“Sirr”in müzakirəsi keçirilib – FOTOLAR

151 Baxış

10669158_827332297287046_7214227563776388094_o-750x420“Hədəf oxucu klubu” Oğuz Müstəqil Araşdırmacılar qrupunun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Vüqar Zifəroğlunun “Sirr” kitabının müzakirəsini keçirib. “Hədəf Oxucu Klubunun” rəhbəri Odər Sərdarın moderatorluğu ilə Kitabevim.az kitab marketində keçirilən müzakirədə filologiya elmləri doktoru, professor Minəxanım Nuriyeva, AMEA-nın Ədəbiyyat İnstitutunun doktorantı Gülnar Qasımlı, filologiya üzrə fəlsəfə doktoru Dürdanə Tahirli, BSU-nun Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin Yeni Media və Kommunikasiya Texnologiyaları kafedrasının baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Mübariz Əhmədov, Turan Teleteatrının rejissoru, aktyor Elçin İmanov, Oğuz Müstəqil Araşdırmacılar qrupunun həmtəsisçisi Ceyhun Bayramlı, Hədəf Kursları Nizami filialının direktor müavini Məzahim Mustafazadə, AMEA-nın Ədəbiyyat inustutunun doktorantı Mehman Həsən, Atatürk litseyinin direktor müavini Tural Abbaslı, Atatürk litseyinin müəllimləri Əli Devrim, Xədicə Devrim, “Milli Masa Mərkəzi”nin rəhbəri Dövlət Bəy, idarə heyyətinin üzvü Elşən Nizamov, “TürkBirDev”in Azərbaycan təmsilçisi Samir Turan, Xalq Qazetinin baş redaktoru Anar Turan, “Hədəf Oxucu Klubu”nun üzvü Qəhrəman Qəhrəmanlı, Oxucu Klubunun mətbuat rəhbəri Səma Fuadqızı və bir sıra universitetlərdən tələbələr iştirak ediblər.

Odər Sərdar: Hədəf Oxucu Kulubu adından hər kəsi salamlayıram. Müzakirəsinə yığışdığımız kitab Oğuz Müstəqil Araşdırmacılar qrupunun rəhbəri Vüqar Zifəroğlunun müəllifi olduğu “Sirr” romanıdır. Vüqar bəy, roman haqqında qısaca məlumat verməyinizi istərdik.

Vüqar Zifəroğlu: Kitab X əsrdə baş verən hadisələrlə bağlıdır. Xəzər xaqanlığının tarixi, süqutdan sonrakı vəziyyət, slavyan tayfalarının daxilində ciddi proseslərin getməsi, şərqi slavyan tayfaları ilə qərbi slavyan tayfaları arasındakı çəkişmələr, həmin çəkişmələrə oğuz, peçeneq, qıpçaq tayfalarının cəlb olunması əsərdə öz əksini tapıb. Bu hadisələrə aid faktları XI- XII əsrlərə aid slavyan mənbələrində tapmaq mümkündür. Düşünürəm ki, X-XI əsrlər tarixi, Azərbaycan tarixşünaslığında ən az öyrənilən bir bölmədir. Bunun səbəbi Xəzər xaqanlığının musəviliyi qəbul etməsi nəticəsində ona yad münasibətin olması idi. Xəzər xaqanlığı istər iyerarxik quruluşuna, istərsə də dünyəvi dövlət prinsipinə görə bu gün mövcud olan ən demokratik dövlətlərə örnək göstəriləcək bir dövlətdir. Bu kitab mənim ilk bədii romanımdır. Əsərin yaxşı və ya pis alındığını deyə bilmərəm. Kitab haqqında obyektiv fikri güman edirəm ki, buraya yığışmış oxucular deyə biləcəklər.

Odər Sərdar: Siz niyə missiyanızı rus torpaqları ilə başladınız və rus torpaqlarında da bitirdiniz?

