Sevinc Elsevər: “Anamın kitabı” müsabiqəsinin xüsusiliyi diqqətimi çəkdi

92 Baxış

“Senet.az” dərgisi oxuculara “Anamın kitabı” Ədəbi Mükafatında birinciliyi qazanmış yazar Sevinc Elsevərin müsahibəsini təqdim edir.

-Əvvəlcə tanış olaq. Sevinc Elsevər kimdir? Təhsiliniz, peşənizlə bağlı dərgimizin oxucularına qısaca məlumat verərdiniz..

-Məni hətta başqası təqdim edəndə çox sıxılıram. Görünməz olmağı sevirəm. Qılaflı adamam sanki. Öz qabığında yaşamağı istəyən, amma bacara bilməyən adamam. Tam olaraq anlatmaq çətindi. Odur ki, heç bilmirəm özümü necə təqdim edim. Adım Sevincdi. Üç uşaq anasıyam. ADMİU-ni bitirmişəm. İxtisasca kinoşünasam.

- Necə oldu ki, “Anamın kitabı” müsabiqəsinə qoşuldunuz?

01_1414008060-Müsabiqəyə qoşulmağım təsadüfən oldu. Elanı gördüm və özümü sınamaq qərarına gəldim. Teatrı çox sevirəm. Amma dram yazacağım ağlıma gəlmirdi. Çünki pyes səhnə üçündü, oxucu üçün deyil. Ədəbiyyatı nə qədər sevsəm də, pyes oxumaq mənim özüm üçün darıxdırıcı olub uşaq vaxtı. Düşünürdüm ki, pyesi o vaxt yazasan, biləsən səhnəyə qoyacaqlar. Tamaşaçı baxacaq. Bu fürsəti də “Anamın kitabı” müsabiqəsi verirdi. Ona görə fürsəti qaçırtmadım. Çoxdandı məni narahat edən mövzuda yazdım, göndərdim.

-Müsabiqənin gedişi sizi qane etdimi? Təşkilatçılıq səviyyəsi, seçim ürəyinizcə oldumu?

-Birinci olmuşam, indi pozitiv danışanda deyəcəklər ki, birinciliyi qazanıb, tərifləyir. (gülür)Bu cür müsabiqələrin keçirilməsinə çoxdan ehtiyac vardı. Xüsusən gənclərin dramaturgiyaya meylinin az olması bu cür müsabiqələrin artırılmasını şərtləndirməlidi. “Anamın kitabı” müsabiqəsi buna görə bir ilkə imza atdı. Ümid edirəm müsabiqə bundan sonra da keçiriləcək. Əməyi keçən hər kəs sağ olsun. Bu müsabiqə stimul verməsəydi, nə vaxtsa pyes yazacağım ağlıma gəlmirdi. Onluğa düşən əsərlər kitab şəklində dərc olunacaq. Bu da bir ilkdi. Maraqlıdı

- Ümumiyyətlə Azərbaycanda keçirilən Ədəbi müsabiqələrin təşkili və obyektivliyi sizi qane edirmi?

-Anamın kitabı müsabiqəsinin münsiflər heyəti peşəkarlardan ibarət idi. Online səsvermə müsabiqənin nəticələrinə təsir etmədi. Bu yaxşı idi. Online səsvermə ilə keçirilən müsabiqələrdəətrafı, tanışı çox olanların daha çox səs yığdığı məlumdu. Facebook-da inboxda link atır, səs almayana qədər əl çəkmirlər. Musiqi yarışmalarında oxuyanlar üzlərini ekrana tutub “mən filan yerin sakinlərindən səs istəyirəm” deyirlər ha, təxminən o cür. Bir fərqi var ki, onlar açıq-açığına səsverməyə çağırırlar, daha səmimidirlər. Yazarlarsa gizli. Bunu mesaj qutusunda edirlər. Hamının bildiyi şeylərdi bunlar onsuz da. “Anamın kitabı” müsabiqəsini digər ədəbi müsabiqələrlə qarışdırmaq istəməzdim bir də. İndiyə kimi şeir müsabiqələrinə qoşulduğuma peşimanam. Şeir zövq məsələsidi. Şeir müsabiqələrinin nəticələri şərtidi. Bu gün hansısa əhvalına uyğun gələn, bəyəndiyin şeir sabah xoşuna gəlməyə bilər. Və ya əksinə. Pyes, ssenari isə riyazi dəqiqlik tələb edir. Qiymətləndirmə dəqiqdi. Birinci “Ədəbi azadlıq” müsabiqəsində bir hekayəm 3-cülük qazanıb. ATEV-in Atatürkə həsr elədiyi müsabiqədə qaliblərdən biri olmuşam. Müsabiqələrdə tez-tez iştirak eləmirəm. “Anamın kitabı” müsabiqəsinin xüsusiliyi diqqətimi çəkdi.

- Sizcə yazçı, yaradıcı insan vətənpərvər, millətsevər olmalıdırmı? Ümumiyyətlə yazıçının boynuna hansısa missiya yükləmək doğrudurmu?

