“Solyaris” – Nedim Hazar  

12 Baxış

wel4aydx1KTFaaqkgSB8Q4LA4EL

Fantastika, film yaranandan bəri mövcud olan bir janr kimi məchul aləmlərə olan sonsuz marağından ilhamlanaraq insan üçün inanılmaz xəyal gücü nümayiş etdirə biləcəyi bir sahə meydana gətirib.

Qeyri-real çevrə, hadisə və qəhrəmanlara edilən koqnitiv səyahətlərin rasional və estetik film dili ilə çatdırılması − xüsusən məzmunu sanballı bir mövzu və fəlsəfədən ibarətdirsə − bənzərsiz əsərin ərsəyə gəlməsinə səbəb olur.

Bu film janrı bəzən mənasızcasına vaxt limitini doldurma və anlaşılmaz fantaziyalarla tanınır, amma nadir hallarda olsa da bizə: “Yaxşı ki fantastik filmlər var!” – sözünü dedirdən filmlər də istehsal edilir.

Əslində, fantastikanı bizim üçün cəlbedici qılan səbəblərdən biri də bizi maraqlandıran sualların cavablarını əhatə etmə ehtimalıdır. Belə ki, ənənəvi həyat problemləri üçün axtardığımız həll yolları ya filmdə, ya da kitab səhifələrində işıq nöqtəsi kimi qarşımıza çıxa bilir.

“Ay dad! Vallah, mənim də ağlıma gəlmişdi ki, belə ola bilər!” − dediyimiz anlar da olur. Tanış olmayan mədəniyyətlər, xarakter və hislər bizə kəşf zövqü yaşada bilər və beləcə görərik ki, xəbərimiz olmadan artıq özümüzü filmimizin/romanımızın qəhrəmanı ilə eyniləşdirir, bu dünyaların qeyri-adi varlıqları ilə ünsiyyət bağlamağa çalışırıq.

Məşhur polyak fantastı Stanislav Lemin 1961-ci ildə qələmə aldığı “Solyaris” adlı romanı yazıldıqdan təxminən 40 il sonra ikinci dəfə ekranlaşdırılıb. Çox satılan bəsit fantastik hekayə yox, insanı varlıq səbəbləri barədə düşünməyə vadar edən fəlsəfi dərinliyə sahib roman yazan Lemin “Solyaris”i ilk dəfə 1972-ci ildə rus rejissoru Andrey Tarkovski tərəfindən ekranlaşdırılmışdı. O dövrün sosialist liderlərinin senzurasından keçə biləcək bir layihə üzərində işləyən Tarkovski Stanislav Lemin “Solyaris”ini fəlsəfi məzmununa görə çox sevirmiş. “Solyaris” çəkilər-çəkilməz iştirak etdiyi ilk festival olan Kann festivalında “Xüsusi jüri mükafatı”na layiq görülür. Romandakı fəlsəfəni çox yaxşı analiz edən Tarkovski çəkdiyi filmdə kainatda varlığının hədlərini kəşf etmək üçün yola çıxan, amma vardığı məntəqədə öz təhtəlşüurunun sərhədləri ilə üz-üzə qalan insanın səyahətindən bəhs edir.

