Sinif yoldaşları – Xülya Cəfərova  

20 Baxış

19983967_10213374745981749_3402527838756787117_o

Təqdimat:

“Sinif yoldaşları” anti-utopik psixoloji triller janrındadır. Hadisələr XXIII əsrdə cərəyan edir. Bir zamanlar bir sinifdə oxumuş məktəblilər 10 ildən sonra yenidən məzun olduqları məktəbdə görüşürlər. Bir neçə saat davam etməsi nəzərdə tutulan görüş həyatlarının sınağına çevrilir. Kiçik bir diqqətsizlik nəticəsində məktəbin fövqəladə hallar üçün nəzərdə tutulan sığınacağında dustaq olurlar. Bir-birindən fərqli 20 insan qapalı məkanda yaşamaq uğrunda mübarizəyə başlayır. Bu mübarizə onları həm tanınmaz hala salacaq, həm də əsl üzlərini meydana çıxaracaq. Artıq onların qarşısında bircə məqsəd var: sağ qalmaq. Məqsədə hansı yolla çatdıqlarının isə heç bir fərqi yoxdur.

 

I HİSSƏ

Yadlaşmış doğmalar

Dəfnə 10 ildən sonra yenidən bitirdiyi məktəbə gedirdi. İlk dəfə məktəbə qədəm qoyacaq bir uşaq kimi həyəcanlı idi. Bütün gücünü toplayıb onlarla xatirəni dəfn etdiyi məkana doğru irəliləyirdi. O xatirələr ki, hərdən onların birdəfəlik üstündən xətt çəkmək, hərdən də yenidən qayıtmaq arzusu bütün varlığına hakim olurdu… Əlləri sükana, gözləri yola kilidlənmişdi. Zehni isə zibilliyə atılmış bir pişik kimi illər öncəsinin artıqları arasında eşələnirdi.

Uzaqdan gördüyü doğma divarlar Dəfnəni xəyallardan ayırıb indiki zamana qaytardı. İçəri ayaq basanda, ona elə gəldi ki buradan ayrılmağından nəinki 10 il, heç 10 gün də keçməyib. Həyətdə sağa-sola qaçışan, özünükəşf mərhələsinə hələ çatmayan, duyğuları çılpaqlığı ilə hayqırmağı şücaət zənn edən uşaqları görəndə dodağına xəfif bir təbəssüm qondu. “Kaş ki onlara səhv etmədən böyüməyi öyrədə biləydim”, – deyə fikrindən keçdi. Əfsus ki bu, mümkün deyildi…

Tezliklə Dəfnə artıq unutmağa üz tutduğu simaların əhatəsinə qoşuldu. Məktəb yenicə təmirdən çıxmışdı. Ən yüksək səviyyəli texnika və avadanlıqlarla təchiz olunmuşdu. Görüşü sinif rəhbərləri Sabah müəllimə və qızı Səda təşkil etmişdi. Səda da Dəfnəgillə bir sinifdə oxumuşdu və o vaxtlar sinif nümayəndəsi idi. Cavanlar ana ilə qızın müşayiətilə geniş yeməkxanada toplaşdılar. Yemək zalı onların məktəbdə oxuduğu vaxtdakından azı iki dəfə geniş idi. Bir vaxtlar Dəfnənin sadəlövhlüklə müşahidə etdiyi uşaqların hər biri böyümüş, tamam fərqli insanlara çevrilmişdi. Onların bir çoxunu sosial şəbəkələrdə izləyirdi. Ona görə də heç kəsi tanımaqda çətinlik çəkmədi. Lakin aradan keçən illər hər birinin vücudu ilə yanaşı, ruhunu da dəyişmişdi. Dəyişikliyə uğrayan ruhları tanımaq isə daha çətindir. Nə vaxtsa doğma zənn etdiyi, hər gün gördüyü adamlar indi ona yad kimi gəldilər.

Dəfnəni ilk salamlayan Duman – onun üçün məktəb illərinin ən arzuolunmaz şəxsi  oldu:

“Ooo, necəsən Xəyalpərəst?”

