Sevincə nə var ki… – Musaq Yaqub

33 Baxış

musa_yagub

Senet.az oxucularına Beynəlxalq Qadınlar Günü münasibəti ilə Musa Yaqubun şeirlərini təqdim edir.

Sevincə nə var ki…

Bütün daşlarınla, torpaqlarınla,
Bütün çaylarınla, bulaqlarınla
Dol mənim könlümə,
vətənim mənim!

Bütün sevinclərin qəlbimə dolsa,
Sinəmə sığışar,
bu deyil hünər…..
Sevincə nə var ki,
bir dünya olsa,
Onu quş qanadla apara bilər.

Əsən çovğununla,
yağan qarınla,
Gir mənim könlümə,
vətənim mənim.
Hələlik Arazda
bir qətrə yaşım,
Sahillə bir misra
kiçik savaşım,
Qoca palıdında
bir yarpaq səsim,
Dağlarla bir-iki söz-söhbətim var.
Sal mənim çiynimə ağırlığını,
Bəlkə elə buna dəyanətim var.

Demə şəhidlərin,
qəhrəmanların
Həvəsi könlümə bir anlıq düşür,
Sal mənim çiynimə
ağırlığını
Görüm Babəklərin, Səttarxanların
Çiyninə nə boyda
ağırlıq düşür?!

Sən məni özünə -
bir yurda döndər,
Koroğlu qoluna
çevir qolumu,
Könlümü
al Dədə Qorquda döndər.
Ürəyim fərəhdən dönsün bir dağa,
Genəl gözlərimdə
kainat kimi.
Sal mənim çiynimə ağırlığını,
Qıçlarım dizəcən getsin torpağa
bir Atlant kimi

Sən hakim olanda,
könlümə hakim,
Belə kükrəyirəm,
belə coşuram.
Sal mənim çiynimə ağırlığını,
ay anam mənim,
Borcundan çıxmağa hazırlaşıram.

Fevral , 1970

 

Burda yoxam

Aman Allah, vallah burda mən yoxam,

Ünüm gedib yaylaqlara çatırmı?…
Baş götürüb çıxım gedim dağlara,
Görüm dağlar başımızı qatırmı.

Söz padşahın, dağlar hələ bizimdi,
Orda izim, amma köhnə izimdi.
Yoxuşlarda gücdən düşən dizimdi
Ayaqlarım daş cığırı tuturmu…

Daha mənə gül verərmi yaylağım,
Göz-göz olub buludundan mən yağım,
Palıd kökü qayalarda qarmağım
Qövsi-quzeh göyə qurşaq atırmı?

Dağ buğlanır güzgü daşa tər gəlir,
Duman tutur keçidləri,dərkəli
Sürüsünə keşik çəkən dağ kəli
Bir-birinin istisində yatırmı?

Aman Allah, bu İsgəndər quşları!
Bir avazla başdan alır huşları.
Qayanın da sədalanır daşları
İlahilər bu səsə səs qatırmı?!

Mişar dişli daş qayanın çatları
Bu çatlara dolub torpaq qatları,
Sim-sim olub bitib ruzu otları,
Kəklik qırpıb ağzı şehə batırmı…

Səyyar könlüm nə tez düşdü atından
Dağ-daş çıxıb ayağımın yadından
Birdən-birə çıxıb yerin qatından
Çay özünü daşdan-daşa atırmı?

Ağac olum dağlar olsun yanımda
Bulaq suyu çilvələnsin qanımda
Dərmanları can qoymadı canımda
Bu apteklər zəhər alıb satırmı? -
Canım dağlar, səsim sizə çatırmı?…

Yaz, 2010 Bakı

 

Təmizlik suyunda

Təmizlik suyunda çimir çöl, çəmən,
Mərdlərin çiynində durur bu həyat.
Ulu təbiətim, yaman xəsissən,
Yaxşı adamları bir az çox yarat.

Lap azalt dünyanın dövlət, varını,
Yaxşılar xeyrinə ömrü tarazla.
Ürəyin yaxşılıq damarlarını
Şaxələt bir az da, çoxalt bir az da.

Bu dağlar, dərələr çiçəkdi eyzən,
Bahara ümid ver, arıya qanad.
Ulu təbiətim, yaman xəsissən,
Yaxşı adamları bir az çox yarat.

Arını, milçəyi yerbəyer elə
Onda bu çiçəklər pətəyə dolar.
Min pay bəs eləmir bir əyri ələ,
Min düzü bir payla yaşatmaq olar.

Bir yuva qarışqa – süfrəsi bir dən,
Bir dənlə bahara çıxar salamat,
Ulu təbiətim, yaman xəsissən,
Yaxşı adamları bir az çox yarat.

Yarat ulduz qədər, -
bir cana min can,
Bahar yağışını yağdır həmişə,
Yarat ilkin kökdən, ilkin damardan,
Əyrini düzəldə bilmir bu meşə.

Şərin yumruqları sındıran, əzən,
Gəl xeyri zəhmətə salma ikiqat,
Ulu təbiətim, yaman xəsissən,
Yaxşı adamları bir az çox yarat.

Aprel, 1980

KÖŞƏ YAZARLARI
TOP 10