Vüqar Zifəroğlu: Türkün həmişə bir rus sevdası olub. Bu yəqin ki, slavyan xalqları ilə türklərin bir-birilə qaynayıb qarışmasından irəli gəlir. Həmişə türklərin ruslara və rusların türklərə qarşı izahı olmayan mistik bağlılığı olub. Bu özünü Osmanlı türklərində, bizdə, Səfəvi türklərində də göstərib. Slavyan xalqlarının tarixində biz aktiv şəkildə iştirak etmişik. Məsələn Kulikovo döyüşü var, orada biz oğuz-qıpçaqların rəqabətlərinin müəyyən elementlərinə rast gələ bilərik. Buz döyüşündə slvyanlardan çox türk tayfaları iştirak ediblər. Müasir dövrdə də baş verən proseslər onu göstərir ki, biz Rusiyanı, Rusiya da bizi öyrənməyə məhkumdur.

Odər Sərdar: Gülnar xanım, əsər haqqında fikirlərinizi bilmək istərdik.

Gülnar Qasımlı: Əsərdə bəyəndiyim məqamlar çoxdur. Əsər oxunaqlıdır. Bizim nağıllardan gələn müəyyən ünsürlər var ki, əsərdə çox gözəl istifadə edilib. Əsərə ağırlıq gətirən məqam təfərrüatlara geniş yer verilməsidir. Amma ümumilikdə süjet xətti gözəldir. X əsr tarixi bədii ədəbiyyatda çox az yer alıb və düşünürəm ki, Vüqar bəyin “Sirr” romanı bədii ədəbiyyata bu cəhəti ilə yenilik gətirib.

Odər Sərdar: Romanda rus qızı Olqa ilə oğuz bəyi Toğrulun sevgi macərasından danışılır. Buna münasibətiniz necədir?

Gülnar Qasımlı: Onların təmiz sevgisi mənim xoşuma gəldi. Məncə, Toğrul Olqa ilə sona qədər bir olsaydı daha yaxşı olardı. Onun Aytacın yanına dönməsini qəbul etmirəm.

Xaliq Səfəvi: Adətən tarixi romanın adı onun mövzusunu tam əhatə edir. Söhbət bilinir ki, hansı tarixi dövrdən, hadisədən gedir. Sizin roman isə Xəzərlərlə bağlı olsa da, əsərin adı “Sirr” dir. Bu adın seçilməsinin səbəbi nədir?

Vüqar Zifəroğlu: Əslində Xəzərlər burada bir məqamdır. Kitab sırf Xəzərlərlər haqqında deyil. E.ə 550-ci ildə əhəmənilər Midiyanı işğal etdikləri zaman Həmədandakı kitabxanadan kitablar yoxa çıxıb. Herodotda da belə bir məlumat var ki, o kitabxana yandırılıb və bəzi kitablar itib. Bu kitabxana Persopolis adlanır. İtən əlyazmaların taleyi indiyə qədər bilinmir. Əsərin əsas məqamı orada itirilmiş kitablardan birinin taleyi ilə bağlıdır. Həmin kitabı o zaman maqlar xilas edə bilirlər. Əsərdəki personajların dilindən də bu izah verilmişdir. İtirilmiş kitab Xəzər xaqanlığına gəlib çıxır və Xəzər xaqanlığında həmin kitab xüsusi olaraq qorunur. Amma Xəzər xaqanlığı süquta uğradığı zaman kitab Xəzər xaqanlığının bəyinə, daha sonra isə Xəzər xaqanlığının bəyi vasitəsilə qızına verilir. Qız isə Knyaz Vladislavla ailə qurduğundan kitabı özü ilə saraya gətirir və o sarayda qalır. Sonradan Xəzər xaqanlığının qızı kitabın izinə düşən qüvvələr tərəfindən öldürülür. Knyaz da kitabla bağlı məlumatlara sahib olduğuna görə həmin kitabı gizlədir və özü yoxa çıxır. Kitabın əsas mahiyyəti itmiş kitab və kitabda olan sirrlərlə bağlıdır.

Odər Sərdar: Əsərdəki əmanət, yəni kitab nəyə görə İdris peyğəmbər tərəfindən türklərə ötürülür?

