Şimali Kipr Türk Respublikasından Nazim Muradov yazır: “Doqquz uşaqlı ailənin yeddinci uşağı”

83 Baxış

 

Nazim Muradov və Kənan QaziNazim Muradov- (Şimali Kipr Türk Respublikası, Lefke-Avropa Universitetində Türk dili kafedrasının müdiri) 

Doqquz uşaqlı ailənin yeddinci uşağı

K Ә N A N  Q A Z İ – 5 0

 

Kənan tam 50 il əvvəl – 12 fevral 1966-cı ildə Ordubadın Üstüpü kəndində dünyaya gəlib. Atası – rəhmətlik Məhəmməd Məşədi Süleyman oğlu Nəcəfov, anası isə rəhmətlik Gövhər Məşədi Mirzəfər qızı Babayevadır. Kənan doqquz uşaqlı ailənin yeddinci uşağıdır.

Məncə doqquz uşaqlı Məhəmməd dayı ilə Gövhər daycanının yeddinci uşağının bu gün 50 yaşını təbrik etdiyimiz KӘNAN olmasında bu “doqquz” ilə “yeddi”nin böyük təsiri var… (PS. Rəqəmlərə qarşı takıntılı olmadığımı bəri başdan demək istəyirəm.)

“Doqquz” və “yeddi”nin mənəviyyat və mədəniyyət tariximizdəki yeri haqqında qısa bir xatırlatmadan sonra Kənanın çox mürəkkəb olduğunu düşündüyüm xarakter çizgilərinin bir az netləşəcəyinə inanıram. Öncə doqquz haqqında…

1. Uzun illər boyunca çıxılmaz bir vadidə yaşayıb bir qurdun yol göstəriciliyi və usta bir dəmirçinin məharəti ilə dağları əritdikdən sonra Әrgənokondan çıxan Türklər bu qurtuluşa 9 Mart günündə qovuşublar. Bu səbəblə də 9 Mart tarix boyunca milli bir gün kimi Türklər tərəfindən bayram edilmişdir. 9 Mart yeni təqvimlə 21 Mart yəni Novruz günüdür;

2. Qədim Çin qaynaqları da 9 Martın Türklər üçün tilsimdən qurtuluş günü olduğunu yazır;

3. Məmməd Səid Ordubadi, 1926-cı ildə Әrəb əlifbası ilə çap etdirdiyi “Novruz Kimdən Qalmışdır?!” məqaləsində belə deyir: “Әrgənəkon əfsanəsi Türklərdə bir həqiqət mənziləsinə keçmişdir (həqiqət sayılmağa başlamışdır).”

4. Qurd başlı bayraqları milli dövlət atributu kimi qəbul edən Türklər, rəsmi olaraq tanıdıqları dövlətə də üzərinə qızıl rəngli qurd başı çəkilmiş mavi bayraq göndərirdilər.

5. Türk hökmdarlarının çadırının qarşısında yüksəldilən bayraq dirəyinə doqquz tuğ vurulurdu.

6. …Türklərdəki doqquz tuğ gələnəyi doqquz sayısının qutluluğu səbəbi ilə göydəki doqquz planeti təmsil etməkdədir. Göy üzü doqquz qatlıdır və Türk dünya anlayışında yer üzü də doqquz bölgəyə bölünmüşdür. Tənzimatdan öncəki Türk hökmdarlarının savaş bayraqları, Oğuz ənənəsinə uyğun olaraq doqquz tuğdan ibarət olardı. Bu uyğulama bir dünya imperatorluğu simvoludur. Çingiz Xan da öz xaqanlığını elan etdiyi vaxt doqquz qollu və ağ rəngli bir tuğ yüksəltmişdi.

7. M. S. Ordubadiyə görə “Umumiyətlə əski Türklər Әrgənəkon gününə ehtiramən doqquzilə qurd kəlməsinə hörmət göstərirdilər. Martın 9-da edilən bayram Әrgənəkonda qapanıb qalan Türklərin nəslini yenidən təşkil edən Doqquza yadigardır. Doqquz, İlhaninin kürəkəni idi. Yenə M. S. Ordubadiyə görə “Bu gün yenə də Türk boylarında əkinlər biçilərkən yəmələrini doqquz doqquz yığmaq adətdir…

