Son görüş

93 Baxış

letif

Lətif Şüküroğlu

Onunla  sonuncu dəfə iki  il əvvəl bir məclisdə qarşılaşdıq. Bu görüşün baş tutacağını əvvəldən təxmin etməyimə, hətta müəyyən qədər buna hazır olmağıma baxmayaraq, onu görəndə içimdən bir gizilti keçdi. Bacardığım qədər özümü ələ almağa çalışdım. O qədər sakit, həyəcansız görünürdü ki, elə bil, aradan az qala dörd onilliyə yaxın vaxt keçməyib. Sonuncu qarşılaşmamız da illər əvvəl deyil, lap dünən baş verib. Əslində üzünün cizgiləri, baxışları, səsindəki məlahət də dünəni yada salırdı. Dəyişən yalnız saçlarının rəngi, bir də altında  xırda  qırışlar sezilən gözlərinin parıltısı idi. Bu parıltı sanki bir az solğunlaşıb. Bəlkə də yaşdan daha çox onlara yaşadığı itkilər təsir edib. İtkilər isə az olmayıb. Bir yandan da hamımızı ağrıdan torpaq, yurd itkisi.

Yanaşı oturduq. Hal-əhvaldan sonra araya bir neçə dəqiqəlik  sükut çökdü. “Əynindəki qara don ona necə də yaraşır”, düşündüm. Yəqin əksər xanımlar kimi o da qara paltar geyinməyi sevir. Əks halda belə şən məclisə yəqin başqa paltarda gələrdi.

Musiqi səsinin bir qədər avazımasını gözləyib ondan necə yaşadığı, məktəb illəri barədə soruşmaq istədim. Doğrudur, onunla bağlı bəzi şeyləri öyrənmişdim. Həyatında baş verənlərdən müəyyən qədər məlumatlı idim. Ancaq bütün bunları özündən eşitmək, xüsusilə uzun müddət ərzində dəyişib-dəyişmədiyini yəqinləşdirmək istəyirdim.

Beləcə qısa musiqi fasilələri başa çatır, mənsə susurdum. Yanaşı oturduğumuz bu dəqiqələrdə yadıma illər əvvəl onu unutduğuma özümü inandırdığım vaxtlar düşdü. İndi həmin əminliklər necə sadəlövh görünür. Mən onu əsla unutmamış, sadəcə, özümü buna inandırmışdım. Bunun fərqinə varmağım üçün bircə dəfə görməyim kifayət imiş. Məhz bu səbəbdən illərlə onunla adicə rastlaşmaqdan belə qaçmış, hisslərimi qəlbimin dərinliyində gizlətmişdim. Səbəbsə birdir, ona olan sevgimin özümdən güclü olması. Bunsuz başqa bir həyat yaşamaq mümkün deyildi. Seçimim qalmadığından onu unutmağa gücüm çatmadığını ehtiraf etməkdən qorxmuşam. İndi isə çox gecdir. Bunu hətta özümə bağışlaya bilməyəcəyim növbəti yanlış hesab edirəm. Hər şey necə varsa, eləcə də qalmalıdır. Əslində başqa cür ola da bilməz. Çünki hər birimizin öz həyatı var və biz bu həyatdan razıyıq.

Bu gün onunla eyni həyatı paylaşa bilərəmmi? Bu sualın cavabını tale və zaman neçə illər əvvəl verib. Mənə ikinci dəfə sevmək imkanı verən Tanrının böyüklüyünə şükür. Qəlblərimizi insanlara, həyata sevgi ilə dolduran odur. Nə yazıq ki, insan oğlu onu saflaşdıran, xoşbəxt edən bu ilahi mərhəməti, şəfqəti dərk edə, ona layiq ola bilmir. Elə ilk sınaqdaca yolunu azıb, qəlbini, ruhunu şəhvətə, nifrətə təsilm edir.

Bu düşüncələr içərisində bir anlıq baxışımdan sıxıldığını, ağbəniz çöhrəsinin necə allandığını hiss edib narahat oldum. Mənim üçün o, yenə də doğma idi. Ancaq bu doğmalıq bir başqa cür idi. Bəlkə də illər əvvəl onun dediyi kimi, bir qardaş, bir dost doğmalığı. Tam əmin olmasam da, birdın-birə ona bəslədiyim bu yeni duyğu mənə çox xoş gəldi. Elə bil, içimə bir rahatlıq doldu. Onu gördüyüm ilk dəqiqədən qəlbimi didən  ikili duyğuların azacıq durulması idimi bu? Hələlik bunu tam ayrıd edə bilməmişəm və yəqin ki, bir müddət edə bilməyəcəyəm də. Necə deyərlər, sağlıq olsun,  görərik.

Nələr düşündüyümü hiss edirmiş kimi məni fikirdən ayırdı:

- Eşitmişəm, iki oğlun var. Yoldaşın da biz tərəflərdəndir (öz kəndlərini nəzərdə tuturdu).

- Hə, elədir, bəs sənin?

- Mənim də iki oğlum var.

- İnşaallah, toylarına çağırarsan.

- İkisi də ailə qurub. Bir nəvəm də var. Onun toyuna gələrsən.

-Sağlıq olsun, əlbəttə.

Sonra digər masa yoldaşları da söhbətə qarışdı və bir neçə saat çəkən məclisdə onunla başqa heç nə barədə danışa bilmədik. Bəlkə nə vaxtsa, belə bir söhbətə imkan olacaq. Onu da gələcək göstərər. İndiliksə, bizə qalan xatirələrdir. Acısı da, şirini də doğma olan, hərdən istisinə qızındığımız, hərdən qəlbimizi göynədən, ancaq bütün hallarda bizi həyata bağlayan xatirələr. Üzümüzü onların işığına tutub gedirik.

“Taleyin izləri” kitabından

Bölmə : Nəsr, Ədəbiyyat