Uşaqlar üçün kitab baha başa gəlir

22 Baxış

sevincleseverYazıçı Sevinc Elsevər Senet.az-a açıqlamasında uşaq ədəbiyyatının hazırki vəziyyətini qiymətləndirib. O, hazırki vəziyyətdə uşaqlar üçün kitab çap etdirməyin çətin olduğunu deyib: “ Uşaq ədəbiyyatı yazsan da çap eləmək çox çətindi. Təxminən beş il əvvəl mən bir uşaq kitabı hazırladım. Onu heç bir nəşriyyat pulsuz çap eləmək istəmədi. Axırı “Beşik” nəşriyyatıyla danışdıq. Öz cibimdən 400 manat xərc çəkdim. Təsəvvür edin, o zamanlar da rayonda yaşayırdım. Harda satacaqdım? Üç-dörd kitab mağazasına verdim Bakıda. İki-üç dəfə də getdim gəldim. İnan ki, mağaza satıcıları neçə kitabın satılıb-satılmadığını deməyə ərinirdilər. Üzlərində elə ifadə olurdu ki, kitab yazdığın və bu mağazaya satılmaq üçün gətirdiyinə görə utanırdın özündən. Uşaqlar üçün kitab daha çətin, daha baha başa gəlir. İllüstrasiyaları rəssam işləyir ki, o da pul istəyir. Nəşriyyat pul istəyir. Sən kitabı yazasan, onu qapı-qapı düşüb satasan, neyləyəsən, bilmirsən. Bu əlbəəttə, uşaq yazarlarını soyudur. Yazdığın kitabın gedib ünvanına-uşaqlara çatması üçün şərait lazımdı. O şərait yoxdu. Valideynlər də heç müəllimin tapşırdığı əlavə dərs vəsaitlərinə pul xərcləmək istəmirlər. O ki qala gənc müəllifin kitabını alalar. Problem çoxdu”.

O, bu sahənin nəzarətdən kənarda qaldığını, belə olduğu halda uşaqların psixologiyasına zidd materialların çap oluna biləcəyini bildirib: “Baxın. Bizim köhnə nağıllarımız yenidən işlənməlidi. Onlar uşaqlara olduğu kimi təqdim olunmamalıdı. Heç olmasa 15 yaşından aşağı olan uşaqlara. Bu nağılların çoxunda qəddarlıq, yalançılıq, hiyləgərlik təbliğ olunur. Bunlar uşaqalrımızın təhtəlşüuruna oturur, gələcəkdə öz işini görür. Bizim nağıl qəhrəmanlarımız ağlı ilə yox, hiyləgərliyi ilə çıxış yolu tapır, bağışlama hissi yoxdu. Mütləq qardaş qardaşı cəzalandırmaq üçün başın kəsməlidi. Göyçək Fatma nağılının sonunda ögey ana ilə bacısı qatırın quyruğuna bağlatdırılır, Məlikməmməd qardaşlarını bağışlamır, onları öldürür, Cırtdan nənəsinin uşaqlara verdiyi yağlı əppəkdən ötrü uşaqları minir. Biz bu nağılları da olduğu kimi uşaqalrımıza oxutdururuq. Nağıllar böyüklər üçün yaranıb. Böyük təfəkkürünə hesablanıb. Nağılı uşağa danışarlar kimi bir şey olmayıb. Min bir gecə nağılı məgər uşaq üçün uydurulmuşdu? Yox, əlbəəttə. Sadəcə müasir dövrdə nağıllar uşaqlara qalıb. Çünki böyükləri maraqlandıran başqa şeylər var. Xarici kitabları oxuyrsan, cizgi filmlərinə baxırsan, görürsən ki, tamamilə şiddətin əleyhinədirlər. Onların da nağılları qəddardı. Rus nağıllarını oxusan görərsən ki, hamısı qəddarlıqla doludu. Amma onlar bu gün o nağılların üstündə işləyirlər. Təkcə nağıllardan danışmayaq. Uşaqlar üçün yazılan kitablardan bəziləri baxırsan ki, uşaqda pis zövq formalaşdırır. Bədii cəhətdən çox zəifdi. O cür zəif əsərləri oxuya-oxuya böyüyən uşaq Dostoyevskini, Cəlil Məmmədquluzadəni, Şekspiri başa düşməyəcək, əlbəəttə”.

Bölmə : Manşet, Tənqid
KÖŞƏ YAZARLARI
TOP 10