Sığortadan 2 milyon almaq üçün arvadını öldürən Fernand Ravinelin həyat hekayəsi

84 Baxış

robert turnet xeyanet romani new york times bestsellerSenet.az ədəbiyyat və sənət dərgisində hər həftənin bazar ertəsi yayımlanan layihə – “CİNAYƏT MASASI”

Layihənin ilk yazısı: Cinayət masası № 1

 

Cinayət masası № 2

 Robert Turnerin “Xəyanət” romanı

 

İnsan ailə qurarkən sadəcə bir qadınla, ya da bir kişi ilə evlədiyini düşünür.

Əslində isə bütün bir ailəylə, daha doğrusu ailə qayğıları ilə həyat qurur.

New York Times Bestseller siyahısına düşmüş bu romanı Kalipso Yayınlarının “Lüx” seriyasından olan nəşrindən oxudum.

Kitabın qapağında oxucular üçün təqdim olunan annotasiya olduqca maraqlıdır:

Doktor sevgilisiylə birlikdə arvadını öldürərək sığortadan pul almağı planlaşdıran Fernand nəhayət ki, qurduğu planı həyata keçirib arvadını öldürür və onun cəsədini evlərinin önünə qoyaraq cinayətə qəza görüntüsü verməyə çalışır; amma cəsəd müəmmalı şəkildə yoxa çıxır. Fernand bu durumu çözməyə çalışarkən öldürdüyü arvadından məktublar almağa başlayır. Fernand bütün araşdırmalarına baxmayaraq hər hansı bir ipucu tapa bilmir. Arvadının onu öldürmək üçün o biri dünyadan gəldiyini və onun xəyalata çevrildiyini düşünür. Fernand getdikcə daha çox ağlını itirmək üzrədir və biraddımlığında olan ölümü bütün varlığı ilə hiss edir.

Fernand düşdüyü bu durumdan çıxış yolu tapa biləcəkmi? Arvadı həqiqətən xəyalatamı çevrildi? Yoxsa kimsə onunla oyun oynayır?

 

Annotasiyada adı keçən Fernand – Fernand Ravinel baş qəhrəmandır və əsərin sonunda intihar edir. Doktor isə onu uzun sürən xəstəlikdən müalicə edən, sonradan sevgilisinə çevrilmiş Luciennedir. Ravinelin arvadı isə Mireilledir, tez-tez xarici səfərlərə gedən, Fernand Ravinelə güvənən biridir.

Roman mükəmməl qurğu süjeti üzərində qurulmuşdur – bəli, əsərin məhz bircə qurğusu var. Amma Turner bunu ustalıqla düşünmüşdür.

Epizodik qəhrəmanların sayı çox azdır. Əsas qəhrəmanlar isə Fernand, arvadı Mireille və sevgilisi Luciennedir.

13 fəsildən ibarət əsərdə hadisələr doktor Luciennenin qurduğu planlar əsasında başlayır. Əslində romanın kulminasiyası – Fernandın öz tapançası ilə iş otağında intihar etməsi də doktorun planının əsas tərkib hissəsidir.

 

Planlarına belə başlayırlar…

 

Fernand arvadına:

– Keçmiş əsgərlik yoldaşlarımdan Gradere ilə rastlaşdım. Sığorta işində çalışır. Yaxşı qazandığından danışdı. Həyat sığortasından da xeyli danışdı. Əvvəlcə inanmadım. Sığorta işçilərini yaxşı tanıyıram. Hər şeydən əvvəl öz faizlərini düşünərlər. Bu normaldır. Amma yaxşı-yaxşı düşünəndə…

Bilirsən, mənim işimdə dul qadınlara maaş verilmir. Mən də həmişə ya yoldayam, ya da havada… Qəza deyilən bir şey insanın başına gələ bilər… O zaman sən nə edəcəksən? Pulumuz da yoxdur… Gradere bir layihə hazırladı… Mən ölsəm… Kimin ölüb, kimin qalacağını da bilmək olmaz ki!.. Tam iki milyon alacaqsan.

Fernand arvadı Mireille buna inandırandan, daha doğrusu böyük güvənini qazanandan, sığorta ideyasının ikinəfərlik ailələri üçün həqiqtən də çox ağıllı plan olduğunu qəbul edəndən sonra, arvadının da ona qarşı eyni addımı atmasını gözləyir.

