Şirli qablar üzərində çizilmiş Azərbaycan tarixi

210 Baxış

qab4

Aida İsmayılova 

XII-XIII əsrin əvvəlinə aid keramika nümunələri üzərində olan siren motivləri haqqında

  (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)

Milli Azərbaycan Tarixi Muzeyi (MATM) tariximizin müxtəlif dövrlərinə aid o cümlədən XII-XIII əsrin əvvəllərinə aid arxeoloji materiallarla zəngindir. Bu maddi nümunələr əsasında  dövrün bədii estetik obrazını, dünyagörüşünü həmçinin  mədəni varislik prinsipini öyrənə bilirik. Bu baxımdan biz yuxarıda qeyd etdiyimiz dövrə aid orta əsr Beyləqan, Bəndovan şəhər yerlərindən tapılmış və Nizami muzeyindən MATM-a təhvil verilmiş dörd arxeoloji material haqqında danışacağıq. Bu maddi mədəniyyət nümunələrinin özəlliyi ondan ibarətdir ki, onların üzərində insanbaşlı və quşbədənli əfsanəvi varlıq təsvir olunmuşdur.  Belə bir təsvirə dövrün arxeoloji materiallarında kütləvi şəkildə rastlamadığımız, eyni  zamanda orijinal və maraqlı olduğu üçün bu mövzuya müraciət etməyi məqsədə uyğun hesab etdik. Qeyd edək ki, bu arxeoloji materiallar haqqında xüsusi bir tədqiqat işinə də rast gəlməmişik. Biz məruzəmizdə yuxarıda qeyd olunan təsvirin mifoloji köklərinə toxunmağa çalışacağıq, eyni zamanda onun qədim türk mifologiyasında yeri haqqında bəhs edəcəyik. Bundan əlavə insanbaşlı, quşbədənli təsvirin semantikası haqqında məlumat verməyi nəzərdə tutmuşuq.

İlk öncə yuxarıda qeyd etdiyimiz maddi mədəniyyət nümunələrinin təsviri ilə tanış olaq:

Birinci qab fraqmenti 1963-cü ildə Beyləqan şəhər yerindən tapılmışdır. Şirli qab parçasının gili açıq narıncı olub, yaxşı bişirilmişdir. Daxili səthi anqoblanmış və ağ fon üzərinə cızma üsulu ilə quş və nəbati təsvirləri həkk olunaraq şirlənmişdir. Təsvirin kontur xətləri açıq qəhvəyidir. Quşun təsviri tam deyil. Quşun sağ tərəfdən profili verilmişdir. Onun başı natamam olub, ətraflarında diqqəti cəlb edən tünd qəhvəyi rənglə saçları verilmişdir. Çox ehtimal ki, quşun başı insan başı olmuşdur. Boğazında zolağı var. Gövdəsi tünd sarı və qəhvəyi boyalarla rənglənmişdir. Qanadı isə ləçəkşəkilli olub, açıq yaşıl və qəhvəyi boyalarla rənglənmişdir. Onun ayaqlarının bud hissəsi yaşıl, qıçları isə qəhvəyi rənglə verilmişdir. Əlamətlərinə görə quş sireni xatırladır. Sirenin qarşısında yaşıl nəbati təsvirlərin qalıqları var. Qab parçasının oturacağı dabanlıdır, tam deyil.

Bu qab parçası dulus çarxında formalaşdırma, bişirmə, anqoblama, cızma, boyama-naxışlama, şirləmə və bişirmə texnikası ilə hazırlanmışdır. Onun hündürlüyü 1,5, uzunluğu 9, eni 8,5, oturacağın diametri isə 7,8 sm-dir.