Vüqar Zifəroğlu: İslam haqqında məlumatı olan hər bir kəs bilir ki, hər bir peyğəmbərin bir missiyası, vəzifəsi olub. Məsələn, Məhəmməd Peyğəmbər ticarətçi, İsa peyğəmbər balıqçı olub və onun nişanı balqı simvoludur. İdris peyğəmbərin vəzifəsi isə, Allahdan aldığı vəhy vasitəsilə yaradılışın və kainatın sirlərini yaradılmışlara və seçilmişlərə öyrətməkdən ibarət olmuşdur. Onun sənəti müəllimlik olub. Misirdə yaradılmış “ Babil qardaşlığı” təşkilatı İdris peyğəmbərin adı ilə bağlıdır. Mən də ona görə maraqlı personaj kimi İdris peyğəmbəri seçmişəm.

Odər Sərdar: Əsərdə qeyd edilmişdir ki, ruslarda kahinlərin sayı 13, türklərdə isə 7-dir. Bu rəqəmlər hansı anlamı verir?

Vüqar Zİfəroğlu: 12 tamlıqdır, bütövlükdür. Fəlsəfədə də bu anlayış var. 13 bir növ bu bütövlüyə qarşı çıxmaq, öz etirazını bildirməkdir. Babil sindromu deyilən bir sindrom vardır ki, müasir dövrdə tibbdə də işlənir. Bu sindrom başlanğıcını Babil qülləsinin inşasından götürüb. O zaman insanlar Allaha qarşı üsyan qaldırırlar və özlərini ölümsüzləşdirmək üçün qüllə tikməyə başlayırlar. Allahın da onlara qəzəbi tutur və onları xalqlara, millətlərə ayırır ki, onlar bir-birinin dilini anlamasınlar. Bu Quranda da var. Babil sindromu da burdan qaynaqlanır. 13 rəqəmi də bu etiraz və üsyanın simvoludur. 7 rəqəmi haqqında isə çox fikir mövcuddur. 7 İslam dini ilə yanaşı türklərdə də müqəddəs rəqəm hesab olunur.

Odər Sərdar: Əsər haqqında filologiya üzrə fəlsəfə doktoru, dəyərli professor Minəxanım Nuriyevanın təəssüratlarını bilmək istərdik.

Minəxanım Təkəli Nuriyeva: Tarixi mövzulara tələbat dövrün tələbindən irəli gəlir. SSRİ dövründə bədii personaja keçən tarixi şəxsiyyətlərimiz siyasi rejimin təsiri ilə çox dəyişdirilmişdir. Son zamanları müşahidə etdikdə görərik ki, Cavad xan, Qarabağ tarixi, Səfəvi xanədanın ayrı-ayrı nümayəndələri ədəbiyyata artıq gəlməkdədir. Tarixi əsərlərin ictimaiyyət üçün böyük rolu vardır. Müəllifin əsərinə qaldıqda isə onu deyim ki, tarix bizdən uzaqlaşdıqca ondan yazmaq da çətinləşir, mənbələr azalır, qaynaqlar itir. O dövrdən yazmaq vətənpərvərlikdən irəli gəlir. Xəzərlər dönəmini qələmə almaq təqdirəlayiqdir. Əsərdə Rus-türk münasibətlərinə sağlam qiymət verilib. ”Sirr” özü mücərrəd olduğundan əsərə “Sirr” adının qoyulmağı da uğurludur.

Odər Sərdar: “ Sirr” romanının redaktoru Ceyhun Bayramlının əsər haqqında fikir və təəssüratlarını öyrənmək maraqlı olardı.

