Sevgililər günü

40 Baxış

sevgunGünəş görünmürdü. Deyəsən, heç bu gün görünmək fikri də yox idi. Sahil həmin günki kimi sakit və kimsəsiz idi. Yəqin, tutqun havada sümüklərinin sızıldadığını hiss edən qocalar evdən çıxmaq istəməmişlər. Ona görə də domino və damaların, nərdlərin şaqqıltısı eşidilmirdi.

Səidə evdən çox tez çıxmışdı. Yolda heyfsiləndi ki, çətirimi götürmədim. Yağış yağmalıydı. Elə özü də çox tutulmuşdu. Səhər tezdən üzü gülmürdü. Ona maraq dolu gözlərlə baxan, onunla oynamaq istəyən Taminə fikir vermirdi. Fikirli – fikirli itin kəndirindən tutub sürüyürdü.

Çiyninə dağılmış qara saçları dənizin mehindən yüngülcə tərpənirdi. Birdən üşüdü. Sarı gödəkcəsinin yaxasını qaldırıb düymələrini bağladı. Evə qayıtmaq istədi. Sonra düşündü ki, bir az da dolaşsın. Bu gün evə getmək istəmirdi. Onsuz da onu evdə heç bir yenilik gözləmirdi. Keçən ilki kimi o həyəcanla telefon zəngi gözləyəcəkdi. Bəlkə . . . Səidə tez bu fikri özündən kənar qovdu. Yox  . . . bir il yada salmayan, bu gün nəsə bir şey düşünə bilər? Yox  . . . O məni həmişəlik həyatından, ürəyindən çıxarıb.

O, özü ilə ürəyində vuruşa – vuruşa skamyada əyləşdi. Taminin kəndirini boşaltdı, sonra onu tamam unutdu, öz aləminə qapıldı. İt oynamaq, uzağa getmək istəmədi. Yazıq – yazıq durub onun üzünə baxırdı.

Sanki sahibinin bu halına onun da kefi pozulmuşdu. Ona nəsə bir kömək etmək istəyirdi. Balaca Tamin . . . Axı, sənin əlindən nə gələrdi ki . . .

Dəniz göy və nəhayətsiz idi. Dalğalar sakitcə yırğalanırdı. Dənizin üzü sanki boz bir dumanla örtülmüşdü. Lap uzaqlarda dəniz göylərlə birləşirdi.

Göyün üzündə böyük bir vuruş gedirdi. Elə bil buludların müharibəsi başlamışdı. Qara, boz, ağ təhər buludlar bir – birinə qarışır, sanki bir – birini xurt – xəşil edir, sonra sürünüb uzaqlaşır, yenə toplaşıb süpürləşirdilər. Səidə bu vuruşmaya baxmaqdan da bezdi. Gözünü tünd məxmər rəngli şalvarına, qara tuflilərinə zilləyib durdu. Keçmişə döndü.

Hər şey necə də yaxşı idi. O, başqası üçün yaşayırdı. Aldığı nəfəs də sanki onun üçün idi.

Fərid də belə idi. Ürəyi, həyatı işləri öz istiqamətini dəyişib Səidə tərəfə axırdı. Bir gün ayrı keçinə bilmirdilər. Gülüşlər, baxışlar, fikirlər, zənglər hamısı bir – birini tamamlayırdı. İkisi də xoşbəxt idi. Hər gün eyni yerdə – kitabxananın bufetində görüşür, yuxarı qalxırdılar.

Həmin o nəhs gündə də kitabxananın büfetinə endi. Öz stollarında oturub gözlədi. Fərid yox idi. Bir az hirsləndi. Gözlədi. Birdən öz – özünə gülümsündü. Tamam yaddan çıxarmışdı. Axı, Fərid bu gün şəhərdə deyil. Kəndə gedib. Gəlsə, gəlsə sabah axşam şəhərə çata bilər. Səidə yenə gülümsündü. Ayaqlarını qınadı. Adəti üzrə buraya gəldiyinə görə özünü də danladı. Qalxmaq istədi. Bu vaxt tanış bir səsə döndü:

- Səidə, sənsən, Mən bilirdim ki, sən o vaxtlar olduğu kimi, yenə bufetdəsən.

Səidə orta məktəb illərinin şən günlərini xatırladı. Səhv etməmişdi. Elşən idi. Orta məktəb yoldaşı. Onlar hay – küylə görüşdülər. O biri stollardan boylanıb, onlara sarı baxdılar. Səidə dedi:

- Elşən, yavaş. Hamını “işindən” ayırdın.