-Yazıçı millətçi, şovinist yox, millətsevər olmalıdı. Biz Abbas Səhhətin bu misralarıyla böyümüşük. “Vətəni sevməyən insan olmaz, olsa da o kəsdə vicdan olmaz”. Mən uşaqlarımı da vətənpərvər böyüdürəm. Amma özümüzü də heç bir millətdən nə aşağı, nə yuxarı görməməyi öyrədirəm onlara. Kiçik qızım rus bölməsinə gedir. Bir də baxdım ki, böyük qızım onu öyrədir ki, ruslar 20 yanvar hadisəsini törədiblər, sən onların dilində danışacaqsan? Orta məktəblərdə uşaqları bu cür millətçi yetişdirmək də düzgün deyil. Uşaqları kin, nifrət, başqa xalqlara düşmənçilik ruhunda böyütmək xeyir gətirməz.

-Azərbaycan yazıçısının hazırda hansı problemləri var? Ümumiyyətlə yazıçılıq gözəl gələcək vəd edirmi?

-Azərbaycan yazıçısının ən böyük problemi oxucu qıtlığıdı. Dünyaya çıxış imkanlarının azlığıdı. Biz xarici ədəbiyyat dərgilərini alıb oxuya bilmirik, tərcümə olunmur, əlaqələrimiz zəifdi, hətta yoxdu. Maddiyyat dayanır hamısının başında. Mən uşaq olanda bu cümləni böyüklərdən tez-tez eşidirdim: ölümdən başqa hər şeyin çarəsi puldur. Bu sözü Sovet adamları deyirdi ha. Gör indi bu cümlə nələri ifadə edir. Ölümə də çox vaxt pulun çarə olduğunu gördük biz.

-Bəziləri kitaba marağın olmadığını iddia edir. Yazıçı olaraq buna münasibətiniz necədir?

-Kitaba maraq son vaxtlar artıb. Kitab oxumaq dəbə çevrilib. Amma biz bu cüzi inkişafa da sevinirik. Baxmayaraq Sovet dövrü ilə müqayisədə oxucu sayı çox azdı. İnsanların maddi rifahı yüksəlsə, onlar mənəvi qidalanmaqlarının qayğısına qalacaqlar.

-Azərbaycan oxucusunun ədəbiyyata münasibəti sizi qane edirmi?

-Ədəbiyyata oxucuların münasibətinə gəlincə, vəziyyət çox mürəkkəbdir. Sovet dövründəədəbiyyat siyasi təbliğat vasitəsi idi. İnsanlar hələ dəədəbiyyatı yalnız tərbiyə, təbliğat vasitəsi kimi görürlər. Belə bir ifadə vardı sovet adamlarının dilində: “Həyat kitablarda yazılan kimi deyil”. Bu ifadəni qocalar cavanlara məsləhət kimi görürdülər. İndi biz müasir yazıçılar kitablarda həyatı olduğu kimi yazırıq. Adamlarsa Sovet dövründəki kimi nağıl yazmağımızı bizdən tələb edirlər. Sonra da o kitabları oxuyub başqalarına məsləhət eləsinlər ki, həyat kitablarda yazıldığı kimi deyil.

-Hazırda yaradıcılığınızda hansı yeniliklər var?

-Yeni şeir kitabını demək olar ki, hazırlamışam. Qalıb nəşriyyata göndərmək. “Donu qırmızı” adlı uşaq romanım çap olunacaq. Bir roman başlamışdım. Uşaqlar kompüterimi yandırdılar, yarımçıq qaldı. (gülür)

-Yaradıcılığa yenicə başlamış və ya özündə yazmaq istedadını hiss edən gənclərə və yeniyetmələrə nə tövsiyyə edərdiniz?

-Vallah, nə bilim. Mən özüm hələ yaxşı qocalmamışam ki, gənclərə tövsiyyə edim. Mən özüm hələ öyrənirəm. Məncə yaradıcı adam özündən razı və narazı olanda qədərində olmalıdı. Yazıçını iki şey uçuruma aparır: özündən hədsiz razı və hədsiz narazı olmaq. O ölçünü tapsınlar. Çox rahat olacaqlar və uğuru tez-tez yaxalayacaqlar.

- Son olaraq “Senet.az” dərgisinin oxucularına  nə demək istərdiniz?

-Dərginizin oxucularına təşəkkür eləyərdim ki, qızıl vaxtlarından ədəbiyyata da vaxt ayırırlar. Haradansa oxumuşdum ki, kitab ən ucuz və keyfiyyətli əyləncədi. Düzdü, ölkəmizdə kitab bazarında qiymətlər yüksəkdi məlum səbəblərdən. Amma oxumağa dəyər. Kitabla dost olmağa çalışsınlar. Azərbaycan xalqı üçün kitab oxumayan xalqdı deyirlər. Amma heç bir xalqın folklorunda kitabın belə gözəl tərifi yoxdu:

ağaca çıxdım adamla,

bir nəlbəki badamla.

Nə dili var, nə ağzı,

hey danışır adamla…

Söhbətləşdi: Cəlil Cavanşir

KÖŞƏ YAZARLARI
TOP 10