8. Doqquz (və silsiləsi) motivi haqqında Türk xalq ədəbiyyatı və folklorunda, Türk mifologiyasında çox sayıda fakt var: 9 ağac, 9 köklü ağac; 9 budaqlı ağac; 9 boy; 9 çoban; 9 div, 9 dəvə qurbanı; 9 fələk; 9 gün; 9 hovuz; 9 inək; 9 insan; 9 qarış qar; 9 qız; 9 kişi; 9 qulanlı at; 9 qat qumaş; 9 oğul; 9 Oğuz, 9 ox; 9 hörüklü saç; 9 püskül (birçək); 9 dəfə salam; 9 soy; 9 Tanrı; 9 ölkə; 9 zəncir (bax. Bahaeddin Ögel, Türk Mitolojisi I, s. 618-619);

Oğuz Xan Dastanında Oğuz Xan, düzənlədiyi böyük qurultayda 900 (doqquz yüz) at, 9000 (doqquz min) qoyun kəsdirib 90 (doxsan yəni doqquz dəfə on) hovuz dolusu qımız hazırladaraq şölən vermişdi. Bayram zamanı Şaman doqquz gənc oğlanla doqquz gənc qızı seçər; budaqsız bitən ağaca Tanrı “bunun doqquz dalı bitsin, bu doqquz daldan doqquz adam törəsin və bunlardan doqquz ulus olsun!” əmrini verir. Altay ulusları yer altını doqquz qatdan ibarət olan, başlarında da Erlik Xanın olduğu bir dünya kimi təsvir edirlər. Onlar insan skeletinin də doqquz ünsürdan oluştuğunu söylərlər: kafatası, bel sümüyü; diz sümüyü; topuq sümüyü; ayaq biləyi, omuzlar (çiyinlər); dirsəklər; əl sümüyü və ovuc sümüyü. Yakutlara görə göy tanrılarının sayı doqquzdur… (bax. Kâmil Vəli Nərimanoğlu, Özümüz, Sözümüz, s. 72; 79; 85-86; 94; 282-283).

9. “Doğruyu söyleyenin dokuz köyden kovulması” da təsadüfi deyil. “Ayların sultanı” olan Ramazan’ı “Şuhûr-ı Arabiye’nin dokuzuncusu ki şeriat-ı İslâmiye’de oruç ayıdır.” şəklində açıqlayan ünlü leksikoqraf (sözlükçü) Şəmsəddin Sami də (bkz. Kâmûs-ı Türkî, s. 670) bu sıralamanı təsadüfi saymaz…

Yeddi qardaşdan biri olan Kənanın xarakterini bəlirlədiyini düşündüyüm yeddi haqqında…

1. Yeddi – öncəliklə bizə Yeddi Gözəl müəllifi Nizami Gəncəvi ilə ilk ən böyük təmsilçisini verən klassik ədəbiyyatımızdakı, təsəvvüfdəki, Hürufilik fəlsəfəsindəki yeddilər nəzəriyyəsini xatırladır.

2. Bilindiyi kimi, Hürufilikdə yeddi dörd ünsürlə varlığı göstərən ilk saydır yəni söz, səshərfin toplamı olan üçilə anasır-ı ərbaa şəklində bilinən dörd təməl ünsürün- torpaq, su, havaodun toplamı olan dördü ifadə etdiyi üçün müqəddəs rəqəmdir. On da mükəmməldir çünki başlarına and belə içilən üç ilə yeddinin toplamıdır (Bax. Abdülbaki Gölpınarlı, Hurûfilik Metinleri Kataloğu, Türk Tarih Kurumu Yayınları, Ankara, 1989).

3. Әrəb əlifbasındakı 28, Fars əlifbasındakı 32 hərfin həndəsi əsasını təşkil ədən 7, Hürufilərə görə insanın vücud və üzündəki yeddi xəttə görədir və Qurandakı ayə və surələrin də bu 7 ilə əlaqəsi vardır. Quranın yazılışında istifadə edilən 28 hərfin əsasını da bu 7 xətt təşkil edir. İnsan dünyaya gələndə Haqqın təcəllisi olan 7 xəttlə -2 qaş, 4 kirpik, 1 saç- doğulur (Hürufilikdə bunlara xutut-ı ummiyyə yəni ana xətləri deyilir). Kişi cinsindən olanlar ərgənlik çağına gələndə bunlara 7 xət də əlavə olunur (xutut-ı əbiyyə – ata xətləri). Bu xətlər çıxdıqları yerlərlə birlikdə 14-dür, xutut-ı ummiyyə ilə xutut-ı əbiyyənin (ana və ata xətlərinin) toplamı isə 28-dir. Bu da yuxarıda da göstərildiyi kimi, Quran mətnindəki 28 hərfə təsadüf edir.