Onlar əyləşdilər. Hal – əhval tutdular. Sinif yoldaşlarını xatırladılar. Elşən də II kurs tələbəsi idi. Həvəslə öz işlərindən danışırdı. Sən demə hələ bir qız da sevirmiş. Tələbə yoldaşı imiş.

Səidə qulaq asırdı. Istəyirdi desin bu gözəl duyğu mənə də su kimi aydındır.

Birdən bufetin qapısında Fərid göründü. O, stollarına sarı boylandı. Səidəni və onun yanındakı şux oğlanı gördü. Sifəti əyildi. Səidə də Fəridi gördü. Səidə onun sifətinin heç vaxt belə şəklə düşdüyünü görməmişdi. Səidə qalxdı. Fəridə tərəf addımlamaq istədi. Çaşqın bir ifadə onun sifətində dolaşdı. Fərid bufetin qapısından yox oldu. Səidə stula çökdü. Elşən heç nə başa düşməyərək Səidəyə nə olduğunu soruşdu. Səidə heç bir şeyi söyləmədi, özünü pis hiss etdiyini söyləyərək Elşənlə sağollaşıb bufetdən çıxdı. Fəridi tez tapmaq, ona hər şeyi başa salmaq istədi. Fəridi kitabxananın heç bir yerində tapa bilmədi. Evə qayıtdı. Zənglər, zənglər. Heç kim telefonu qaldırmaq istəmir. Nəhayət ki, . . .

- Alo

- Fərid, mənəm. Mənə qulaq as, hər şeyi sənə başa salmaq istəyirəm.

- Sən? Mənə heç nə başa salmaq lazım deyil. Kor deyiləm. Gördüm. Mən olmayanda tək qalmaq tək qalmaq istəmirsən, hə . . . bir gününü belə boş keçirmək istəmirsən, Səni tanımamışam. Sən başqa adamsan. Mən bu gündən yoxam . . .

Səidə arxasına qulaq asa bilmədi. Dəstəyi qoydu. Başı gicəlləndi. Zərbə çox güclü idi. Az qala huşunu itirəcəkdi. Ürəyi bulandı. Durub vanna otağına keçmək istədi. Taqəti olmadı. Elə dözəmədəcə hərəkətsiz qaldı . . .

Sonra çox cəhdlər boşa çıxdı. Fərid onu dinləmək istəmədi. Çox sonra eşitdi ki, Fərid kəndə getməyi həmin günə yox, o biri günə keçirib, öz dostu ilə getmək istəyirmiş.

Yenə gözləri doldu. Damcılar üzüaşağı yuvarlanıb dizlərinə düşürdü. Yağış başladı. Səidə hərəkətsiz oturmuşdu. Yağış hər ikisini islatdı. İt zingildəməyə başladı. Səidə səsə özünə gəldi. Tez qalxdı. Evə qayıtmalıydılar. Tamin xəstələnə bilərdi.

Birdən gördüyü səhnədən gözlərinin qabağı qaranlıq gətirdi. Onun iki addımlığındaca Fərid . . . Onun Fəridi bir qızı qucaqlayıb ayaq üstə durmuşdu. Onlar dodaq – dodağa öpüşürdülərFəridin üzündə heyran olmuş bir ifadə var idi. Sanki, ovcunda ay tutmuşdu. Qızın üzünü Səidə görmədi. Ancaq ürəyində yəqin etdi ki, qızın da üzündə belə görünüş var. Qızın əynində dəbdə olan ağ gödəkcə, qısa tund qırmızı yubka, dikdaban çəkmələr vardı. Sağ əlində bir dəstə qızılgül tutmuşdu. Bu qızıgülləri ona Fərid vermişdi. Yəqin yeddi dənə idi. Fərid yeddi qızılgül almağı xoşlayırdı. Səidə bunu bilirdi. Qızılgüllərin üstünə damcı – damcı yağış düşürdü. Fəridin əlindəki çətirin altından qızılgüllər çölə çıxırdı  ona görə. Fərid keçən il bu gün geyindiyi kimi geyinməmişdi. Geyimi dəyişmişdi. Qara, böyük şlyapa, qara uzun plaş. Yəqin ürəyi də dəyişmişdi Fəridin.

Səidə ağlayırdı. Göz yaşları yağışın damcılarına qarışıb, axırdı. Bir gün də belə. Vəssalam, Səidə. Bu da sənin sevgililər günün – deyə düşündü. Səidə döndü Taminin kəndirindən dartıb tez evə çatmaq istədi.

Tamara Məmmədova

 

Bölmə : Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10