Filmdə Kris Kelvin illərlə əzabını ürəyinə salan, keçmişdə buraxdığı səhvlər ucbatından iztirab içində qıvrılan həkimdir. O, illərlə arvadının intihar etməsində özünü günahkar hesab edir və beləliklə, bir gün ona dünya ilə əlaqəsi kəsilən “Prometey” adlı kosmodroma getməsinin vacibliyi deyiləndə, beynini gəmirən əzabla birgə ora gedir. “Prometey”dəki tədqiqatçılar səthi böyük bir okeanla əhatə olunmuş Solyaris planetində baş verən hadisələri tədqiq etməklə məşğuldurlar. Solyarisdə yeganə canlı varlıq okeandır. Kosmik gəmidən heç də ürəkaçan xəbərlər almayan dünyadakı nəzarət bazası vəziyyəti yerində araşdırmaq üçün Kris Kelvini kosmodroma göndərir. Kelvin “Prometey”ə gələndə ekspedisiya üzvlərinin huşdan getdiyini görür; belə ki, tədqiqatçılardan biri intihar edib, digər ikisi isə tanımaqda çətinlik çəkdiyi varlıqlarla savaşmaqdan yorğun düşüb. Bütün baş verənlər Kelvini dəhşətə salır. Solyaris planetinin yeganə canlısı olan okean kosmodroma tez-tez qonaqlar göndərir. Tədqiqatçılar yuxudan oyananda ya keçmişdə yaşadıqları acı bir xatirəni yenidən yaşayır, ya da uzun illər öncə itirdikləri yaxınlarının surətləri ilə qarşılaşırlar. Dr. Kelvin də bir müddətdən sonra illər öncə intihar etmiş arvadı Reya ilə qarşılaşır. Gələn qonaqların heç biri hallüsinasiya deyil. Onlar okean tərəfindən yaradılır və məqsədləri eynidir: təhtəlşüura yerləşmiş “kaş ki!”ləri ordan xaric etmək, korşalmış günahkarlıq hissini etiraf etdirmək… Əslində, okean deyilən orqanizm təhtəlşüurumuzda gözlətdiyimiz anlardan meydana gəlib. Anlar bir araya gəlincə tədqiqatçılarla okean arasındakı ünsiyyət asanlaşır. Dünyadakı münasibətləri uğursuzluqla nəticələnən Kelvin ilə Reya “Prometey”də yenidən qarşılaşınca münasibətlərinin eyni sonluqla bitməməsi naminə mübarizə aparırlar.

Tarkovskinin film yaradıcılığında şah əsərlər arasında yer alan “Solyaris” bu dəfə müstəqil film sahəsində gənc istedadlardan olan Stiven Soderberq tərəfindən Hollivud filmi olaraq yenidən ekranlaşdırılır. Tarkovski kimi kino ustasından sonra Soderberqin belə bir filmə imza atmasını kino mütəxəssisləri çox riskli addım hesab edirlər. Gəlir əldə edəcək filmlərlə bağlı araşdırma aparan Hollivud film sektoru üçün Soderberqin bu cəhdi çox cəsarətli addım kimi görünür. Bütün bunları nəzərə almasaq, görəsən, “Solyaris”də Soderberqin diqqətini çəkən nə imiş? Bu sualın cavabını elə rejissorun özü verir: ““Solyaris”də diqqətimi çəkən hər şey vardı: yaddaş, eşq, günahkarlıq, sevdiyin insanı itirmək, dindar olub-olmamaq… Məncə, düşünməyə dəyər hər şeyi müzakirə obyektinə çevirən bir filmdir və o, ssenarini yazmağa başlayandan sonra yazmaqda çətinlik çəkdiyim bəzi mövzular haqda mənə düşünmək fürsəti verib”.

Gənc rejissor “Solyaris”in həm ssenari müəllifi, həm baş operatoru, həm də montajçısı olsa da, o tək deyil, arxasında “Titanik” kimi böyük studiya filmlərinə imza atan Ceyms Kameron adlı bir prodüser var. Sən demə, Kameron “Solyaris”i çoxdan ekranlaşdırmaq arzusundaymış. 1972-ci ildə izlədiyi filmə heyran qalan Kameron illər sonra şərikləri ilə birgə roman və filmin hüquqlarını satın almaq üçün fəaliyyətə başlamış, beş il sürən səylərdən sonra, nəhayət, müqavilə bağlayaraq bütün hüquqları satın almışdır. Soderberq Dr. Kris Kelvin rolunun ifası üçün Corc Klunini uyğun görüb. Kluni və Soderberq əvvəllər “Nəzərdən uzaq” və “Okeanın on biri” filmlərində də əməkdaşlıq ediblər.

“Solyaris” hər kadrında film dərvişi olan Tarkovskinin addım səsləri eşidilən, klassik film kimi səciyyələndirilməkdən uzaq, amma filmin qurduğu ən önəmli tələlərdən olan məşhurluğun və cismani hislərin tələsinə düşmüş/düşəcək bir filmdir. Bunca izahatdan sonra film hələ də sizə maraqlı gəlirsə, məncə, izləyin.

Tərcümə etdi: Tural Türksoy

Mənbə: “Ustad” jurnalının 17-ci sayı.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10