Şirvanşahlar irsi nümayiş etdirildi

2 Baxış

dunya

500 il öncəyə aid dəbilqə və zirehli köynəklər tarixi sarayda sərgilənir

Oktyabrın 24-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Şirvanşahlar Saray Kompleksində “Şirvanşahlar irsi dünya muzeylərində” sərgisi açılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak edib.

Sərgi Bakıda keçirilən “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində təşkil edilib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov sərginin açılış mərasimində çıxış edərək Şirvan şahlarının iqamətgahının, minillik Şirvan tarixinin ən gözoxşayan tikililərinin İçərişəhər ərazisində yerləşməsinin bu konfransın və sərginin keçirilməsi ilə bağlı ideyanın yaranmasında başlıca səbəblərdən biri olduğunu deyib.

Qeyd edilib ki, sərgidə dünyanın ən böyük muzeylərindən Azərbaycana gətirilən nadir eksponatlar nümayiş olunur. Sərginin əsas eksponatlarını İstanbul Əsgəri Muzeyi tərəfindən təqdim olunan maddi mədəniyyət nümunələri təşkil edir. XVI əsrin əvvəllərində qanlı döyüşlərdən sonra Şirvanşahlar sarayından qənimət kimi aparılan sonuncu Şirvan hökmdarı Fərrux Yasara aid 4 dəbilqə, Şirvanşah Keyqubad və Şirvanşah I Xəlilullaha aid zirehli köynəklər 500 ildən sonra, müvəqqəti də olsa, öz doğma məkanında sərgilənir. Həmçinin Gürcüstan Milli Muzeyindən gətirilən Pir Hüseyn xanəgahına məxsus kaşı nümunələri də nümayiş olunur.

Tədbirdə İstanbul Əsgəri Muzeyinin əməkdaşı Ömər Faruk Aslan çıxış edərək minillik zəngin tarixə malik Şirvanşahlar dövlətinə həsr olunan sərginin əhəmiyyətindən danışıb, təşkilatçılara təşəkkürünü bildirib.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Tədbirdə Xalq artisti Fəxrəddin Dadaşovun rəhbərliyi ilə Azərbaycan Milli Konservatoriyasının “Əsrlərin sədası” qədim musiqi alətləri ansamblı çıxış edib.

Sərgi 2019-cu il yanvarın 23-dək ziyarətçilər üçün açıq olacaq.

Bölmə : Sənət xəbər
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10