Çox keçmədən Mireille eyni jesti əri üçün edir – o da öz həyatını sığortalayır, ölərsə Fernand sığortadan 2 milyon alacaq.

Planlarının ikinci hissəsi…

Mireille səfərdədir. Qatarla bu gün qayıdacaq. Lucienne sevgilisi Fernandın evindədir. Mireilleni gözləyirlər. Mireille məktub yazan, səfərdən vaxtından tez qayıtmasına səbəb olan, məktubda Fernandın, Lucienne ilə o evdə olmadığı vaxt gizli görüşdüyünü yazan elə Luciennenin özüdür. Fernandın bundan xəbəri var. Təbii ki, Mireille evə qayıdanda Fernandın üstünə qışqıraraq evdə doktoru axtarmağa başlayır. Sakitləşəndən, evdə ərindən başqa heç kimin olmadığını başa düşən, Luciennenin bu əməlini anlamayan Mireille qonaq otağında qrafindəki yuxu dərmanı qatılmış su gözləyir.

Mireille yuxuya gedəndən sonra onu hamamdakı vannada boğub, bir gün saxlayıb evlərinin yaxınlığındakı gölməçəyə atırlar.

Əsərdə bütün hadisələrin beyin mərkəzi Luciennedir. Fernand tez-tez vicdanıyla hesablaşan, bəzən də hər şeydən bezən, hətta öz evinin yolunu azmağa başlayan obrazdır.

Arvadının cəsədini qoyduqları yerdə tapmayan Fernandın psixologiyası da həmin gündən pozulmağa başlayır. Arvadının xəyalata çevrildiyini düşünməyə başlayır. Bunun mümkün olmadığına özünü inandırmağa çalışsa da, heç nə alınmır. Sevgilisi – doktor Lucienne onun xəstələndiyini, müalicəyə ehtiyacı olduğunu bildirir. Amma plan sırasında onlar tez-tez görüşə bilmirlər. Doktorun işlədiyi xəstəxanada işləri həddən artıq çoxdur və gəlib-getməsi, Fernandı görə bilməsi üçün məsafə də yaxın deyil. Əslində Luciennenin planının tərkib hissəsindən biri Fernandı mümkün olduqca daha çox tək qoymaq, onun düşdüyü psixoloji sarsıntı durumunda daha çox əzab çəkməsi, ağlını itirməsinə nail olmaqdı…

Fernand Ravinel xəyalat fikirlərindən qurtulmağa çalışır. Kimlərinsə, arvadının cəsədinin oğurlandığını və qarşılığında ondan pul almaq istədiklərini düşünür. Amma bu ehtimalı da qəbul edə bilmir. Onun düşməni yoxdur. Və ümumiyyətlə arvadı Mireillenin cəsədi kimə lazımdır ki?!

Əsərdə Fernandın vicdan mühakiməsi çox gözəl təsvir edilmişdir. Gözəl olmasına baxmayaraq, daha çox kişi xarakteri, soyuqqanlı qərarlar qəbul edə bilmə bacarığına görə, öz peşəsini hamıdan yaxşı bildiyinə iddialı olduğuna görə Fernand getdikcə, Luciennedən daha sürətlə soyumağa başlayır. İndi onların aralarında qətiyyən sevgi yoxdur. Onları bir-birinə bağlayan sadəcə ortaq cinayətləridir.

Fernand rastlaşdığı hadisələr sırasında hər gün intihara bir addım daha yaxınlaşır…

Mireilleni öldürəndən sonra onun qardaşına baş çəkməsini eşidir. Öldürdüyü günün səhəri arvadından məktub alır. Məktub gecikməmişdir – məhz hadisə günündən sonra yazılmışdır. Yəni Mireille sağdır! Yaxud kimsə Fernand ilə yenə də oynayır. Amma əlyazma xətti, yazı üslubu, sözlər arvadınındır. Başqa birinin olması mümkün deyil. Fernand qəti əmindir.

İkinci məktub! Arvadı tezliklə dönəcəyini, darıxdığını yazır. Bu dəfə məktub Saint Benoit küçəsində yerləşən hansısa otel ünvanı qeyd olunmuş kağıza yazılmışdı. Mireille tələsik yazıb qopardığı üçün otelin adı görünmürdü. Mireille??? Həqiqətən də o yazmışdımı bu məktubu?..