Bu ləqəbi qətiyyən xoşlamırdı. İllər sonra yenidən bir qədər qalın səslə, lakin eyni tonda bu cür çağrılmaq Dəfnəyə xoş gəlmədi. Sanki qəfildən zaman maşınına əyləşdi və 10 il öncəsinə tullandı. Bu bircə söz gənc qadını arxa partada gizli-gizli gündəlik yazan həmin balaca qıza çevirdi. Bozumtul xatirələr gözlərinin qarşısında canlandı: Heç kimin onu anlamadığını düşünən yeniyetmə qız gündəliyini çantasına qoyur. Lakin kənardan onu oğrun-oğrun izləyən baxışlardan xəbərsizdir. Duman gizlicə tənəffüsdə dəftəri qızın çantasından oğurlayır və bütün sinfin ortasında ucadan oxumağa başlayır:  “Uşaqlar, qulaq asın!” Təsadüfi bir səhifə açır: “Daxilimdəki soyuq o qədər kəskindir ki, bayırdakı şaxtanı hiss eləmirəm” – pafoslu və ikrah doğuran bir tərzdə oxuyur. Uşaqlar nə olduğunu anlamadan gülməyə başlayırlar. Duman səhifəni çevirir: “Bu gün “insan” adlı əcaib məxluqun nə dərəcədə qəddar ola biləcəyini bir daha anladım.” Bəziləri isə bunun hansı “hekayə” olduğunu soruşurlar. “Nə olacaq, Dəfnənin faciəvi həyat hekayəsidir” – gülməkdən üz-gözü pörtmüş Torpaq deyir. Duman dəftəri səhifələməyə davam edir: “Aha, öz adımı gördüm: “Duman nə qədər bəsit və dayaz insandır… Axı nəyə görə nifrət qazanmağa bu qədər can atır? Özünü olduğundan daha pis insan kimi qələmə vermək ona nə qazandırır?” Yeniyetmə qız üzərinə tuşlanan gülüşlərin arasında əvvəlcə nə edəcəyini bilmir. Nəhayət özündə güc tapıb dəftəri almağa çalışır. Bayaqdan bunu gözləyən Duman dəftəri Torpağa, Torpaq Tunara, Tunar da Səfərə ötürür. Dəfnə əldən ələ ötürülən dəftərini onlardan almağa çalışarkən, gözlərində parıldayan yaşları zorla sıxıb saxlayır. Nəhayət Kərəm dəftəri oğlanlardan alıb Dəfnəyə qaytarır. Utandığından özünü yerin yeddi qat dərinində hiss edən qızın bayaqdan sıxıb saxladığı yaşlar qəfildən sel kimi boşalır. O, dəftərini qamarlayıb sürətlə sinifdən çıxır…

Dəfnə Dumanın sualına təbəssümlə cavab verdi: “Yaxşıyam, Duman, sən necəsən?” Dumanın onu uşaqlıq komplekslərindən xilas ola bilməmiş və zəif bir şəxs hesab eləməyini istəmirdi.

Bayaqdan bir-birlərinə tərəddüdlə baxan bu yad insanlar çox keçmədən qaynayıb qarışdılar. Onların hər biri dəyişmişdi, lakin hər şey illər əvvəlki kimi idi. Duman liderlik vəzifəsinə qaldığı yerdən davam edir, hər kəsi asanlıqla ələ alırdı. Torpaq yenə də onun sağ əli olaraq, sağında dayanmışdı. Dəfnə ordan-burdan eşitmişdi ki, Torpaq hazırda Dumanın yanında işləyir. Dəfnənin öz gündəliklərində “şeytan triosu” adlandırdığı bu dəstədən uzaq düşmüş Tunar isə söhbət əsnasında hər fürsətdən istifadə edərək Dumana yaxın olmağa çalışırdı. Davranışlarından, digərlərinin nə düşünəcəyinə əhəmiyyət vermədən fikrini yalnız Dumanla münasibətləri bərpaya kökləməsindən açıq-aydın sezilirdi ki, ondan nə isə umur.