Ceyhun Bayramlı: Vüqar Zifəroğlu kitabı redaktə üçün mənə verəndə gördüm ki, əsər çox kefiyyətli yazılıb, əsərdəki tarixi məqamlar həqiqətə uyğundur. Əsəri oxuyanda zövq aldım. Fərman Kərimzadədən sonra tarixi janra müraciət edən ciddi bir əsər gözümə dəymirdi. Tarixi-roman janrına müraciət etmək bədii əsər yazmaqdan çətindir. Həmin dövrün geyim tərzləri, insanların danışığı və s. bunların hamısını dəqiq təsvir etmək sözün həqiqi mənasında cəsarət tələb edir. Vüqarın bu romanı Azərbaycan tarixi roman janrında irəliyə atılmış bir addımdır. Bunun ardının gələcəyinə əminəm. Tarixi roman birbaşa tarixlə bağlıdır. Tarixi romana tarixi hadisələrin bədiiləşdirilməsi də demək olar. Lakin bədiiləşmədə tarixi hadisələrin təhrifi olmamalıdır. Vüqar bəyin əsərində diqqəti çəkən məqam dərin ilahi bilgilərin verilməsidir. O bu ilahi bilgilərlə əsəri zənginləşdirməyə çalışıb. Əsərdə numeroloji məlumatlar da yer alıb. Numerologiya istər sufizmdə, istərsə də hurufizmdə böyük əhəmiyyət daşıyan elmlərdən biridir. Numerologiyada 7 rəqəmi peyğəmbərlik simvolu sayılır. Normal insanlarda 5 duyğu üzvü olduğu halda, 6 duyğu üzvünə malik olan insanlar övliya adlanırdı. Övliyalarda şəfaverici güc, bəsirət gözü, intuitiv qüvvə daha güclü idi. Peyğəmbərlik isə 7 duyğuya malik bir amil kimi qabardılır. 7-ci duyğu qeybdən xəbərlər eşitmək və proqnoz verməyi ifadə edir. 6 rəqəmi numerologiyada sirliliyi ifadə edir. Fikir vermisinizsə Quranın ayələrinin sayında da 6 rəqəmi var. Bu cür məqamların əsərdə yer alması əsəri daha da oxunaqlı edib. Ümid edirəm ki, gələcək əsərlərində Vüqar bəy tarximizin daha gizli məqamlarına toxuna biləcək.

Odər Sərdar: Vüqar bəy, Zülmət qardaşlıq təşkilatının kahini əsərin sonunda latın dilində belə bir dua oxuyur : ” Non nobis, non nobis, Domine Sed nomini tuo da gloriam.” Bu duanın seçilməsi təsadüfidirmi?

Vüqar Zifəroğlu: Bu dua təqribən VIII- IX əsrlərdən Yaxın Şərqdə mövcud olmuş gizli təşkilatların oxuduğu ən aparıcı dualardan biridir. Xaç yürüşləri dövründə də tamplierlər (orta əsrlərdəFransada və digər Avropa ölkələrində mövcud olmuş dini cəngavər ordenlərindən biri) bu duadan öz mərasimlərində istifadə ediblər. Tamplierlərdən sonra bu dua framassonlara, daha sonra illuminatorlara keçib.

Mehman Həsən: Vüqar bəyin kitabını son müzakirədə əldə etdim və oxudum. Adətən hər bir kitabı oxumağa zamanımız olmur. Bu romanı oxuduqdan sonra isə bu qənaətə gəldim ki, əsəri oxumaq üçün vaxt sərf etməyə dəyər. Mənə görə bu əsərdə dastan motivi, Dədə Qorqud motivi var. Həm obrazların adında, həm də oğuzların yaşayışının təsvirində dastanın təsirlərini gördüm. Onu vurğulamaq istərdim ki, əsərin dili çox sadə və axıcıdır.

Odər Sərdar: Vüqar bəy, əsərdə siz türkün ruslara yardımını təsvir etmisiniz. Bu motivi yaratmaqda məqsədiniz nə idi?

Vüqar Zifəroğlu: Bunu türkün rusa yox, türkün slavyanlara yardımı olaraq qeyd etmək istərdim. Burada köməyin əsas səbəbi oğuz bəyinin slavyan xanımına verdiyi sözə əməl etməsidir. Romanda bazarda olan bir məqam var: oğuz atları bazara daxil olduğu zaman atlılar öz aralarında söhbət edirlər və onlardan biri o birinə deyir ki, türkləri bura kim gətirib. Digəri cavab verir ki, türklərçün əsas savaşdır, yaxşı ki onlar bizim tərəfimizdə savaşırlar. Bu əslində türkün verdiyi sözə sona kimi əməl etməsinin bir nümunəsidir. Türk etibarının, adının təsdiqidir.

Məzahim Mustafazadə: Fransız mütəfəkkirlərinin çox gözəl kəlamı var : “ Biz tariximizi tarixçilər vasitəsi ilə deyi, ədəbiyyatçılar vasitəsi ilə tanıdırıq” . Bir müəllim olaraq mən şagirdimin mövqeyindən çıxış edərək sual vermək istərdim ki, bir şagird bu əsəri oxuyarkən nələri qazana biləcək ?