İkinci qab nümunəsi 1974-cü ildə I Bəndovan şəhər yerindən tapılmışdır. Şirli qab parçası yaxşı bişmiş və gili açıq narıncı rəng almışdır. Daxili səthi anqoblanmış və ağ fon üzərinə cızma üsulu ilə insan başlı quş (siren) təsviri həkk olunaraq şirlənmişdir. Bəzi yerlərində şiri tökülmüşdür. Təsvirin kontur xətləri qəhvəyidir. Sirenin təsviri tam deyil. Onun başı qəhvəyi dairə fonunda verilmişdir. Qaşları qövsvari xətlə, gözləri isə içi nöqtəli ellipslə göstərilmişdir. Burnu şaquli düz xətlə verilmişdir. Çox balaca qövsvari xətlə göstərilmişdir. Saçları düz və uzun olub, sifərinin yanlarından tökülmüş vəziyyətdədir. Sifətində qəhvəyi boyanın ləkələri var. Əlamətlərinə görə qadın başını xatırladır. Boğazı yaşıl zolaqla əhatələnib. Sinəsində üfüqi əyri xətlərlə bədən əzaları göstərilmişdir. Onun qanadı ləçəkşəkilli olub, qövsvari zolaqlarla üç hissəyə ayrılmışdır. Dairəvi hissəsi yaşıldır və ortası nöqtəli yarımhalqavari pulcuqlarla bəzədilmişdir. Orta hissə icə tünd sarı boya ilə rənglənmiş, əyri xətlərlə bəzədilmişdir. Qanadın sonluğu isə yaşıl olub, paralel düz xətlərlə verilmişdir. Sirenin gövdəsi isə tünd sarı rəngdədir. Onun quyruğu yuxarı qalxmış şəkildə olub, içərisi ortasında qəhvəyi dairə olan yaşıl yarınhalqalarla bəzədilmişdir. Bir qədər tovuzquşunun quyruğunu xatırladır. Sirenin budları yoğun və qısa olub, yaşıl rənglə verilmişdir. Budların üzəri ştrix və əyri xətlərlə bəz
ədilmişdir. Qıçları bir qədər nazik və tünd sarıdır. Sirenin aşağı ətrafında yaşıl nəbati təsviri verilmişdir. Bəzi yerlərdə yaşıl boyanın axmış ləkələri var. Qab parçasının oturacağı dabanlıdır və ortası spiralvari damğalıdır. Dulus çarxında formalaşdırma, bişirmə, anqoblama, cızma, boyama-naxışlama, şirləmə və bişirmə texnikası ilə hazırlanmışdır. Onun hündürlüyü 4,5, uzunluğu 18, eni 14, oturacağın diametri isə 11,5 sm-dir.

Üçüncü qab fraqmenti Nizami muzeyndən MATM-a təhvil verilmişdir. Fayans kasa  sınmış, lakin sonradan gipslə bərpa edilmişdir. Hər iki səthi açıq yaşıl şirlə örtülmüşdür. Xarici səthinin ağız kənarları tünd qəhvəyi rəngli naxışlarla bəzədilmişdir. Daxili səthinin mərkəzindəki qara dairədə insan başlı iki quş (siren) təsviri həkk olunmuşdur. Dairənin xarici qısa oxlarla əhatələnmişdir. Sirenlər arxa-arxaya dayansalar da, lakin başları geriyə istiqamətlənmişdir. Hər ikisinin başı dairənin içində təsvir olunmuşdur. Onların saçları qısa, qaşları isə çatmadır. Sifətləri girdədir. Gövdələrinin qanadları isə qara rəngli qalın və qövsvari xətlə göstərilmişdir. Qanadların enli hissəsində nöqtə verilmişdir. Sirenlərin quyruqları da bir qədər uzun olub, içəriləri nöqtə və xətlərlə bəzədilmişdir. Onların ayaqları əyri göstərilmişdir. Sirenlərin ortasında və kənarlarında müxtəlif nəbati naxışlır təsvir olunmuşdur. Qabın daxili ağız kənarı da tünd qəhvəyi rəngli naxışlarla bəzədilmişdir. Qab parçasının oturacağı dabanlıdır. Bu qab da dulus çarxında formalaşdırma, bişirmə, anqoblama, boyama-naxışlama, şirləmə və bişirmə texnikası ilə hazırlanmışdır. Onun hündürlüyü 10,8, ağzının diametri 19,5, gövdəsinin diametri 19,3, oturacağının diametri isə 7,5 sm-dir.