Elə bu vaxt sinfin “Şahzadə”si Elina uşaqlıqda olduğu kimi, diqqətləri üzərinə çəkmək üçün içəri xüsusi səs-küy və əda ilə daxil oldu. Əvvəlcə simasında səmimi bir təbəssüm var idi. Lakin hamının gözlərini qamaşdırmaq missiyasını yerinə yetirdikdən sonra, illərin ona bir neçə plastik əməliyyat və göz oxşayan libaslar xaricində heç nə qatmadığını sübut elədi:

“Uşaqlar, deyirəm məktəbdə bir damcı belə inkişaf yoxdur. Yalandan bir-iki divarı boyayıb üstünü bəzəməklə deyil ki! İçi həmişəki kimi təzəkdir. Sürücüm iki saatdır parking üçün uyğun yer axtarır. Həyətə buraxmırlar. S-klassı da harada gəldi saxlamaq olmur axı. Özünüz bilirsiniz də.”

Elina əyləşmədən öncə bir anlıq sarı saçlarını arxaya itələyərək fasilə verdi ki, yoldaşları onun “Roberto Cavalli”dən olan geyimini, “Valentino” ayaqqabılarını və “Chanel” çantasını görə bilsinlər. Cəhdi gözlədiyi nəticəni verdi. Uşaqlıqdan bəri Elinanın dəstəsinə daxil olmaq xəyalı ilə yaşayan Klara yaltaqlıq üçün yaranmış fürsəti fövdə vermədi:

“Düz deyirsən, Elina. Mən də azı 20 dəqiqə yer axtardım. Necəsən? Uğurlarını eşidib sevinirik.”

Yaltaqlığın bu bariz nümayişi çoxlarının simasında təbəssüm yaratdı. Dumanla Torpaq aralarında nə isə pıçıldayıb gülüşdülər.

“ Yaxşıyam, Klara. Amma sən bir az yorğun dəydin gözümə. Ah, nə yaxşı ki şəxsi sürücüm var. Yoxsa mən də sənin kimi əsəbiləşib qan-tər içində qalardım” – dedi.

Elina uşaqlıqda da daim başqalarını aşağılayaraq üstünlüyünü nümayiş etdirməyi sevərdi. Amma yaltaqlığı heç vaxt xoşlamazdı. Ona görə də məktəbdə oxuyarkən də Klaranı yaxınına buraxmazdı.

“Düz deyirsən. Aslan da hər fürsətdə deyir ki, sənə sürücü lazımdır. Özüm sürməyi xoşlayıram, amma artıq zəruridir. Hə, yeri gəlmişkən, bilirsən də. Aslanla Roman bir fakültədə oxuyublar.”

Klaranın niyyəti özünü daha da büruzə verdi. Elina ilə ailəvi yaxınlıq üçün növbəti dəfə tilovu atırdı. Amma bu dəfə də tilov boş qayıtdı:

“Aslan kimdir ki?”

Klara azca pərt olsa da, özünü itirmədi:

“Kim olacaq, həyat yoldaşım. Ona o qədər səndən danışmışam ki, tanımağa can atır. Alınsa, görüşərik bu yaxınlarda” – dedi və baxışlarını Elinanın üzünə tuşladı. İstənilən şəxs belə bir vəziyyətdə özünü mənfi və ya müsbət bir cavab vermək məcburiyyətində hiss edərdi. Lakin bu, “Şahzadə” üçün keçərli deyildi. O, açıq-aşkar Klaranı saymadı və üzünü çevirib başqaları ilə söhbətləşməyə başladı.

Elə bu vaxt Arzu qızı ilə birlikdə içəri girdi. Məktəb vaxtı Elinanın ən yaxını, onun dəstəsinin üzvü idi. Bahalı brendlərin köhnə kolleksiyalarından geyinən gənc qadın sinif yoldaşlarının xatirində qalan qıza heç bənzəmirdi. Əynindəki geyimləri elə bil ki kimdənsə borc almışdı. Arzu heç bir sosial şəbəkənin istifadəçisi deyildi. Ona görə də məktəb vaxtı incə, zərif bədən quruluşu, uzun, ipək kimi saçları, hiyləgər gülüşü ilə oğlanları ovsunlayan qızı yöndəmsiz bədən quruluşu, qısa, yanmış, zədələnmiş saçları, boğazının az qala ortasına qədər sallanan buxağı sayəsində yoldaşlarının tanıması xeyli vaxt aldı. Bununla belə, bacardığı qədər gözəl görünməyə çalışdığı hiss olunurdu. 5 yaşlı qızı isə anasının əksinə zərif və gözəl idi.

KÖŞƏ YAZARLARI
TOP 10