Vüqar Zifəroğlu: Bu kitabda 9-10-cu sinif şagirdinin oxuya bilməyəcəyi məqam yoxdur. Şagirdlər bu kitabdan adət-ənənələrimiz, tariximizdəki məqamlar haqqında məlumatlar ala bilərlər, Xəzər xaqanlığı necə yaranıb, necə süqut edib, xeyirlə şərin mübarizəsini bu əsərdə görə bilərlər və s. Məncə, bu kitabın şagirdlərə xeyri ola bilər.

Mübariz Əhmədov:Vüqar bəyin yazdığı analitik yazıları dəfələrlə oxumuşam və bu yazılarla əlaqədar onunla müzakirələrimiz də olub. Təbii ki, indiyənə kimi müxtəlif tarixi romanları oxumuşam. Tarixi romanları oxuyanda sanki özümüzə tapınır, ulu babalarımızın kim olduğunu bilirik və onlardan ibrət götürürük. Bu mənada mən Vüqar bəyə təşəkkür edirəm. Kitabı hələ oxumasam da inanıram ki, romanı mütailə etdiyim zaman “Qılınc və qələm”, Fərman Kərimzadənin, Əzizə Cəfərzadənin əsərlərini oxuduğumda aldığım mənəvi həzzi bu əsərdə də ala biləcəm.

Dürdanə Tahirli: Tarixi roman onunla dəyərlidir ki, tarixi hadisələr fonunda insan taleyi araşdırılır. Təsadüfdən deyil ki, L. Tolstoyun “Hərb və sülh” romanı bu qədər populyardır. Əsərin məşhur olmasının səbəbi tarixi faktların əks olunması deyil, insan faktorunun önə çəkilməsidir. Postmodernizm cərəyanında tarixi roman çox mühüm yer tutur. Orda tarixi hadisələr fon kimi götürürlür, qəhrəmanın psixologiyası, düşüncə tərzi isə müasir insanın psixologiyası kimi saxlanılır. Tarixi roman göstərir ki, zaman dəyişsə də, tarix dəyişsə də insanın xilqəti, xeyir və şər, insanın arzuları, həyatdan gözləntiləri dəyişmir.

Elçin İmanov: İsmayıllıya çəkilişə gedəndə rolumu kənara qoyub bu əsəri oxumağa başladım və bir gecəyə həmin əsəri bitirdim. Sonradan bu əsər məni yaradıcı bir insan kimi cəlb etdi və əsəri ikinci dəfə oxudum. Müzakirədə əksər insanlar tarixdən danışır amma mən bu əsərdə bir süjet xətti gördüm : Olqa ilə Toğrulun sevgisi. Çox istərdim ki, bu əsər kinossenari formasında işlənsin və bu əsərin əsasında film çəkilsin. Bir sualım var. Əsərdə bozqurdun türklərə yardım məqamı var. Əsərin sonunda Toğrulun təpəyə çıxıb Allaha dua etməsi, bozqurd səsi ilə ulamasını verməklə nə demək istəmisiniz?

Vüqar Zifəroğlu: Türklərdə bozqurd mifi var. Türk mifoloji mənbələrinə görə tanrı bozqurdu türklərə yardımcı göndərdiyi zaman onun dişisi ayda qalır, o dişisindən ayrı düşür. Lakin o, Tanrının buyruğunu yerinə yetirməlidir. Aya da qayıda bilmir çünki, onun yerdə missiyası var. Qurdun aya baxaraq ulamasının səbəbi sevdiyini yadına salmasıdır. Ulamaqla sanki o sevdiyinə kədərli bir nəğmə oxuyur.

Odər Sərdar: Müzakirədə iştirakınıza görə hər birinizə təşəkkür edirəm.

PS: “Hədəf Oxucu klubu” nun müzakirəsində yaratdığı şəraitə görə Kitabevim.az kitab marketinin rəhbərliyinə təşəkkürümüzü bildiririk.

Səma Fuadqızı

Bölmə : OxucuKlubu
KÖŞƏ YAZARLARI
TOP 10