qab3Yuxarıda qeyd etdiyimiz üç qabdan əlavə bir ədəd XIII-XIV əsrə aid fayans kasanın içərisində də biz siren təsvirnə rast gəlirik.  Bu onu göstərir ki, sonrakı dövrdə də bu əfsanəvi varlığın qabları üzərində nəqş edilməsi davam etmişdir. Həmin qabın təsviri isə belədir. Fayansdan olan kasa  sınmış, lakin sonradan bərpa edilmişdir. Nazık divarlı kasanın hər iki səthi açıq sarı rəngdə olub, relyeflidir. Daxili səthinin mərkəzindəki qara dairədə insan başlı quş (siren) təsviri həkk olunmuşdur. Dairənin xarici qısa oxlarla əhatələnmişdir. Sirenin başı dairənin içində təsvir olunmuşdur. Onun saçı qısa, qaşları isə çatmadır. Sifəti girdədir. Alnında başını əhatə edən zolaq verilmişdir. Şişman gövdəyə malik olan sirenin qanadı isə bir qədər kiçikdir. Qanadın içərisi qara xətlə işlənmişdir. Qanadların enli hissəsində uzunsov naxış verilmişdir. Onun ayaqları əyri göstərilmişdir. Sirenin kənarlarında müxtəlif naxışlar təsvir olunmuşdur. Qabın daxilində iki yerdə tünd yaşıl rəngdə uzunsov, bir yerdə isə qısa qoşa xallar verilmişdir. Kasanın oturacağı dabanlıdır.Dulus çarxında formalaşdırma, bişirmə, anqoblama, qazıma, boyama, şirləmə və bişirmə texnologiyası ilə hazırlanmışdır.Onun hündürlüyü-6,5 sm; ağzının diametri-18 sm; oturacağın diametri-8 sm-dir.

Müxtəlif adlarla – simurq, harpi, siren adlandırılan insanbaşlı, quşbədənli əfsanəvi varlığın  təsvirini təkcə keramikada yox həmçinin Çində, Tabğac, Buddist, Uyğur və Qaraxanlılarda islam sənətinin miniatürləri arasında da görə bilirik. Ərəb müəllifi Həriri tərəfindən yazılan “Məqaməti-Həriri” adıyla tanınan bir əsərin miniatürləri arasında bu təsvir də mövcuddur. “Siren” sözünün fars dilində otuz rəng anlamı verən “sireng” kəlməsindən gəldiyi güman olunur.[1]

Qeyd edək ki, üzərində siren olan təsvirlərə təkcə Azərbaycandan başqa haqqında danışdığımız dövrdə  Mərkəzi Asiya[2], İran,[3] Türkiyə, Cənubi Qafqaz ərazilərində də istər keramika, istərsə də metal əşyalar üzərində rast gəlinmişdir. Belə ki, Mərkəzi Asiyada torevtika nümunəsi, Böyük Səlcuq dövlətinin tərkibində olmuş Kaşan, Rey şəhərlərində, həmçinin orta əsr Ani şəhərində hazırlanmış keramika üzərində, Türkiyədə Səlcuq sultanı I  Keybudağın (1221-1237) inşa etdirdiyi sarayın kaşıları üzərində də rast gəlinmişdir.[4] Ani şəhərində tapılmış fayans qab üzərində olan siren təsviri başında üç tacın olması ilə fərqlənir.[5] Bunu  I Keybudağın inşa etdirdiyi Qubadabad sarayının kaşıları üzərində olan siren təsvirləri haqqında da demək olar. XII-XIII əsin əvvəli Böyük Səlcuq dövlətinin tərkibində olan Rey, Kaşan şəhərlərində həmçinin Mesopotamiya, Suriyada hazırlanmış fayans qabların üzərində olan siren təsvirləri içərisində  isə tacsız və taclı  təsvirə təsadüf olunur.[6]Türkiyə ərazisində yerləşən  Axtamar kilsəsinin divarları üzərində də harpi-siren rəsminə rast gəlinmişdir.