4. Quranın ilk surəsi olan Fatihə surəsi 7 ayədir. Dini mədrəsələrdəki başlanğıc dərslərinin həft-yek (yeddidə bir) olması bir təsadüf deyildir; Məhəmməd və Әli adlarındakı hərflərin toplam sayı 7-dir: ﻋﻠﻰ  ﻣﺤﻤﺪ . Bismillah da yeddi hərflə yazılır: .. ﺑﺴمﺍﷲ

5. Yunus Әmrə yaradıcılığında yeddi məsələsi tam bir sistemdir. Yunusun təsəvvüfi şeirlərinin çoxu yeddi bəndli dördlüklərdir. Bu şeirlərin çoxunda hər misra yeddi hecadan ibarətdir, yəni bu misralar qafiyə yönündən fərqli olsa da, heca sayına görə bayatılarla, manilərlə eyni qəlibdədir. Bunlardan başqa, misralarda istifadə edilən “yeddi” sözlərindən hər biri də ən az yeddi şəkildə şərh və izah edilə bilən qavramlardır:

Ol sultan halvetinin

Yedi hücresi vardır

Yedisinden içeri

Cevlan urasım gelir.

İlk baxışda hər şeyin anlaşıldığı bu yeddi hecalı şeirdə əslində anlaşılan bir şey yox imiş… Yunus Әmrə şeirlərinin şərhlərini (Bax. Necla Pekolcay, Emine Sevim, Yunus Emre Şerhleri, Kültür Bakanlığı / 1359, Klasik Türk Eserleri / 16, Feryal Matbaası, Ankara, 1991, ) oxuduqca bu qənaətin yanlış olmadığını düşünürük.

Ben bir kitap okudum

Kalem onu yazmadı.

Mürekkep eyler isem

Yetmeye yeddi deniz.

Ya da

Yeddi tamu, sekkiz uçmak

Her birinin vardır yolu

Her bir yolda yüz bin çarşı

Allah sana sundum elim

deyən Yunus yaşadığı dünya haqqında da …

Yedi kez boşalıp yine

Dolan dünya değil misin? deyir…

6. İnformasiya və kodlaşdırma nəzəriyyəsi, sistemlər nəzəriyyəsi və kibernetika mütəxəssisi olan Azərbaycan alimi, tədqiqatçı-nəzəriyyəçi şairi, riyazi dilçisi Prof. İsa Musayevin də “Koroğlu dastanının ana xəttində səhəri, işığı, azadlığı, canı salamlamaqla yanaşı, həm də gecənin ro­mantikası dayanır. Odur ki, göydə yeddi-yeddi sayrışan ulduzlara uyğun olaraq yerdə də yeddi-yeddi dəli dağlar seçilmiş və saysız-hesabsızlığı, həmçinin çoxmərtəbəliliyi ifadə etmək üçün 7777 anlayışı daxil edilmişdir. 7777 yazılışı, hər bir yeddinin də daxilən yeddilərdən təşkil olunduğunu göstərmək üçündür. Burada bir gəraylım yadıma düşür:

Yeddi muğam havacatı,

Yerin-göyün yeddi qatı;

Yeddi heca – şux bayatı,

Yeddi, getdi yeddi-yeddi.

(Bu gəraylının tam mətni üçün bax. İsa Musayev, Dil – Yaddaş – Vətən – Vətəndaş: Assosiativ İncələmələr, Azəbaycan Ensiklopediyası Nəşriyyat-Poliqrafiya Birliyi, Bakı, 1995, s. 256)

7. Son olaraq da Kıbrıslı Türk şair Osman Türkay’ın 7 Telli kitabından seçme “yeddilikler”

Yeddi günəş doğulmuş, yeddi qırmızı gözlü canavar,

Әmdilər öz suyunu ovaların, dağların,

Әmdilər yeddi dənizin suyunu qurutdular…

 

Mən söyləyəcəyəm, onlar gözünü çözəcəklər

Mənim buyruğumla maskalı yeddi hakim…

 

… Maskalı yeddi hakim, yeddi ölümcül silah örnəyi…

 

Yeddi qitəyə ayrılmış bir dünyanı xatırladır

Bu yorğun və çəlimsziz üz…

 

P.S. Yeddi telli Azərbaycan sazı və Türk bağlaması; do, re, mi, fa, sol, l(y)a, si şəklindəki millətlər arası yeddi musiqi notu; göy qurşağının yeddi rəngdən əmələ gəlməsi də bir təsadüf olmayıb yeddinin süni deyil, təbii, insani deyil, ilahi yönlərindən sadəcə görünənləri, üzdə olanlarıdır…

