SEVMƏK VƏ SEVİLMƏK

230 Baxış

rovshenm252525

Rövşən Yerfi 

İnsana həyatda qalacaq  yeganə şey sevgidir. Qalan qazandığı hər şey onun deyil, dünyada qalasıdır, dünyanındır…

Həyat yalnız o zaman mənalı olur ki, sevəsən və sevginin qarşılığını duyasan. Yəni sevməkdən yorulmayasan, usanmayasan. Hər gün ilk dəfə sevirmiş kimi sevəsən. Sevəsən – tək bir insanı yox: gördüyün işini, sənətini, yaşadığın yeri, ətrafındakıları…  Eyni zamanda sevildiyini də hiss edəsən. Həyatda insan üçün bundan vacib, qürurverici ikinci bir hiss, duyğu yoxdur və ola da bilməz. Bax, onda həyat mənalı olur.

Vay o günə ki, sevməyi bacarmayasan.

Ya da ki, sevəsən, amma onu ünvanına çatdıra, anlada bilməyəsən. Qarşılıq almayasan, umduğun kəslərdən özünə istək, hörmət görməyəsən. Diqqətə həsrət qalasan, dəyərsizliyini dərk edəsən…

Ya da sənə özünə görə deyil, maraqlarından ötrü vəzifən, ixtiyarındakı maddiyyat xatirinə salam verildiyini, sayıldığını başa düşəsən.

Bax belədə isə həyat – həyat olmur: bir mənasız oyun olur. Nə dadı olur, nə ləzzəti, əzab dolu biyara dönür. Ölümünə də heyfin gəlir, qalımına da…

İnsan ancaq sevməklə insanlaşır. Tanrısını, anasını, sevgilisini, nəhayət onu əhatə edən həyatı, dünyanı… Sevməyəndəsə susuz qalmış gül kimi solur, susuzluğa dözən səhra tikanına çevrilir…

Ruhumuzun təmizliyini təkcə məhəbbətlə, eşqlə qoruya bilərik. Həyat sevgi olmayanda mənasızlaşır. Onun  heç vaxt köhnəlməyən, ən dolğun mənası sevgidir – qarşılığı olan sevgi…

Sevmək və sevilməkdən, səni əhatə edənlərə gərəkli olmaq qədər gözəl nə var dünyada ? İnsan elə bunun üçün yaranmayıbmı?

Sevmək bu qədər gözəlsə, kim bilir onu yaradan nə qədər gözəldir…

Dahi Nizami demişkən kainat eşq, sevgi, məhəbbət üstündə qurulub:

Eşqdir mehrabı uca göylərin,

Eşqsiz ey dünya nədir dəyərin?

Sevgi olan yerdə feminizmə, gender bərabərliyinə, qadın hüquqlarının qorunması söhbətlərinə ehtiyac yoxdur. Bu məsələlər ancaq qadın sevgi duymayanda yada düşür, aktuallaşır.

Kişilərə eqoist, etibarsız, qadınlara bəla, əcinnə deyənlər, yaşadıqları mühitdən, həyatdan daim giley – güzar edənlər sevə və sevilə bilməyənlərdir…

Qadınları siqaret çəkən görəndə onların dodaqlarının halına acıyıram. O dodaqlar sevgisizlikdən, hər gün yetərincə öpülmədiyindən, qısqanılmadığından, “heyiflərini” siqaretdən çıxırlar…

Həqiqətən xoşbəxt o insanlardır ki, sevilirlər və sevirlər. Səni əks cinsdən bir insan sevə bilər, dostların, tanışların sevə bilərlər, nəhayət bir el, oba sevə bilər…

Ən çox da el tərəfindən sevilənlərə həsəd aparıram – toplaya bildikləri ən böyük  “daşınmaz əmlaka” – sevgiyə görə… Anlamadan o sevgini sonradan itirənlərə həmişə yazığım gəlib.

Sevilirsənsə demək həyatdasan, varsan, mövcudsan, yaşamağa dəyər..  Sən yararlı insansan, boş yerə yaşamırsan, sıradan biri deyilsən..

İnsanın həyatda ən böyük qazancı sevilməyidir. Bu qazanc heç vaxt  müsadirə olunmayan, mənimsənilə bilinməyən vardır, gücdür. O var çox olanda, səni ömrün bitəndən sonra da yaşadır – ürəklərdə, xatirələrdə…

Ey, dünyanın faniliyin anlamaq istəməyənlər, var-dövlət yığmaqdansa sevilməyə, özünüzə sevgi artırmağa çalışın…

Əgər sevilməmək bədbəxtlikdirsə, illər uzunu əldə etdiyiniz  sevgini itirmək əsl faciədir. Qədrini, dəyərini bilin sizə olan bütün sevgilərin. Dünyada sevilməkdən böyük qazancınız olmayacaq. Son nəfəsinizədək sizi əhatə edənlər tərəfindən sevilməyə çalışın, insanlar,.. Sevilmək bəxtəvərlikdir.

Bəxtəvər olasınız… Hamıya mənalı həyat – qarşılığı olan sevgi arzulayıram!  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10