Siren təsvirlərinə biz İran mifologiyasında rast gələ bilərik. Belə ki, hələ Avestada Saena adı ilə keçir və sanskritcə “siena” kəlməsi doğan mənasını verir. Avestada  Saena şəfa verən bir ağac olaraq qəbul edilir  və quşun bu ağac üzərində

yuva qurduğu hesab edilir.[1] Yunan mifologiyasında isə siren, qadınbaşlı və quşbədənli təsvir olunur, onun ölən ruhları tanrılara aparan mələk olduğu inanılır. Hətta biz qədim yunan müəllifi Homerin “Odisseya” əsərində sirenlərin təsvirinə rast gəlirik. Əsərin 12-ci nəğməsində sirenlərin adalarının yanından keçən gəmiləri nəğmələri ilə şirnikləşdirib adaya cəlb edir, sonra məhv etməsi verilmişdir.[2] İranədəbiyyatında isə simurq quşunun təsvirinə Firdovsinin “Şahnamə” əsərində rast gəlirik. Orada iki simurq quşu var: biri yaxşılığı təmsil edir, digəri isə pisliyi. Türk mifologiyasında da biz bu əfsanəvi varlığın izlərini görürük.  Belə ki, bir çox tədqiqatçıların türkdilli hesab etdikləri iskitlərə aid edilən Kelermess kurqanından tapılmış güzgü üzərində iki bəbiri pəncəsindən tutan qanadlı ilahə – Arqimpasın təsviri vardır.[3] Orta əsr türk yazılı abidəsi olan Orxon-Yenisey abidəsinin üzərində olan yazılarda “Umay” adlı ilahə adına rast gəlinmişdir.[4] Orada ilahə Umayın və müqəddəs Yer-Su ruhlarının türklərə kömək etdikləri qeyd olunur. Umay ilahəsi həm də  uşaqları himayə edəndir. Mahmud Kaşğari isə öz əsərində “Kim Umaya sitayiş edərsə, oğlu olar” atalar sözünün işlədir. [5]Maraqlıdır ki, bu ilahəni də çox zaman qanadlı təsvir edirlər. Fədlun Əfəndi Umay obrazını İkiçayarasında sitayiş olunan Ay ilahəsi və “Nana” ilə bağlamışdır.[6] Türk tədqiqatçısı Lalə Avşara görə isə bu əfsanəvi varlığın kökü Ana  ilahənin müxtəlif  dövrlərdə müxtəlif xalqların mifologiyasında özünə yer tutumuşdur. Orta əsr rus sənətində siren fiquru bərəkət və su ünsürü ilə əlaqəli olduğu bilinməkdədir. Slavyan mifologiyasında siren Dənizqızı kimi də mənalandırılır.

Yuxarıda söylənənlərdən əlavə biz Azərbaycan nağıllarında da Simurq quşu obrazına rast gəlirik. Belə ki, Azərbycan xalq nağılı olan Məlikməmməd nağılında qardaşlarının xəyanəti nəticəsində qaranlıq dünyaya düşən Məlikməmmədi Simurq quşu işıqlı dünyaya çıxarır.Bundan əlavə şifahi xalq ədəbiyyatı nümuəsi olan

qab2“Kitabi-Dədə Qorqud” dastanında biz qadınbaşlı, quşbdənli varlığın “pəri” adlandırıldığını görürük və o, dastanda Təpəgözün anası kimi verilir.