Yeddi, doqquz ve Kenan əlaqesini özünüz qurmağa çalışın…

 

Doqquz uşaqlı ailənin yeddinci uşağı Kənan Qazinin özü haqqında:

Bu gün 50 yaşı tamam olan Kənanı təxminən 48 ildən bəri tanıyıram. Kənan mənim dayım oğludur – hamımızın qorxub çəkindiyimiz Məhəmməd dayının doqquz uşağından yeddincisi, yeddi oğlundan biridir. Məhəmməd dayı 1988-ci ilin iyun ayının əvvəllərində rəhmətə getmədən bir-iki gün əvvəl mən əsgərlikdən qayıtmışdım. Üstüpüyə çatar-çatmaz onu görməyə getdim. Ağır-ağır nəfəs alırdı. Gözləri ilə məni süzüb “Bala, gəldin?! Xoş gəldin! Allah, sənə şükürlər olsun!..” deyə pıçıldadı. Mən onun yanında bir az oturduqdan sonra “Bala, dur get evinizə, indi camaat səni görməyə gəlib…” dedi və mən onunla son dəfə vidalaşdıqdan sonra qalxıb evə getdim. Baxışları ilə rəhmətlik Məmməd Arazın əmisi kimi “Qorxma, burda kişi ölür, kişilik ölmür!..” deyər kimiydi… Ertəsi gün Məhəmməd dayı rəhmətə getdi…

Nəcəfov Məhəmməd Süleyman oğlu İkinci Dünya Müharibəsində iştirak etmiş, müharibə qurtarandan sonra kəndə qayıtmışdı. Hamımız sərt xasiyyətli bu kişidən çəkinsək də mən bəzən cəsarət edib ona suallar verərdim.

Bir gün “Stalindən niyə bu qədər çəkinirsiniz? Bu necə bir qorxudur?!” deyə ona sual vermişdim. Olduqca qəribə və heç unutmadığım “Sən heç Yağlı Dərəyə getdinmi?” deyə sualıma sualla cavab vermiş, mən də yalandan “Hə, getdim!..” demişdim. Məhəmməd dayının “Orada bir Məmmədhəsən çeşməsi var, o çeşməni də gördünmü?!” sualına mən “Hə, gördüm!” cavabını verincə “Biz Məmmədhəsən çeşməsindən əyilib su içəndə də Stalinin əleyhinə danışmağı burax, heç düşünə də bilməzdik…” cavabını öncə anlamamışdım. Sonra öyrəndim ki, Azərbaycanın ən yüksək zirvəsi olan Qapıcıq dağının ətəyindəki Məmmədhəsən çeşməsinin ətrafında heç bir canlı yaşaya bilmir… İnsanlar orada belə Stalinin əleyhinə bir fikri ağıllarına gətirə bilməzmiş. Stalin dəhşətini təsəvvür etmək üçün olduqca çarpıcı bir örnək idi Məhəmməd dayının cavabı… Halbuki Məhəmməd dayı əsla qorxaq insan deyildi…

Kənan həm fiziki olaraq, həm də xaraktercə atası Məhəmməd Süleyman oğluna çox oxşayır. Kənan uşaqlıqda Allahın bəlası idi. Hər halda sadəcə gecə yatanda hərəkətsiz qalırdı. Olduqca zəki, ağıllı, hiperaktivdi. Çox dərs oxumasa da əlaçı idi, çünki uşaqlıqdan bəri yaxşı dinləyicidir. Çox gözəl üzər, əla futbol oynayardı… Kənan 1992-ci ildə Qarabağ savaşlarında bir ayağını itirəndən sonra onun futbol oynadığı günləri xatırlayaraq Ramiz Rövşənin

 

… Demə nədir işin, peşən?

Canında dərdi tərpəşən

Saz görsə, əti ürpəşən

Təkqollu aşıq kimiyəm… misralarını xatırlayır, qəhərdən boğuluram…

 

Kənan Gəncədə Kənd Təsərrüfatı İnstitutunu bitirmiş, Hacıqabulda zootexnik işləyirdi. Müharibəyə könüllü getmiş, ön cəbhədə General Aydəmirovun batalyonunda vuruşurdu. Generalın seçmə əsgərlərindən biri idi. Top mərmisi sol ayağını dizdən aparanda general onu vertolyotla Bakıya göndərmişdi. Bu xəbəri alar-almaz rəhmətlik Arif dayımla birlikdə Respublika Xəstəxanasında onu görməyə getmişdik. Çox qan itirdiyi üçün vəziyyəti ağır idi. Gözlərini açan kimi döyüş yoldaşlarını soruşdu…

Sonra məşhur cərrah Cəfər Quliyevin məsləhəti ilə onu Sumqayıt Təcili Yardım Xəstəxanasına apardılar.

