“sinoptiklər yalan danışır” – YENİ ŞEİRLƏR

93 Baxış

Nicatsinoptiklər  yalan danışır

Sinoptiklər növbəti gün üçün proqnoz verir,

sənsizlik küləyi sabah da ruhumda əsəcək,
hər gün yeni xəbər oxuyan qısa ətəkli qız
ömründə ilk dəfə həqiqəti deyəcək,
Taleyimdəki sükut bir daha pozulmayacaq.
Küçə fahişəsinin çəkdiyi siqaretin burulğanı
bar köşəsinə son arzumu yazacaq.
Vətəndən qovulan didərdin şair,
keçmişimi qələmində daşıyacaq,
ağ vərəqlərə yazılan əzablarım,
bəşər övladının ilk tənhalığıdır.
Gecə seansı mənə zamanı xatırladır,
xoşbəxtliyə nə qədər qaldığını hələ də bilmirəm,
İnsan dünyaya gəlməzdən öncə
yollarına ümidsizlik toxumları səpilir.
Bu rəhimsiz toxumları udmağa,
bir şərəfli çəyirtkə də tapılmır.
Toxumlar sevgi zəmisində böyüyüb,
nəhayətsiz tənhalığa çevrilir,
Başqa tv kanalda sinoptiklər başqa proqnoz verir,
buludların göz yaşıyla ruhuma axıb
keçmişimi bu günə gətirəcəksən.
fəqət heç nə alınmır,
sinoptiklər yenə də yalan danışır.
uşaq vaxtı öldürdüyüm qarışqa
mənə sənin də tənha olduğunu pıçıldayır,
titullar paylayan gicbəsər qarı,
sənin vahiməli taleyini oxuyur.
kanalı dəyişirəm,
mavi deməyə utandığım ekranda
Troya filmi canlanır,
Elledalı Yelena vəhşi ərindən bezdiyi üçün qaçır,
Axillesin dabanı mənim üsyanımdır.
Troya atında düşmən əsgəri yox,
kor şairin son sevgisi gizlənir
o da yanıb külə dönür.
film bitir, kanalı dəyişirəm,
tonqalda yandırılan Janna Dark
sənin bakirə ruhundur.
Məryəm ana Tanrı övladını bətnində gizlədir,
İsa Məsih deyil o,
mənim uğursuz eşqimdir,
onu da çarmıxa çəkirlər.

 İsaya ərə getdin

səhradakı bəyaz saçlı dərvişdən

zamanı soruşanda sənə söyləmişdi,
əbədi səadətə bir kəpənək ömrü qalıb.
elə o zamanlar məni tərk etdin ,
monastıra qaçıb İsaya ərə getdin,
fəqət Məhəmmədi sevirdin .
dərviş həm də bütün dinlərin. təriqətlərin
bir əfsanə olduğunu demişdi.
lakin o da bir zamanlar
Məryəmə könül vermişdi.
səhra dərvişin göz yaşlarından su içəndə
Məryəm Tanrının qoynunda xumarlanırdı.
və qoca dərviş İsadan yardım umurdu.
Vatikan hələ yeni papanı seçməmişdi,
seçkilərin nəticəsi bilinmirdi.
yalnız təbiətin 5- ci fəslində
şəffaf seçki olacaqdı.
Kilsənin damından çıxan tüstü
səmaya sənin ismini yazmışdı .
deyəsən papaların dövrü bitmiş,
hakimiyyət əzmi bakirə qadınlara
həvalə edilmişdi.
sən olacaqdın yeni papa
patriarxlar seçkini saxtalaşdırmasaydı,
Tanrı insanlara yeni mesaj verəcəkdi səninlə
ey bədbəxt övladlarım, anlayın ki,
hakimiyyətin cinsi yoxdur.
kardinalların nifrətindən səni hətta
İsa özü də xilas edə bilməyəcəkdi.
amma etiraf edirəm, sayəndə anladım ki,
bütün siyasi sistemlər, fəlsəfi cərəyanlar,
cəfəngiyyatdır,

yeganə məqsəd ali irqi yaratmaqdır.
boş ver dünya gerçəyini,
Məhəmmədi unut,
İsadan icazə al,
gəl son dəfə sevişək.

 

Nicat Həşimzadə 

Bölmə : Poeziya, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10