Son peşimanlığın gətirdiyi utanc

28 Baxış

Min-möhtəşəm-günəşSenet.az bütün dünyada inanılmaz uğur qazanan “Çərpələng uçuran”ın yazarı Xalid Hüseyninin “Min Möhtəşəm Günəş” əsərinin sonluğunu təqdim edir.

Xalid Hüseyni

Min Möhtəşəm Günəş

……

Səhər, diksinərək oyandı. Gözlərini açanda, gecə birinin onun üzərinə bir ədyal örtmüş olduğunu gördü. Çiyinini silkələyən sürücü idi. “Olmadı ki. Kifayət qədər hadisə yaratdın. Bəsdi. Yetər. Artıq getmək vaxtıdı.”

Məryəm dikəlib oturdu, gözlərini ovuşturdu. Kürəyi, boyu tutulmuşdu, ağrıyırdı. “Gözləyəcəyəm.”

Sürücü “mənə qulaq as,” dedi. “Cəlil Xan səni geri qaytarmağımı istədi. Dərhal. İndi. Başa düşürsən? Bu, Cəlil Xanın əmridir.

Avtomobilin arxa qapısını açdı. Şirin dillə “Gedək görək,” – dedi.

“Onu görmək istəyirəm,” – gözləri yaşla dolaran Məryəm dedi. Sürücü ah çəkdi. “Qoy səni evinə aparım. Gəl, co.

Məryəm qalxdı, ona doğru getməyə başladı. Amma sonra, bir anda istiqamətini dəyişdirdi və qapıya doğru qaçdı. Çiyinində sürücünün onu tutmağa çalışan barmaqlarını hiss etdi. Bir silkələnmə ilə ondan xilas oldu, açıq qapıdan içəriyə keçdi. Bir neçə saniyə sonra Cəlilin bağçasında idi. Məryəmin gözünə ilk, içi bitkilərlə dolu, parlaq, şüşədən düzəldilmə bir şey dəydi; sonra, taxtadan işlənmiş talvara sarılmış üzüm salxımları, boz daşlardan düzəldilmiş bir balıq hovuzu, meyvə ağacları və hər tərəfdə, parlaq rəngli güllər. Bütün bunları sürətlə nəzərdən keçirən gözləri, sonunda, yumru bir üzə dikildi; bu üz bağçanın qarşı tərəfində, üst mərtəbədəki pəncərələrin birində idi. Yalnız bir anlığa peyda olmuşdu, amma bu kifayət edəcək bir müddət idi. Məryəmin gözlərin iriləşdiyini, ağızın açıldığını görməsinə yetmişdi. Sonra yoxa çıxdı. Bir əl uzandı, bir ipi sürətlə çəkdi. Pərdələr endi. Sonra bir cüt əl onu kreslodan tutub havaya qaldırdı. Məryəm təpikləməyə başladı. Cibindəki çay daşları yerə düşdü, hər tərəfə səpələndi. Avtomobilə aparılıb arxa kreslonun soyuq dərisinə qoyulana qədər havanı təpikləməyə və ağlamağa ara vermədi.

Sürücü avtomobil sürərkən alçaq səslə, qızı ovuducu sözlər söyləyirdi. Məryəm onu eşitmədi. Sarsılıb söykəndiyi arxa kresloda yol boyunca ağladı. Bunlar küdurət və hirs yaşları idi. Amma özəyində çox dərin bir utanc dayanırdı; Bu Cəlilə inanmaqla nə böyük axmaqlıq etdiyini, geyəcəyi paltarı, yerinə düşməyən hicabı necə dərd etdiyini, bura qədər gəldiyini, qapının ağzından uzaqlaşmamaqla müqavimət göstərməyini, bir küçə iti kimi səkidə gecələdiyini düşündükcə artan bir utanc idi. Anasının yaralı görünüşünə, ağlamaqdan şişmiş gözlərini eyninə alamdığı üçün də utanırdı. Onu xəbərdar edən, lap əvvəldən haqlı olan Nananı saymadığı üçün peşmanlıq çəkirdi.

Atasının yuxarı mərtəbənin pəncərəsindəki üzü ağılından heç çıxmırdı. O, Məryəmin küçədə yatmasına göz yummuşdu. Küçədə. Məryəm uzandığı arxa kresloda ağladı. Dikəlib oturmaq, görülmək istəmirdi. Sanki bu səhər özünü necə hörmətdən saldığını bütün Herat bilirdi. Molla Feyzullahın bu an yanında olmasını, özünü onun qucağına, könlünü alan sözlərinə təslim eləməyi elə çox istəyirdi ki.

Bir müddət sonra yol kələ-kötürləşdi, avtomobilin qarşı tərəfi yuxarı qalxdı. Heratla Gül Daman arasındakı yoxuşu dırmaşmaqdaydılar. Məryəm, indi Nanaya nə deyəcəyini düşünürdü. Necə üzr istəyəcəkdi? Onun üzünə necə baxacaqdı?

Avtomobil dayandı, sürücü onun maşından enməsinə kömək etdi. “Qoy, səni keçirim,” – dedi. Məryəm onun önə düşməsinə şərait yaratdı; sürücü qarşı tərəfə keçdi, cığırı dırmaşmağa başladı. Yolun kənarında çiçəklər boy atmışdı. Arılar bəzən parlayan tarla çiçəklərinin üstündə fırlanıb vızıldayırdı. Sürücü onun əlini tutub çayı keçməyinə kömək etdi. Sonra isə buraxdı; Heratın məşhur yüz iyirmi günlük günorta başlayıb günbatana qədər dayanmadan əsən rüzgarın yaxında başlayacağını dedi; sonra birdən qızın düz qarşısında durdu; yan tərəfə çevrildi, əliylə onun gözlərini örtdü, gəldikləri istiqamətə geri aparmağa çalışdı:

“Geriyə dön! Yox. Baxma ha. Arxana çevril! Geri dön!”

Amma kifayət qədər sürətli hərəkət edə bilməmişdi. Məryəm ondan gizlədilən şeyi gördü. Ani bir əsinti salxım söyüdün yerə uzanan budaqlarını bir pərdə kimi aralayınca Məryəm də ağacın altındakı şeyi bir anlıq görə bildi: yerə aşmış, uzun bir stul. Hündür budaqların birindən asılmış ip. Ucunda isə havada yellənən Nana.

Bölmə : Nəsr, Ədəbiyyat