyat qazansın.
Vətən o vaxt vətəndir, şəhid məzarlarını,
Xalqının tarixinə sən başlanğıc biləsən.
Anaların ruhundan tökülən göz yaşını
Könlünün ağrısını, kədərini siləsən!
Vətən o vaxt vətəndir, ona layiq olasan,
Onun hər bir günündə məğrur qalib olasan!
Onda hər şey Vətəndir!
Sevgi vətənə təndir.

Bölmə : Poeziya, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10