Gecələr üç nəfər onun yanında qalırdıq – Kənanın əminəvəsi olan rəhmətlik Elçin Quliyev (1967-1996), Kənanın bibinəvəsi olan rəhmətlik Polad Quliyev (13 Fevral 1968 – 28 Mart 2010) və digər bibinəvəsi olan mən (15 fevral 1968 – ?)…

Rəhmətlik Elçin Azərbaycan Tibb Universitetini bitirmiş, o xəstəxanada növbətçi həkim işləyirdi. Kənan burada yatdığı üçün hər gecə növbəyə gəlirdi. Polad Moskva Energetika İnstitutunu bitirmiş, Azərbaycan Dövlət Enerji Şirkətində işləyir, axşamlar da Kənanın yanında qalmağa gəlirdi. Mən isə BDU-da tələbə idim, axşamları Kənanın yanında qalırdım. Sumqayıtdakı qohum-əqraba hər gün ona yeməklər gətirir, biz də Kənanın payından elə oradaca yeyirdik… Kənanın ağrıları artdığı vaxt onu sakitləşdirməyə çalışsaq da yerində yata bilmirdi. Tək ayağı ilə yenidən ön cəbhəyə getmək istəyirdi…

Müharibəyə şəhid olmaq üçün gedən Kənan bir ayağını savaş cəbhəsində qoyub qayıtmışdı. Bəzən itirdiyi sol ayağının barmaqlarının qaşındığını söyləyirdi… Kənanı sakitləşdirə bilməyəndə maqnitofonda Qədir Rüstəmovun Sona Bülbüllərini dinlədir, rahatladırdıq… (Qədir Rüstəmovun xatirəsinə yazdığımız Sona Bülbüllər adlı yazıda bu haqda danışmışıq.)… Kənanın dəyərli həyat yoldaşı Rəna xanım isə onun əziyyətlərini çəkən insanlardan birincisidir…

Peşəkar jurnalist Şərəf Cəlilli Kənan xəstəxanada yatdığı günlərdə gözəl bir radio verilişi hazırlamış, bu verilişin fon musiqisi olaraq da Kənanın istəyi ilə Qədir Rüstəmovun Sona Bülbüllərini seçmişdi… Tələbəlik illərimizdə dostumuz İlqar İlkin də Kənanı yaxından tanımış, “Tanrı yerişi” adlı şeirini Kənana həsr eləmişdi… Son illərdə də dostumuz Şamil Sadiq “Ödərlər” romanında Kənanın məsləhətlərini almış, “Qazinin Ayağı” adlı hekayəsini isə ona həsr etmişdi…

Kənanın əsgər obrazı onun ən qüvvətli tərəfidir. Kənanın bu yönü haqqında dəyərli dostlarımız ədəbi sözlərini dedikləri üçün mən qısa kəsirəm… Sadəcə onu deyim ki, Kənanın vətənə olan məhəbbəti, düşmənlərə olan nifrətindən min dəfə çoxdur… Məncə bizim bu savaşı uduzmağımızın ən əsas səbəblərindən biri düşmənlərimizə olan nifrətimizin vətənə olan sevgimizdən ən az min dəfə çox olmasıdır… Nifrətin sevgidən güclü ola bilməyəcəyini əsla anlamaq istəmirik… Bu mənada Kənandan öyrənəcəyimiz çox şey var…

Təsəvvüf fəlsəfəsini, Azərbaycan muğamlarını çox sevən Kənan bir mənəviyyat adamıdır. Rəhmətlik Әbülfəz Elçibəy daha çox nəfsinə hakim bir insan kimi onun sevdiyi az sayda şəxsiyyətlərdəndir…

Kənan qardaşım!..

Sən mənim qohumlarım arasında az sayda olan dostlarımdansan…

Şeirlərini, yazılarını oxuyuram. Bu gün sənin özün haqqında bir-iki şey deməyə çalışdım, inşallah bir gün sözün haqqında da danışarıq…

Səni yenə qucaqlamaq istəyirəm – illər öncə qucaqladığım kimi…