Son arzu – Müşfiq XAN

122 Baxış

Без названия

Senet.az oxucularına “Ustad” jurnalının 11-ci sayından görkəmli dedektiv yazıçı Müşfiq XANın “Son arzu” hekayəsini təqdim edir.

həyatımı yerlə-yeksan edən O qadına,

dünyamın altını-üstünə çevirən O müəllimə.

Və uşaqlığıma…

Sürüşüb yerə düşə bilsəydim, daha doğrusu o qadın buna imkan versəydi, dünyanın ən xoşbəxt adamı olacaqdım. Adam düşəndə, yıxılanda niyə sevinməlidi ki? Nədən xoşbəxt olmalıdı ki? – deyə tərs-düz suallar verəcəksinizsə, dayanın, elə burdan başlayım. Yoxsa, bilirəm, əl çəkən deyilsiniz.

Zəhrimarın adını heç düz-əməlli bilmirəm – yelləncəkdi, yüyürükdü, sürüşkəndi, nədisə. Deyəsən, axırıncı yazdığıma bənzər bir adı olmalıdı.

Yox, ən yaxşısı, mən əvvəldən danışım.

Parkda oturub peraşki yeyirdik. “Yeyirdik” deyəndə, çox adam yoxdu – babamdı, məndim. Vəssalam. İkicə dənə peraşkiydi, o da görünür mənim qismətimmiş. Babamsa “Radopi”sini tüstülədirdi. Park dediyim yer əslində qəbiristanlığın ətəyiydi – balaca, xudmani bir əraziydi. Əvvəllər bu qədər kiçik deyildi. Bu o zamanlar idi ki, imkanı olmayanlar adamlarını burda basdırmamışdılar. İndisə aləm bir-birinə dəymişdi. Bilinmirdi əyləncə yeridi, yoxsa insanların hüzur yeri. Ona görə “hüzur” deyirəm ki, Amperin sözü olmasın, çoxları yalnız ölənnən sonra rahatlanır, o da elə burda – bizim parkın yuxarı başında.

Bizsə dediyim kimi – ölülərin ətəyində oturub baba-nəvə dərdləşirdik. Açığı, bunnan əvvəlki cümləni də bir az poetik olmasıyçün yazdım. Çünki artıq xəbəriniz var ki, mən hələ də soyumasıyçün üfürdüyüm peraşkilərlə əlləşirəm, babamsa siqaretini sümürür. Yəni ortada nəinki dərdləşmək, heç söhbət-filan da yoxdu…

Hərdənbir babama baxıram. Öz aləmindədi. Elə indilərdə, mən də böyüyəndə onun kimi biri olmaq barəsində düşünürəm. Nəsə alınmır; daha doğrusu, babam kimi olmağımçün nəsə çatmır. Amma indi məhz nəyin çatmadığını axtarıb tapmaq, bunun üstündə baş sındırmaq vecimə də deyil. Fikrim-zikrim oturduğumuz yerdən zorla seçilən sürüşkənin yanındadı. Hə, bayaq dəqiq izah edə bilmədim axı… Bu sürüşkən dediyim bilirsiniz nədi? Uşaqlar ki parklarda təpəsinnən aşağıya doğru uzanan novalçayabənzər yerdən sürüşürlər ha, onu nəzərdə tuturam. Tapa bilsəm, şəklini sizə göstərəcəm – elə mən də onu ən çox şəkillərdə görmüşəm.

Gözlərim qaynayır. Bir babama baxıram, bir həmin o novalçayabənzər əşyaya. Elə bu ara öskürək necə tutursa, əlimdəki peraşkini kənara vızıldadıram.

Lumu xala, Allah bəlanı versin, bu qədər istiot doldurarlar peraşkinin içərisinə? Heç olmasa qarışdıraydın da bu kartofu… topa-topa doldurubsan xəmirə. Hə, bu nənəmin sözüdü. Mən də ağzınnan oğurlamışam.

Babamın buzkəsən zəhminin müşayiəti ilə elədiyim hərəkətin yanlış olduğunu başa düşürəm. Əslində mənimki başa düşməkdən çox, səhv hərəkətini hiss etdirməyə çalışmaqdı. Qısası, yerə düşən peraşkini öpüb, bağrıma basıb… – yox, bağrıma basmıram, sadəcə öpənnən sonra əvvəlcə gözümün, sonra da qaytarıb skamyanın üstünə qoyuram ki, bəs ay baba, it peşmanıyam elədiyim hərəkətə-filan. Açığı, oturduğumuz yer skamyaya da bənzəmir. Nə bilim, köhnə-küləş bir nəsnədi. Altımız boydadı. Daha doğrusu, mən zorla oturmuşam. Babamsa sir-sifətini lap turşudub. Neyçün ki, kişinin qanını lap qaraltmışam. Belə desək, gəzməyə gətirdiyinə peşman eləmişəm. Bərəkəti ayaq altına atmışam. Əslində bir şey bəyan edim, sizə qəribə gəlməsin. Bu çörək ki var, müqəddəs-zad deyil. Ay nəbilim, “çörək tutsun”, “çörək kəsmişik” kimi söhbətlər xüsusi – fərqli önəmə də malik deyil. Sizi əmin edirəm. Çörək kimi, bitkilərdən hazırlanan yüzlərlə nemət var. Zəhməti də unun hazırlanmasınnan daha çoxdu. Heç eşitmisiniz ki, kimsə “səni zeytun yağı tutsun” desin? Yox. Halbuki o da bitkidən alınır, bu da. Nəsə, sizi yormayım, onsuz da mən indi bu fəlsəfi notlara dalanda babam acıqla qolumnan tutub dartır. Hər halda, nə düşündüyümü hiss edib. Yəqin evə aparacaq. Amma mən yenə də öz fikrimdəyəm – çörək müqəddəs deyil. Ayaqlamaq da, itə atmaq da günah deyil. Sevgisə müqəddəsdi – mən deməsəm də bilirsiz yəqin… Çox müqəddəs şeylər var – amma mən populist danışmağı bacarmıram.

