Sinqapur şarı – Orxan Fikrətoğlu

29 Baxış

photo_1307

Hekayə

Restoran gözətcisi müştəriləri maşından düşəndə gördü.  Qaranlıq dəhlizdən civə kimi sivişib gur işıqlı salona çıxdı.

Qollarını sevinə-sevinə yuxarı qaldırıb “Gələn var!” – qışqırdı.

Boş salona elə bil qızmış nər buraxdılar. Ofisiantlar qışın ac sərçələri kimi gələn “yemin” üstünə cumdular.  Müdir qalın qaşlarının altından üzünü saksofonçuya tutub: – Bir diringi hava çal görüm! – dedi.

Saksofonçu dodaqlarını yaşlayıb qapıya sarı boylandı. Gələnlər üç nəfərdi.  Uzun, beli donqar kişi, kos kimi yumru arvad və üzündə  qorxu qırımı donmuş başı qırxıq oğlan uşağı. Müştəri adı eşidəndə sevincdən bığları əsən müdir “müqəddəs üçlüyü” kilsə səmimiliyi ilə qarşıladı.  Gələnlər cibləri ağırlığında yumşaq kreslolara yayxandılar. Yumru arvad oturan kimi ayaqlarını aralayıb “şaqqa-şukla” əsnədi.  Bayaqdan boş salonu müdirə xoş gəlsin deyə sağdan sola, soldan sağa süpürən xadimə yumru arvadın oturuşuna baxışıyla qiymət qoyub aşpaza xəbərə qaçdı. Boğazları kəpənəkli ofisiantlar üçlüyü dövrəyə aldılar. Qapıçının üzündə müştərilər gələndən beş manatlıq gülüş yaranmışdı. Beli donqar müştəridən “səs çıxmayınca” həmin beşlik xırdalandı.

Nəhayət, kişi boğazını arıtlayıb ofisiantlara nə yemək istədiyini dedi.

Ofisiant kəpənəklər mətbəxə tərəf uçuşdular.

Saksofonçu saksofonu dodaqlarına yaxınlaşdırdı. Oynaq caz səsi eşidən kimi, yumru arvad ayaqlarını bir az da araladı. Kişinin belindəki donqar iki barmaq uzunluğunda sağ tərəfə əyildi. Başı qırxıq uşaq əvvəlcə oturduğu yerdə darıxdı. Sonra ayağa qalxıb ayaq üstə darıxdı. Ondan sonra bir-iki addım atıb atdığı addımından darıxdı. Nəhayət, darıxa-darıxa səsə yaxınlaşdı. Dayanıb heç bir şəkli olmayan dana gözləri ilə mattım mattım çalınan saksofona baxdı.  Bir azdan öz baxışından da darıxıb saksofonçunun başına hərlənməyə başladı. Bir neçə dövrə vurduqdan sonra  isə qəfil boynuna sarılıb toppuş əlləri ilə onu  boğmağa çalışdı. Bomboş salonda ağ süfrəli mizlərin arasında tək-tənha dayanıb bayaqdan bəri “saksofonunu yırtan” bu eynəkli kişinin harasısa uşağa xoş gəlmədi.

Saksofonçu uşağı çiynindən nəzakətlə aşağı düşürdü.

Başı qırxıq uşaq nəzakət-filan qanana oxşamırdı. Üzü üstə döşəməyə uzanıb zar-zar ağlayırdı. Səsinə küçənin o başında tum satan qadınla yenicə tanış olmuş sahə müvəkkili də qaçıb gəlmişdi. Uşaq doyunca ağlayandan sonra, doyunca susdu. Bir hovurdan sonra  ayağa qalxıb bayaqdan bəri susmuş atasına: – Bu zurna çalanı burdan rədd elə! – dedi.

Beli donqar əlini cibinə salıb müdirə sarı boylandı.

Saksofonçu aram-aram saksofonu söküb çantasına yığdı. Həmin təmkinlə də ovurdları  Pir Osmanın tablolarındakı kinto ovurdları kimi şişkin “müqəddəs üçlüyün” mizinə yaxınlaşdı.  Kişi  əyilib yumru arvadın qulağına nəsə deyirdi. Saksofonçu əlinu beli donqarın çiyninə qoyub gözü ilə uşağı göstərdi.