Bütün yuxarıda deyilənləri ümumiləşdirərək belə bir nəticəyə gəlmək olar ki, siren-harpi obrazı müxtəlif xalqların mifologiyasında özünəməxsus şəkildə özünə yer etmişdir. Göründüyü kimi, əsas mahiyyət etibarı ilə xeyirxah bir varlıq olaraq səciyyələnərək, insanlara kömək edən, uğur gətirən bir obraz olaraq seçilir. Sözsüz ki, obraz birdən-birə meydana gəlməmişdir. Bunun kökü tarixin dərinliklərinə gedib çıxır və təbiət qüvvələrini fövqəl obraz olaraq görməsi ilə bağlamaq olar. Bu anlamda siren təsvirlərinin qadının qanadlı, qoruyucu obrazda təsvir olunmasını düşünmək olar. Sözsüz ki, zamanla bu obraz da dəyişikliyə məruz qalaraq dövrün bədii təsəvvürünə görə əks olunmuşdur. Maraqlı məqamlardan biri də odur ki, islam dininin canlı varlıqların rəsminin çəkilməsini məqbul saymadığı dövrdə çəkilmişdir. Görünür ki, dinin zəif olmuş və dövrün sənətkarlarının realistik dünyagörüşünə təsir edə bilməmişdir. Yuxarıda göstərdiyimiz həmin maddi mədəniyyət nümunələri XII-XIII əsrin əvvəli Azərbaycanın dulusçuluq sənəti, bəddi-estetik obrazı, bəddi təfəkkürü haqqında müəyyən təsəvvür yaratmağa imkan verir. Biz Azərbaycan dulusçuluq sənətində belə bir obrazın təsvirini o dövrün Böyük Səlcuq dövlətinin tərkibinə daxil olan şəhərlərlə mədəni-ticari əlaqələrinin təsiri ilə izah edirik.

 

 

[1] Mehmet Önder. Kubad-abad harpi və simurglar. // Türk etnoqrafiya dergisi, sayı X, 1967. Türk Tarih Kurumu Basımevi ,Ankara 1968.  s. 7

[1] Художественная культура Ценьтральной Азии и Азербайджана IX-XV веков. Т. III. Торевтика. Самарканд-Ташкент, 2012. c. 129

[1]Lane Arthur. Early islamic pottery. Faber and faber, London 1947. Plt. 85 B

[1] Mehmet Önder. Kubad-abad harpi və simurglar. // Türk etnoqrafiya dergisi, sayı X, 1967. Türk Tarih Kurumu Basımevi ,Ankara 1968. s.5-17. Lale Avşar. Kubadabad çinilerindeki harpi-siren fiqürünün izini sürerken. //Akademik Bakış dergisi. Sayı 31, temmuz-ağustos 2012. s. 1-21

[1] Шелковников Б. Поливная керамика из раскопок города Ани. Ереван. АН Армянской ССР. 1957. с. 32,табл.чаша № 776

[1]Eva Baer. Sphinxts and harpies in medieval islamic art. The oriental society. Jerusalem,1965.

[1] Mehmet Önder. Kubad-abad harpi və simurglar. // Türk etnoqrafiya dergisi, sayı X, 1967. Türk Tarih Kurumu Basımevi ,Ankara 1968.  s. 7

[1]Homer. İliada, Odisseya. Bakı, Yazıçı. 1986. s. 507.

[1] Бессенова  C. C. Религиозные представления скифов. Киев, 1983. c. 81-83.

[1]Jena-Paul Roux. Eski türk mitolojisi. Ankara, Bilgesu. 2012. s. 134.

[1]Abdülkadir İnan. Tarihte ve bugün şamanizm.Materyallar ve araştırmalar. Ankara,2013. s. 38.

[1] Эфенди. Ф. Художественные символы культуры турецких народов и древнего Азербайджана, Алтай-Шумер-Гобустан. Баку, 2002. с. 60-61.

 

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10