Bir gün sonra babam öldü…

Mən bu dəfə də o novalçayabənzər yerdən sürüşə bilmədim. Günortadan sonra babamı basdırdılar – elə dünən axşamüstü parkda oturduğumuz yerin yanında. Başqa yer var idi ki?..

Üstünnən nə qədər zaman keçdiyi həqiqətən yadımda deyil. Yalannan yaza bilərəm ki, məsəlçün bir il keçdi, nə bilim iki il yarım keçdi-filan. Vallah, yadımda deyil. Amma ikicə şeyi dəqiq bilirəm – zaman o zaman idi ki, babam heç yadımıza da düşmürdü və ən dəhşətlisi mən hələ də fürsət tapıb o xarabadan sürüşə bilməmişdim.

Axırıncı dərs sinif rəhbərimnən icazə alıb ayaqyoluna getmək bəhanəsiylə aradan çıxdım. Biryolluq başıma girmişdi – bu gün necə olur-olsun gedib ordan sürüşməliyəm. Park da məktəbə yaxındı. Qaça-qaça gedib-qayıtsaydım, heç kim xəbər tuta bilməzdi. Çox yox, iki-üç dəfə sürüşüb üzüaşağı düşsəm, gözümün qurdu öləcəkdi. Mən yazıq, başqa nə istəyirdim k?

Yadımnan çıxdı demədim, yaxınlıqda avtobaza yerləşirdi. Dəqiq izah eləsəm, bir kvadrat düşünün və onun dörd tərəfində – park, qəbiristanlıq, mənim oxuduğum məktəb və avtobaza. Atam sonuncuda işləyirdi. Əgər bu yerləşməylə bağlı indicə ağlınıza nəsə gəldisə, bilin və agah olun ki, əslində o mənim başıma gəlib. Hə, vallah. Sürüşə bilmədim yenə də. Müəlliməm pəncərədən baxanda məktəbin həyətindən uzaqlaşdığımı görüb böyük siniflərdən biri ilə atama xəbər göndəribmiş. Parkın girişinə ayağımı basmamış kişi qırğı kimi başımın üstünü kəsdirdi. Mənə elə bir dərs verdi ki…

Üstünnən altmış il keçib…

Babamı, ən çox da atamı tez-tez xatırlayıram. Nəvələrini başıma yığıb parka aparanda uşaqlar həmin o əcaib dəmir parçasınnan doyunca sürüşürlər. Nə yalan deyim, bir yannan ürəyimə yağ kimi yayılsa da, o biri yannan paxıllığım tutur. Hardan başıma girdi, hardan uşaq damarım tutdu bilmirəm, qərara gəldim ki, gecədən keçmiş bir az gəzişmək adıynan çıxıb bu parka gəlim. Necə olsa, bu dəfə sürüşməyimə heç kim mane ola bilməzdi. Elə bu fikirlə nə vaxt evdən çıxmışam, nə vaxt parka gəlmişəm, nə vaxt o sürüşkənin başına kimi pillələri qalxmışam – heç biri yadımda deyil. Özümü novalçadan üzüaşağı buraxmaq istəyəndə bircə addımlığımdakı lap çoxdan eşitmədiyim tanış səs məni saxladı. Bu adam sürüşkənin üstündə – mənim qarşımda dayanmışdı. Diksindim. Qaranlıqda zorla ayırd edə bildim:

– Əzizə müəllimə? Sizzz, siiiiz burda neynirsiz?

Mənnən vur-tut onca yaş böyük olan, o illərki sinif rəhbərimin gözəlliyinnən, göz oxşayan təravətinnən əsər-əlamət qalmamışdı – ərik qurusuna dönmüşdü. Amma indi bu barədə düşünmək vecimə də deyildi. Heyrət içində – donub-qalmış vəziyyətdə verəcəyi cavabı gözləyirdim.

– İmkan versəydin, ömrümdə bircə dəfə mən də sürüşəcəkdim, – zəif səslə ciyildədi.

Mənə elə gəldi ki, qarı bu sözləri deməkçün sonuncu nəfəsini səfərbər elədi…

Mənbə: “Ustad” jurnalının 11-ci sayı.

KÖŞƏ YAZARLARI
TOP 10