Fernand həmin oteli tapır. Arvadının otelə gəlib-getdiyini öyrənir. Amma dəqiq məlumat verə bilmirlər:

– Bir baxırıq ki, nömrəsindədir, görürük, yox, yanılmışıq, bayırdan gəlir. Bir baxırıq ki, bayırdadı, görürük, yenə də yanılmışıq, ikinci mərtəbənin pilləkənlərindən düşür.

Fernand artıq arvadının həqiqətən də xəyalata çevrildiyinə əmindi. Otelin ikinci mərtəbəsində 19-cu otağın ona aid olduğunu öyrənir. Arvadı orda deyil. Amma ona aid dişlərindən biri sınmış daraq, Mireillenin xoşladığı üçün deyil, adını sevdiyi üçün çəkdiyi “High Life” siqaretində qalan pomadası, adəti üzrə külqabı əvəzi istifadə etdiyi “Bioxyne”, onun qoxusu heç bir şübhə yeri buraxmır, Fernandda. Mireille burda olub…

Evinə qayıdır. Bağça qapısında olanda evin bütün işıqlarının yanılı olduğunu görür. İlk dəfə bu evə köçəndə də Mireille belə etmişdi. Bütün işıqları yandırmışdı. Qorxu və qəribə hislər içində pilləkənləri qalxmağa başlayır. O sanki bu dünyanın adamı deyil artıq. Mətbəxdən gözəl yemək qoxusu duyulur. Ətraf səliqəyə salınıb. Süfrə hazırdır. İki nəfərlik şam yeməyi üçün hər şey masaya düzülüb. Amma… Mireillenin stulu boşdur. Boşqabında tələsik yazılmış kağızda bir qeyd var:

“Zavallı sevgilim, talesizlik bizi rahat buraxmır deyəsən. Yeməyini mənsiz ye. Qayıdacağam.”

Bu artıq Mireille öləndən sonra üçüncü məktubudur. Bu dəfə o öz evlərində olan kağızlardan birini istifadə edib.

Fernand, Mireillenin qayıdacağını gözləyir. İş otağına çəkilir. Qorxu və vahimə içərisindədir. Başqa otaqlara girməyə cəsarət etmir. Kresloda büzüşüb gözləməyə başlayır. Yatmamalıdır! Mireille gələnə kimi oyaq qalmalıdır! Mürgüləyir… Yox, oyaq qalmaq lazımdı! Pilləkənlərdə ayaq səsləri var, kimsə ayaqqabılarını çıxardır, tərlikləri geyinir, mətbəxə, sonra hamama, sonra qonaq otağına və nəhayət iş otağına doğru gəlir… Mireilledi!

Əsərdən:

Qapının əlcəyi yavaş-yavaş dönməyə başlayır. Ravinel, rahatlamış kimi kresloda yayxanır. Bütün həyatı boyunca bu dəqiqəni gözləmişdi. İndi o bir kölgəyə çevriləcəkdi. İnsan olması çox çətin idi.

Heç bir şey bilmək istəmirdi. Mireille də onu maraqlandırmırdı artıq. Ölümü içmək və unutmaq üçün tapançasının lüləsini ağzı ilə bağlayır. Və bütün sürəti ilə tətiyi çəkir…

Fernand Ravinelin aldığı məktublar, Mireillenin qardaşı gilə getməsi, oteldə olması, öz evinə gəlib mətbəxdə yemək hazırlaması, evi səliqəyə salması, Ravinelin intihar anına qədər iş otağına gəlməsinin hamısı əslində həqiqətdir.

Doktor Lucienne eyni planı həm Fernand, həm də Mireille ilə qurmuşdur. Amma Mireille ilə sonda qurban olaraq Fernandın seçilməsi razılaşdırılmışdır.

Sığortadan alınmış 2 milyon pul və hər ikisi – Mireille və Lucienne artıq çox varlıdır!

Əsərin sonunda bu iki nəfər arasındakı dialoqdan:

Mireille:

– Əlbəttə, sənin üçün hansımızı öldürməyin fərq yox idi! Sənə nə qədər inanırmışam mən… Çünki son ana qədər məni, yoxsa Fernandı seçmək şansına sahib idin.

Lucienne:

– Elə bilirsən tərəddüd etmədim?
Cinayət masası № 3-də:

Osman Aysunun “Cinayət sancısı” romanı. Tərsinə-detektiv janrında yazılmış silsilə qətllər törədən qadının həyat hekayəsi…

 

Müşfiq XAN

Bölmə : Manşet, Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10