- Oğlundu?

Beli donqar özündən və günündən razı razı başını tərpətdi.

- Belə oğulun anasını indidən pettəməsən, sabah başına oyun açacaq!

Çeynədiyi tikəsi  yumru arvadın boğazında qaldı.  Beli donqar ayağa qalxıb cib telefonuyla cangüdənini  çağırdı.

Saksofonçunu restorandan döyə-döyə çölə çıxardılar.

Qapıçı arxasıyca: – Müdür dedi ki, sabahdan işə çıxmasın! – qışqırdı.

Saksofonçu pillələri birnəfəsə qalxdı. Dostu qapının ağzındakı artırmada oturub dadlı-dadlı siqaret çəkirdi. Suallı gözləri siqaretin tüstüsü altından parıldayırdı. Yarım litrlik araq şüşəsinin, beş-altı saralmış zoğalın, duzu daşlaşmış düzqabının da saksofonçuya suallları vardı. Dostu arınıb-daranmışdı. Araq içmək onun üçün müqəddəs törən qədər vacib ayin idi.

- Ürəyimi üzmə! De görüm baş verib? -dostunun səsi əsirdi.

- Məni restorandan qovdular!

- İndi neynəyəcəksən?

- Arvadın yatıb?

- Yatsaydı, burda nöş otururduq? Evdə oturardıq da!

Birinci qədəhi dinməzcə vurdular. Dostu zoğalı iyləyib pillələrə sərdiyi qəzetin üstünə atdı.

- Bura niyə gəlmisən?

- Heç kimə demə! Sabah Sinqapura gedirəm!..

Dostunu gülmək tutdu. Bir xeyli ucadan güldü. Nəhayət, arvadını xatırlayıb susdu. Ciddi görkəm alıb: – Buranı ağ günə çıxartdın, qaldı ora! – dedi.

- Ciddi sözümdü. Burayla qurtardım!

Dostu: – Orda nə iş görəcəksən? – soruşdu.

- Hava şarı alacam!

- Şarı neynirsən?

- Göyə çıxacam! Fikrimi tutmadın?

- Sözün açığı, tutmadım!

- Sonuncu dəfə haçan başını qaldırıb göy üzünə baxmısan?

- Yadımda deyil. Yəqin uşaq olanda!

- Təsəvvür elə başını qaldırırsan yuxarı. Və hər gün günəşin əvəzinə orda məni görürsən! Səhər-axşam hava şarında saksofon çalıram! Gör yaşamaq nə gözəl olar! Göyün səsi itib e. Ona görə belə qəddarıq. Biri-birinə oğraşlıq edirik!

- Yer sənə azlıq eləyir?

- Yerə yeni nəfəs verməyin vaxtı gəlib!   Nəfs nəfəsi üstələyib! Yerdə ancaq dumbul çala bilərsən. Qolun zoru dəbdədir də! Mən isə nəfəs adamıyam. Ona görə də göyə qalxacam!

- Sinqapur hardadır?

- Sözün açığı, harda olduğunu  bilmirəm. Təkcə onu bilirəm ki, orda hava şarı altı yüz dollardır. Kalendarın dalından oxumuşam!

- Ora necə gedəcəksən?

- Çox asan. Mənə min dörd yüz dollar pul lazımdır. İndi o qədər travel şirkətləri var ki. İtinə tök. Pulunu verirsən. Sənə viza da alır. Təyyarə bileti də. Qalır bir dənə şarı üfləmək!

- Pulu hardan tapacaqsan?!

- Saksofonumu satacam!

- Kimə?

- Fimaya. O, royalını Ağakərimə satıb axı!

- Elə niyə?

- Deyir xırda alətin səsi qulağa daha tez çatır!

- Bu məntiqlə sən gərək fıştırıq alasan!

- Məni ələ salsan da, Sinqapura gedəcəm!

Dostu arağı badələrə süzdü.

- Götür içək. Biz hamımız hava şarından  yıxılmışıq! – dedi.

Saksofonçu ayağa qalxıb səntirləyə-səntirləyə pillələrlə aşağıya endi. İşıqsız, adamsız şəhər küçələri ilə ayılana qədər dolaşdı. Şəhərdən köçmüş, xariçə getmiş dostlarının evləri qarşısında dayanıb baş əydi. Şəhərin bütün küçələri hərlənib-fırlanıb dəniz kənarına çıxırdı. Onun da içi boş küçə kimiydi.Fikrinin ən dar dalanından keçib bulvara çıxdı.Qağayılar dənizin dibində nə görmüşdülərsə qışqırışırdılar. Taxta oturacaqların birində oturmuş cütlük gecənin zülmətində təkcənə dolaşan saksofonçudan əvvəlcə qorxdular.  Sonra onun zəif işıq altında ağaran üzünü tanıyıb toxdadılar. Uzun illər şəkli qazet səhifələrindən düşməyən, haçansa məşhur olmuş caz ifaçısını gecənin zülmətində yaxından görmək onlar üçün nə qədər qəribə idisə, onun üçün də sevişən gənclərin onu tanıması bir o qədər qəribə idi.

- Məni tanıdız?

Qız gülə-gülə: – Əlbəttə – dedi.

- Çoxdandı Bakıda yaşamırdım! On ildi Sinqapurdaydım!

Qız oğlana qısıldı. Oğlan yenicə kişiləşən səsiylə: – Oralar yəqin gözəl olar? – soruşdu.

Saksofonçu: – Gözəldi! Orda adamı bir baxışdan tanıyırlar! – dedi.

Oğlan: – Belə çıxır ki, orda hamı hamını tanıyır? – soruşdu.

- Yuxarıdan baxırlar axı! Orda hərənin qapısında bir hava şarı var. Onlar göydə yaşayırlar. Hər on dəqiqədən bir əyilib yerə də baxırlar! Orda hava şarı çox ucuzdur!

Oğlan ayağa qalxıb saksofonçuya  yaxınlaşdı. Onun nimdaş güllü-güllü pencəyinə, ağzından qoxan araq iyinə məhəl qoymayıb pıçıltıyla: – Sevdiyim qız üçün bir qəşəng hava ifa edə bilərsən? – soruşdu.

Saksofonçu dənizlə nəfəs-nəfəsə idi. Saksofonu çantasından çıxarıb dodaqlarına toxundurdu. Səsin sehrindən şəhər işıqları bir-bir yanmağa başladı. Dəstə-dəstə insanlar yuxudan oyanıb səsə tərəf axışdılar. Mürgüləyən gəmilər tənbəl-tənbəl rəqs etdi. Yüngülcə Buzovna yeli əsdi. Dəniz ləngərləndi.  Həştərxan mayakı uzaqdan səsə boylanıb kiməsə göz vurdu. Balıqlar suyun üzündə atılıb-düşdülər. Qağayılar bir kasıb qağayıya toy eləyib gəlin köçürdülər.

Dostu evində yatmışdı. Arvadı silkələyib oyatdı.

- Dəniz tərəfdən qəribə səslər gəlir.  Bütün şəhər ordadır. Dur ayağa, biz də gedək. Bəlkə zəlzələ olub! – dedi.

Dostu arvadı ilə səsə tərəf gedirdi. Birdən dənizin üstünə ağ duvaq kimi atılmış ağappaq hava şarını gördü. Yuxu gördüyünü düşünüb  öz qolunu çimdiklədi. Yatıb-eləməmişdi. Yuxu da görmürdü. Göydən ədəli-dədəli hava şarı asılmışdı.Saksofonun səsi də ordan gəlirdi. Dostu barmağını dişlədi. Amma nə qədər boylandısa saksofonçunun üzünü görə bilmədi.

Dünyanın havasını dəyişən bu qəribə səsi bir neçə saat dinlədikdən sonra dostu arvadından: – Səndə beş dollar olmaz? – soruşdu.

Arvadı  ovcunda tutduğu pulların hamısını ağlamsına-ağlamsına ona uzadıb: – Get neynirsən elə! Həyat onsuz da puçdu ! – dedi.

KÖŞƏ YAZARLARI
TOP 10